Məhkəmə qərarları › İş №e-2-2(113)-1228/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1228/2021

26.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1228/2021 26.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının qanuni təmsilçisi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı inventar aktının ləğv edilməsi və aktın əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon sukanal idarəsinin 24.06.2019-cu il tarixli MXD-11058 nömrəli inventar aktının ləğv edilməsi və bu aktın əsasında hesablanmış 2.196 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.06.2018 tarixində rəhbərlik etdiyi “İsabət” Tədris mərkəzinin fəaliyyət göstərdiyi Suraxanı rayon Qaraçuxur qəsəbəsi Yaşar Əliyev 6 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X3 ilə Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal idarəsinin rəisi İlham Əliyev arasında müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən müəssisə istehlakçını fasiləsiz olaraq su ilə təminetmə öhdəliyini öz boynuna götürmüşdür. Qeyd edir ki, 05.10.2014-cü il tarixində təsisçisi olduğu İddiaçı MMC ilə Suraxanı rayon Qaraçuxur qəsəbəsi Yaşar Əliyev 6 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X4 arasında icarə müqaviləsi bağlanmış və o gündən etibarən adı çəkilən ünvanda “İsabət” tədris mərkəzi fəaliyyət göstərir. Tədris mərkəzinə də elə özü X5 rəhbərlik edir. Belə ki, 2019-cu ilin aprel ayında adı keçən küçədə yeni su xəttinin çəkilməsindən sonra tədris mərkəzi bir neçə ay su ilə təmin olunmamış, bununla da müəssisə müqavilənin 3.1-ci bəndini pozmuşdur. Biz bir neçə ay su ilə təmin olunmadığı tədqirdə Cavabdeh ASC-nin qaynar xəttinə və Suraxanı rayon su kanal idarəsinə dəfələrlə bu məsələ ilə bağlı müraciət etmişlər. Müraciətləri uzun müddət cavabsız qalmışdır. Eyni zamanda 16.07.2019 tarixində məsələnin həlli üçün Suraxanı rayon sukanal idarəsinin rəisinə rəsmi məktubla müraciət etmişlər. Məktuba cavab 2 aydan çox müddət keçdikdən sonra, yəni 02.10.2019 tarixində gəlmişdir və verilən cavab tamamilə əsassız idi. Çünki onlar məktub vasitəsi ilə müraciət etdiyindən 2 ay əvvəl artıq yenidənqurma işləri qurtarmışdır. Bu dövr içərisində tədris mərkəzi öz hesabına su maşını vasitəsi ilə su ilə təmin edilmişdir. Qeyd edir ki, tədris mərkəzinin həyətində istifadə olunmayan sayğacdan kənar başqa bir su xətti də mövcud idi və həmin xəttin ləğv edilməsi üçün o yenə də Suraxanı rayon sukanal idarəsinin əməkdaşlarına dəfələrlə müraciət etmişdir. Lakin idarə işçiləri qəsdən su təchizatını bərpa və digər kənar su xəttini ləğv etməmişlər. Daha sonra ona bəlli oldu ki, qəsdən su ilə təmin etməmələri və əlavə xətti ləğv etməmələrinin arxasında xoşagəlməz niyyət dayanır. 24.06.2019 tarixində sukanal idarəsinin əməkdaşları mərkəzdə yoxlama aparmış, əvvəlcədən ləğv edilməsini tələb etdiyi əlavə xətti guya “qanunsuz sudan istifadə” adı ilə aşkar etmiş və akt bağlayaraq cərimə yazmışlar. Amma bu akt haqqında onlara heç bir rəsmi məlumat verilməmişdir. 3 ay keçdikdən sonra 20.09.2019 tarixində Suraxanı rayon sukanal idarəsi onlara 2196 manat məbləğində borclarının olması haqqında məktub göndərmişdir. O borcun nə səbəbdən yarandığını Cavabdeh ASC-yə rəsmi məktubla müraciət edəndə ilk dəfə bu aktla tanış olmuşdur. Suraxanı rayon sukanal idarəsinin 24.06.2019-cu il tarixli MXD-11058 nömrəli inventar aktında göstərilir ki, Suraxanı rayon Qaraçuxur qəsəbəsi Yaşar Əliyev 6 ünvanında yerləşən fərdi yaşayış evində su sayğacına baxış keçirilərkən d=15 mm olan su sayğacından kənar xətt aşkar edilmişdir. Həmin aktda aparılan hesablamalara görə iddiaçının qeyri-qanuni olaraq 1098 m3 sudan istifadəsinə görə 2196,00 manat borcu yaranmışdır. Hesablama son 12 ay üçün aparılmışdır. Aşağıda göstərilənlərə görə 24.06.2019-cu il tarixli MXD-11058 nömrəli inventar aktını ləğv edilməli və Suraxanı rayon Qaraçuxur qəsəbəsi Yaşar Əliyev 6 ünvanında yerləşən fərdi yaşayış evi su ilə təmin edilməlidir: Qeyd edir ki, sayğacdan kənar xəttin olmasını rəsmi olaraq Suraxanı rayon sukanal idarəsinə özləri bildirmişlər. Yəqin ki, "qeyri-qanuni olaraq su xəttindən istifadə edən" şəxsin özü tərəfindən Suraxanı rayon sukanal idarəsinə "özünü ifşa edən" məlumatların verilməsi məntiqsiz olardı. Suraxanı rayon sukanal idarəsinin işçilərinin qərəzli yanaşması aktda aparılan hesablamalarda da öz əksini tapmışdır. Aktda aparılan hesablamalara əsasən kənar xətdən istifadəyə görə nəzərə alınan müddət son 12 aydır. Habelə hesablama mövcud cədvələ görə aparılmışdır, lakin nəzərə alınmamışdır ki, onlar sayğac üzrə hər ay təxminən 10-15 manat civarında mütəmadi ödənişlər etmişlər. Yay aylarında müəssisə tamamilə bağlanır. Sayğac 2018-ci il tarixdə quraşdırılmışdır. Bu faktlar su idarəsinin elektron sistemində olduğu halda sudan qeyri-qanuni istifadəyə görə hesablamalarda aylıq və orta sərfiyyət nəzərə alınmalıdır, lakin nəzərə alınmamışdır. Bunlar ilə yanaşı 2018-ci ildə sayğac quraşdırıldıqdan sonra 6 ay müddətində tədris mərkəzi 65 manat məbləğində su istifadə etmişdir. Sayğaca cərimədən qabaq sonuncu ödəniş isə 2019-cu ilin fevral ayında olmuşdur. Cərimə aktı isə iyun ayının 26-da tərtib edilmişdir. Yəni keçən ilin 6 aylıq sudan istifadəsinə müqayisə etsək, 4 aylıq müddətdə cərimə ən çox 50 manat məbləğində olmalı idi. Aktda göstərilən məbləğ isə həddindən artıq şişirdilmişdir. Halbuki mart ayında sayğacda yaranmış problem nəticəsində tədris mərkəzi bir müddət yenə su ilə təmin edilməmişdir. Suraxanı rayon sukanal idarəsinin işçiləri kənar xətdən istifadə edilməsinin praktiki cəhətdən mümkün olmamasının şahidi olmuşlar və bunun video çəkiliş idarədə saxlanılmaqdadır. Sayğacdan kənar su xətti Suraxanı rayon Qaraçuxur qəsəbəsi Yaşar Əliyev 6 ünvanında yerləşən müəssisəyə giriş hissəsində (gözə görünən) çöldə yerləşirdi. Həmin xətt heç bir boru (ya şlanq) ilə evin su sisteminə qoşulmamışdır. Ümumiyyətlə yuxarıda göstərilən ünvanda faəliyyət göstərən müəssisənin su təchizatı sistemi (çən və s.) qapalıdır və binanın arxa tərəfindədir, bu sistemə hər hansı bir formada "calaq" etmək və ya müdaxilə etmək mümkün deyil. Suraxanı rayon sukanal idarəsinin işçiləri onların tələbləri ilə əraziyə gəlmişlər və baxış vaxtı kənar xəttin mövcudluğuna şahid olmuşlar, lakin bu xətdən istifadə etmələrini görməmişlər və görə də bilməzlər (video idarədə mövcuddur). Bir daha qeyd edir ki, əlavə xətt istifadə etdiyi su deposundan çox uzaqda və hər kəsin xüsusi ilə Sukanal idarəsinin əməkdaşlarının asanlıqla görə biləcəyi yerdə yerləşir. Gizli işi (əməlimiz) olsaydı bu xətti özü ləğv edərdi, və bu qədər də sıxıntılar yaşamazdı. İdarənin işçiləri su xəttinə ağacdan "çüy" vurmuşlar və bununla da öz işlərini bitmiş hesab etmişlər. İddiaçının qanuni təmsilçisi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı MMC barəsində tərtib edilmiş Cavabdeh ASC-nin 24.06.2019-cu il tarixli MXD-11058 nömrəli inventar aktının ləğv edilməsi hissəsində iddia tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh ASC-nin tərəfindən tərtib edilmiş 24.06.2019-cu il tarixli MXD- 11058 nömrəli akt özlüyündə barəsində tərtib edilən şəxslə ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində aktın həmin şəxsin hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxs yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, şəxsin tələbi aktın ləğv edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi barəsində akt tərtib edilən şəxsin hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı inventar aktının ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar