Məhkəmə qərarları › İş №e-2-2(113)-1172/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1172/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1172/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 iyul 2023-cü il tarixli icarə müqaviləsi üzrə 36309,5 manat məbləğində icarə haqqının və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə CRTR(23)-0717 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müxtəlif texnikalar icarəyə verilmişdir. 2.2. Cavabdehin 4 ədəd akta əsasən 36309,5 manat (ƏDV-siz) borcu qalmışdır. Lakin borcun yaranmasından uzun müddət keçməsinə və cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər edilməsinə baxmayaraq, yaranmış borc bu günə qədər ödənilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425.1, 442-ci və s. maddələr göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

6. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcarəyə verən qismində) ilə cavabdeh (İcarəçi qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli CRTR(23)-0717 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, bu Müqavilə üzrə İcarəyə verən ona bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə və ya Əlavələrdə göstərilən texnikanı İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində icarə haqqını İcarəyə verənə ödəməyi öhdəsinə götürür (1.1). X1-Təslim Aktı ilə təhvil aldıqdan etibarən günlük 10 saat (nahar fasiləsi daxildir), ay ərzində 280 saat olmaqla (nahar fasiləsi daxildir) Azərbaycan Respublikasının ərazisində istifadə edilməsi üçün icarəyə verir (4.1). İcarəyə verənin İcarəçini əvvəlcədən məlumatlandırmaqla istənilən an texnikanın sazlığını yoxlamaq hüququ vardır (4.2). Texnikanın mobilizasiyası xərcləri İcarəçi tərəfindən, demobilizasiyası xərcləri isə İcarəyə verən tərəfindən təmin olunacaqdır (4.3). İcarəçi bu Müqavilənin şərt və müddəalarına əsasən Texnikanın yeganə icarəçisi olacaqdır (4.4). Texnikanın mövcud olan məlum qüsurları Təhvil-Təslim Aktında göstərilməlidir (4.5). Texnikanın istifadə günləri Təhvil-Təslim Aktı ilə təhvil alındığı tarixdən başlanılır (4.6). İcarə haqqının məbləği tərəflər arasında qarşılıqlı razılaşdırılaraq bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və ya əlavələr əsasında müəyyən edilir (5.1). İcarə haqqı hər ayın əvvəli İcarəyə verənin təqdim etdiyi sənədlər (elektron qaimə, elektron poçt vasitəsilə göndərilmiş təhvil-təslim aktı əsasında 3 iş günü ərzində təsdiqlənməlidir. Əgər 3 iş günü ərzində təsdiq olunmazsa təsdiq edilmiş kimi qəbul olunur) əsasında İcarəçi tərəfindən təsdiq edilməsindən sonra 2 iş günü ərzində köçürmə yolu ilə İcarəyə verən tərəfə ödənilməlidir (5.2). İcarəyə verilən Texnikanın aylıq icarə haqqı məbləğinə bu Müqavilənin 6.2.7-ci bəndinə əsasən İcarəyə verən tərəfindən təmin edilən operatorun aylıq məvacibi, Texnikanın periodik servis və təmir xərcləri daxildir (5.3).

11. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 1 nömrəli qiymətləri razılaşdırma protokolundan görünür ki, Ağdam rayonu xidmət sahəsi üçün 5 fərqli özüboşaldan nəqliyyat vasitəsi üçün ƏDV-siz aylıq 6000 manat olmaqla ümumilikdə 30000 manat aylıq icarə haqqı razılaşdırılmış, İcarəçi İcarəyə verənə hər bir texnika üçün 150 manat olmaqla mobilizasiya xərci ödəməyi öz öhdəsinə götürmüşdür.

12. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 2 nömrəli qiymətləri razılaşdırma protokolundan görünür ki, Ağdam rayonu xidmət sahəsi üçün 1 ədəd frontal yükləyici nəqliyyat vasitəsi üçün ƏDV-siz aylıq 7500 manat icarə haqqı razılaşdırılmış, İcarəçi mobilizasiya xərci ödəməyi öz öhdəsinə götürmüşdür.

13. Məhkəməyə təqdim edilən təhvil-təslim aktlarından (Forma-2) görünür ki, xx.xx.2023-cü il tarixli (23)-0717-001 nömrəli təhvil-təslim aktına əsasən, 18 iyul 2023 – 31 iyul 2023-cü il dövrü üzrə icarə haqqı ƏDV daxil olmaqla 5346,5 manat, xx.xx.2023-cü il tarixli (23)-0717-002 nömrəli təhvil-təslim aktına əsasən, 24 avqust 2023 – 31 avqust 2023-cü il dövrü üzrə icarə haqqı ƏDV daxil olmaqla 1896,4 manat, (23)-0717-003 nömrəli təhvil-təslim aktına əsasən, avqust 2023-cü il dövrü üzrə icarə haqqı ƏDV daxil olmaqla 27637,3 manat, 8 sentyabr 2023-cü il tarixli (23)-0717-004 nömrəli təhvil-təslim aktına əsasən, 01 sentyabr 2023 – 06 sentyabr 2023-cü il dövrü üzrə icarə haqqı ƏDV daxil olmaqla 7965 manat olmaqla (ümumilikdə 42845,2 manat, ƏDV xaric 36309,5 manat) hər iki hüquqi şəxs tərəfindən təsdiq edilmişdir.

14. İş materiallarına əlavə edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023cü il tarixli EBDL 321092 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5346,58 manat, xx.xx.2023-cü il tarixli EBDN 619969 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1896,38 manat, xx.xx.2023-cü il tarixli EBDN 723960 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 27637,25 manat, xx.xx.2023-cü il tarixli EBDN 987485 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7965 manat olmaqla ümumilikdə 42845,21 manat icarə haqqı üçün tərtib edilərək iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli CRTR(23)-0717 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə razılaşdırılan texnikaları cavabdehin istifadəsinə verməyi, cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyektindən istifadə üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli akt üzrə ƏDV daxil olmaqla 5346,5 manat, xx.xx.2023-cü il tarixli akt üzrə ƏDV daxil olmaqla 1896,4 manat və 27637,3 manat, xx.xx.2023-cü il tarixli akt üzrə ƏDV daxil olmaqla 7965 manat olmaqla cavabdehin (icarəçinin) ümumilikdə icarə haqqı borcu ƏDV daxil olmaqla 42845,2 manat, ƏDV xaric 36309,5 manat təşkil edir.

16. İddiaçı adıçəkilən icarə müqaviləsi üzrə ƏDV xaric 36309,5 manat borcun tutulmasını tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə real vaxt rejimində iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla tanış olma imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

23. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

24. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

25. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

26. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

27. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

32. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2023-cü il tarixli CRTR(23)-0717 nömrəli icarə müqaviləsi üzrə ƏDV xaric 36309,5 manat icarə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

33. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

34. İddia ərizəsinə əlavə edilmiş 09 dekabr 2023-cü il tarixli MŞB/11/2023-02099 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

36. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

37. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin sentyabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

38. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ƏDV xaric 36309 (otuz altı min üç yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar