Məhkəmə qərarları › İş №e-2-2(113)-1189/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1189/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1189/2023 24.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə haqqının ödənilməsi və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Agamehti oğlu ilə Cavabdeh MMC arasında imzalanmış (reyestr nömrəsi **********31 və **********05) xx.xx.2021-ci il tarixli müqavilələrə xitam verilməsi, Cavabdeh tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 22 aylıq dövr üçün müqavilələr üzrə müəyyən olunmuş qaydada 11.484 manat məbləğində icarə haqqı borcu və icarə müqavilələrinin 6.3-cü bəndinə əsasən müqavilə imzalandığı vaxtdan xx.xx.2023-cü il tarixinədək 22 aylıq, 660 günlük dövr ərzində ödənilməmiş 11.484 manat icarə haqqının hər gecikdirilmiş günə görə 0,1 faizi, 11,84 manat olmaqla cəmi 7.579 manat cərimə məbləği və 150 manat mediasiya xərci olmaqla cəmi 19.213 manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı Agamehti oğlunun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə İddiaçı Agamehti oğluna məxsus Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 3600 kvadrat metr torpaq sahəsini (Reyestr nömrəsi: **********31) və 2200 kvadrat metr torpaq sahəsini (Reyestr nömrəsi: **********05) Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli icarə müqavilələri ilə beş il müddətinə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh MMC-yə (VÖEN **********) icarəyə verilmişdir. İcarə haqqı hər kvadrat metr üçün 0.09 manat müəyyən edilmişdir. Yəni hər iki müqavilə üzrə aylıq icarə haqqı 524 manat təşkil etmişdir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini Cavabdeh MMC-ə icarəyə verərkən real qiymətindən aşağı qiymətə müqavilə bağlamışdır. Buna səbəb icarəçi Cavabdeh MMC-nin icarəyə götürdüyü torpaq sahəsini bir il sonra real bazar qiyməti ilə satın alacağı barədə icarəyə verənlə şifahi olaraq razılığa gəlməsidir. Bu məqsədlə İddiaçı direktoru olduğu "xxxx" MMC Cavabdeh MMC ilə həmin torpaq sahəsində Cavabdeh MMC-nin kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün X3 Zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsi işləri ilə bağlı müqavilə bağlamışdır. İcarə haqqı ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Shaki Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 706.1.-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. - 706.4-cı maddəsinə əsasən Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. - 710.1.-cı maddəsinə əsasən Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. - 719.7-ci maddəsinə əsasən Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. - 722.1-ci maddəsinə əsasən Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. - 722.2-ci maddəsinə əsasən Əgər torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə icarənin hər hansı ili ərzində xitam verilirsə, icarəyə verən hələ yaranmamış, lakin təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarə ilinin sonunadək əldə edilə bilən bəhərlərin dəyərini icarəçiyə ödəməlidir. Bu zaman məhsulla bağlı risk ağlabatan şəkildə nəzərə alınmalıdır. Əgər bəhərlərin dəyərini müəyyənləşdirmək mövsüm səbəblərinə görə mümkün deyildirsə, icarəyə verən icarəçinin bu bəhərlər üzrə xərclərinin əvəzini təsərrüfatın lazımınca aparılması qaydalarına uyğun gələn dərəcədə ödəməlidir. Bu qayda qırılmaq üçün nəzərdə tutulan, lakin hələ qırılmamış ağaclara da tətbiq edilir. Əgər icarəçi lazımi istifadə qaydalarının yol verdiyindən artıq ağac qırmışsa, artıq qırdığı ağacların dəyərini icarəyə verənə ödəməlidir. Digər zərərin əvəzinin ödənilməsinə dair pretenziya verilməsi istisna edilmir.

7. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1189/2023 saylı qərardadı ilə iddianın İddiaçı ilə Cavabdeh arasında bağlanmış (reyestr nömrəsi **********31 və **********05) xx.xx.2021-ci il tarixli müqavilələrinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

10. Belə olan halda, iddianın qalan hissələrinə münasibət bildirilməlidir.

11. İddiaçı tərəf cavabdehlə 04 avqust 2021-ci il tarixində 3M-1535 reyestr nömrəli və 3M-1534 reyestr nömrəli icarə müqavilələri bağlandığını, hər iki icarə müqaviləsi üzrə aylıq icarə haqqının cəmi 524 manat təşkil etdiyini, hal-hazıradək icarə haqqı məbləğindən ödəniş edilmədiyini bildirir.

12. Cavabdeh tərəfdən isə Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş nümayəndəsi və vəkili Nümayəndə1 (i.m. səh 52) tərəflər arasında icarə müqavilələrinin bağlandığını və ödənişin ediləcəyini bildirsə də, sonradan işə qoşulmuş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 icarə müqavilələrinin bağlanmadığını, müqavilələrdəki imzanın Cavabdeh direktoruna aid olmadığını, Cavabdeh fəaliyyət göstərdiyi sahənin qeyd edilmiş torpaqlar olmadığını bildirir.

13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam icarə müqavilələrin bağlanması faktı və icarə müqaviləsi bağlanmış olduğu halda da, icarə haqqı məbləğinin ödənilib-ödənilməməsi təşkil edir.

14. İşdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 04 avqust 2021-ci il tarixli 3M- 1535 reyestr nömrəli və 3M-1534 reyestr nömrəli icarə müqavilələri bağlanmışdır.

15. 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kvadrat metr torpaq sahəsini aylıq icarə haqqı 200 manat olmaqla Cavabdehnə icarəyə verir.

16. 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kvadrat metr torpaq sahəsini aylıq 324 manat olmaqla icarəçi Cavabdehnə icarəyə verir.

17. Qeyd edilmiş icarə müqavilələri notarial qaydada təsdiq edilmiş, İddiaçı və Cavabdeh o zamankı direktoru Tanio Munechika tərəfindən imzalanmış, Cavabdeh möhürü ilə təsdiq edilmiş, eyni zamanda hər iki tərəfin foto şəkli müqavilələrdə əks olunmuşdur.

18. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin çıxarışlarından məlum olur ki, Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 0,22 ha və 0,36 ha torpaq sahələri mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

19. Məhkəmə cavabdehin müqavilələrinin bağlanmadığını, müqavilələrdəki imzanın Cavabdeh direktoruna aid olmadığını, Cavabdeh fəaliyyət göstərdiyi sahənin qeyd edilmiş torpaqlar olmadığı barədə dəlillərini əsassız hesab edir.

20. Belə ki, ilk növbədə qeyd edilmiş torpaq sahələrinin icarəyə verilməsinə dair müqavilələr notarial qaydada bağlanmaqla, hüquqi şəxsin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilməklə, hər iki tərəfin müqavilə bağlanan zaman foto şəkli çəkilmişdir.

21. Bundan başqa da, qeyd edilməlidir ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.

22. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.

23. Göründüyü kimi, müqavilələrin həm tərəflərin foto şəkilinin çəkilərək notarial qaydada təsdiq edilməsi, müqavilələrdə hər iki tərəfin imza və möhürünün olması, eyni zamanda da, Məhkəmənin hazırlıq iclasında iştirak etmiş nümayəndənin müqavilələrin bağlanması və torpaqların verilməsini qəbul etməsi, həmçinin də, məhkəməyə elektron sistem vasitəsi ilə daxil olmuş etiraz ərizəsinin də məzmununda müqavilələrin bağlanmasının və torpaqların verilməsini qəbul edilməsi 04 avqust 2021-ci il tarixli 3M- 1535 reyestr nömrəli və 3M-1534 reyestr nömrəli icarə müqavilələrinin bağlandığını və iddiaçı tərəfindən 2.200 kvadrat metr və 3.600 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsi halını təsdiq edir.

24. Belə olan halda, müəyyən olunmalı olan digər məqam icarə haqqı üzrə borcun nə qədər təşkil etməsidir.

25. İddiaçı tərəf ümumiyyətlə icarə haqqı ödənilmədiyini bildirir.

26. Cavabdeh tərəfdən isə xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında ödənişin ediləcəyini bildirsə də, sonradan işə qoşulmuş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ümumiyyətlə icarə münasibətlərinin yaranmadığından pulun ödənilmədiyini bildirmişdir.

27. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü il tarixinədək (iddiaçının tələb etdiyi tarix) hər iki icarə müqaviləsi üzrə icarə haqqı məbləği hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə iradə ifadəsi (pretenziya) xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilsə də (i.m.səh 24), torpaqların cavabdehin faktiki istifadəsində qaldığı müddət üzrə də, icarə haqqı hesablanmalıdır.

29. xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 21 ay keçməsi nəzərə alındığında 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 4.200 (21x200) manat, 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 6.804 (21x324) manat yəni cəmi 11.004 (4200+6804) manat təşkil edir.

30. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında icarə hüquq münasibətlərinə artıq xitam verildiyindən,icarə müqavilələrinin predmeti olan İddiaçı məxsus olan Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kvadrat metr torpaq sahəsi və Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kvadrat metr torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməldir.

31. Məhkəmə iddianın 7.579 manat cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

32. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış hər iki müqavilənin 6.3-cü bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, o hər gecikdirilmiş gün üçün icarəyə verənə gecikdirilən məbləğin 0,1 faizi miqdarında dəbbə ödəməlidir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

36. Məhkəmə hesab edir ki, cavabdehin 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 210 manat, 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 240 manat yəni, cəmi 550 manat dəbbə pulu daha ağlabatan və ədalətlidir.

37. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 110 manat məbləğində pul Bakı 14 X1 ödənmişdir.

38. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kvadrat metr torpaq sahəsi və 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kvadrat metr torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 4.200 manat, 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 6.804 manat, cəmi 11.004 (on bir min dörd) manat əsas borc, 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 210 manat cərimə, 04 avqust 2021-ci il tarixli 3M- 1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 240 manat cərimə, cəmi 550 (beş yüz əlli) manat cərimə borcu olmaqla, 11.554 (on bir min beş yüz əlli dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar