Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1220/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 08 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 25627,31 manat əsas borc, 3117,26 manat faiz borcu və 47,83 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 28792,40 manat borcun və 176,38 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 08 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 21 faizlə 18 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 08 dekabr 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 oktyabr 2024-cü ilədək Cavabdeh1 banka 08 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 25627,31 manat əsas borc, 3117,26 manat faiz borcu və 191,33 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 28935,9 manat borcu vardır. Cavabdeh1 08 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 191,33 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 47,83 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tələb edilən borclarla razılaşdığını, lakin həmin borcları birdəfəlik ödəmək iqtidarında olmadığını göstərib ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi.
4. İddiaçı tərəf məhkəməyə yazılı ərizə ünvanlayıb iclasın iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin:
8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı (borcverən) və cavabdeh (borcalan) Cavabdeh1 arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə ilə sonuncuya 120 ay müddətinə, aylıq 2,50 % dərəcəsi ilə, 50000 manat məbləğində kredit limiti ayrılmışdır.
14. İddiaçı (borcverən) və cavabdeh (borcalan) Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 21 fazi dərəcəsi ilə 18 ay müddətinə 30000 (otuz min) manat kredit verilmişdir.
15. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və ya müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi və müqavilə ilə müəyyən edilmiş digər şərtlərə uyğun olaraq borcverənə qaytarmağı öhdəsinə götürür.
16. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 25627,31 manat, faiz borcu 3117,26 manat, cərimə borcu 191,33 manat olmaqla, ümumilikdə borcu 28935,9 manat təşkil edir.
17. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən bank tərəfindən cavabdehə 30000 manat məbləğində vəsait xx.xx.2023-cü il tarixdə verilmişdir.
18. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023cü il tarixli, Z/20679/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
19. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
21. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit limiti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 50000 manat, 120 ay müddətinə, aylıq 2.50 % dərəcəsi ilə kredit limiti ayrılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 21 % dərəcəsi ilə 18 ay müddətinə 30000 manat kredit verilmişdir. Cavabdeh2 iddiaçı ilə xx.xx.2023-cü il tarixli, Z/20679/23 nömrəli zaminlik müqaviləsi bağlamış və müqaviləyə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
25. Cavabdeh1 krеdit müqaviləsinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən (əsas borcu və zamin) əsas borc və faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 47,83 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə araşdırması zamanı cavabdehlərin öz öhdəliklərini pozması müəyyən edildiyindən, ödənişlərin gecikdirilməsi faktı cavabdehlər tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.
30. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 25627,31 manat əsas borc, 3117,26 manat faiz bоrcu və 47,83 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 176,38 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 25627,31 manat əsas borc, 3117,26 manat faiz borcu, 47,83 manat dəbbə pulu, 176,38 manat dövlət rüsumu, ümumilikdə 28968,78 (iyirmi səkkiz min doqquz yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova