Məhkəmə qərarları › İş №e-2-2(113)-1191/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1191/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1191/2024 25.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, girov müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və X1 İddiaçı ASC-ninxeyrinə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə əsas borcu 10.726,06 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 1967,40 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 4763,57 manat, cəmi 17.457,03 (on yeddi min dörd yüz əlli yeddi) manat 03 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1 (bir) manat və ödənilmiş mediasiya rusumu 210 (iki yüz on) manat İddiaçı ASC-nin xeyrinə tutulması; 12 may 2022-ci il tarixli, 001/GM/107/5259648/120522 saylı Girov müqavilələrinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ev əşyaları və ünvan 2 ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 3 № -li akta əsasən AEF oteldəki avadanlıqları olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə bağlanmış 12 may 2022-ci il tarixli, 001/KM/107/5259648/120522 №-li kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 24 olmaqla, 17 000 (on yeddi min) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh3 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit Cavabdeh3 Otel təmiri məqsədi ilə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Sizə kredit24 (iyirmi dörd) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylıƏlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kreditin təminatı olaraq Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ev əşyaları və ünvan 2 ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 3 № -li akta əsasən AEF oteldəki avadanlıqlar 12 may 2022-ci il tarixli, 001/GM/107/5259648/120522 saylıGirov müqavilələrinə əsasən Girov qoyulmuşdur Kreditin təminatı olaraq zaminCavabdeh112 may 2022-ci il tarixli, 001/ZM/1/5259648/120522 №-li zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq zamin Cavabdeh2 12 may 2022-ci il tarixli, 001/ZM/2/5259648/120522 №-li zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Cavabdeh3öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə əsas borcu 10.726,06 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 1967,40 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 4763,57 manat, cəmi 17.457,03 manat məbləğində borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı tərəf məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 280.2-ci maddəsinə əsasən Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

8. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. - 13.1 və 13.1.2-ci maddələrinə əsasən yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək yüklülük sahibi yüklülük predmetinə tutma yönəldə bilər. - 16.1-ci maddəsinə əsasən Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 001/KM/107/5259648/120522 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh3 17.000 (on yeddi min) manat pul vəsaiti 24 ay müddətinə illik 24% ödənilməsi şərti ilə verilmişdir.

10. Borcalan Cavabdeh3 Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 001/ZM/1/107/5259648/120522 nömrəli, Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 001/ZM/2/107/5259648/120522 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

11. Eyni zamanda Cavabdeh3 Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə xx.xx.2022-ci il tarixli 001/GM/107/5259648/120522 saylı Girov müqaviləsi bağlamışdır.

12. Girov müqaviləsinə 3 nömrəli aktla ünvan 3 ünvanında və ünvan 4 yerləşən və girov qoyulan əşyaların siyası tərəflər arasında təsdiq edilmişdir.

13. Kredit, girov və zaminlik müqavilələri tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

17. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

18. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

19. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. Belə ki, bankla Cavabdeh3 arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul Cavabdeh3 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

21. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 001/KM/107/5259648/120522 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə cavabdehin əsas borc üzrə 10.726,06 manat, faiz borcu üzrə 1.967,40 manat, cərimə borcu üzrə 4.763,57 manat olmaqla, cəmi 17.457,03 manat borcu vardır.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1191/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001/KM/107/5259648/120522 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 banka xx.xx.2024-cü il tarixə əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 9/2625 saylı ekspert rəyinə əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixə banka əsas borcu 10.298,50 manat, faiz borcu 1.695,82 manat müəyyən edilmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1191/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001/KM/107/5259648/120522 nömrəli kredit müqaviləsi üzrə 155,32 manat məbləği (bank tərəfindən cəriməyə silinmiş məbləğ) cərimə borcuna silinməklə Cavabdeh3 banka əsas və xx.xx.2024-cü il tarixədək (pretenziyada göstərilən tarixədək) olan müddət üçün hesablanmış faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə AR Mərkəzi Bankının mütəxəssisi cəlb olunmaqla iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 9/6802 saylı ekspert rəyinə əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixə banka əsas borcu 10.298,50 manat, faiz borcu 1.695,82 manat müəyyən edilmişdir.

26. Məhkəmənin sonuncu hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi ekspertiza rəyinə etiraz olmadığını bildirmişdir.

27. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

28. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara kompleks halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 10.298,50 manat, faiz borcu üzrə 1.695,82 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənməlidir.

29. Məhkəmə həmçinin hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində də qismən əsaslıdır.

30. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

31. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 550 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

32. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 210 manat məbləğində pul Bakı 1 saylı mediasiya təşkilatına ödənmişdir.

33. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 210 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənməlidir.

34. Məhkəmə hesab edir ki, iddia 12 may 2022-ci il tarixli, 001/GM/107/5259648/120522 saylı Girov müqavilələrinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ev əşyaları və ünvan 2 ünvanında yerləşən müqaviləyə əlavə olunmuş 3 № -li akta əsasən AEF oteldəki avadanlıqları olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi hissəsində də qismən təmin edilməlidir.

35. Məhkəmə ilk növbədə qeyd edir ki, Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanunu xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Adı çəkilən Qanun öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir.

36. Hazırki işdən görünür ki, Bank tərəfindən verilmiş kreditə görə Bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixdə girov müqaviləsi ilə daşınar əmlaklar girov ilə yüklü edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı yüklülük predmetinin bankın sahibliyinə verilməsi, borcun ödənilməsinin təmin edilməsi üçün tutmanın girov predmeti olan əmlaklara yönəldilməsini və hərracdan satılmasını xahiş edir.

37. Məhkəmə qeyd edir ki, girov predmetləri reyestrdə qeydə alınmalı olmayan daşınar əşya olduğundan onlara tutmanın yönəldilməsi və hərracdan satılması Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununda göstərilən qaydada həyata keçirilməlidir. Qanunun yuxarıda qeyd edilmiş 13.1.2-ci maddəsindən də göründüyü kimi, girov predmetinə tutmanın yönəldilməsi ilə bağlı xüsusi qayda müəyyən edilmişdir. Qanunun qeyd edilən normasına əsasən yüklülük sahibi (hazırki halda Bank) yüklülük predmetini onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək tutma yönəldə bilər.

38. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.

39. Belə ki, məhkəmə hesab edir ki, 12 may 2022-ci il tarixli, 001/GM/107/5259648/120522 saylı Girov müqaviləsinə əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilməli, iddia tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair hissəsində təmin edilməməlidir.

40. Beləliklə məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.298 (on min iki yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik, faiz borcu üzrə 1.695 (bir min altı yüz doxsan beş) manat, 82 (səksən iki) qəpik, cərimə borcu üzrə 550 (beş yüz əlli) manat olmaqla, cəmi 12.544 (on iki min beş yüz qırx dörd) manat, 32 (otuz iki) qəpik məbləğində pul Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. 12 may 2022-ci il tarixli, 001/GM/107/5259648/120522 saylı Girov müqaviləsinə əsasən girov predmetləri İddiaçı ASC-nin sahibliyinə verilsin. Mediasiya xərcinin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar