Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1179/2022 27.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı ŞİKŞ-in Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ŞİKŞ (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 02.12.2020-ci il tarixdən yaranan 10200 manat qalıq borc, 17.01.2021-ci il tarixədək hər gününə hesablanmış 1.5%-i miqdarında yəni 16.000 manat cərimə borcu, hüquqi xidmət üçün ödənilmiş 500 manat və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 26.730 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 02 iyun 2020ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 02 iyun 2020-ci il tarixli “alqı-satqı müqaviləsinə” əsasən, iddiaçı cavabdehin sifarişinə uyğun olaraq ümumi məbləği 30.680 manat dəyərində olan ticarət avadanlıqlarının 7200 manatını + 1296 manatını (18% ƏDV) qabaqcadan ödəməyi və malın qalan dəyərini hər ay 3135 manat + 563 manat (18% ƏDV) olmaqla 6 ay müddətinə 02 iyul 2020-ci tarixindən 02 dekabr 2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh elə qabaqcadan ödənilməli olan 7200 manatın ƏDV-si olan 1.296 manatı ödəməmişdir. 27 iyul 2020-ci il tarixdə 3.697 manat ödənildikdən sonra avqust ayının ödənişi olmamışdır. 18 sentyabr 2020-ci il tarixdə 3.699 manat ödəniş edərək yenidən oktyabr, noyabr aylarının ödənişlərini etməyərək 14 dekabrda 5.898 manat ödəniş edilmişdir. 02 dekabr 2020-ci il tarixdə tamam qurtarılmalı olan borc 10.200 manat qalıq borc bugünkü günə qədər ödənilmir. Buna görə də müqavilənin 1.4-cü bəndinə uyğun olaraq hər gecikilən günə görə ümumi dəyərin 1 faizi qədər cərimə hesablanmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 15/20 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdeh) məişət avadanlıqları satır. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq ona ümumi məbləği 26000 manat + 4680 manat (18% ƏDV) dəyərində olan ticarət avadanlıqlarını kreditə verir. Müqavilənin 1.3-cü bəndinə əsasən alıcı sifariş verilən malların dəyərinin 7200 AZN+1296 AZN (18% ƏDV) qabaqcadan ödəyir. Malın qalan dəyəri alıcı hər ay 3135 AZN + 563 AZN (18% ƏDV) olmaq şərti ilə altı ay müddətinə satıcıya ödəyir. Müqavilənin 1.4-cü bəndinə əsasən Alıcı malın dəyərinin qalan hissəsini hər ayın biri tarixindən gec olmayaraq satıcıya ödəməlidir. Əks halda vaxtında ödənilməyən hər gün üçün malın ümumi məbləğinin bir faizi məbləğində satıcı tərəfindən cərimə hesablanır və alıcı malın dəyərinin qalan hissəsini hesablanmış faizlərlə birlikdə satıcıya ödəməyə borcludur. Müqavilənin 2.1-ci bəndinə əsaəsn satıcı malları 30 % ödəniş olduqdan sonra alıcıya təhvil verilməlidir. 15/20 saylı 02 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədə malın adı, miqdarı və qiyməti (30680 manat) əks olunmuşdur. Materiallara əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya 17.09.2020-ci il tarixdə 3135 manat, 24.07.2020-ci il tarixdə 3133,33 manat, 14.12.2020-ci il tarixdə 3900 manat, 03.06.2020-ci il tarixdə 7200 manat, ümumilikdə 17368,33 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda cavabdehdən öhdəliklərin 5 gün müddətində icrası tələb edilmiş, əks təqdirdə Məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 oktyabr 2021-ci il tarixli 2021-004217 nömrəli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərci ödəmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 02.06.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 10200 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 10200 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.4-cü bəndinə əsasən hesablanmış 16000 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir. İddiaçı iddia ərizəsində hüquqi xidmət üçün ödənilmiş 500 manat pulun tutulmasını tələb etsə də, iddiaçı tərəfindən Məhkəməyə belə xərcin çəkilməsini sübut edən hesabdan çıxarış və ya ödənişi təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 10200 manat məbləğində əsas borc və 500 manat cərimə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10200 (on min iki yüz) manat məbləğində əsas borc və 500 (beş yüz) manat cərimə, ümumilikdə 10700 (on min yeddi yüz) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1179/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1179/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver