Məhkəmə qərarları › İş №e-2-2(113)-1201/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1201/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1201/2020 21.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.587 manat əsas borc, 79,35 manat cərimə borcunun, ümumi olaraq 1.666,35 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC ilə İddiaçı1 arasında xx xxxxxx 2019-cu il tarixli 025 saylı icarə müqaviləsi bağlanmışdir. Həmin müqaviləyə əsasən AKSA markalı, 220 kva gücü olan işıqlandırma generatoru cavabdehə icarəyə verilmişdir. Nəzərə çatdırır ki, icarə müqaviləsinə 1 nömrəli əlavənin 1 –ci bəndinə görə, icarə haqqı aylıq 2300 manat, eyni zamanda icarəyə verən tərəfindən icarədə olan generatora servis xidməti haqqı olaraq icarəçi tərəfindən hər istifadə olunan 1 (bir) saata görə 2.50 manat tutulması barədə razılığa gəlinmişdir. Bildirir ki, cavabdeh tərəfindən icarə haqqı üzrə ödəniş həyata keçirilsə də, bu günə kimi servis üzrə xidmət haqqı ödənilməmişdir. Cavabdehin hazırda İddiaçı1nə 1587 manat (ƏDV xaric) gecikmiş servis xidməti üzrə borcu mövcuddur. Onu da bildirir ki, cavabdehin ödənişlərin icrasına məsul olan şəxslər ilə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq 5 aydan artıq müddət keçsə də, bu günə kimi müqavilə üzrə borcun ödənişi həyata keçirilməmişdir. Eyni zamanda cavabdehə sonuncu dəfə tərəflərindən rəsmi xəbərdarlıq göndərilsə də, onlar yenə bu borcu ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı borcun tutulması tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tələbində qeyd edir ki, icarəyə götürülmüş texnikanın mühərrik yağlarını guya icarəyə verən tərəf təmin edib və buna görə də həmin xərcin ödənilməsini tələb edirlər. Nəzərə çatdırır ki, bu düz deyil, texnikanı yanacaqla, mühərrik yağı ilə, eləcə də texnikaya aid bütün xərcləri yazılmış müqavilə şərtlərinin tələblərinə uyğun olaraq icarəçi öz hesabına təmin etmişdir və ümumiyyətlə mühərrik yağları ilə bağlı müqavilədə ayrı hal kimi qeydlər yoxdur. Eyni zamanda müqavilənin şərtlərinə uyğun olaraq icarəyə götürülmüş texnikanı saz vəziyyətdə təhvil–təslim aktı əsasında icarəyə verənə qaytarılıbdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı1 (icarəyə verən) ilə İddiaçı2 MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 025 saylı icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə göstərilən texnikanı icarəçinin sifarişi və seçimi əsasında icarəçiyə icarəyə verməyi, icarəçi isə əlavədə nəzərdə tutulmuş qiymətlərə əsasən hesablanmış icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq icarəyə verən tərəfindən ay ərzində icarəçiyə icarəyə verilmiş texnika müqabilində icarəçi icarəyə verənə tərəflərlə imzalanan əlavəyə müvafiq olaraq hesablanmış icarə haqqı ödəyir. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi bu müqavilədə nəzərdə tutulmuş ödənişləri vaxtında təmin etməzsə, icarəyə verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən texnikanın icarə haqqının 0,1 % məbləğində cərimənin ödənilməsini icarəçidən tələb edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İcarə müqaviləsinə 1 nömrəli əlavənin 1–ci bəndinə görə AD220-220 KVA AKSA generatorun (xx.xx.2019-cu il tarixdən) aylıq icarə haqqı 2.300 manat məbləğində, icarəyə verən tərəfindən icarədə olan generatora göstəriləcək servis xidməti haqqı icarəçi tərəfindən hər istifadə olunan 1 (bir) saata görə 2.50 manat məbləğində müəyyən edilmişdir. Xidmət haqqına icarə verən tərəfindən istifadə olunan mal-material, maye, filtr və s. daxildir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Tərəflər arasında imzalanmış və möhürlənmiş təhvil-təslim aktına əsasən xx.xx.2019-cu il tarixli, 025 saylı icarə müqaviləsində göstərilən AD 220 markalı KVA AKSA işıqlandırma generatoru icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmiş, icarəçi tərəfindən isə avadanlıq təhvil alınmışdır. 009162 saylı servis məlumat formasından müəyyən edilir ki, İddiaçı2 MMC-nin icarəsində olan 220 kva gücü olan generator servis olunmuş, həmin generator 30.09.19-cu il tarixədək olan müddətdə 425 saat işləmiş və işləmə saatlarına uyğun 1062,5 manat (2,5 manatx425) məbləğində servis haqqı hesablanmışdır. 009027 saylı servis məlumat formasından müəyyən edilir ki, İddiaçı2 MMC-nin icarəsində olan 220 kva gücü olan generator servis olunmuş, həmin generator 16.10.19-cu il tarixədək olan müddətdə 210 saat işləmiş və işləmə saatlarına uyğun 525 manat (2,5 manatx210) məbləğində servis haqqı hesablanmışdır. İddiaçı1 tərəfindən İddiaçı2 MMC-yə ƏDV daxil 1.253,75 manat dəyərində malın verilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 591180 saylı, ƏDV daxil 619.50 manat dəyərində malın verilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 316973 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı2 MMC-yə göndərilmişdir. İddiaçı1xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla İddiaçı2 MMCyəmüraciət edərək, müqavilə üzrə yaranmış 1.587 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ilə cavabdeh İddiaçı2 arasında xx xxxxxx 2019-cu il tarixli, 025 saylı icarə müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş texnikanı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, müqaviləyə əlavədə nəzərdə tutulmuş texnikaya servisin göstərilməsinə dair xidmət haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda İddiaçı2 MMC-nin göstərilən müqavilə üzrə İddiaçı1nə olan borcu 1.587 manat təşkil edir. Müqavilənin əsas mətnində servis haqqının ödənilməsinin nəzərdə tutulmaması, həmin haqqın tutulmasının müqaviləyə əlavə ilə müəyyən edilməsi, iddiaçının generatorlara görə icarə haqqı ilə yanaşı generatorun işləmə saatlarına görə əlavə haqqın tutulması tələbinin əsassız olması barədə cavabdehin nümayəndəsinin istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqaviləyə əsasən həm icarəyə verilmiş generatora görə icarə haqqının, həm də generatora göstərilən servisə görə ödənilməli olan haqqın məbləğləri müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilmişdir. Həmin əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Cavabdeh tərəfindən həmin əlavəni imzalayan şəxsin səlahiyyətləri, eləcə də imzasının həqiqiliyi mübahisələndirilməmişdir. Mülki Məcəllənin: 49.1-ci maddəsinə görə hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2-ci maddəsinə görə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi müqavilə tərəfləri müqavilə azadlığı prinsipindən çıxış edərək generatorun icarə verilməsinə görə icarə haqqı ilə yanaşı icarəyə verilmiş generatora göstərilən servisə görə haqqın ödənilməsi barədə qarşılıqlı razılığa gəlmiş, həmin razılığı yazılı şəkildə müqaviləyə əlavə kimi rəsmiləşdirmişlər. Belə olan halda məhkəmə hər iki tərəfin təsdiq etdiyi müqaviləyə əlavə ilə icarəyə verənə texnikanın işləmə saatlarına uyğun servis haqqının ödənilməsinin nəzərdə tutulduğunu və həmin əlavənin tərəflər üçün mülki hüquq və vəzifələr yaratdığını nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının icarə haqqından əlavə servis haqqını tələb etmək hüququna malik olmaması barədə cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Digər tərəfdən icarədə olduğu müddət ərzində generatorun işləməsində hər hansı bir problem yaranmadığı, generatorun təmirə ehtiyacının olmadığı və saz vəziyyətdə icarəyə verənə təhvil verildiyi, buna görə də iddiaçıya servis haqqı ödənilməli olmadığı barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əlavədə generatorda baş vermiş nasazlıqla bağlı göstərilmiş servisə (təmirə) görə deyil, generatorun işləmə saatlarına uyğun olaraq göstərilən cari servisə görə (yağın, filtrin dəyişdirilməsi və s.) haqqın ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan icarədə olan müddət ərzində generatorun işləməsində problem yaranmaması cavabdehə servis haqqının ödənilməsindən imtina etmək üçün əsas vermir. Bundan əlavə generatorun mühərrik yağının iddiaçı tərəfindən deyil, onlar tərəfindən dəyişdirilməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə mühərrik yağının (mayenin) generatora servis göstərən icarəyə verən (iddiaçı) tərəfindən dəyişdirilməli olması nəzərdə tutulmuş, digər tərəfdən cavabdeh yağın onlar tərəfindən dəyişdirilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehin iddia tələblərinə etirazına əsas kimi istinad etdiyi göstərilən dəlilləri də inandırıcı saymır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə cavabdehin mübahisəli müqavilə üzrə icarəyə verilmiş nəqliyyat vasitəsinə göstərilən servis haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının cavabdehdən müqavilə öhdəliyinin icra edilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh İddiaçı2 MMC-dən servis haqqına görə 1.587 manat məbləğində borcu tutularaq İddiaçı1nə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1.587 manat borcun ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün gecikdirilmiş məbləğin 0,1 % olmaqla hesablanmış 79,35 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh “X2” MMC-nin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı2 MMC-dən 1.587 (min beş yüz səksən yeddi) manat məbləğində borc, 79,35 manat (yetmiş doqquz manat otuz beş qəpik) məbləğində dəbbə pulu, cəmi 1.666,35 manat (min altı yüz altmış altı manat otuz beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı1nə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar