Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1174/2024 14.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Salyan Qida X1 Şirkətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Salyan Qida X1 Şirkətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Salyan Qida X1 Şirkəti Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Qida X1 Şirkətinə əsassız hesablanmış 2490,18 (iki min dörd yüz doxsan manat on səkkiz qəpik) manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən Salyan Qida X1 Şirkətinin təbii qazla təmin edilməsi üçün X3 ilə qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə ***-**-** saylı, xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. 1096 saylı, xx.xx.2016-cı il tarixli qaz təchizatı üçün texniki şərt verilmişdir. **********00000 saylı abonent kodu verilməklə cavabdeh X3 Salyan RQİİ tərəfindən qazla təmin olunmuş və Elster G-100 TRZ EK-230 saylı qaz sayğacı quraşdırılmışdır. Mütəmadi olaraq Cavabdeh İB Salyan RQİİ tərəfindən Salyan Qida X1 Şirkətinin qaz istehlakı və quraşdırılmış sayğaclara baxış və yoxlamalar keçirilmişdir. Belə ki, “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS-29/1640-3390- 3 saylı, xx.xx.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, qaz sayğacı xx.xx.2018-ci il tarixdə xətdən ayrılmış, xx.xx.2019-cu il tarixində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında texniki baxışdan keçmişdir. Yoxlama nəticəsində xətaların normaya uyğun olduğu müəyyən edilmişdir. Bundan əlavə, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Cavabdeh İB Salyan RQİİ tərəfindən qaz sayğacına baxış keçirilmiş, təmizləmə işləri həyata keçirilmiş, yoxlanılaraq yerinə bərpa edilmiş, heç bir pozuntu aşkar edilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək, tərəflər arasında imzalanmışdır. Qeyd edilən yoxlamalara və sayğaca dair hər hansı qüsurun aşkar edilməməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən EBCM seriyalı, 948006 saylı 4544,98 (dörd min beş yüz qırx dörd manat doxsan qəpik) manat dəyərində elektron qaimə göndərilərək, həmin pulun ödənilməsi tələb edilmişdir. Həmin elektron qaiməyə baxış zamanı sərfiyyatın yuxarı yazıldığı müəyyən edilmişdir. Belə ki, həmin qaimədə sayğac göstəricisi 20659 m3 x 0.22 qəpik 4544,98 (dörd min beç yüz qırx dörd manat doxsan səkkiz qəpik) göstərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 2022-ci ilin dekabr ayı üzrə sayğac göstəricisi aktında isə sərfiyyatın 9340 m3 olduğu qeyd edilmişdir. Belə olduğu halda, sərfiyyat 9340 m3 x 0.22= 2054,80 (iki min əlli dörd manat səksən qəpik) manat təşkil edir. Elektron qaimədə artıq göstərilmiş 11319 m3 x 0.22=2490,18 (iki min dörd yüz doxsan manat on səkkiz qəpik) manat məbləğində əsassız sərfiyyat tərtib edilmiş aktda öz əksini tapmamışdır. Akt şirkət tərəfindən imzalanmamış və təsdiq edilməmişdir. Odur ki, elektron qaimədə artıq yazılmış 2490,18 (iki min dörd yüz doxsan manat on səkkiz qəpik) manat məbləğində pulun silinərək, Salyan Qida X1 Şirkətinə geri qaytarılması üçün iddiaçı tərəfindən Cavabdeh İB Salyan RQİİ-yə dəfələrlə məktubla müraciət edilmiş, lakin cavabdeh əsassız olaraq həmin borcu silməkdən imtina etmiş, bu barədə məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Cavabdeh tərəfindən hesablanmış 11319 m3 sərfiyyat tamamilə əsassız və qanunsuzdur. Belə ki, istehlakçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Həmçinin cavabdeh tərəfindən mütəmadi olaraq qaz sayğacına baxış keçirilmiş və yoxlamalar aparılmışdır. Eləcə də, artıq sərfiyyat 2022-ci ilin dekabr ayında yazılsa da, cəmi 2 ay öncə xx.xx.2022-ci il tarixdə cavabdehin özü tərəfindən yoxlama keçirilərək, sayğacda qüsur olmadığı bildirilmişdir. Digər tərəfdən borcun yazılmasına əsas olmuş halın, yəni sayğacın mexaniki hissələrinin aşınması, ölçü elementlərinin çirklənməsi (texniki amillər) nəticəsində normadan artıq xətalara yol verildiyi fərz edilsə belə, bu halın abonentin hər hаnsı müdаxiləsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində baş verdiyini sübut etmək zəruridir. Halbuki belə hal müəyyən edilmir və qeyd olunan aktda əksini tapmır. Bu barədə iddiaçı tərəfindən Cavabdeh İB-yə dəfələrlə məktub göndərilmiş, lakin məsələ öz müsbət həllini tapmamışdır. Daha sonra cavabdehə pretenziya məktubu göndərilmiş, pretenziya məktubuna cavab verilmədiyindən əvvəlcə cavabdehə mediasiya təklifi göndərilərək, mübahisənin məhkəmədən öncə mediasiya vasitəsi ilə həlli təklif edilmişdir. Cavabdeh bu təklifə qarşı da səssiz qalmış, heç bir cavab verməmiş, daha sonra tərəfimizdən mediasiya təşkilatına müraciət edilmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, bu barədə xx.xx.2023-cü il tarixli mediasiya arayışı verilmişdir. Mediasiya xərci olan 60 manat iddiaçı Salyan Qida X1 Şirkəti tərəfindən ödənilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “X5”na və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında idda tələbini qəbul etməyərək izahatında bildirdi ki, sayğacın mexaniki hissəsi ilə elektron hissəsi arasında fərq olmuşdur. Abonentin saldosu da məhkəməyə təqdim edilmişdir. Laboratoriyanın rəyi əsasında hesablama aparılmışdır. Müəssisə yay aylarında fəaliyyət göstərmişdir. Yoxlamanın 2022-ci ildə qeydiyyatdan keçməsi nəzərdə tutulmamışdır. 2023-cü ildən yoxlama ilə bağlı qeydiyyatdan keçməyi tətbiq etməyə başlamışlar. İddianın rədd olunmasını xahiş edir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh İB ilə Salyan Qida X1 Şirkəti arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” aktda qeyd edilmişdir ki, istehlakçıya məxsus yaşayış (qeyri-yaşayış) sahəsində təbii qazdan istifadə üzrə xx.xx.2022-ci il tarixində müəyyən olundu: “X5”nın 4.3-cü bəndinə uyğun olaraq G-100 markalı 80092201 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Qeyd: 146052 x 7,75/100 = 11319 m3 uçotu pozulmuş qaz sərfiyyatı hesablanmışdır.
9. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 948006 nömrəli elektron qaimədən müəyyən edilir ki, “Azərqaz” İB tərəfindən Salyan Qida X1 Şirkətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4544,98 manat (ƏDV daxil) təşkil edir. Qaimədə xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasən qeyd olunmuşdur.
10. Tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə Salyan Qida X1 Şirkətinin Cavabdeh İB-yə borcu 4939,05 manat təşkil edir. Lakin sözügedən aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 2448,82 manat məbləğində ödəniş edilmişdir.
11. xx.xx.2024-cü il tarixli abonentin saldosundan müəyyən olunur ki, Salyan Qida X1 Şirkətinin (abonent kodu: **********00000) ümumilikdə borcu 2490,23 manat (sayğac oxunması: 230986,30 manat + aktlar: 4789,82 manat – ödəmələr: 233285,89 manat = son borc: 2490,23 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2022-ci ilin dekabr ayında akt üzrə 2490,18 manat məbləğində borc hesablanmışdır.
12. Salyan Qida X1 Şirkəti tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubda qeyd edilmişdir ki, Salyan Qida X1 Şirkəti yazaraq sizə məlum edir ki, xx.xx.2023-cü il tarixli seriya EBCM 948006 nömrəli sayğac göstəricisi 20659 m3 x 0.22 qəpik 4544,98 manat elektron qaimə sizin tərəfdən şirkətə vurulmuşdur. Lakin xx.xx.2022-ci il tarixli tərtib edilmiş dekabr 2022-ci il sayğac göstəricisi aktında isə sərfıyyat 9340 m3 göstərilmişdir.(9340 m3 x 0.22 = 2054,80) Elektron qaimədə artıq göstərilmiş 11319 m3 x 0.22=2490,18 tərtib edilmiş aktda öz əksini tapmamışdır. Akt şirkət tərəfindən imzalanmamış və təsdiq edilməmişdir. Odur ki, sizin tərəfdən elektron qaimədə artıq yazılmış 2490,18 manat məbləğ Salyan Q.M.İ.K. Şirkətinin hesabına geri qaytarılmalıdır. Məlumat üçün bildilir ki, xx.xx.2022-ci il tarixdə də sizin tərəfdən ******* saylı aktla sayğac yoxlanılmış, təmizlənərək xidmət göstərilmişdir.
13. Cavabdeh İB tərəfindən Salyan Qida X1 Şirkətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, elektron qaimədə artıq yazılmış məbləğin Salyan Qida X1 Şirkətinə qaytarılması barədə X8 istismar idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 07 nömrəli (daxilolma: xx.xx.2023-cü il tarixli, 14-2-2-9/1-58/2023 nömrəli) müraciətə baxılmışdır. Müraciətdə qeyd olunanlarla əlaqədar bildirilir ki, Azərbaycan Respubiikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5nın (Qaydalar) 3.3-cü bəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar (ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan) əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı yerinə yetirməlidirlər. Eyni zamanda, Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçılar tərəfindən bu tələblərin yerinə yetirilməməsi qaz sayğacının istismar müddəti ərzində mexaniki hissələrinin aşınması, ölçü elementlərinin çirklənməsi (texniki amillər) nəticəsində normadan artıq xətalara yol verildiyi səbəbindən real istehlak olunmuş qaz həcminin qaz sayğaclarında uçotunun pozulması ilə nəticələnir. Bu səbəbdən, Cavabdeh İB-nin vəsaiti hesabına abonentlərin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Belə olan halda, Qaydaların 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsinin 2.1.6-cı yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının və 2.3.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi istehlakçının üzərinə qoyulmuşdur. Məlumdur ki, turbin TRZ və rotor RVG tipli qaz sayğacları təmizlənmiş qeyriaqressiv və rəvan dəyişən axının kommersiya və ya texnoloji uçotu, o cümlədən qaz təchizatı sistemlərində, eləcə də sənaye qaz qurğularında istifadə edilən və ГOCT 5542- 2014 standartının tələblərinə cavab verən kimyəvi cəhətdən heterogen təbii qaz, həmçinin hava, azot və digər qeyri-aqressiv qazların həcminin ölçülməsi üçün nəzərdə tutulmuş ölçmə vasitəsidir. Eyni zamanda, “ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Belə ki, ПP 50.2.019- 2006 (Qb=Qm x C; C=(P x Tb)/(Pb x T x Z); P=Patm+Pi, T=Tq+273,15; burada: C-korreksiya əmsalı, Qm-qazın sərfi işçi şəraitdə, Qb-qazın sərfi standart şəraitdə, P-qazın mütləq təzyiqi işçi şəraitdə, Pb-qazın mütləq təzyiqi standart şəraitdə, Pb-qazın izafi təzyiqi (miınometrin göstəricisi), Patm-atmosfer (barometrik) təzyiqi, Z-qazın sıxılma faktoru işçi şəraitdə, T-qazın mütləq temperaturu (Kelvin ilə), Tq - qazın temperaturu (Selsi ilə), Tbqazın temperaturu standart şəraitdə) turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0,25%, qazın tərkibindəki azota görə 3,5% və karbon qazına görə 4,0 % təşkil edir. Qazın tərkibində turş komponent olan karbon dioksid CO2-nin olması yüksək nəmlik şəraitində aqressif mühit yarada, nəticədə zəif də olsa, oksidləşmə prosesi gedə bilər. Bu zaman alınan korroziya məhsulları (dəmir oksid) yüksək nəmlik şəraitində ölçmə vasitələrinin normal iş prosesini pozur. Digər tərəfdən, bəzi hallarda layihəyə uyğun olaraq seçilmiş qaz sayğacları istehlakçılar tərəfindən layihə gücünə uyğun olmayaraq, sayğacın minimal sərfölçmə qabiliyyətindən aşağı həddə (səviyyədə) istifadə olunur ki, belə olan halda da qazın sərfi xəta ilə hesablanır və ya sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Eyni zamanda, sayğacların maksimal sərfölçmə qabiliyyətindən yuxarı həddə (səviyyədə) istifadə olunması hallarına da rast gəlinir ki, bu da öz növbəsində qaz sərfinin hesabatında xətanın yaranmasına gətirib çıxarır. Buna səbəb, istehlakçılar tərəfindən Qaydaların 3.4 1-ci yarımbəndinin tələblərinə zidd olaraq özbaşına qaz qurğularının quraşdırılması və qazın alqı-satqısı müqaviləsinin 4.2-bəndinin tələblərinə zidd olaraq qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılmadıği və istismar edilmədiyini göstərmək olar. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən X5 və qazın alqı-satqısı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qazn həcminin hesablanması “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. Göstərilənləri nəzərə alaraq, Salyan Q.M.İ.K. Şirkətinə məxsus G-100 markalı, 80092201 nömrəli sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 11319 m3 (2490,18 manat dəyərində) uçota alınmayan qazın həcmi müəyyən edilmişdir. Eyni zamanda nəzərə çatdırılır ki, qeyd olunan məsələ anlaşma yolu ilə həllini tapmadıqda, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X5”nın: 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi
18. İddia tələbi Cavabdeh tərəfindən Salyan Qida X1 Şirkətinə əsassız hesablanmış 2490,18 (iki min dörd yüz doxsan manat on səkkiz qəpik) manat məbləğində pulun silinməsindən ibarətdir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
20. Belə ki, işin faktiki hallarından göründüyü kimi, 30 dekabr 2022-ci il tarixdə iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin qaz xəttində quraşdırılmış G-100 markalı 80092201 nömrəli qaz sayğacında Salyan RQİİ-nin Salyan Xidmət Sahəsi üzrə işçiləri tərəfindən uçota alınmayan qaz sərfiyyatına yol verilməsinə dair təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilmiş və nəticədə 11319 kub mert uçota alınmayan qaz sərfiyyatına görə iddiaçıya 2490,18 manat məbləğində borc hesablanmışdır.
21. Təqdim olunmuş aktdan göründüyü kimi, aktın tərtibi zamanı iddiaçının iştirakı təmin olunmamış, akt mövcud tələblərə uyğun tərtib olunmamışdır.
22. Eyni zamanda cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
23. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaya etiraz etmiş, lakin etirazını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, aktdan başqa onlarda digər sübutlar yoxdur.
24. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 2490,18 manat (iki min dörd yüz doxsan manat on səkkiz qəpik) məbləğində borc Salyan Qida X1 Şirkətinin **********00000 saylı abonent hesabından silinməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2490,18 manat (iki min dörd yüz doxsan manat on səkkiz qəpik) məbləğində borc Salyan Qida X1 Şirkətinin **********00000 saylı abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova