Məhkəmə qərarları › İş №e-2-2(113)-1191/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1191/2020

03.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1191/2020 03.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iddiaçı ilə “SVL İnternational GmbH” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə bağlanmış malların alqı-satqısı müqaviləsinin 2 saylı əlavəsində adları qeyd olunan 17 çeşiddə, 89349,95 Avroluq malların daşınma şirkəti olan cavabdeh tərəfindən iddiaçıya çatdırılması və müqavilənin 3.1.10-cu bəndinə əsasən gecikdirilmiş günlərə görə 27300 Avronun ödənilməsi, mümkün olmadığı halda malların dəyəri olan 89349,95 Avro və gecikdirilmiş günlərə görə 27300 Avro, cəmi 116649,95 Avro məbləğin iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə “SVL İnternational GmbH” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə bağlanmış malların alqı-satqısı müqaviləsinin 2 saylı əlavəsində adları qeyd olunan 17 çeşiddə, 89349,95 Avroluq malların daşınma şirkəti olan cavabdeh tərəfindən iddiaçıya çatdırılması və müqavilənin 3.1.10-cu bəndinə əsasən gecikdirilmiş günlərə görə 27300 Avronun ödənilməsi, mümkün olmadığı halda malların dəyəri olan 89349,95 Avro və gecikdirilmiş günlərə görə 27300 Avro, cəmi 116649,95 Avro məbləğin iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “SVL İnternational GmbH” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə Malların Alğı-satqısı müqaviləsi bağlanmışdır. Qeyd olunan malların Almaniya və İtaliya dövlətlərindən Azərbaycan Respublikasına daşınması və çatdırılması ilə bağlı isə cavabdeh ilə xx.xx.2018-ci il tarixdə müqavilə bağlanılmışdır ki, bu müqavilədə tərəf olan cavabdeh Ekspeditor adlanır. İddiaçı ilə “SVL İnternational GmbH” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2018-ci il tarixli Malların Alğı-satqısı müqaviləsinin 2 saylı əlavəsində adları qeyd olunan malların cavabdeh tərəfindən Satıcının İtaliya dövləti ərazisində yerləşən məntəqəsindən qəbul edərək Azərbaycana çatdırılması ilə bağlı iddiaçıya xx.xx.2018-ci il tarixdə 0811-11F saylı İNVOİCE kəsərək 5500 Avro istənilmişdir. Bundan sonra Satıcı “SVL İnternational GmbH” məhdud məsuliyyətli cəmiyyətinin İtaliya dövlətindəki məntəqəsindən Alıcı ilə satıcı arasında bağlanılmış 2 saylı əlavədə adları qeyd olunan 17 çeşiddə, 89349,95 Avroluq malı verdikləri məlumata və qəbul etməklə bağlı CRM-ə əsasən qəbul edərək daşıma və çatdırılma işinin icrasına başlanılmışdır. Lakin bu günə kimi 2 saylı əlavədə adları sadalanan mallar iddiaçıya çatdırılmamışdır. Bununla bağlı cavabdehə və əməkdaşlarına e-mail və telefon üzərindən dəfələrlə müraciətə baxmayaraq malların itdiyini və çatdırılmanı təmin edə bilməyəcəklərini şifahi şəkildə bildirmişlər. Bundan sonra iddiaçı aidiyyatı üzrə Hüquq Mühafizə orqanlarına ərizə ilə rəsmi şəkildə müraciət etmişdir. Şikayət ərizəsinə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsində baxılaraq toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə Qərar qəbul edilmiş və mülki iş olduğundan məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd olunmuş 17 çeşiddə, 89349,95 Avroluq malın Azərbaycan Respublikası ərazisinə 270 gün ərzində daxil olmaması və sözü gedən vəsaitin hesaba geri daxil olmaması ilə bağlı X2 X4 Məcəlləsinin 430.4-cü bəndi ilə MN 038700 aylı xx.xx.2019-cu il tarixdə İnzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla bağlı Nərimanov rayon Məhkəməsində iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsi isə işə baxaraq xx.xx.2019-cu il tarixdə iddiaçının 13.172 Avro cərimə olunması ilə bağlı 3(005)- 2184/2019 saylı Qərar qəbul etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 04/10/18VQ saylı müqavilənin surətindən görünür ki, cavabdeh, iddiaçının sifarişinə əsasən yüklərin daşınmasını yerinə yetirməyi və ya onların yerinə yetirməsini təşkil etməyi, iddiaçı isə həmin əməliyyatlar müqabilində cavabdehə sifarişdə göstərilən miqdarda və qeyd edilən valyuta şəklində xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə “SVL İnternational GmbH” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı satmağı, alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra Mallar) almağı öhdələrinə götürmüşlər. xx xxxx 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında yükdaşımaya dair razılıq olmuş, həmin yükdaşıma cavabdeh tərəfindən başa vurulmuşdur. Sonra iddiaçı, İtaliya Respublikasından Azərbaycan Respublikasına yüklərin cavabdeh tərəfindən daşınmasını istəmiş, lakin cavabdeh yük daşıma şərtləri dəyişdiyi üçün imtina etmişdir. Bundan sonra iddiaçı İtaliya Respublikasından Azərbaycan Respublikasına yüklərin daşınması üçün “X7” adlı şirkətlə razılığa gəlmiş, yüklər “X7” şirkəti tərəfindən daşınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 3(005)- 2304/2019 saylı qərarından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 3363,96 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 672,792 Avro (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli 04/10/18VQ saylı müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh, iddiaçının sifarişinə əsasən yüklərin daşınmasını yerinə yetirməyi və ya onların yerinə yetirməsini təşkil etməyi, iddiaçı isə həmin əməliyyatlar müqabilində cavabdehə sifarişdə göstərilən miqdarda və qeyd edilən valyuta şəklində xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən yükdaşıma başa vurulmuşdur. Sonra iddiaçı, İtaliya Respublikasından Azərbaycan Respublikasına yüklərin cavabdeh tərəfindən daşınmasını istəmiş, lakin cavabdeh yük daşıma şərtləri dəyişdiyi üçün yüşdaşıma xidmətindən imtina etmişdir. Bundan sonra iddiaçı İtaliya Respublikasından Azərbaycan Respublikasına yüklərin daşınması üçün “X7” adlı şirkətlə razılığa gəlmiş, yüklər “X7” şirkəti tərəfindən daşınmışdır. Lakin məlum olmayan səbəblərdən yüklər Azərbaycan Respublikasına deyil, Almaniya Federativ Respublikasına aparılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi, malların cavabdehə verilməsini və cavabdeh tərəfindən təhvil alınmasını bildirsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallarla iddiaçının dəlilləri təkzib olunur. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında yük daşımaya dair razılıq olmuş, həmin yük daşıma cavabdeh tərəfindən başa vurulmuşdur. Sonra iddiaçı, İtaliya Respublikasından Azərbaycan Respublikasına yüklərin cavabdeh tərəfindən daşınmasını istəmiş, lakin cavabdeh yük daşıma şərtləri dəyişdiyi üçün yüşdaşıma xidmətindən imtina etmişdir. Bundan sonra iddiaçı İtaliya Respublikasından Azərbaycan Respublikasına yüklərin daşınması üçün “X7” adlı şirkətlə razılığa gəlmiş, yüklər “X7” şirkəti tərəfindən daşınmışdır. Bundan əlavə iddiaçının aldığı malların cavabdehə verilməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsaslarının şərtlərinə uyğun olmadıqlarından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadıqlarından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar