Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1183/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: faizsiz borc müqaviləsi, illik 5%, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı və onun nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 388.000 manat əsas borc, həmin borca görə illik 5 faiz hesablanmış 30.454,95 faiz borcu, ümumilikdə 418.454,95 AZN və ödənilmiş 709 AZN dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı Cavabdeh uzun illər əvvəl tanımışdır. 2023-cü ildə Cavabdeh iş görmək adı ilə iddiaçını aldadaraq, onun etibarından sui istifadə edərək, müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə iş görmək bəhanəsilə ondan pullar alaraq, ümumilikdə ona məxsus 388.000 AZN pulumu ələ keçirərək iddiaçıya qarşı dələduzluq etmişdir. Cavabdeh bu pulu ondan aldıqdan sonra yalandan müxtəlif bəhanələr gətirərək həmin pulu ödəməkdən boyun qaçırmışdır. Hazırda şəxsin cinayət əməlilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət edilmişdir. Eyni zamanda dəymiş zərərlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Cavabdeh tərəfindən dəymiş zərər özünün imzası ilə təsdiq etdiyi əl yazması, video görüntü altında etirafı ilə və vatsap yazışmalarıyla tam sübuta yetirilir. Həmçinin qeyd olunan pulun ödənilməsilə bağlı cavabdehin qardaşı X4 şifahi şəkildə zamin olduğunu bildirmiş və videogörüntüdə o da əks olunmuşdur. İddiaçıya dələduzluq nəticəsində dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Cavabdeh, qardaşı X3 şahidliyilə iddiaya verəcəyi pulu video görüntü altında etiraf etmiş, eyni zamanda xx.xx.2023-cü il tarixə 388.000 AZN borcu olduğunu öz əli ilə yazaraq, imzası ilə təsdiq etmişdir. Cavabdeh pulu aldığı vaxtdan hazırda 1 ildən çox vaxt keçmişdir. Pulun verilməsini etiraf edən əl yazısı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən yazılmış, həmin tarixdən etibarən qeyd olunan borca əlavə olaraq illik 5 faiz hesablanmalıdır. 388.000 AZN pulun xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək gecikdirməsi 573 gün təşkil edir. 388.000 AZN manat məbləğin 5 faizi 19400 AZN edir. İllik 5 faiz məbləğ 19400 manat hesablandığı halda 1 gün üzrə faiz məbləği 53,15 AZN təşkil edir. Həmin məbləği 573 gün üzrə hesabladıqda 30.454,95AZN təşkil edir. (388.000x5%=19.400; 19400:365=53,15; 53,15x573=30.454,95)
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, çörək sexinə şərik olmaq üçün və şəkər tozu alıb satmaq üçün iddiaçıdan 388.000 manat məbləğində borc alıb. Lakin qaytara bilməyib. Borcun müqabilində torpaq sahəsi vermək istəyir iddiaçıya və aylıq 3000 manat olmaqla ödəniş edə biləcək.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Cavabdeh xx.xx.2023-cü il tarixli əl yazısında İddiaçı 388000 manat iş görmək məqsədi ilə pul aldığını, o pulu qaytara bilmədiyinə görə ayda 10.000 manat qaytaracağını qeyd etmişdir.
7. 18.08.2024-cü il tarixli törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarda Cavabdeh vermiş olduğu izahatında hazırda Əlövsətə 388000 manat verəcəyi qaldığını qeyd etmişdir.
8. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlayaraq 388000 manat əsas borcun həmin borca görə illik 5 faiz hesablanmış 30454,95 faiz borc olmaqla, ümumilikdə 418454,95 manat və ödənilmiş 709 manat dövlət rüsumu tələb edilmiş və məktub elektron qaydada xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır.
9. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 445.7 - Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
12. Maddə 449.1 - Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
13. Maddə 739.1 - borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 739.2 - borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Maddə 740.1 - borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
16. Maddə 740.2 - borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
17. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh əlyazmada həmin borc məbləğinin aylıq 10.000 manat olmaqla cavabdehə qaytaracağını qeyd etmişdir (məhkəmə iclasında həmin yazının onun özü tərəfindən yazıldığını etiraf etdi). Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Həmçinin cavabdeh məhkəmə iclasında iddiaçıya 388.000 manat məbləğində borcu olması faktını izahatında etiraf etdi.
18. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borca dair hissədə təmin edilməlidir.
19. İddia tələbinin ikinci hissəsi olan - iddiaçıdan götürülmüş və bugünədək iddiaçıya geri qaytarılmamış və ya geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina edilmiş iddiaçının qanuni pul vəsaiti olan əsas borca illkin 5 faiz olmaqla hesablanmış 30454,95 manat faiz borcu təşkil edir ki, məhkəmə həmin tələbi qismən əsaslı hesab edir.
20. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
21. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
22. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borc məbləğinin nə vaxt qaytarılmasını müəyyən edən bir müqavilə şərti olmadığı üçün, borcun verildiyi tarixdən deyil (çünki hər iki tərəf borcun məbləğinin faizsiz olaraq verildiyini bildirmişlər) borcun ödənişinin tələb olunduğu pretenziya məktubunun cavabdehə göndərildiyi xx.xx.2024-cü il tarixində qətnamə çıxan tarixə kimi illik 5% ilə hesablanmaqla 8085 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 709 manat dövlət rüsumu ödənilmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) 686 manat məbləğində dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 388.000 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 8085 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 686 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova