Məhkəmə qərarları › İş №e-2-2(113)-121/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-121/2022

26.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-121/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx/xx/2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1359325.77 manat , Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 132.95 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 4.85 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı mübahisə dövlətin adından fəaliyyət göstərən və hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqan ilə vergi ödəyicisi olan fiziki şəxs arasında yaranmışdır. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ (hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması) ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin mətninə edilmiş və xx.xx.2020-ci ildən qüvvəyə minmiş dəyişikliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin mətninə edilmiş dəyişiklikdən sonra kommersiya məhkəmələrinin səlahiyyətinə Məcəllənin 40-5-ci, 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlər istisna olmaqla yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrinə baxmaq aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı maddəsinin xx.xx.2020-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasında vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə iddialarından irəli gələn mübahisələrə mülki icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması nəzərdə tutulsa da, maddənin mətninə dəyişiklikdən sonra qeyd edilən inzibati mübahisələrə mülki icraat qaydasında kommersiya məhkəmələri tərəfindən baxılması üçün qanuni əsas yoxdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında hansı mübahisələrin kommersiya mübahisələri hesab edilməli olduğuna bir daha aydınlıq gətirilmiş və qərarda qeyd edilmişdir ki, “məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.” “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarlarından da göründüyü kimi, dövlət orqanlarının yalnız mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdiyi hüquq münasibətlərindən irəli gələn mübahisələr (müəyyən xüsusi icraat işləri istisna olmaqla) kommersiya mübahisəsi hesab olunur. Dövlət orqanının inzibati orqan kimi ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti (hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı) ilə bağlı iddialara baxılması isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi inzibati orqan olduğundan və vergi borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə iddia tələbi onun ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı tələb olduğundan mübahisə subyekt tərkibi və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı maddəsinə dəyişiklikdən sonra vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə iddialarına mülki icraat qaydasında və kommersiya məhkəmələri tərəfindən baxılmasının prosessual əsası aradan qalxsa da Vergi Məcəlləsinin 90.2-ci maddəsinin mətninə bununla bağlı hər hansı dəyişiklik edilməmişdir. Eyni hüquqi qüvvəyə malik normativ hüquqi aktlar (hazırkı halda Məcəllələr) arasındakı kolliziyanın həll edilməsi qaydası “Normativ hüquqi aktlar” haqqında Qanunda nəzərdə tutulmuşdur. Qanunun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Bu maddədə yeni normativ hüquqi akt termini eyni zamanda mövcud normativ hüquqi aktda edilmiş yeni dəyişikliyi də özündə ehtiva edir. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2001-ci ildən qüvvədə olan 90.2-ci maddəsində hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada-mülki iddia icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması nəzərdə tutulsa da, inzibati-iqtisadi məhkəmələr ləğv edildiyindən və MPM-nin 26- cı maddəsinin mətninə 2020-ci ildə edilmiş dəyişiklikdən sonra artıq Mülki Prosessual Məcəllədə vergi borcları ilə bağlı iddialara mülki iddia icraatı qaydasında baxılmasını və kommersiya məhkəmələri tərəfindən baxılmasını müəyyən edən qayda olmadığından hazırkı iddiaya kommersiya mübahisəsi kimi baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğundan iddiaçıya aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar