Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1230/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1983,70 manat əsas və ona hesablanmış 198,37 manat cərimə borcu olmaqla ümumilikdə 2182,07 manat pul vəsaitinin və iddia ərizəsinə görə ödənilmiş 42 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə "xxxx" ASC ilə cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov, məhəllə 3097 ünvanında yerləşən 1000 m bağlı sahəsi olan qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. İcarə muddəti ərzində ümumilikdə ödənilməli olan icarə haqqı ƏDV daxil olmaqla 12155 (on iki min yüz əlli beş) manat təşkil edirdi. Müqavilə üzrə Cavabdeh "xxxx" ASC-yə 1800 manat icarə haqqı və kommunal xidmətlərə görə 183,70 manat olmaqla ümumilikdə 1983,70 (min doqquz yüzsəksən üç manat yetmiş qəpik) manat borcu yaranmışdır. İcarəçiyə hüquqi şəxsə olan borcunun qısa zamanda ödənilməsi üçün şərait yaradılmasına baxmayaraq, sonuncu ödənişi icra etməmişdir. Tərəflər arasında bağlanmış subicarə müqaviləsinin 3.1.2-ci maddəsinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi təqdirdə, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0,5 % həcmində, lakin ümumi məbləğin 10%-dən çox olmamaq şərtilə cərimə tətbiq etmək səlahiyyəti vardır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda icarə müqaviləsinin şərtlərinə əsasən Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində hüquqi şəxsə zərər vurmuşdur. Bununla da cavabdeh, icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən icarə müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin "xxxx" ASC-yə olan 1983,70 (min doqquz yüz səksən üç manat yetmiş qəpik) manat əsas və ona hesablanmış 198,37 (yüz doxsan səkkiz manat otuz yeddi qəpik) manat cərimə borcu olmaqla ümumulikdə 2182,07 (iki min yüz səksən iki manat yeddi qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi U.Mərdanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 26 nömrəli icarə müqaviləsinə görə icarəyəverən özünün 1000 kv.m bağlı sahəsi olan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə oyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəyir.
8. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi təqdirdə, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0,5 % həcmində cərimə tətbiq etmək icarəyə verənin hüququdur.
9. Müqavilənin 6.1-ci bəndinə görə icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil olmaqla 1800 manat təşkil edir.
10. Müqavilənin 6.3-cü bəndinə görə aylıq icarə haqqı hər ayın əvvəli təqdim olunmuş hesab-faktura və/və ya elektron qaimə əsasında 3 iş günü ərzində ödənilir.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDG 329222 nömrəli 183,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 942039 nömrəli 1800 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
12. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 26 nömrəli icarə müqaviləsi üzrə iddiaçıya məxsus qeyriyaşayış sahəsi cavabdehin sahiblik və istifadəsinə verilsə də, onun tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş və iddiaçı tərəfindən təqdim edilmiş qaimələr üzrə cəmi 1983,70 manat borc məbləği ödənilməmişdir.
17. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 26 nömrəli icarə müqaviləsi üzrə 1983,70 manat borcu tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir.
18. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.1.2ci bəndinə əsasən hesablanmış 198,37 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
19. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
22. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 90 manat məbləğində müəyyən edilməlidir.
23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1983,70 manat əsas borc və 90 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 40,74 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 1,26 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1983,70 manat əsas borc, 90 manat dəbbə pulu, 40,74 manat dövlət rüsumu, ümumilikdə 2114,44 (iki min bir yüz on dörd manat qırx dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 1,26 (bir manat iyirmi altı qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova