Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1229/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (mülki hüquq pozuntusu üzrə vurulmuş ziyanın ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına dəymiş 2488.33 manat maddi zərər məbləğinin, 44.88 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik olmaqla, ümumilikdə 2533,61 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMCnin balansında olan “BMC-Procity” avtobus markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun və Cavabdeh MMC-nin balansında olan “DAEWOO BS 090” avtobus markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun işktirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi barədə cəmiyyətin əməkdaşı tərəfindən DİN-in “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Bakı şəhər DYPİ-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin polis kapitanı X8 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh MMC-nin sürücüsü olan X1 əməllərində İXM-nin 332.1-ci və 327.1-ci maddəslərnin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar verilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün uzun müddət xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 010604 saylı Zərər Aktına əsasən **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusa 2488,33 manat maddi zərər dəymişdir. Qeyd edilir ki, yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində “DAEWOO BS 090 AVTOBUS” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 2488,33 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmişdir. Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi ilə danışılmış və məsul şəxsləri ilə görüşlər keçirilmişdir. Danışıqların eləcə də, elektron məhkəmə portalı vasitəsi ilə qarşı tərəfə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziya məktubuna müsbət reaksiya verilməmiş və dəymiş ziyanın ödənilməsi istiqamətində addımlar atılmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Bir tərəfdən “kirayəyə verən” qismində Bakı Nəqliyyat Agentliyi, digər tərəfdən “kirayəçi” qismində İddiaçı MMC arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin 1.1-ci bəndinə əsasən, kirayəyə verən qanuni əsaslarla sahibliyində olan bu müqavilənin 1 saylı Əlavəsində qeyd olunan 300 ədəd nəqliyyat vasitəsini təyinatı üzrə istifadə olunması üçün saz vəziyyətdə müvəqqəti əvəzsiz istifadəyə verir. Kirayəçi isə nəqliyyat vasitələrini əvəzsiz istifadəsinə qəbul edir və müqaviləyə xitam verildikdə isə nəqliyyat vasitələrini əvəzsiz istifadəsinə qəbul edir və müqaviləyə xitam verildikdə kirayəyə verənə qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin əvəzsiz istifadəyə verilməsi onlara mülkiyyət hüququnun verilməsinə səbəb olmur. 1.3-cü bəndinə əsasən, kirayəçinin nəqliyyat vasitələrini üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
7. 22 yanvar 2020-ci il tarixli əvəzsiz istifadə müqaviləsinə 1 saylı əlavədən görünür ki, əvəzsiz istifadəyə verilən 300 ədəd BMC markalı avtobusların siyahısında **- JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də mövcuddur.
8. Bir tərəfdən “sifarişçi” qismində Bakı Nəqliyyat Agentliyi, digər tərəfdən “icraçı” qismində BMC Otomotiv Sanayi ve Ticaret Anonim Şirkəti arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli, 051 nömrəli mallar və xidmətlər üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən, müqavilənin predmetini 300 ədəd ictimai nəqliyyat vasitəsinin-avtobusun və avtobuslar üzrə 5 illik texniki xidmətin satın alınmasını təşkil edir.
9. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 493881 nömrəli zərər aktına əsasən “BMC Procity” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 2488.33 manat təşkil etmişdir.
10. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə “DAEWOO BS090 Avtobus” markalı **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində tərəfindən AR İXM-in 332.1, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
11. İcbari Sığorta Müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair İcbari Sığorta Bürosunun çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:00-da baş verən hadisə üzrə **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsinin baş vermə tarixinə icbari avtoməsuliyyət sığortası müqaviləsi qüvvədə olmamışdır.
12. X3 Şəhadətnaməsindən görünür ki, mülkiyyətçisi İddiaçı MMC olan **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobus 21 yanvar 2023-cü il tarixdə qeydiyyata alınmışdır.
13. 23 noyabr 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 44.88 manat rüsum ödənilmiş, xidmət haqqı 0.40 manat təşkil etmişdir.
14. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər İddiaçı MMC və Cavabdeh MMC arasında mövcud olan mübahisə mülki hüquq pozuntusunun törədilməsi ilə əlaqədardır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də, qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
18. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçının balansında olan “BMC Procity” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı və Cavabdehin balansında olan “DAEWOO BS 090 Avtobus” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, baş vermiş hadisə nəticəsində Cavabdeh MMC-nin sürücüsü (X2) təqsirli bilinməklə, barəsində “inzibati təhbeh vermə haqqında” Qərar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 493881 nömrəli zərər aktına əsasən “BMC Procity” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 2488.33 manat təşkil etmişdir. İddiaçı hazırda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində balansında olan avtobuslara ziyan dəyməsini iddia edərək, sözügedən zərər aktına əsasında 2488.33 manat məbləğində pul məbləğinin ödənilməsi tələbi ilə çıxış edir.
19. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı “BMC-Procity” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun həqiqətən də İddiaçı MMC-nin balansında olduğu müəyyən edilmişdir.
20. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərindən çıxış etməklə, cavabdeh hüquqi şəxsin mülki hüquqi məsuliyyət daşımasını və vurulmuş zərərin ödənilməsi ilə bağlı öhdəliyinin mövcud olmasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh MMC-dən iddiaçının balansında olan “BMC-Procity” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyana görə 2488.33 manat məbləğində zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir.
21. İddiaçı tələbində həmçinin 44.88 manat dövlət rüsumunun və xidmət haqqı kimi ödənilmiş 0.40 manat pul məbləğinin tutulmasını tələb edir və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İddia tələbi təmin edildiyindən məhkəmə dövlət rüsumunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir. V Nəticə:
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına dəymiş 2488.33 manat maddi zərər məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 44.88 manat pul, 0.40 manat (qırx qəpik) xidmət haqqı olmaqla ümumilikdə, 2533.61 (iki min beş yüz otuz üç manat altmış bir qəpik) manat pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlham Əhmədov