Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1194/2021 09.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xidməti müqavilənin bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş xidmət haqqının ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 İstismar İdarəsi ilə arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 243 nömrəli xidmət müqaviləsinin bərpa edilməsi, həmin müqaviləyə qanunsuz xitam verilməsi nəticəsində əsassız işburaxmaya görə ödənilməli olan xidmət haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2019-cu il tarixdə iddiaçı ilə X5 İstismar idarəsi arasında 243 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 İstismar İdarəsinin tərkibindəki Göyçay xidmət sahəsində fəaliyyətə başlamışdır. Xidmət etdiyi müddət ərzində sifarişçi tərəfindən verilən bütün tapşırıqları vaxtında icra etmişdir. Yerinə yetirdiyi işlərə görə sifarişçi tərəfindən iddiaçıya heç bir irad bildirilməmişdir. Elə bu səbəbdən də xx xxxxxx 2020-ci il tarixdə bağlanmış müqavilə 1 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Lakin xx xxxx 2020-ci il tarixdə X5 İstismar İdarəsinin rəisi Namiq Məmmədovun imzası ilə məktub göndərilərək bağlanmış xidməti müqaviləyə əsasən sifarişçi tərəfindən verilmiş tapşırıqların icrasının qənaətbəxş hesab edilmədiyi, həmin müqaviləyə xx.xx.2020-ci il tarixdən xitam verildiyi göstərilmişdir. Müqavilənin 7.2-ci bəndində qeyd edilir ki, sifarişçi bir ay əvvəlcədən icraçıya yazılı bildiriş təqdim etməklə istənilən vaxt bu müqaviləyə xitam verə bilər. Həmin müqavilənin 7.3-cü bəndində qeyd edilir ki, icraçı tərəfindən hər hansı öhdəlik pozularsa, sifarişçi heç bir bildiriş təqdim etmədən bu müqaviləyə xitam verə bilər. Müqavilənin qeyd edilən bəndlərinin tələbindən göründüyü kimi, sifarişçi əvvəlcədən xidməti müqaviləyə xitam veriləcəyini bildirməli, eyni zamanda hansı öhdəliyin pozulmasını sübut edən hallara istinad etməlidir. Hazırkı halda sifarişçi tərəfindən müqavilənin bu bəndlərinin tələblərinin heç birinə əməl olunmamışdır. xx.xx.2020-ci il tarixli, xidməti müqaviləyə xitam verilməsi barədə məktubda müqaviləyə xitam verilməsinin əsası olaraq müqavilənin 7.5-ci bəndinin “c” yarımbəndində göstərilmişdir ki, burada da icraçının işə davamiyyəti, iş yerindəki davranışının sifarişçi tərəfindən qənaətbəxş hesab edilmədiyi qeyd edilmişdir. Halbuki fəaliyyət göstərdiyi dövr ərzində işə davamiyyətli olmaqla, verilmiş tapşırıqları vaxtında icra etmiş, eləcə də xidmət göstərdiyi ərazidə nümunəvi davranış nümayiş etdirmişdir. Lakin məktubda konkret olaraq xidməti müqavilənin 7.5-ci bəndində nəzərdə tutulan tələblərin hansının pozulduğu göstərilməmiş, yalnız ümumi qaydada fikir ifadə edilərək, müqavilənin 7.5-ci bəndinin “c” yarımbəndinə əsasən xidməti müqaviləyə xitam verilməsi göstərilmişdir. Fəaliyyət göstərdiyi dövr ərzində işə davamiyyətlə bağlı heç vaxt xidmət haqqı kəsilməmişdir. Mütəmadi olaraq xidmət ərazisində olmuş və verilmiş tapşırıqların icrası ilə məşğul olmuşdur. Göründüyü kimi sifarişçi tərəfindən xidmət müqaviləsinə birtərəfli qaydada xitam verilməsi üçün heç bir əsas olmamışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X5 İstismarı İdarəsi arasında xx xxxxx 2019-cu il tarixdə 243 saylı xidmət müqaviləsi bağlanmış, həmin müqavilə əsasında tərəflərin hüquq və vəzifələri müəyyən edilmiş, tərəflər müqavilə ilə öz üzərlərinə müəyyən vəzifələri yerinə yetirmək öhdəliklərini götürmüşlər. İddiaçı fərdi sahibkar kimi Ağsu RQİİ-nin Göyçay Xidmət Sahəsində fəaliyyət göstərmişdir. xx xxxxx 2019-cu il tarixli “müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında əlavə razılaşma”ya əsasən sözügedən xidmət müqaviləsinin müddəti xx xxxxxx 2020-ci il tarixə kimi müəyyən edilmişdir. Göyçay Xidmət Sahəsi tərəfindən xx.xx.2020-ci il tarixdə xidməti məlumat yazılaraq İddiaçı xidmət sahəsində heç bir fəaliyyət göstərmədiyi üçün onunla bağlanmış xidmət müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. Müqavilə ilə müəyyən olunmuş öhdəliklər yerinə yetirilmədiyi və verilmiş sifarişlər icra olunmadığı üçün müqavilənin 7.5-ci bəndinin “c” yarımbəndinə əsasən icraçının işə davamiyyəti, iş yerindəki davranışı, ona verilmiş tapşırıqların icra vəziyyəti qənaətbəxş hesab olunmadığı üçün xx.xx.2020-ci il tarixdə İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. İddiaçı Ağsu RQİİ-də nomeklatur işçi olmamış, onunla əmək müqaviləsi bağlanmamışdır. İddiaçı ilə Ağsu RQİİ arasında bağlanmış xidməti müqavilə mülki-hüquqi xarakterli olmaqla, heç bir əmək münasibəti yaratmır. Xidməti müqavilə (podrat müqaviləsi) ilə bağlı tələblər Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəllə ilə tənzimlənir. Xidməti müqavilə (podrat müqaviləsi) hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənməlidir. Əgər əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Mülki Məcəllənin 752.1-ci maddəsində göstərilir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sufarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 759.1-ci maddəsinə əsasən isə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər. Maddənin məzmununa görə podrat müqaviləsi onu bağlayan tərəflər arasında işçi ilə işəgötürən arasında formalaşan əmək münasibətlərini deyil, bir-birindən asılı olmayan iki müstəqil şəxs arasında müəyyən işin yerinə yetirilməsi ilə bağlı sifarişçi və podratçı arasında yaranan münasibətlər tənzimlənir. Əlavə olaraq bildiririk ki, Cavabdeh bütün struktur bölmələrində fərdi sahibkarlarla bağlanmış xidmət müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Cavabdehndə fəaliyyətin daha səmərəli təşkili məqsədi ilə Cavabdehda sosial məsuliyyətin bölgüsü prinsipi əsasında ictimai işlərə cəlb edilən şəxslərin x xxxxxx 2021-ci il tarixindən ictimai işlərin təşkili üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzində fəaliyyəti davam etdirilir. Artıq 2021-ci ildən etibarən Cavabdeh struktur bölmələrində xidmət müqavilələri bağlanılmır. DOST İş Mərkəzinə işə qəbul edilmək arzusunda olan şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemi üzərindən və ya yaşadığı ərazi üzrə Dövlət Məşğulluq Agentliyinin məşğulluq mərkəzlərinə və ya DOST mərkəzlərinə müraciət edərək işaxtaran kimi qeydiyyata durmalı və DOST İş Mərkəzinə göndəriş almalıdır. S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən məhkəmə öz tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçı teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Sifarişçi qismində Cavabdeh İB-nin X5 İstismarı İdarəsi ilə icraçı qismində İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 243 saylı xidmət müqaviləsinə əsasən icraçı fəhlə xidmətinin göstərilməsini, sifarişçi isə xidmət haqqını akt əsasında ödənilməsini öhdəsinə götürmüşdür. - Müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli əlavə razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli, 243 saylı xidmət müqaviləsinin 7.1-ci bəndinə dəyişiklik edilərək müqavilənin xx.xx.2020-ci il tarixə kimi qüvvədə olması razılaşdırılmışdır. - xx.xx.2020-ci il tarixdə X5 İstismarı İdarəsinin rəis müavini tərəfindən həmin idarənin rəisinə müraciət edilərək İddiaçı verilən tapşırıqları icra etmədiyi, heç bir əmək fəaliyyəti ilə məşğul olmadığı bildirilərək onunla bağlanmış xidmət müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. - X5 İstismarı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə xidmət müqaviləsinə xitam verilməsi barədə məktubla İddiaçı müraciət edilərək öhdəliklər yerinə yetirilmədiyi və verilmiş sifarişlər icra olunmadığı üçün müqavilənin 7.5-ci bəndinin “c” yarımbəndinə əsasən işə davamiyyəti, iş yerindəki davranışı, verilmiş tapşırıqların icra vəziyyəti qənaətbəxş hesab olunmadığı üçün xx.xx.2020-ci il tarixdə İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilməsi barədə məlumat verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İB-nin X5 İstismarı İdarəsi (sifarişçi) ilə İddiaçı (icraçı) arasında xx.xx.2019-cu il tarixli, 243 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı fəhlə xidmətini göstərməyi, sifarişçi isə xidmət haqqını akt əsasında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə tərəflər arasında imzalanmış əlavə razılaşmaya əsasən müqavilənin müddəti xx.xx.2020-ci il tarixə kimi uzadılmışdır. İcraçı tərəfindən öhdəliklər yerinə yetirilmədiyi və verilmiş sifarişlər icra olunmadığı üçün X5 İstismarı İdarəsi tərəfindən müqavilənin 7.5-ci bəndinin “c” yarımbəndinə əsasən işə davamiyyəti, iş yerindəki davranışı, verilmiş tapşırıqların icra vəziyyəti qənaətbəxş hesab olunmadığı üçün xx.xx.2020-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 243 saylı xidmət müqaviləsinin 7.2-ci bəndinə əsasən sifarişçi bir ay əvvəlcədən icraçıya yazılı bildiriş təqdim etməklə istənilən vaxt müqaviləyə xitam verə bilər. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən icraçı tərəfindən hər hansı öhdəlik pozularsa, sifarişçi heç bir bildiriş təqdim etmədən müqaviləyə xitam verə bilər. Həmin müqavilənin 7.5-ci bəndinin “c” yarımbəndinə əsasən icraçının xidmətlə bağlı davamiyyəti, xidməti yerindəki davranışı, ona verilmiş tapşırıqların icra vəziyyəti sifarişçi tərəfindən qənaətbəxş hesab olunmadıqda müqaviləyə xitam verilə bilər. İddiaçı ona verilən tapşırıqları icra etmədiyi və heç bir əmək fəaliyyəti ilə məşğul olmadığı üçün X5 İstismarı İdarəsinin rəis müavini tərəfindən həmin idarənin rəisinə müraciət olunmuş və bağlanmış xidmət müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. Bundan sonra müqavilənin 7.5-ci bəndinin “c” yarımbəndinə əsasən xx.xx.2020-ci il tarixdə müqaviləyə xitam verilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi İddiaçı (icraçı) tərəfindən müqavilədə göstərilmiş öhdəliklər icra edilməmiş və sifarişçi tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən icraçıya heç bir bildiriş təqdim etmədən müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı xidməti müqavilənin bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş xidmət haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd təmin edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı xidməti müqavilənin bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş xidmət haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1194/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1194/2021
09.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver