Məhkəmə qərarları › İş №e-2-2(113)-1185/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1185/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1185/2020 30.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Cəfərov Elxan Bəhram oğlunun, cavabdehin nümayəndəsi Quliyev Elvin Ənvər oğlunun iştirakı ilə, “Aztexnika LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Akkord Hydrotechnical Construction Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Aztexnika LTD” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 mart 2019-cu il tarili, AZTX/438 saylı icarə müqaviləsinə əsasən istifadə üçün təhvil verilmiş icarə obyektlərinə görə 272391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276612,53 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun “Akkord Hydrotechnical Construction Company” MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05 mart 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən” - “Aztexnika LTD” MMC müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) həmin müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçi - “Akkord Hydrotechnical Construction Company” MMC-yə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə götərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsi və həmin icarə müqaviləsinin əlavələrinə əsasən icarəçinin istifadəsinə verilmiş icarə obyektlərinin istifadəsinə görə göndərilmiş aylıq hesab-fakturaların bir çoxu bu günə qədər icarəçi tərəfindən tam ödənilməmişdir. Belə ki, icarəçi tərəfindən ilk 3 ay və daha sonra 5-ci aylar üçün icarə haqqı tam ödənilmişdir, lakin müqavilə bağlanıldıqdan sonra 4-cü ayda yəni, 03 iyul 2019-cu il tarixdə AHC-004 saylı eqaimə gönərilməsinə baxmayaraq icarə haqqı tam ödənilməmiş və 21093,60 manat borc hal – hazıra kimi ödənilməmiş qalmışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixdən 69929,54 manat, xx.xx.2019-cu il tarixdən 68005,13 manat, xx.xx.2019-cu ildən 68193,76 manat, xx.xx.2019-cu ildən 42647,41 manat, xx.xx.2019-cu ildən isə 2521,97 manat borc hal – hazıra kimi qədər ödənilməmiş qalır. Tərəflər arasında bağlanan AZTX/438 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5% -i keçməmək şərti ilə günlük 0,01% gecikmə faizi hesablanır. Beləliklə, hər e-qaimənin göndərildiyi tarixdən 5 iş günü keçdikdən sonra hər gecikdirilmiş gün üçün 0.01% həcmində cərimə hesablanması üçün müddət başlayır. Beləliklə, icarəçi “Akkord Hydrotechnical Construction Company” MMC icarə müqaviləsi əsasında “Aztexnika LTD” MMC-dən istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 272391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276612,53 manat məbləğində ödənilməmiş borcu var. İddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Quliyev Elvin Ənvər oğlu iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, müqavilənin 3.1 və 3.2-ci bəndlərində icarə obyektlərinin aktlar vasitəsilə təhvil verilməsi göstərilsə də bu barədə heç bir sənəd təqdim olunmamışdır. Bundan başqa müqavilənin əlavəsində qeyd olunan icarə obyektləri ilə təhvil – təslim aktlarında göstərilən icarə obyektləri arasında əlaqə yoxdur. Həmçinin, borc məbləği və cərimə də dəqiq hesablanmamışdır. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli AZTX/438 saylı icarə müqaviləsinə əsasən “İcarəyə verən” (“Aztexnika LTD” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə “Akkord Hydrotechnical Construction Company” MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə götərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaiməyə əsasən “Akkord Hydrotechnical Construction Company” MMC-yə icarəyə verilmiş nəqliyyat vasitəsinə görə borc 23933,41 manat, xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 249010 saylı elektron qaiməyə əsasən 63001,53 manat, xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 063660 saylı saylı elektron qaiməyə əsasən 84682,80 manat, xx.xx.2019-cu il tarixli EAAY seriyalı, 875309 saylı elektron qaiməyə əsasən 72846,48 manat, xx.xx.2019-cu il tarixli EBAC seriyalı, 326721 saylı elektron qaiməyə əsasən 73636,86 manat, xx.xx.2019-cu il tarixli EBAC seriyalı, 332281 saylı elektron qaiməyə əsasən 69929,54 manat, xx.xx.2019-cu il tarixli EBAC seriyalı, 334657 saylı elektron qaiməyə əsasən 68005,14 manat, xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 103079 saylı elektron qaiməyə əsasən 42647,41 manat, xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 101558 saylı elektron qaiməyə əsasən 2522,01 manat və xx.xx.2020-cu il tarixli EBAF seriyalı, 493268 saylı elektron qaiməyə əsasən 68193,75 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 63001,55, xx.xx.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 84682,81 manat, xx.xx.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 72846,49 manat, xx.xx.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 73636,87 manat, xx.xx.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 69929,54 manat və xx.xx.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 68005,13 manat təşkl etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Cavabdeh iddiaya etirazını 2 xüsusatla əsaslandırmışdır: icarə obyektlərinin aktlar vasitəsilə təhvil verilməsi və müqavilənin əlavəsində qeyd olunan icarə obyektləri ilə təhvil – təslim aktlarında göstərilən icarə obyektləri arasında əlaqənin olmaması. Lakin iş materiallarından görünür ki, müqaviləyə əlavələrdə qeyd olunan icarə obyektləri təhvil – təslim aktlarında da əksini tapmışdır və obyektlərin aktlar vasitəsilə təqdim olunması barədə sənəd təqdim olunmasa da, təhvil – təslim aktları onu təsdiq edir ki, icarə obyektlərinin təhvil verilmişdir. Yəni, qeyd olunan xüsusatlar iddianın rədd edilməsi üçün əsas ola bilməz. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 272391,41 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 272391,41 manat əsas borca 4221,12 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 4221.12 manat dəbbə pulunun miqdarı azaldılaraq 2000 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,7 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Aztexnika LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Akkord Hydrotechnical Construction Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 272391,41 manat məbləğində əsas borc və 2000 manat cərimə olmaqla ümumilikdə 274391,41 manat məbləğində pul vəsaiti “Akkord Hydrotechnical Construction Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Aztexnika LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,7 manat məbləğində pul vəsaiti “Akkord Hydrotechnical Construction Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Aztexnika LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar