Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1187/2022 02.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı MMMC-nin "xxxx" ASC-yə qarşı ”sayğacın addan çıxarılması və.s tələbinə dair” iddia ərizəsininin icraata götürülməsinin mümkünlüyü məsələsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC-nin "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal-32 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə Heyyətinin istifadəsində olan elektirik enerjisinin baş sayğacanın EL-CA MTK-nın adından çıxarılması, həmin sayğacın Yasamal-32 MMMC-nin adına keçirilməsi baş sayğacın Yasamal-32 MMMC-yə məxsus sayğac otağına keçirilməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə ediməsi, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat məbləğinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6546/2021 saylı, 20.12.2021-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6546/2021 saylı, 20.12.2021-ci il tarixli qərardadından Yasamal-32” MMMC şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6546/2021 saylı, 05.01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-219/2022-ci il saylı, 21.01.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMMC-nin şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6546/2021 saylı, 20.12.2021-ci il tarixli qərardadı ləğv edilərək, iş birinci instansiya Məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6546/2021 saylı, 20.12.2021-ci il tarixli qərardadını ləğv edərkən Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, iddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya qurumudur və hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmadığından məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, onunla "xxxx" ASC arasındakı mübahisəyə kommersiya mübahisəsi kimi baxıla bilməz. Lakin mübahisənin ümumi və ya inzibati məhkəməyə aiddiyyətinə hüquqi qiymət verilməsi üçün mübahisə tərəflərinin müqavilə münasibətində olub-olmadığı, əgər tərəflər arasında müqavilə mövcuddursa irəli sürülmüş tələbin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrası ilə əlaqədar olub-olmadığı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Şikayət ərizəsində tərəflər arasında müqavilənin mövcud olduğu qeyd edilsə də, həmin sənəd elektron iş materiallarında mövcud deyil. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işdə işdə iştirak edən şəxslərin iştirak olmadan iddia ərizəsinin icraata qəbul edilməsinə məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və Apellyasiya Məhkəməsinin qeyd etdiyi halları araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddianın yoverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə daxil olarkən iddia ərizəsinin geri qaytarılması və qəbuldan imtina edilmə əsasları olmadıqda məhkəmə tərəfindən icraata qəbul edilir. Qeyd edilən əsaslar olduqda isə müvafiq qərarlar qəbul edilir. Hazırki işdən görünür ki, İddiaçı MMMC qeyri-kommersiya qurumudur və hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır, həmçinin mübhisənin predmeti və mübahisənin xarakteri də kommersiya mübahisəsi olmasa da, Məhkəmənin qiymət verməli olduğu ilk məqam işin ümumiyyətlə məhkəmədə baxılmalı olubolmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-lə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Digər tərəfdən, MPM-in 26.1-ci maddəsi açıq şəkildə tələb edir ki, o mübahisələr kommersiya mübahisələri hesab edilə, o işlərə kommersiya mübahisələri qismində mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. da nəzərə alınmalıdır ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, İddiaçı MMMC qeyri-kommersiya qurumudur və iddianın predmeti də sayğacın Yasamal-32 MMMC-nin adına keçirilməsi baş sayğacın Yasamal-32 MMMC-yə məxsus sayğac otağına keçirilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə ediməsi təşkil edir yəni, mübhisənin predmeti və mübahisənin xarakteri də kommersiya mübahisəsi deyildir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Eyni zamanda iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, Yasamal rayonu, X1 küçəsində yerləşən 9 saylı binanı "xxxx" MTK tərəfindən inşa edilmişir. Həmin bina inşa olunduqdan sonra sakinlərə təhvil verilmiş və 2019-cu il tarixdə İddiaçı MMMC yaradılaraq, bina ona təhvil verilmişdir və mübahisəli sayğac da hələ də, "xxxx" MTK-nın adında qalmaqla, İddiaçı MMMC ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında hər hansı bir müqavilə münasibətləri yaranmamışdır. Göründüyü kimi, İddiaçı MMMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı tələbi sonuncunun publik səlahiyyətlərinə aiddir və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi də kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid olmadığından hazırki mübahisəyə mülki muhakimə icraatı qaydasına baxılması yolverilməzdir. Yasamal-32” MMMC tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMMC-nin "xxxx" ASC-yə qarşı ”sayğacın addan çıxarılması və.s” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMMC-yə rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1187/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1187/2022
02.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver