Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-119/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, subyektiv hüquq, müqavilədən imtina, dəbbə pulunun azaldılması, kredit müddətindən sonra dəbbə pulunun hesablanması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə 13234,51 manat əsas bоrc, 917,59 manat cərimə borcu оlmaqla ümumilikdə 14152,1 manat borcun, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə 109 602,84 manat əsas borc, 18172,9 manat faiz borcu, 12722,27 manat cərimə borcu olmaqla cəmi 140 498,01 manat borcun və 400 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin gödtərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 saylı versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-04654LE/2019 saylı razılaşma imzalanmışdır. Bundan başqa, iddiaçı ilə borcalan arasında xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 18 iyun 2021-ci il tarixli ZM-1178/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 99 701 manat məbləğində kredit verilmişdir. Borcalanın iddiaçı qarşısında olan DCS00341235-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DGS**********05 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.2. Bundan əlavə ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 155 272 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa, DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022ci il tarixli DG**********149 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.3. Lakin borcalan müqavilə üzrə öhdəliklərini DC00341235-03 saylı kredit müqaviləsi üzrə 422 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə iddiaçı qarşısında öhdəlikləri aşağıdakı kimidir: DCS00341235-01 saylı kredit müqaviləsinə əsasən 24129,28 manat əsas borc, 40,95 manat faiz borcu olmaqla cəmi 24170,23 manat; DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 109 602,84 manat əsas borc, 8343,03 manat faiz borcu, 981,07 manat cərimə borcu olmaqla cəmi 118 926,94 manat təşkil edir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 34 manat dövlət rüsumu ödəmişdir. 2.4. DCS00341235-01 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Ümumi şərtlər toplusuna 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 443, 445-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.
5. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edirək göstərmişdir ki, iddia ərizəsində hər iki kredit müqaviləsi üzrə hesablanmış əsas borc, faiz və dəbbə pulu tam olaraq əsassız olaraq şişirdilib. Belə ki, hər ay vaxtında qrafikə uyğun olaraq kredit ödənişləri edilmiş, lakin iddiaçı tərəfindən ödənilən pul vəsaitlərinin böyük əksəriyyəti dəbbə və faizlərə çıxıldığı üçün bu günə olan əsas borcun məbləği şişirdilmiş sayılır. Bununla əlaqədar olaraq dəfələrlə iddiaçı tərəfə şikayət və iradlar bildirilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı əlində olan inzibatı resurslardan istifadə edərək hesabda olan vəsaitləri öz şəxsi maraqlarının təmin olunması üçün dəbbə puluna yönəltməklə borcalanın müflis olmasına, iddiaçının əməkdaşlarının isə bonuslar qazanmasına səbəb olur. Belə ki, cavabdehlərdə olan məlumata görə hesablara daxil olan vəsaitin dəbbə puluna silinməsinin əsas səbəbi odur ki, dəbbə pulu hesabına bank əməkdaşlarına yüksək məbləğlərdə bonuslar və əmək haqqı hesablanır. Yəni bank və onun əməkdaşları cavabdehlərin hesabına əsassız və qanunsuz olaraq varlanırlar. Bütün ödənişlər bank əməkdaşlarının bonus almalarını təmin etmək üçün dəbbə puluna silinir. Hesablara görə bu günə qədər ödənilən vəsaitin təxminən 30-40 faiz hissəsi məhz dəbbə puluna silinib. Bu səbəbdən əsas borcun və faizlərin dəqiq məbləğinin hesablanması, həmçinin ödənilən pulların hansı hissəsinin dəbbə puluna silinməsini öyrənmək üçün mütləq qaydada mühasibatlıq və maliyyə ekspertizalarının aparılmasına zərurət yaranmışdır.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 467, 1092.1, 1092.2-ci maddələri göstərilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X8, X4, X6 iddianın məzmununa uyğun izahlar (izahat) verdilər və eyni zamanda göstərdilər ki, üçüncü şəxs tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə 31759,73 manat zəmanət məbləği ödənilmiş, həmin məbləğ üzrə borcalanın ödənişləri hesabına 23819 manat məbləğində vəsait fonda qaytarılmış, zəmanət məbləğindən 7940,73 manat qaytarılmamış qalmışdır. Üçüncü şəxs tələb hüququnu iddiaçıya ötürdüyündən hazırda iddiaçı iddia tələbində həm də fonda qaytarılmayan 7940,73 manat zəmanət məbləğini tələb edir.
8. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yazılı mülahizə təqdim edərək göstərmişdir ki: – işlə əlaqədar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəy məhkəməyə təqdim edilmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. Son dəfə xx.xx.2025-ci il tarixində məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli rəy məhkəməyə təqdim edilmişdir. – Ekspert tərəfindən ödənişlərin silinməsi doğru yerinə yetirilməmişdir. Hazırda ekspertiza təhqiqatı zamanı bəzi ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmamışdır. Ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin DCS00341235-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 25.006.2023-cü il tarixinə 3971,66 manat əsas borc, DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə xx.xx.2023-cü il tarixinə 108 847,73 manat əsas borc, 10 753,80 manat faiz borcu mövcuddur. Ekspertiza təhqiqatı zamanı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən edilmiş, bəzi digər ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmadığından ekspert rəyi mötəbər hesab edilə bilməz. – Müvafiq iş üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanmış və həmin tarixə cavabdehin 52 932,89 manat əsas borc müəyyən edilmişdir. Müqavilə bağlanması ilə birgə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən cavabdehin xeyrinə ödənilmiş məbləğin cavabdehdən tələb edilməsi hüququ xx.xx.2023-cü il tarixli 3-21-8/2-957/2023 saylı məktubla iddiaçıya həvalə edilmişdir. Müvafiq razılaşmaya uyğun olaraq köçürülməli olan məbləğ 31 759,73 manat olaraq müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh də ödənişlər etmiş və müvafiq məbləğ iddiaçıya xx.xx.2023-cü il tarixində köçürülərkən tərəfin əsas borcu 40215,47 manat qaldığına görə dərhal 7 630,45 manat geri qaytarılmış və yerdə qalan 24 129,28 manat məbləğ cavabdehin borcuna silinmişdir. – Daha sonra tərəf xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində ümumilikdə 26 980,92 manat ödəniş etmişdir. Bu ödənişin də 16188,55 manat hissəsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna geri qaytarılmış və yerdə qalan məbləğ cavabdehin borcuna silinmişdir. Bu əsasla cavabdehin üşüncü şəxs qarşısında qalan öhdəliyi 7 940,73 manat, iddiaçı qarşısında öhdəliyi isə 5 293,82 manatdır. Ekspert isə müvafiq tarixə əsas borcu 3 971,66 manat hesablamışdır. Hesabdan çıxarışa və tərəfin ödənişlərinə də nəzər yetirdikdə ekspert tərəfindən qeyri-müəyyən hesablamaların aparılması öz əksini tapır. Məzmun hissəsində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna köçürülməli olan 7940,73 manat öz əksini tapır, lakin tərəfin iddiaçıya olan öhdəliyi doğru hesablanmayıb. – Mütləq qeyd edilməli olan hal budur ki, xx.xx.2023-cü il tarixində 50 843,35 manat ödəniş həyata keçirilməmişdir. Əlavə nəzərə alınmalı olan hallar budur ki, ekspert xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində aparılmış ödənişləri doğru nəzərə almayıb. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehin cərimə öhdəliyinə silinmiş 602,22 manat məbləğ ekspert tərəfindən əsas borca yönləndirilmişdir. Silinmələrin qeyri-dəqiq aparılması yekun rəyin qeyri-real olması ilə nəticələnmişdir.
9. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək, iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, üçüncü şəxs tərəfindən iddiaçıya ödənilən zəmanət məbləği iddiaçı tərəfindən cavabdehdən tələb edilə bilməz. Belə ki, iddiaçının üçüncü şəxsin əvəzinə cavabdehdən tələb hüququ yoxdur. Digər tərəfdən, cavabdehin cəmi 6000 manat borcu vardır və həmin məbləği ödəməyə hazırdır.
10. Məhkəmənin suallarına cavab olaraq cavabdehlərin nümayəndəsi və vəkili 19 iyul 2024-cü il tarixli 9/3235 nömrəli ekspert rəyi ilə razı olduqlarını göstərdi.
11. Cavabdehlər məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
12. Üçüncü şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan iclaslarının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-04654LE/2019 saylı razılaşma çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 155 272 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu illik 17 faiz dərəcəsi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh2 xx.xx.2022-ci il tarixli DG**********149 nömrəli zaminlik müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 155 272 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır; – iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 99701 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu illik 15 faiz dərəcəsi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh2 xx.xx.2021-ci il tarixli DGS**********05 nömrəli zaminlik müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 99701 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
17. İddiaçı 25 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 13234,51 manat əsas bоrc, 16 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 109 602,84 manat əsas borc, 18172,9 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.
18. Cavabdehlər 25 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə üçüncü şəxs tərəfindən ödənilən zəmanət məbləğinin iddiaçı tərəfindən tələb edilə bilməyəcəyini, hər iki müqavilə üzrə silinmələrin düzgün aparılmadığını bildirərək iddiaya etiraz edirlər.
19. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. Belə ki, Mülki Məcəllənin (müqavilə bağlanarkən qüvvədə olan redaksiya) 739.1ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
22. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
23. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
24. İddiaçının xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə subyektiv hüquqa malik olması ilə bağlı aşağıdakılar qeyd edilməlidir.
25. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli ZM-1178/2021 nömrəli zəmanət məktubundan görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na, habelə Fondun daxili qaydalarına və Fondla İddiaçı ASC arasında bağlanılmış 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Müvəkkil kredit təşkilatına aşağıdakı şərtlərlə zəmanətin verilməsini öhdəsinə götürür: sahibkarlıq subyekti – Cavabdeh1 MMC; kreditin məbləği, manatla – 99701; kreditin müddəti (aylarla) – 24; güzəşt müddəti (aylarla) – 6; kreditin illik faiz dərəcəsi, %-lə – 15; kreditin təyinatı – dövriyyə vəsaitlərinin artırılması; təminatın növü – zaminlik; zəmanətin kreditə nisbəti – 60%; birdəfəlik zəmanət haqqının məbləği, manatla – 997,01.
26. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22 nömrəli tələbin güzəşti müqaviləsinin 1-ci hissəsindən görünür ki, müvəkkil kredit təşkilatı 25 iyun 2021-ci il tarixli DCS00341235-01 nömrəli kredit müqaviləsinə əsasən Borclu olan Cavabdeh1 MMC-yə verilmiş kredit üzrə və 25 iyun 2021-ci il tarixli DGS**********05 nömrəli zaminlik müqaviləsi üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir. Tərəflər kredit müqaviləsi üzrə kreditin əsas məbləğinin 52932,89 manat, faiz məbləğinin 3067,09 manat, dəbbə pulunun 571,95 manat, cəmi məbləğin 56571,92 manat təşkil etdiyini qəbul edirlər.
27. Məhkəməyə təqdim edilən üçüncü şəxs tərəfindən iddiaçıya ünvanlanan 3-21- 8/2-957/2023 nömrəli 16 mart 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi İddiaçı ASC-yə həvalə edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 8.1-ci bəndinə əsasən, zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə zəmanət qüvvəsini itirir.
29. Həmin Qaydanın 8.4-cü bəndinə əsasən, Fond bu Qaydanın 8.1-ci, 8.2-ci, 8.3cü və 10.3-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir.
30. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətlərini, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edir. Maliyyə Nazirliyi Fondun müraciəti əsasında 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.
31. Həmin Qaydanın 12.7-ci bəndinə əsasən, zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X5 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər.
32. Göründüyü kimi, Qaydaya əsasən zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Qeyd edilən tələb icra edildikdən sonra sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqları tam həcmdə Fonda güzəşt edilir. Daha sonra zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir, eyni zamanda zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X5 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər.
33. Hazırkı halda iddiaçı xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə tələb hüquqlarını Qaydaya və tərəflər arasında bağlanmış müqaviləyə müvafiq olaraq bütünlüklə üçüncü şəxsə ötürmüş, üçüncü şəxs 3-21-8/2-957/2023 nömrəli 16 mart 2023-cü il tarixli məktubla Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsini İddiaçı ASC-yə həvalə etmişdir. Belə olan halda iddiaçı həmin kredit müqaviləsi üzrə də iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir.
34. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış, həmin tarixədək müqavilədən birtərəfli imtina və ya müqavilənin ləğv olunması əsası ilə müqavilə xitam olunmamışdır. Lakin xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı müqavilənin qüvvəsi xx.xx.2024-cü il tarixədək olmuş, həmin tarixədək iddiaçı müqavilədən birtərəfli imtina etmişdir. Ona görə də məhkəmə həmin müqavilənin qüvvədə olma məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri hesab edir.
35. İş materiallarından görünür ki, iddiaçı 24 oktyabr 2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif ilə Cavabdeh1 MMC-yə (borcalana) müraciət edərək, borcun tam ödənilməsini tələb etmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən qəbul edilmişdir.
36. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
37. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
38. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
39. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə təklif məktubu yollayaraq xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsini tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun cavabdehə çatdırıldığı həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.
40. Belə olan halda, iddiaçı xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı müqavilə üzrə xx.xx.2023-cü il (müqavilə müddətinin sonunadək) tarixədək, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixədək (müqavilədən birtərəfli imtina edilələrək xitam olunduğu) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
41. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı isə qeyd edir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.
42. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1764/2024 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2024-cü il tarixli 9/3235 nömrəli ekspert rəyində xx.xx.2022-ci il tarixli DC00341235- 03 saylı kredit müqaviləsi üzrə faiz hesablanan dövr düzgün müəyyən edilmədiyindən, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə üçüncü şəxs tərəfindən ödənilən və üçüncü şəxsə qaytarılan zəmanət məbləğləri nəzərə alınmadığından, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1764/2024 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2024-cü il tarixli 9/8263 nömrəli ekspert rəyində isə xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə zəmanət məbləği düzgün məyyən edilmədiyindən həmin rəylər borc məbləği ilə bağlı mötəbər sübut qismində çıxış edə bilməz.
43. Belə olan halda məhkəmə xx.xx.2025-ci il tarixli e-2-2(113)-119/2025 nömrəli qərardad əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyini əsaslı hesab edir. Həmin rəyə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə hal-hazıra kimi aparılmış bütün (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ödənilmiş ümumi zəmanət məbləği də daxil olmaqla) ödənişlər nəzərə alınmaqla və faiz borcu 25 iyun 2023-cü il tarixədək hesablanmaqla Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 3971,66 manat; faiz borcu üzrə 0,00 manat. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə 18 iyun 2021-ci il tarixli ZM1178/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ödənilmiş ümumi Zəmanət məbləğinin 31759,73 manat olduğu müəyyən edilmişdir ki, həmin Zəmanət məbləğindən Azərbaycan Respublikası X1ytarılmış məbləğin cəmi 23819 manat məbləğində müəyyən edilir. Bununla yanaşı, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2023-cü il tarixə (sualda souşulan tarixə) borc aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 108 847,87 manat; faiz borcu üzrə 10 753,80 manat.
44. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə əsas borc 108 847,87 manat, faiz borcu isə 10 753,80 manat müəyyən edilməlidir.
45. xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə isə göstərilməlidir ki, ekspert rəyinə əsasən həmin müqavilə üzrə zəmanət məbləği nəzərə alınmaqla əsas borc 3971,66 manatdır. Həmçinin üçüncü şəxs tərəfindən iddiaçıya ödənilmiş zəmanət məbləği 31759,73 manat təşkil edir və həmin məbləğ kredit üzrə əsas borca silinmişdir. Bununla yanaşı, zəmanət məbləğindən 23819 manat iddiaçı tərəfindən üçüncü şəxsə qaytarılmış, qaytarılmayan ümumi məbləğ 7940,73 manat təşkil etmişdir. İddiaçının isə həmin məbləği üçüncü şəxsin adından tələb etməsi üçün subyektiv hüququ mövcuddur.
46. Belə olan halda, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə cəmi borc ödənilmiş, lakin qaytarılmayan 7940,73 manat zəmanət məbləği də daxil olmaqla 11912,39 manat təşkil edir. Lakin xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə müqavilə üzrə faiz borcu 0 manat təşkil etdiyi halda, həmin tarixdən sonra 1272,54 manat faiz borcuna silinmişdir. Kredit müddətindən sonra kreditidən istifadə üzrə faizlərin hesablanması mümkün olmadığından hazırda həmin məbləğ əsas borca silinməlidir.
47. Göstərilənlərə əsasən, yekun olaraq xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə əsas borc 10639,85 (11912,39 – 1272,54) manat, xx.xx.2022ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə əsas borc 108 847,87 manat, faiz borcu 10753,8 manat olaraq müəyyən edilməlidir.
48. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
49. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
50. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
51. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
52. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli DCS00341235- 01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 10639,85 manat əsas borc, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 108847,87 manat əsas borc, 10753,8 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
53. İddiaçı xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə 917,59 manat, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə 12722,27 manat cərimə borcunun da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
54. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsindən görünür ki, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır.
55. xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsinin 4.2-ci bəndindən görünür ki, borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
56. xx.xx.2021-ci il tarixli DGS**********05 nömrəli və xx.xx.2022-ci il tarixli DG**********149 nömrəli zaminlik müqavilələrinin müvafiq olaraq 1.2.2-ci bəndi və 2.2-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyə o cümlədən illik 15 faiz dərəcəsinə əsasən hesablanan cərimə / illik 32%, gündəlik 0,0889% olmaqla cərimə faizi də daxildir.
57. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
58. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).
59. Göründüyü kimi, Konstitusiya Məhkəməsi mülki qanunvericiliyin normalarından çıxış edərək göstərmişdir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Başqa sözlə, müqavilənin qüvvədə olduğu müddət ərzində yol verilmiş pozuntuya görə məsuliyyət müqavilənin müddətinin başa çatmasına görə aradan qalxmır. Lakin müqavilə xitam olunduqdan (müddətin başa çatması, ləğvi və ya müqavilədən bir tərəfli imtina olunması) sonra qüvvədə olmayan müqavilə şərtinə istinad edilməklə dəbbə pulunun hesablanmasının hüquqi əsası yoxdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi adıçəkilən Qərarda qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
60. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən (xx.xx.2024-cü il) xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə cərimə məbləği tələb etməmiş, cəriməni yalnız xx.xx.2024-cü il tarixə hesablamışdır. Başqa sözlə, xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cərimə müqavilə müddətindən sonrakı dövr üçün hesablanmışdır ki, bunun da hüquqi əsası mövcud deyildir.
61. Mülki Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
62. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
63. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehlər öhdəliyi hissəvi icra etməmişdir.
64. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə cərimə məbləğinin 5500 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.
65. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi üzrə 5500 manat pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
66. İddiaçı eləcə də 400 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
67. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02411 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödənmişdir.
68. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
69. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
70. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
71. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin oktyabr – dekabr ayı) MPM-in 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
72. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 9/3235 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2024-cü il tarixli 9/8263 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2025-ci il tarixli 9/1305 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
73. İş materiallarında olan ********** nömrəli qəbzlə 34 manat, ********** nömrəli qəbzlə 11 manat iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmişdir.
74. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
75. Həmin Məcəllənin 115.0, 115.0.4 maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
76. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
77. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
78. İş materialları ilə müəyyən olunur ki, kredit müqavilələri üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsində asılı olmayaraq bölüşdürülməlidir.
79. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, ekspertiza xərci olaraq 300 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
80. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00341235-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 10639,85 manat əsas borc, xx.xx.2022-ci il tarixli DC00341235-03 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 108847,87 manat əsas borc, 10753,8 manat faiz borcu, 5500 manat cərimə olmaqla ümumilikdə 135741,52 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvvəzi olaraq 400 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 300 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova