Məhkəmə qərarları › İş №e-2-2(113)-119/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-119/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-119/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1747 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 39 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1886 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə mənim aramda bağlanmış 02 iyun 2020-ci il tarixli ALY-100 saylı “X2” əsasında lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD780623 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA050013, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü mənimlə tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, Cavabdeh1 10 mart 2022-ci il tarixdə avtomobili geri qaytarmaq istədiyini deyərək mənə təqdim etdi. Mən həmin vaxt avtomobildə nasazlıqlar olduğunu aşkar etdim və avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etdim. Orada avtomobilə baxış keçirilərkən avtomobilin sol güzgü, sol dumannı fara və digər bir neçə detalların yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə dəmirçi, rəngsaz, plasmasçı, çilingər işlərinin görülməli olduğu müəyyən edildi. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 1747 manat tələb olunmuşdur. Lakin Cavabdeh1 yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də mən həmin vaxt avtomobili “RS Avtoservis”-də 1747 manat ödəyərək öz hesabıma təmir etdirdim. Göründüyü kimi Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 1747 manat zərər dəymişdir. Cavabdeh1 yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina edir. Digər Cavabdeh2 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəmənin elektron sisteminə ərizə yükləyərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli ALY-100 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, müqavilə lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında bağlanmışdır. xx.xx.2020-ci il tarixli ALY-100 saylı “Daxili lizinq” müqaviləsinə 1 saylı əlavədən görünür ki, lizinq müqaviləsinə əsasən əldə olunan əmlak “Ravon Nexia R3 minik” markalı, XWBTF69V9LA050013 ban nömrəli, ağ rəngli avtomobilin dəyəri 12450 manat müəyyən edilir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 Ravon R3 markalı ** PK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini icarəyə verir. İcarəyə götürən şəxs bunları etməyə borcludur: ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə rəsmi servisdə təmin etməyə, nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə edilməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə, nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Ravon Nexia R3 minik” markalı ** PK *** dövlət qeydiyyat nömrəli avtomaşına baxış zamanı aşağıdakı detalların dəyişdirildiyi və maddi ziyan dəydiyi aşkar edilmişdir: sol güzgü, duman sol işığı, lampalar, ön əyləc, diskin yonulması və s. xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ravon Nexia R3 minik” markalı ** PK *** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş zərərin məbləği 1747 manat məbləğində hesablanmışdır. xx.xx.2023-cü il tarixli 9/6631 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1717 manat müəyyən edilir. Tədqiqatın dəyəri 50 manatdır. xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 39 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 14 saylı Vəkil Bürsonunun hesabına 100 manat hüquqi yardım üçün ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 700.1, 1096.1 və 1097.1-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir, icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli icarə müqavilə imzalanmış və həmin tarixdən Cavabdeh1 “Ravon Nexia R3 minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı minik avtomobil icarəyə verilmişdir. İcarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli icarə müqavilə imzalanarkən Cavabdeh1 ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə rəsmi servisdə təmin etməyə, nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə edilməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə, nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə aid öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq “Ravon Nexia R3 minik” markalı ** PK *** dövlət qeydiyyat nişanlı minik avtomobil icarəyə vərən şəxsə qaytarılarkən bir sıra detalların sıradan çıxdığı, zədələndiyini və sair nöqsanların aşkar edildiyi, ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərci 1717 manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırki tələbin Cavabdeh2 aidiyyəti olmadığına görə ona aid olan hissədə iddia rədd edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı avtomobilə dəymiş zərər tələbi ilə bağlı iddia qismən ekspert rəyində müəyyən edilmiş həcmdə, yəni 1717 manat məbləğində təmin edilmədir. Həmçinin məhkəmə hesab edir ki, iddia hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı və 39 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1717 manat məbləğində maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 39 manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Ekspertiza xərci olan 50 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İddia tələbi Cavabdeh2 aid olan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1717 manat məbləğində maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 39 manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza xərci olan 50 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia tələbi Cavabdeh2 aid olan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar