Məhkəmə qərarları › İş №e-2-2(113)-1229/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1229/2024

08.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1229/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzibi, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: işgüzar nüfuzun müdafiəsi, yalan məlumatın təkzib edilməsi və səhifədən silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzibi, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Facebook” və “İnstagram” sosial şəbəkələrdə cavabdeh tərəfindən İddiaçı MMC barəsində yayılmış məlumatlar onun işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində həmin sosial şəbəkələrdən silinməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində cavabdeh tərəfindən həmin məlumatların yayıldığı “Facebook” və “İnstagram” sosial şəbəkələrində İddiaçı MMC-dən üzr istənilməsi və həmin sosial şəbəkələrdə təkzib videosu yayılması, İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatların qanunsuz olaraq yaydığına görə kompensasiya olaraq 10 000 manat cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 20 manat və mediasiyanın keçirilməsinə görə ödənilmiş 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, peşəkar şəkildə avtomobil alqı-satqısı ilə məşğul olmaqla bu biznes sektorunda öz yerini tutmuş sahibkarlardan birisidir. Avtomobil alqı-satqısı ilə məşğul olan fərdi sahibkar Cavabdeh 22 noyabr 2023-cü il tarixində İnstagram-da 102000 izləyicisi olan AVTOAL səhifəsində (https:/ www.instagram.com/p/Cz8ouyuMeK4/) ZEECAR brendi altında fəaliyyət göstərən və avtomobil alqı-satqısı ilə məşğul olan İddiaçı MMC-ni dələduz şirkət kimi qələmə verərək işgüzar nüfuzuna zərbə vurmaq üçün onu müştəriləri aldatmaqla, avtomobili gec çatdırmaqla, qüsurlu avtomobil verməklə və ondan uzaq durmaqla bağlı yalan və əsassız ittihamlar irəli sürmüş və paylaşımlar etmişdir. Belə əsassız və böhtan xarakterli paylaşımlar nəticəsində peşəkar sahibkar kimi ZEECAR brendi altında fəaliyyət göstərən İddiaçı MMC-nin işgüzar nüfuzuna xələl dəymişdir. Belə ki, avtomobil alqı-satqısı ilə bağlı bir neçə avtomobil almaq istəyən şəxslər ilkin razılaşmadan bu yayılmış məlumatlara istinad edib sövdələşməni pozmuşlar və İddiaçı MMC-nin ümumilikdə avtomobil sifarişləri əhəmiyyətli dərəcədə azalmışdır. Beləliklə fərdi sahibkar kimi Cavabdeh həqiqətə uyğun olmayan ifadələri işlədərək İddiaçı MMC-nin işgüzar nüfuzunu sosial şəbəkə vasitəsilə kütləvi şəkildə alçaltmış və bununla da İddiaçı MMC-yə kifayət qədər maddi ziyan vurulmuşdur. Eyni zamanda digər şəxslər tərəfindən də belə əsassız və böhtan xarakterli paylaşımlar edilmişdir. Belə əsassız və böhtan xarakterli paylaşımlar nəticəsində iddiaçının peşəkar sahibkar kimi işgüzar nüfuzuna xələl dəymişdir. Beləliklə cavabdeh həqiqətə uiyğun olmayan ifadələri işlədərək iddiaçının işgüzar nüfuzuna sosial şəbəkə vasitəsilə kütləvi şəkildə xələl gətirmiş və bununla da iddiaçıya kifayət qədər maddi və mənəvi cəhətdən ziyan vurulmuşdur. İddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/6-1110 saylı arayış alınmışdır. Nəticə olaraq onlar təkzib edilməli, cavabdeh tərəfindən ağlabatan kompensasiya tutularaq iddiaçılara ödənilməlidir. Sözsüz ki, şəxsin əmək fəaliyyəti, müstəqil karyerası da onun şəxsi həyatının tərkib hissəsidir və bu dəyərlərə xələl gətirən hər bir digər şəxs onun şəxsi həyatına müdaxilə, şərəf və nüfuzuna özbaşınalıqla qəsd etmiş hesab olunur. İddiaçı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə birlikdə və yaxud müstəqil olaraq cavabdehdən mənəvi ziyanın tutulması barədə məhkəmədə iddia qaldırdıqda bu cür iddia ərizələrində dövlət rüsumu iddiaçının tələb etdiyi məbləğdən asılı olmayaraq qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş miqdarda tutulmalıdır. Buna görə də iddiaçı 100 manat mediasiyaya görə ödəyib və əlavə olaraq də 20 manat məhkəməyə dövlət rüsumu ödəmişdir.

3. İddiaçının nümayəndəsinin iddia ərizəsinə əlavəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi əsaslıdır və müvafiq sübutlarla dəstəklənir. Qeyd olunan sübutlardan biri də iddia ərizəsində linki qeyd olunan video təşkil edir. Video Cavabdeh tərəfindən şəxsən çəkilmiş və səsləndirilmişdir. Video-nun 1:14-cü dəqiqəsində Cavabdeh iddiaçının işgüzar nüfuzunu ləkələyən aşağıda qeyd olunanları səsləndirmişdir: “Məsəl üçün Ağ şəhərdə ZeeCar açıblar. Arazla Azər.... Onlardan muğayat olun. Onlar 6 aya maşını gətirib çıxardıblar müştərilərə, maşınlarda zədəli, xarab, maşın orası qırıq, burası nə bilim nə....Bax belə camaatın başına oyun açırlar muğayat olun. Mən özümə görə demirəm....Şəhərdə 10-15 dənə Çindən avtomobil şətirən var onlara müraciət edin bizə etməyin amma ən əsası Zeecar açıblar ağ şəhərdə Camaatı aldadıb hələ Zeecar açıblar...Uje rəsmi aldadırlar camaatı. Muğayat olun özünüzdən. Qeyd olunan mətnlərdən də belə başa düşmək olur ki, cavabdehin məqsədi öz rəqibi olan iddiaçının işgüzar nüfuzuna xələl gətirərək maşın bazarında onu nüfuzdan salmaq, keçmiş və gələcək potensial müştərilərə təsir etməklə iddiaçının biznes dövriyyəsini azalatmaq və bazarda ondan hökmran mövqedə olmaqdır.Avtomobil alqı-satqısı ilə məşğul fərdi sahibkar Cavabdeh 22 noyabr 2023-cü il arixində İnstagramda 103000 izləyicisi olan Avtoal səhifəsində qeyd olunanaları şəxsən özü səsləndirmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, həmin videoda deyilənlər iddiçının işğuzar nüfuzuna xələl gətirmir və həqiqətləri əks etdirir. Belə ki, cavabdeh onlardan maşın sifariş etmiş, sifarişi altı aya və qüsürlu şəkildə icra etmişdilər.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 3690/2023 saylı qətnaməsinin əsaslandırıcı hissəsindən “təqdim edilmiş video görüntülərdə cavabdehin iddiaçının ünvanına “bir şeydə nəzərinizə çatdırım ki, şəhərdə Azərlə Araz var, Ağ şəhərdə işləyirlər, camaaatı aldadaraq 7 aya çatdırıblar maşınları, hamısı əzik, açarı olmayan, açarsız maşınlar, xarab maşın çatdırıblar camaaata, 5-6 şirkətə ziyan veriblər, birinə doxsan min, birinə on beş min, birinə altmış min...45 gün adı ilə 7 aya gətirib çıxardırlar camaatın maşınını, maşınların yarısı əzik, açarsız, xarab, ona görə mugayat yolun, Azərlə Araz işləyirsə mugayat olun onlardan... Müştəriyə gətirib vermişik 45 günə, bu Ağ şəhərdə lampoçka dükanı işlədənlər var Arazla Azər, 25 gün adıyla maşınları 7 aya çatdırıblar. Axırıncı dəfə Zeekrin gətirdilər əzik-əzik, 60 min dollarlıq əzik. Baxın belə bir ideal avtomobildi açılan panorama lyukla komplekasiyadı, iş belə olur. Azərlə Arazın adını eşitsəz uzaq durun, bütün demək olar ki, Bakının yarısını ağladıblar. Camaatın başına oyunlar açırlar.” Məhkəmə cavabdeh tərəfindən böyük izləyici kütləsinə malik olan sosial şəbəkələrdə iddiaçının ünvanına səsləndirdiyi yuxarıda qeyd edilən ifadələrin açıqaşkar iddiaçının bir sahibkar kimi işgüzar nüfuzuna xələl gətirən ifadələr olduğunu” hesab edərək iddia tləbi qismən edilmiş və Cavabdeh “Facebook” və “İnstagram” sosial şəbəkələrində iddiaçı X5 barəsində işlətdiyi ifadələr iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, Cavabdeh üzərinə iddiaçı X3 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3690 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 10 (on) iş günü müddətində “Facebook” və “İnstagram” sosial şəbəkələrindən silinməsi və həmin məlumatlara görə adı çəkilən sosial şəbəkələrdə iddiaçı X2 üzr istəməsi vəzifəsi qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, iddiaçı X5 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 50 manat, vəkilə verilmiş etibarnaməyə görə 17.25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən: İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

11. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

12. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır.

13. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

14. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li Qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidirlər: məlumatın vətəndaşların və təşkilatın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.

15. Məhkəmə iddiaçının hər bir tələbinə məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

16. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən sübut qismində təqdim edilən CD-disk yazıya baxış keçirilmiş və həmin CD-yə əlavə edilmiş video görüntüdə cavabdeh tərəfindən “Zeecar” və “Arazla Azər” adlı şəxslərin adları çəkilir və onlar tərəfindən edildiyini iddia etdiyi hallar səsləndirilmişdir. Lakin, hazırkı iş üzrə iddiaçı hüquqi şəxs qismində İddiaçı MMC çıxış edir və onun adına və ya işgüzar nüfuzuna xələl gətirəcək hər hansı ifadəyə, hərəkətlərə yol verilməsi video görüntüdə müəyyən edilmir. Bundan başqa iddiaçı tərəfindən də sübuta yetirilmir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

19. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

20. Göründüyü kimi iddiaçı hüquqi şəxsin həmin tələblə bağlı bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

21. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2**7-ci il 21 yanvar tarixli Qərarları).

26. Qeyd olunanlardan göründüyü kimi hazırkı iş üzrə iddiaçı hüquqi şəxsin hər hansı hüquqlarının pozulması işdə olan faktlarla sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “Facebook” və “İnstagram” sosial şəbəkələrdə cavabdeh tərəfindən İddiaçı MMC barəsində yayılmış məlumatlar onun işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində həmin sosial şəbəkələrdən silinməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində cavabdeh tərəfindən həmin məlumatların yayıldığı “Facebook” və “İnstagram” sosial şəbəkələrində İddiaçı MMC-dən üzr istənilməsi və həmin sosial şəbəkələrdə təkzib videosu yayılması, İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatların qanunsuz olaraq yaydığına görə kompensasiya olaraq 10 000 manat cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 20 manat və mediasiyanın keçirilməsinə görə ödənilmiş 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar