Məhkəmə qərarları › İş №e-2-2(113)-123/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-123/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-123/2023 19.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, əsas borc, faiz borcu, cərimə, müqavilənin ləğvi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh4 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** saylı krеdit razılaşmasının və xx.xx.2021-ci il tarixli, 005R**********S saylı sazişin ləğv edilməsi, adıçəkilən krеdit razılaşması üzrə 5744,79 manat məbləğində əsas bоrc, 442,02 manat məbləğində faiz bоrcu və 1489,19 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7676 manat məbləğində pulun və mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli, 005L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200 000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən olunması razılaşdırılmışdır. Qeyd edilən uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli, 005R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10 000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli, 005R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Belə ki, Cavabdeh4 götürdüyü krеdit bоrcundan 4255,21 manat ödəmiş, onun 5744,79 manat məbləğində kredit borcu qalmışdır. 2.2. Adıçəkilən kredit razılaşmasına uyğun оlaraq faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kredit razılaşması ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 122 gün üçün hesablanmış faiz borcu 442,02 manat təşkil edir. Eyni zamanda krеdit razılaşmasına uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 122 gün üçün hеsablanmış cərimə 1489,19 manat təşkil edir. 2.3. Sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 448.1, 465.2, 472, 501 və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, kredit razılaşması üzrə məbləğ Cavabdeh4 bankdakı hesabına köçürülmüş, sonuncu isə həmin hesabdan nağd qaydada məxaric etmişdir. Lakin Cavabdeh4 kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

5. Məhkəmənin iclaslarında iştirak edən Cavabdeh4 bildirmişdir ki, müəyyən problemlərlə bağlı ödənişləri gecikdirmiş, lakin 2023-cü ilin yanvar ayının sonundan etibarən borcunu qaytarmağa davam edəcəkdir. Eyni zamanda cavabdeh məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş etmişdir.

6. Digər cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin sonuncular məhkəmənin iclaslarında iştirak etməmiş və gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit razılaşması üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

10. İddiaçı kredit razılaşması üzrə 5744,79 manat əsas borc, 442,02 manat faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbini irəli sürmüşdür.

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

13. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005L**********87 saylı uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana (Cavabdeh4) 200000.00 (iki yüz min manat) AZN məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kredltləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Adıçəkilən müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 09 dekabr 2030-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur.

14. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşmasının 1.1-ci bəndində göstərilmişdir ki, bank məbləği 10000.00 (on min manat) manat olan krediti aylıq faiz dərəcəsi 2.0833 (iki tam on mində səkkiz yüz otuz üç) % olmaqla 12 (on iki) ay müddətinə kredit alana (Cavabdeh4) verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.

15. İş materiallarında olan 005R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 11 yanvar 2021-ci il, son ödəniş tarixi isə 13 dekabr 2021ci il olmaqla 10000 manat kredit məbləği və 1429,5 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

16. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 005R**********S saylı sazişdən görünür ki, 005R********** saylı kredit razılaşması əsasında kredit alan (Cavabdeh4) kredit razılaşması üzrə götürdüyü kreditin qalığı və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22 noyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Kredit vaxtından əvvəl qismən qaytarıldıqda kredit alan vaxtından əvvəl ödəniş məbləği üzrə iki aylıq faizi də əlavə olaraq banka ödəyir.

17. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qeyd edilən ödəniş planından görünür ki, 6052,89 manat restrukturizasiya məbləği üzrə ilk ödəniş 13 dekabr 2021-ci il, son ödəniş tarixi isə 11 sentyabr 2023-cü il olmaqla, həmçinin 1527,17 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

18. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli, 005S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 005L**********87 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

19. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli, 005S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, 005L**********87 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

20. İş materiallarına əlavə edilmiş 11 dekabr 2020-ci il tarixli, 005S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 005L**********87 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

21. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə 005R********** saylı, xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh4 əsas borcu 5744,79 manat, faiz borcu 442,02 manatdır.

22. Məhkəmə tərəfindən təyin olunmuş xx.xx.2022-ci il tarixli, 9/7257 nömrəli ekspertiza üzrə ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli, 005R********** saylı krеdit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi) borcalanın banka ödəməli olduğu əsas borc 5284,35 manat, faiz borcu 616,5 manat təşkil edir.

23. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixli, 005L**********87 saylı uzunmüddətli kredit müqaviləsi bağlanaraq sonuncuya kredit xətti açılmış, həmin müqavilə əsasında iddiaçı ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması bağlanmış, sonuncuya aylıq faiz dərəcəsi 2,0833% olmaqla 12 ay müddətinə 10000 manat məbləğində kredit vеrilmiş, krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi) 5284,35 manat əsas borc, 616,50 manat faiz borcu mövcuddur.

24. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

28. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

29. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

30. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2020-ci il tarixli, 005L**********87 saylı uzunmüddətli kredit müqaviləsində və zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşması uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 005R********** saylı kredit razılaşması üzrə digər Cavabdeh4 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.

31. Yuxarıda qeyd olunan Qərarda əks olunan hüquqi mövqeyə görə ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

32. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

33. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

34. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

35. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə faiz borcunun 616,5 manat olduğu müəyyən olunsa da, iddiaçı faiz borcu olaraq 442,02 manat tələb edir. Qanunvericiliyin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Ona görə də, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 5284,35 manat əsas borc və 442,02 manat faiz borcu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

37. İddia ərizəsində iddiaçı 1489,19 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.

38. 005R********** saylı kredit razılaşmasının 4.2 və 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.

39. 005S**********03, 005S**********02 və 005S**********01 saylı zaminlik müqavilələrinin 3.1.2-ci bəndinə əsasən, Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq Kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zamin ödəyir.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

43. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, Cavabdeh4 məhkəməyə təqdim etdiyi izahat, o cümlədən kredit məbləğinin müəyyən hissəsini ödəməsi və qalan borcu 2023-cü ilin yanvar ayının sonundan ödəməyə hazır olması və kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 250 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

44. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 250 manat pul cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

c) Kredit müqaviləsinin ləğvi tələbi ilə bağlı

45. İddiaçı həm də xx.xx.2020-ci il tarixli, 005R********** saylı krеdit razılaşmasının və xx.xx.2021-ci il tarixli, 005R**********S saylı sazişin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

46. Məhkəmə müəyyən edir ki, 005R********** saylı krеdit razılaşmasının müddəti sazişlə edilmiş dəyişikliklərlə bərabər 11 sentyabr 2023-cü ildə başa çatacaqdır.

47. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

48. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

49. Həmin Məcəllənin 421.3-cü maddəsində göstərilmişdir ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

50. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 7 sentyabr 2018-ci il tarixli Qərar).

51. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müqavilənin ləğvi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir.

52. Belə ki, kredit müqaviləsi üzrə cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, öz öhdəliklərini icra etməyərək xx.xx.2022-ci il tarixdən kredit üzrə heç bir ödəniş etməmişdir.

53. Məhkəmə qeyd edir ki, banklar maliyyə bazarının iştirakçısı olmaqla fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Bankların müxtəlif növdə kreditlər təklif etməsi özü-özlüyündə sahibkarlıq fəaliyyətinin həyata keçirilmə növü olmaqla müvafiq faiz məbləğlərinin əldə edilməsinə yönəlir. Lakin kontragentin bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirə bilməməsi, şərtləşdirilmiş kredit borcunu vaxtında qaytarmaması bankı kredit müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum edir, müqavilənin məqsədlərinin realizə olunmasına mane olur.

54. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

55. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə xəbərdarlıq məktubları göndərərək xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin qaytarılmasa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyini qeyd etmişdir.

56. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu qənaətə gəlir ki, iddiaçı ilə ilə Cavabdeh4 arasında bağlanmış 11 dekabr 2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması və 22 noyabr 2021-ci il tarixli, 005R**********S saylı saziş ləğv edilməlidir.

d) Məhkəmə xərcinin tutulması ilə bağlı

57. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat pulun cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.

58. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-3723 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 14 iyul 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehlər 14 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmalarına rəğmən iştirak etməmiş, İddiaçı QSC ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.

59. Məhkəməyə təqdim edilən 07 iyul 2022-ci il tarixli, FT22188M4DSH nörməli ödəniş tapşırığına əsasən, Bakı şəhəri 6 saylı mediasiya təşkilatına 100 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə İddiaçı QSC tərəfindən banka tapşırıq verilmişdir.

60. 005S**********03, 005S**********02 və 005S**********01 saylı zaminlik müqavilələrinin 3.1 və 3.1.3-cü bəndinə əsasən, Zamin aşağıdakı öhdəlikləri icra etməlidir: Borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəyən ziyanı, kreditin və faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək (3.1.3).

61. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

62. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

63. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

64. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

65. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

66. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

V. Nəticə:

67. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 11 dekabr 2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması və 22 noyabr 2021-ci il tarixli, 005R**********S saylı saziş ləğv edilsin. 11 dekabr 2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 5284 (beş min iki yüz səksən dörd) manat 35 (otuz beş) qəpik əsas borc, 442 (dörd yüz qırx iki) manat 02 (iki) qəpik faiz borcu, 250 (iki yüz əlli) manat cərimə olmaqla, ümumilikdə 5976 (beş min doqquz yüz yetmiş altı) manat 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar