Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-119/2021 11.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəklili Vəkil, nümayəndəsi X4, Cavabdeh "Cavabdeh" qeyri bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" qeyri bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinə qarşı cavabdehlə bağlanmış xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, yığılmış 49.479,28 manat borcun və 5.000 manat məbləğində mənəvi ziyanın əvəzinin, cəmi 54.479,28 manatin və vurulmuş maddi zərər kimi 6981 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehlə bağlanmış xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi və yığılmış 49.479,28 manat borcun və 5.000 manat məbləğində mənəvi ziyanın əvəzinin, cəmi 54.479,28 manatin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx xxxxx 2014-cü il icarə müqaviləsinə xitam verilməsi, yığılmış 49.479,28 manat borcun və 5.000 manat məbləğində mənəvi ziyanın əvəzinin, cəmi 54.479,28 manatin və vurulmuş maddi zərər kimi 6981 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx xxxxx 2014-cü il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 231.5 kv.metr olan qeyri-yaşayış binasının icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin qüvvədən düşmə vaxtı xx xxxx 2020-ci il tarixidir. Müqavilə qiyməti 1753 manat müəyyən olunmuşdur. xx xxxx 2015-ci il tarixdə cavabdehlə iddiaçı arasında imzalanmış razılaşmaya görə müqavilənin 2.1-ci maddəsi dəyişdirilmiş və icarə haqqı 2337.27 manat müəyyən edilmişdir. Digər tərəfdən həmin razılaşmada göstərilmişdir ki, xx xxxx 2017-ci il tarixədək icarə haqqına yenidən baxıla bilməz. xx xxxxxx 2017-ci il tarixdə cavbdehlə iddiaçı arasında imzalanmış növbəti razılaşmaya görə icarə haqqı xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək 934.91 manat müəyyən edilmişdir. Cavabdeh əsas müqavilənin xitam olunması üçün heç bir rəsmi bildiriş iddiaçıya təqdim etməmişdir və xeyli miqdarda yığılan borcunu da ödəməkdən yayınmışdır. Müqavilənin 4.3.1-cü və 5.2-ci maddələri kobud surətdə pozulmuşdur. Hal-hazırakək müqavilə davam edir və cavadehin borcu artmaqda davam edir. 2017-ci ilin iyun ayında ödənilməyən icarə haqqı borcu davam edir. Həmin ilin iyunundan 2018-ci ilin mart ayına qədər aylıq 934.91 manat olmaqla cəmi 7.479,28 manat, 2018-ci ilin mart ayından başlayaraq 2020-ci ilin mart ayına qədər isə aylıq köhnə qaydada 1753 manat olmaqla, cəmi 42.072 manat, bütövlükdə isə 7.479,28+42.072=49.479,28 manat borc yığılmışdır. Müqavilənin 5.2-ci bəndinə görə cavabdeh 30 gün əvvəlcədən xəbərdar etməklə müqaviləyə xitam verə bilərdi. Lakin belə bir şey yoxdur. Bununla bağlı və borcun ödənilməsi üçün cavabdehə rəsmi məlumat göndərilsə də, cavabdeh iddiaçıya göndərdiyi xx xxxxxx 2019-cu il tarixli məktubunda bildirmişdir ki, guya xx xxxxxxxx 2017-ci il tarixdə müqaviləyə xitam verilmiş və guya iddiaçıya xx xxxx 2017-ci il tarixdə məlumat vermişdir. Belə bir hal mövcüd olmamışdır. Beləliklə cavabdehlə iddiaçı arasında bağlanan müqavilənin şərtlərini kobud surətdə pozmuşdur. Dəfələrlə cavabdehlə şifahi və yazılı xəbərləşmə iddiaçını başqa işlərindən yayındırıb əsəb gərginliyi yaratmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən icarəyə götürdüyü əmlaka, onun içindəki məhsullara ziyan vurulmuş və nəticədə iddiaçı tərəfindən təmir edilmişdir. Bunlar nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Ziyan, alçipan 60 ədəd 450 manat, şurup 4 ədəd 20 manat, zamaska 10 ədəd 55 manat, emusiya 5 ədəd 125 manat, usta haqqı (alçipan) 150 kv.metr üçün 750 manat, boua (tavan) 231 kv.metr üçün 1155 manat, boya (divar) 157 kv.metr üçün 784 manat, metlax 18 kv.metr üçün 270 manat, metlax vurma haqqı 18 kv.metr üçün 144 manat, mətanət yapışdırıcı 4 ədəd 22.50 manat, tamet bina qabağı 60 kv.metr üçün 360 manat, tamet vurma haqqı 60 kv.metr üçün 300 manat, mətanət kley digər 12 ədəd 66 manat, usta yemək xərci günlük 10 manat olmaqla 30 gün üçün 300 manat, LC markalı 100 kv.metrlik kondisioner 1 ədəd 1000 manat, samsunq markalı 100 kv.metrlik kondisioner 1 ədəd 1000 manat, lampa 20 ədəd 180 manat, cəmi 6981.50 manat təşkil etmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli icarə obyekti ilə bağlı müqaviləyə xitam verilmiş, həmin icarə obeykti, obyektdə olan əşyalar və icarə obyektinin açarı akt əsasında ona təhvil verilmişdir. Belə ki, qeyd olunan icarə müqaviləsi İddiaçı adından Qoşmaya əlavə edilmiş xx xxxxx 2013-cli il tarixli etibarnamə əsasında onun atası Kamal Kamalovla bağlanılmışdır və icarə münasibətlərində onu həmin etibarnamə əsasında atası Kamal Kamalov təmsil etmişdir. Daha sonra həmin ofisdə yerləşən filialın ləğv edilməsi ilə bağlı olaraq həmin icarə müqaviləsinə cavabdeh tərəfindən xitam verilmiş. xx xxxx 2017-ci il tarixində İddiaçı onunla cavabdeh arasında bağlanan icarə müqaviləsinə müqavilə şərtlərinə uyğun qaydada xitam verilməsilə bağlı Qoşmaya əlavə edilmiş 007149 saylı qaimə ilə bildiriş göndərilmiş və Qoşmaya əlavə edilmiş 660 saylı akta əsasən həmin bildiriş onun yaşadığı ünvanda Kamalov tərəfindən təhvil alınmışdır. Bundan başqa həmin icarə obyektinə aid müqavilə xitam verilməsi və ofisin təhvil verilməsi ilə bağlı olaraq ofisdə olan cavabdehə məxsus 6 ədəd stul - “İso" ofis stulu və 1 ədəd kreslo ümumi məbləğ 102 manat olmaqla məhz Kamal Kamalovun özünə satılmış, alqı-satqı və həmin əşyaların ona təhvil verilməsi barədə onunla cavabdeh arasında Qoşmaya əlavə edilmiş xx xxxx 2017-ci il tarixli akt imzalanmışdır. Bundan başqa, ofis və həmin ofisin açarı rəsmi qaydada akt tərtib edilməklə xx xxxxxxxx 2017-ci il tarixdə Kamal Kamalova təhvil verilmişdir. Belə ki, Qoşmaya əlavə edilmiş Kamal Kamalov və cavabdehin nümayəndəsi Babək Tağıyev arasında imzalanmış xx xxxxxxxx 2017-ci il tarixli aktla həmin icarə obyekti və onun açarı Kamal Kamalova təhvil verilmişdir. Bundan başqa, həmin icarə obyektinin yerləşdiyi iddiaçıya məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 231.5 kv.metr olan qeyri-yaşayış binasının tam hissəsi xx xxxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehdə ipoteka qoyulmuş, lakin nə kredit alan Kamal Kamalov özü, nə də zamin qismində hazırki iş üzrə iddiaçı, onun oğlu İddiaçı müqavilə üzrə öhdəliyini icra etməmiş, müqavilə üzrə ödənişləri həyata keçirməmiş, 52.560,00 manat məbləğində əsas, 15.316.00 manat məbləğində faiz olmaqla cəmi 67.876,00 manat icra edilməmiş borc öhdəliyi qalmış, son üç il ərzində isə həmin məbləğdən ümumiyyətlə heç bir ödəniş həyata keçirməmişdir. Onlara dəfələrlə güzəştli şərtlər təklif edilmiş, qalıq əsas borcu qaytardığı halda bütün faiz və cərimə borcunun ona bağışlanması təklif edilmiş, lakin bütün bu təkliflərdən imtina edilmiş və cavabdeh məcburiyyət qarşısında qalaraq onlar barəsində məhkəməyə müraciət etmişdir və iddiaçı hazırki iddianı məhz həmin məhkəmə işi ilə bağlı formal olaraq qaldırmışdır. Bundan əlavə, iddiaçının mülkiyyətində olan ofis cavabdeh tərəfindən iddiaçıya təhvil verildikdən 1 ay sonra iddiaçı tərəfindən fərdi sahibkar X2 icarəyə verilmiş, həmin sahibkar həmin obyekti “WakaMono” adı altında geyim mağazası kimi həmin tarixdən hal-hazıradək icarə əsasında istifadə edir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, iddiaçı 1753 manat icarə haqqı müqabilində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 231.5 kv.metr olan qeyri-yaşayış binasının tam hissəsini ofis kimi istifadə etmək məqsədilə cavabdehə icarəyə verməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsi xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən icarəçi icarəyə verəni 30 gün əvvəldən xəbərdar etməklə istədiyi zaman icarəyə birtərəfli qaydada xitam verə bilər. xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktın surətindən görünür ki, Tovuz və Qazax Filialına aid siyahı üzrə cədvəldə qeyd olunmuş avadanlıqlar Kamal Kamalov tərəfindən 102 manata satın alınmış və Samirə Ocaqverdi tərəfindən Kamal Kamalova təhvil verilmişdir. Tərəflərin bir-birinə heç bir etirazı olmamışdır. xx xxxx 2017-ci il tarixli TT537192 saylı qəbzin surətindən görünür ki, X8 tərəfindən inventarın alınması üçün cavabdehin hesabına 102 manat ödənilmişdir. xx xxxx 2017-ci il tarixli 2017/999/1245 saylı məktubun və 007149 saylı qaimənin surətlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli İcarə müqaviləsinin 5.2-ci bəndinə əsasən, xx xxxxxxxx 2017-ci il tarixindən həmin icarə müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya məlumat verilmişdir. 660 saylı Aktın surətindən görünür ki, xx.xx.2017-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı aid olan zərf “Famko Kuryer və Karqo” məhdud məsuliyyətli cəmiyyətinin kuryeri tərəfindən götürülmüş, 007149 nömrəli qaimə ilə həmin ünvana aparılmışdır. Həmin ünvanda məktubu Kamallı qəbul etmişdir. xx xxxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, aktda qeyd olunan avadanlıqlar və mebellər X9 şəhəri, Həzi Aslanov küçəsi ünvanında yerləşən ofisində qalmış və ofisin açarları obyekt sahibi X7 təhvil verilmişdir. xx xxxxx 2013-cü il tarixli Etibarnamənin surətindən görünür ki, iddiaçı müəyyən hüquq və vəzifələrlə bağlı hərəkətləri etməyi X7 etibar etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(113)-1278/2020 saylı qərardadı ilə məhkəmə – xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında 007149 nömrəli poçt qəbzində imza və ya hər hansı qeyd X8 tərəfindən, İddiaçı tərəfindən, yoxsa başqa şəxs tərəfindən, xx xxxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktındakı imza X8 tərəfindən, İddiaçı tərəfindən, yoxsa başqa şəxs tərəfindən, xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktındakı imza X8 tərəfindən, İddiaçı tərəfindən, yoxsa başqa şəxs tərəfindən, 007149 nömrəli poçt qəbzindəki, xx xxxxxxxx 2017-ci il tarixli və xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktlarındakı imza, qəsdən dəyişdirilmiş xətlə, xx xxxxxxxx 2017-ci il tarixli və xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktlarındakı imza, X4 imzasına oxşadılmaqla icra olunub-olunmamaları barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 4/1051 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Ekspertizaya təqdim edilmiş, e-2-2(113)-1278/2020 nömrəli işin 78-ci vərəqəsində olan xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktında “X15” qrafasındakı imza - X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, e-2-2(113)-1278/2020 nömrəli işin 78-ci vərəqəsində olan xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktında “X15” qrafasındakı imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, e-2-2(113)-1278/2020 nömrəli işin 78-ci vərəqəsində olan xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktında “X15” qrafasındakı imzada imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ekspertizaya təqdim edilmiş, e-2-2(113)-1278/2020 nömrəli işin 78-ci vərəqəsində olan xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktında “X15” qrafasındakı imzada - X4 imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.5-ci maddəsinə əsasən əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2014-cü il tarixli İcarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı 1753 manat icarə haqqı müqabilində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 231.5 kv.metr olan qeyri-yaşayış binasının tam hissəsini ofis kimi istifadə etmək məqsədilə cavabdehə icarəyə verməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsi xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Cavabdeh tərəfindən xx xxxx 2017-ci il tarixli 2017/999/1245 saylı məktubla iddiaçı ilə arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli İcarə müqaviləsinin 5.2-ci bəndinə əsasən, xx xxxxxxxx 2017-ci il tarixindən həmin icarə müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya məlumat verilmiş, xx xxxxxxxx 2017-ci il tarixdə cavabdeh tərəfindən xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinə bir tərəfli qaydada xitam verilmiş və ofis iddiaçının nümayəndəsi X7 təhvil verilməklə bu barədə xx xxxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktı tərtib edilmişdir. İddia tələbinin cavabdehlə bağlanmış xx xxxxx 2014-cü il icarə müqaviləsinə xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinin 5.2-ci bəndinə əsasən cavabdeh tərəfindən iddiaçı xəbərdar edilməklə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək olduğundan və həmin müqavilə artıq öz hüquqi qüvvəsini itirdiyindən iddia müqaviləyə xitam verilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin icarə haqqı borcun ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, müqavilə xx xxxxxxxx 2017-ci il tarixdə ləğv edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinin tələblərinə əsasən icarə müqaviləsi üzrə öhdəliklərə də xitam verilmişdir ki, bu halda iddiaçı cavabdehdən icarə haqqı borcunun ödənilməsini tələb edə bilməz. Məhkəmə iddia tələbinin maddi zərər hissəsi ilə bağlı qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus qeyri-yaşayış binasına xərclərin məhz cavabdehin təqsiri üzündən çəkilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddiaçıya zərərin vurulması müəyyən olunmadığından iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin mənəvi zərər tələbi eyni faktlara, yəni müqavilə öhdəliklərinin nəzərdə tutulmuş qaydada icra edilməməsinə və maddi ziyanın vurulmasına əsaslandığından və bu faktlar məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də əsassız olduğundan təmin oluna bilməz. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə, iş üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşmayaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmamış və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğun olmamaqla kifayət qədər əsaslandırılmamışdır. Belə ki, Ekspert tədqiq olunan sənəddə Kamal Kamalov tərəfindən icra edilmiş mübahisəli imzanı Kamal Kamalov tərəfindən imza edilmiş digər sənədlərdəki mübahisəsiz imza nümunləri ilə müqayisə edib, həmin imzanın Kamal Kamalov tərəfindən icra edilibedilmədiyi barədə rəyə gəlməli idi. X13 tərəfindən icra edilmiş mübahisəli imzanı İddiaçı imza nümunələri ilə müqayisə edərək nəticəyə, yəni tədqiq olunan imzanın X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması fikrinə gəlmişdir. Ekspert rəyin sonuncu “Tədqiqatın nəticəsi" hissəsinin 3-cü bəndində göstərir ki, tədqiq etdiyi xx xxxx 2017-ci il tarixli Aktdakı imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Həmin hissənin 4-cü bəndində isə eyni imza ilə bağlı göstərmişdir ki, xx xxxx 2017-ci il tarixli Aktdakı imzanın X4 imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu. Göründüyü kimi Ekspert biri-birini təkzib edən iki nəticə qeyd edir. Əgər imzanın qəsdən dəyişdirilmiş xətlə icra edildiyi müşahidə edilmirsə, onda həmin imzanın kiminsə, o cümlədən Kamal Kamalovun imzasına oxşadılmaqla icra edildiyi necə müşahidə edilə bilərdi. Rəyin 11-ci abazasında Aktdakı imza nümunəsi barədə qeyd edir ki, “Yazı alətinin səbəsiz dayanması müşahidə olunmadı”. Eyni imza ilə bağlı 4-cü sual üzrə isə Rəyin 3-cü səhifəsinin 15-ci bəndində qeyd edir ki, yazı alətinin səbəbsiz dayanmaları müşahidə olundu. Ekspert tədqiq edilən imzanın Kamal Kamalov tərəfindən icra edilmədiyi barədə rəyə gəlsə də, eyni imzanın İddiaçı tərəfindən icra edilib edilmədiyi barədə məhkəmənin qoyduğu sual üzrə rəyə gələ bilmədiyini qeyd edir və Rəyin 3-cü vərəqinin, 6-ci abzasında həmin halı belə əsaslandırır ki, tədqiq olunan imzanı İddiaçı xətt və imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzanın X4 həqiqi imzasına oxşadılmaqla icra edilməsi müqayisə vaxtı imkanı vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirən əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun.” Göründüyü kimi, Ekspert tədqiq edilən imzanın Kamal Kamalov tərfındən icra edilmədiyi barədə rəyə gəlsədə, eyni imzanın İddiaçı tərəfindən icra edilib-edilmədiyi barədə imzada qrafik materialın azlığı və sair səbəbindən rəy verə bilmədiyini qeyd etməklə, eyni imza ilə bağlı bir-birinə zidd iki fərqli yanaşma ortaya qoyur. Ekspert rəyin 1-ci səhifəsinin 8-ci abzasında imza nümunələrini müqayisə etdiyi və tədqiq etdiyi sənədlər sırasında xx.xx.2013-cü il tarixli etibarnamənin surətini də qeyd edir yəni həmin surətdə icra olunmuş imzanı da rəyə gələrkən tədqiq etdiyi halda rəy verdiyi halda hazırkı iş üzrə təqdim edilmiş bir neçə digər sənədin surətləri olduğuna görə, onlar barədə rəy verilə bilmədiyini qeyd edərək bundan imtina edir. Bununla da, bu halda da ziddiyətli və qeyri-obyektiv yanaşma göstərir. Ekspert rəyin ikinci səhifəsinin 7-ci abzasında müqayisə edici rəy verilməsi üçün ekspertizaya təqdim edilmiş sənədləri qeyd edir, lakin nə həmin hissədə nə də digər hissələrdə X3 ekspertizanın aparılması üçün götürülmüş sərbəst imza nümunlərinə istinad edilmir. Yəni Rəydən görünür ki, ekspert müqayisəni X5 məhkəmə zalında və ya ekspertin qarşında icra etdiyi və beləliklə onun tərəfindən icra edilməsi mübahisə doğurmayan çoxsaylı imzalardan ibarət olan sərbəst imza nümunləri əsasında deyil, işdə olan onun tərəfindən icra edilmiş, təyinatı ekspertə təqdim edilmək üçün nəzərdə tutulmayan sənədlər əsasında aparmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli və iddia rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməli, eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" qeyri bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinə qarşı cavabdehlə bağlanmış xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, yığılmış 49.479,28 manat borcun və 5.000 manat məbləğində mənəvi ziyanın əvəzinin, cəmi 54.479,28 manatin və vurulmuş maddi zərər kimi 6981 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 126 manat məbləğində ekspertiza xərcləri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-119/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-119/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver