Məhkəmə qərarları › İş №e-2-2(113)-1188/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1188/2021

02.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1188/2021 02.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsinə qarşı tenderin nəticələrinin ləğv edilməsi və yeni tenderin keçirilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı X2 İstismarı və Təmiri Xidməti Müəssisəsinin elan etdiyi, nəqliyyat və xüsusi texnikaların satınalınması ilə əlaqədar açıq tenderin nəticələrinin ləğv edilməsinə və həmin iş üzrə yeni tenderin keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı X2 İstismarı və Təmiri Xidməti Müəssisəsinin elan etdiyi, nəqliyyat və xüsusi texnikaların satınalınması ilə əlaqədar açıq tenderdə iştirak etmişdir. Tender üzrə satınalınan nəqliyyat və xüsusi texnika - 4 ədəd 6 tonluq sudaşıyan maşın və 1 ədəd 10 tonluq sudaşıyan maşın olmuşdur. Tərəfimizdən tenderin əsas şərtlər toplusu ilə nəzərdə tutulmuş vaxtda və texniki göstəricilərə müvafiq 6 tonluq DAF FA LF 210 4X2 TRUCK markalı, birinin qiyməti 154.287,36 manat olan 4 ədəd sudaşıyan maşın və 10 tonluq DAF FA LF 210 4X2 TRUCK markalı, birinin qiyməti 172 970.60 manat olan 1 ədəd sudaşıyan maşın təklif edilmiş və cəmi 790.120,04 manat olan qiymət təklifi verilmişdir. Tenderin əsas şərtlər toplusuna əsasən iddiaçıların təklifləri 26.11.2020-ci il saat 15:45-də portal vasitəsilə açıqlanmalı və 1 bank günü ərzində iddiaçılar açılışın nəticələri və tender komissiyasının qərarı ilə portal vasitəsi ilə tanış ola bilməli idilər. Lakin tenderin nəticələrinə dair qərar, 1 bank günü ərzində deyil, qanunvericiliyin tələblərinə zidd olaraq, 9 bank günü keçdikdən sonra, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmişdir Belə ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 37.7-ci maddəsinə əsasən tender dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirildikdə, satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası 1 bank günü ərzində bu Qanuna uyğun olaraq təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Tenderin nəticələrinə dair qərara gəldikdə həmin qərar da qeyri-obyektivdir. Belə ki, "xxxx" MMC 945.180 manat məbləğində təklif ilə qalib hesab edilmişdir, halbuki İddiaçı MMC-nin təklifi daha əlverişli olaraq 790.120,04 manat təşkil etmişdir, həmçinin keyfiyyət amilinə görə də İddiaçı MMC qalib şirkətdən üstündür. Tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş qiymətləndirilmə meyarlarına əsaslanaraq iddiaçı həm qiymət, həm yüksək keyfiyyət, həm təcrübə, həm texniki və kadr imkanları, həm də maliyyə vəziyyəti baxımından satınalan təşkilat üçün əlverişlidir. Qeyd edilənlərdən belə qənaətə gəlinməlidir ki, iddiaçı açıqlanmış təkliflərlə müqayisədə ən aşağı qiymət təklifi, keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif irəli sürdüyü üçün qanunvericiliyin tələblərinə əsasən tenderin qalibi hesab olunmalı idi. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı X2 İstismarı və Təmiri Xidməti Müəssisəsinin elan etdiyi, nəqliyyat və xüsusi texnikaların satınalınması ilə əlaqədar açıq tender qanun tələblərinin pozulması ilə və qeyri-obyektiv keçirildiyi üçün həmin açıq tenderin nəticələri ləğv olunmalıdır. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin elan etdiyi, nəqliyyat və xüsusi texnikaların satınalınması ilə əlaqədar açıq tenderin nəticələrinə dair, tenderin qalibi "xxxx" MMC ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı X2 İstismarı və Təmiri Xidməti Müəssisəsi arasında bağlanmış satın-alma müqqaviləsinin icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.02.2021-ci il tarixli, e-2-2(113)-1188/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəyə qarşı tenderin nəticələrinin ləğv edilməsi və həmin iş üzrə yeni tenderin keçirilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi tərəfindən keçirilmiş “Nəqliyyat və xüsusi texnikaların satınalınması” məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə 26.11.2020-ci il tarixli, 2 saylı iclas protokolundan görünür ki, müsabiqədə 6 iddiaçı iştirak etmişdir. “xxxx” MMC ƏDV daxil 998.280 manat, “xxxx” MMC ƏDV daxil 816.079,98 manat, İddiaçı MMC ƏDV daxil 790.120.09 manat, “xxxx” MMC ƏDV daxil 945.180 manat, “xxxx” MMC ƏDV daxil 985.425,08 manat, “xxxx” MMC ƏDV daxil 979.459 manat qiymət təklif etmişlər. -“Tenderin nəticələri haqqında” tender komissiyasının 10.12.2020-ci il tarixli yekun protokolundan görünür ki, İddiaçı MMC-nin tender təklifi formal tələblərə uyğun gəlmədiyi üçün “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 50-6.2-ci maddəsi nəzərə alınmaqla kənarlaşdırılmışdır. “xxxx” MMC tenderin qalibi elan olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi “Nəqliyyat və xüsusi texnikaların satınalınması” əsas şərtlər toplusundan görünür ki, həmin toplunun: 9.1-ci bəndinə əsasən iddiaçının hazırladığı tender təklifi aşağıdakı göstərilən məlumatları özündə əks etdirməlidir: a) 10,11 və 12-ci maddələrə uyğun olaraq tərtib edilmiş tender təklifinin forması və qiymət cədvəlləri; b) 13-cü maddəyə uyğun iddiaçının tender təklifni vermək hüququ, səriştəsi və müqavilə bağlamaq səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər; c) 14-cü maddəyə əsasən iddiaçının təqdim etdiyi malların, köməkçi xidmətlərin əsas şərtlər toplusuna uyğunluğunu təsdiq edən sənədlər; 15-ci maddəyə əsasən tender təklifinin təminatını təsdiq edən sənədlər. 15.1-ci bəndinə görə 9-cu maddəyə uyğun olaraq, iddiaçı əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilmiş təminat məbləğini özünün tender təklifinin bir hissəsi kimi təqdim etməlidir. 15.2-ci bəndinə əsasən bu təminat satınalan təşkilatı iddiaçının tender təklifinin imtina etməsi riskindən müdafiə və 15.7-ci maddəyə uyğun olaraq iddiaçının bu təminatdan məhrum edilməsini təmin edir. 15.4-cü bəndinə görə 15.1 və 15.3-cü maddələrə uyğun olaraq təminatı olmayan bütün tender təklifləri 24-cü maddəyə uyğun satınalan təşkilat tərəfindən şərtlərə cavab vermədiyinə görə kənarlaşdırılacaqdır. -Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi “Nəqliyyat və xüsusi texnikaların satınalınması” əsas şərtlər toplusuna 1 saylı əlavənin TİT 4.1-ci bəndinə əsasən tender təklifinin təminatının məbləği: təklif qiymətinin 1%-i məbləğində; TİT 4.2-ci bəndinə görə tender təklifinin təminatının qüvvədə olma müddəti: ən azı 60 bank günü (təklif zərfləri açıldıqdan sonra) müəyyən edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsinə ünvanladığı 27 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMCnin 14.12.2020-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılaraq keçirilmiş satınalma prosedurunun “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğunluğu yoxlanılmış, pozuntu aşkar edilmişdir. Belə ki, şikayət satınalan təşkilata Dövlət Xidməti tərəfindən göndərilsə də, baxılıb barəsində hər hansı qərar qəbul edilməmişdir. Dövlət Xidməti qanunvericiliyin pozulması hallarının aşkar edildiyini nəzərə alaraq Qanunun 57.3.4-cü maddəsindən irəli gələn səlahiyyətlərinə istinad edərək elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsinin ləğv olunmasını və həmin müsabiqənin Qanunun tələblərinə uyğun olaraq yenidən təşkil edilməsini məqsədəmüvafiq hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi tərəfindən nəqliyyat vasitələri və xüsusi texnikaların satınalınması məqsədilə elektron satınalma vasitəsilə açıq tender elan etmişdir. 25.11.2020-ci il tarixdə İddiaçı MMC həmin tenderdə iştirak etmək üçün tender təklifini elektron sistem vasitəsilə təqdim etmişdir. 26.11.2020-ci il tarixdə elektron satınalma vasitəsilə ilə keçirilmiş açıq tenderin təklif zərfləri açılaraq İddiaçı MMC-nin ən aşağı qiymət təklif etdiyi müəyyən edilmişdir. Tender komissiyasının 10.12.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin tender təklifi formal tələblərə cavab vermədiyindən kənarlaşdırılmış və “xxxx” MMC tenderin qalibi elan edilmişdir. Hazırda İddiaçı MMC tenderin keçirilməsi zamanı satınalan təşkilat tərəfindən qanun pozuntularına yol verilməsini əsas göstərərək tenderin nəticələrinin ləğv edilməsi və yeni tenderin keçirilməsi barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia irəli sürmüşdür. İddia tələbinin qanuni əsasını “Dövlət Satınalmaları haqqında” AR Qanununun 38.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan isə görünür ki, İddiaçı MMC-nin tender nəticələrinin ləğv edilməsi tələbinin əsası kimi bir neçə hala istinad etmişdir. 1.Tender təkliflərinin zərfləri 26.11.2020-ci il tarixdə açıldığı halda tender komissiyasının yekun qərarı 10.12.2020-ci il tarixdə qəbul edilmiş, bununla tenderin nəticələrinə dair tender komissiyasının qərarının 1 bank günü ərzində qəbul edilməli olması barədə “Dövlət satınalmaları haqqında” AR Qanununun 37.7-ci maddələrinin tələblərinin pozuntusuna yol verilmişdir.

2. “Dövlət satınalmaları haqqında” AR Qanununun 37.7, 50-6.1 və 50-6.1-ci maddələrinin tələblərinə əsasən elektron satınalma həyata keçirilərkən ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab edilməli olduğu və yalnız bundan sonra qalib şirkətin təklifinin formal tələblərə uyğun olub-olmaması qiymətləndirilməli olduğu halda mübahisəli tenderin keçirilməsi zamanı ən sərfəli təklifi vermiş iddiaçı qalib hesab edilmədən onun tender təklifi formal tələblərə uyğun olmaması əsası ilə kənarlaşdırılmışdır.

3. Formal tələblərə cavab verməyən tender təklifi (iddiaçının təklifini) kənarlaşdırıldıqdan sonra tender komissiyası müqavilənin bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni seçməmiş, bununla “Dövlət satınalmaları haqqında” AR Qanununun 50-6.3-cü maddəsinin tələblərini pozmuşdur.

4. İddiaçı MMC “Dövlət satınalmaları haqqında” AR Qanununun 55.1-ci maddəsinə əsasən tender komissiyasının qərarından şikayət verdiyi halda satınalan təşkilat tərəfindən həmin şikayətə Qanunun 56 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq baxılmamışdır. “Dövlət Satınalmaları haqqında” AR Qanununun: 2-ci maddəsinə görə elektron satınalma – qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma prosedurudur. 37.7-ci maddəsinə görə tender dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirildikdə, satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. 50-6.1-ci maddəsinə görə lektron satınalma nəticəsində bu Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur. 50-6.2-ci maddəsinə görə atınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklifin formal tələblərə uyğunluğunu və həmin təklifi təqdim edən malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına cavab verməsini yoxlayır. Satınalan təşkilat təklifin formal tələblərə cavab vermədiyini və ya malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyini müəyyən edərsə, həmin təklifi kənarlaşdırır. 56.1-ci maddəsinə görə satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir (əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur bu Qanuna müvafiq surətdə hər hansı orqan tərəfindən təsdiq edilmişdirsə, şikayət bu orqanın rəhbərinə verilir). 56.3-ci maddəsinə görə şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir. 58.1-ci maddəsinə görə bu Qanunun 56 və 57-ci maddələrinə uyğun şikayət verildikdən dərhal sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) və ya müvafiq icra hakimiyyəti orqanının rəhbəri satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) şikayətin verilməsi və onun məzmunu barədə bildiriş göndərir. 50-6.3-cü maddəsinə görə satınalan təşkilat elektron satınalma müqaviləsinin bağlanılması anına qalib hesab olunan təklifin ehtimal olunan qiymətdən əhəmiyyətli dərəcədə aşağı olduğu və onun da satınalma müqaviləsinin yerinə yetirilməməsi ilə nəticələnəcəyi qənaətinə gələrsə, bu Qanunun 27-ci maddəsini tətbiq edə bilər. Bu halda satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalma müqaviləsinin bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçmək hüququna malikdir. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, tenderin nəticələrinin ləğv edilməsi (ələxsus da tenderin nəticəsində bağlanmış alqı-satqı müqaviləsi icra edildiyi halda) satınalan təşkilatla yanaşı tenderdə qalib gələn şirkət üçün kifayət qədər əlverişsiz nəticələrə, tender dövlət təşkilatları tərəfindən dövlət və ictimai ehtiyacları təmin etmək məqsədilə keçirildikdə isə ictimai və dövlət maraqlarının pozulmasına (vaxtın itirilməsi, təchizatın uzadılması və s.) səbəb ola bilən tədbirdir. Buna görə də tenderin hazırlanması və keçirilməsi zamanı yol verilmiş hər bir pozuntuya görə tenderin nəticələrinin ləğv edilməsi “mütənasiblik” prinsipinin tələblərinə uyğun hesab edilə bilməz. Bu baxımından məhkəmə tərəfindən tenderin nəticələrinin ləğv edilməsi barədə işlərə baxılarkən yol verilmiş pozuntunun əhəmiyyətli olub-olmaması, o cümlədən pozuntunun iştirakçılarının azad rəqabətini məhdudlaşdırılması, tenderin nəticələrinə təsir etməsi və ya təsir etmə riskinin mövcud olub-olmaması, tenderin keçirilməsi qaydalarının pozuntusu nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulub-pozulmaması halları müəyyən edilməlidir. Hazırkı işin mübahisəsiz hallarından isə görünür ki, mübahisəli tenderin şərtlər toplusunda tender təklifində müəyyən edilmiş qiymətin 1 % həcmində bank təminatının verilməsi barədə tələb olduğu halda İddiaçı MMC-nin elektron qaydada təqdim etdiyi tender təklifinə bank qarantiyası əlavə edilməmişdir. “Dövlət satınalmaları haqqında” AR Qanununun: 36.3-ci maddəsinə görə bu Qanunun 36.2-ci maddəsini nəzərə almaqla, satınalan təşkilat tender təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin. 36.5.3-ci maddəsinə görə isə tender təklifi formal tələblərə uyğun gəlmirsə satınalan təşkilat tender təklifini kənarlaşdırır. İstinad edilən maddələrin məzmunundan da göründüyü kimi tenderin şərtlər toplusundakı tələblərə cavab verməyən tender təklifi formal tələblərə uyğun gəlməyən təklif hesab edilir. Formal tələblərə uyğun gəlməyən təklif isə satınalan təşkilat tərəfindən kənarlaşdırılmalıdır. Göründüyü kimi İddiaçı MMC-nin tender təklifi formal tələblərə cavab vermədiyindən tender komissiyası “Dövlət satınalmaları haqqında” AR Qanununun 36.5.3-ci və 50-6.2-ci maddələrinin tələblərinə uyğun olaraq həmin təklifi kənarlaşdırmaqda haqlı olmuşdur. Belə olan halda isə açıq-aşkardır ki, satınalan təşkilat tərəfindən tenderin keçirilməsi zamanı yol verilməsi iddia edilən pozuntular (iddiaçının təklifi kənarlaşdırmamışdan əvvəl ən sərfəli təklifin tenderin qalibi hesab edilməməsi, iddiaçının tender təklifi kənarlaşdırıldıqdan sonra ən sərfəli təklifin qalib seçilməməsi və tender komissiyasının qərarının bir bank günü ərzində qəbul edilməməsi) İddiaçı MMC üçün tenderin nəticələrinə təsir göstərə bilməzdi. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən tenderin keçirilməsi zamanı yuxarıda göstərilən pozuntulara yol verməsi ehtimal edilsə belə, həmin pozuntular tender iştirakçısı kimi İddiaçı MMC-nin qanunla qorunan hüquq və maraqlarını pozmamış və belə olan halda iddiaçının tələbi əsasında tender nəticələrinin ləğv edilməsi üçün əsas vermir. Cavabdeh tərəfindən tenderin nəticələri ilə bağlı şikayətə baxılması zamanı pozuntulara yol verilməsi barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə isə məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin qanuni əsası olan “Dövlət Satınalmaları haqqında” AR Qanununun 38.2-ci maddəsinin məzmunundan da göründüyü kimi qanunverici tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntularına yol verildiyi halda tenderin nəticələrinin məhkəmə tərəfindən ləğv edilməsi imkanını nəzərdə tutmuşdur. Hazırkı halda iddiaçının tenderin nəticələri ilə bağlı şikayətinə baxılması zamanı qanun pozuntularına yol verilməsi tenderin keçirilməsi zamanı deyil, tender keçirildikdən sonra yol verilmiş və tenderin nəticələrinə təsir etməyən pozuntu olduğundan göstərilən hal tenderin nəticələrinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin cavabdeh Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəyə qarşı tenderin nəticələrinin ləğv edilməsi və yeni tenderin keçirilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar