Məhkəmə qərarları › İş №e-2-2(113)-1236/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1236/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1236/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, müqavilə öhdəliyi üzrə icranın gecikdirilməsi nəticəsində dəymiş zərərinin ödənilməsi, səbəbli əlaqə - conditio sine qua non, vicdanlılıq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Firmasının Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Firması Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 dekabr 2012-ci tarixli icarə müqaviləsi üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi – icarə obyektini vaxtında tərk etməməsi səbəbindən iddiaçıya dəymiş 70597,5 manat zərər, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 604 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün çəkilmiş 1500 manat xərc olmaqla ümumilikdə 72701,5 manat maddi zərərin və iddianın verilməsi üçün ödənilmiş 309 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 19 dekabr 2012-ci tarixli icarə müqaviləsi bağlanmışdır. Sözügedən icarə müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1600 kv.m olan qeyri-yaşayış binası cavabdehə 10 il müddətinə icarəyə verilmişdir. Sonradan icarə məbləğinin artırılması ilə bağlı adıçəkilən icarə müqaviləsinə 10 iyul 2013-cü il tarixində 1 saylı, 26 may 2016-cı il tarxində 2 saylı əlavələr imzalanmışdır. İcarə müqaviləsinin müddəti 2023-cü ilin mart ayının 15-də bitsə də, cavabdeh müqavilə üzrə öhdəliyinin icra edilməsinə biganə münasibət göstərərək icarə obyektini geri qaytarmamış, istifadəsinə davam etmişdir. Dəfələrlə cavabdeh xəbərdar edilsə də, icra obyektini tərk etməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə qarşı xx.xx.2023-cü il tarixində “maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2728/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə icarə obyektinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, 77880 manat məbləğində pul (icarə haqqı), 20 manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 130,6 manat olmaqla cəmi 78030,6 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 2.2. Lakin cavabdeh vaxtında icarə obyektini tərk etmədiyindən iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. Belə ki, iddiaçı cavabdehin icarə obyektini müqavilədə nəzərdə tutulan razılaşdırılmış vaxtda tərk edəcəyini ehtimal edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təkidi ilə X10 ilə xx.xx.2022-cü il tarixində həmin icarə obyektinə dair yeni icarə müqaviləsi bağlamışdır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndinə əsasən, icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçidən icarə obyektinə çəkdiyi bütün təmir-tikinti xərclərinin və ya icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh vaxtında, yəni xx.xx.2023-cü il tarixində icarə obyektini tərk etmədiyindən, iddiaçı həmin obyekti X8 vaxtında təhvil verə bilməmişdir. Bu səbəbdən X10 tərəfindən xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndini əsas götürülməklə iddiaçıya qarşı “icarə müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə X10 tərəfindən iddiaçıya 70000 manat avans ödənilmişdir. xx.xx.2023-cü il tarixli akta əsasən ödənilmiş 70000 manat avansın 35000 manatı X8 geri qaytarılmışdır. X10 xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndini əsas götürməklə 105000 manat təzminat ödənilməsini tələb etmişdir (70000 (ilkin avans) x 2 = 140 000, 140 000 - 35000 (qaytarılmış) = 105 000). 2.3. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1067/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 06 may 2022-ci il tarixli icarə müqaviləsinin 11 aprel 2023-cü il tarixdən xitam verilmiş hesab edilməsi, 105 000 manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 202,5 manat məbləğində mediasiya xərci və 395 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 105 597,5 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq X8 ödənilməsi qət edilmişdir. e-2-2(119)-1067/2023 saylı xx.xx.2023cü il tarixli qətnamədən apellyasiya, kassasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin 2-2(102)-435/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Kommersiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin sözügedən işlə bağlı əlavə kassasiya şikayəti də verilmişdir. Apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsi üçün ümumilikdə 604 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin hüquqi yardım göstərilməsi üçün ümumilikdə 1500 manat xərc çəkilmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya ödənilmiş 70000 manat avansın 35000 manatı xx.xx.2023-cü il tarixli akta əsasən X8 qaytarılmışdır. Yerdə qalan 35000 manat, yəni avansın digər hissəsi iddiaçı tərəfindən X8 ödəniləcəkdir. 2.4. Beləliklə, məhkəmə qətnaməsi əsasında iddiaçıdan tutulmalı olan 105 597,5 manat pulun 35000 manatı avans olaraq ödənildiyinə görə iddiaçı tərəfindən X8 qaytarılacaqdır. Lakin yerdə qalan 70597,5 manat maddi zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Çünki bu zərər xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndi əsasında, yəni cavabdehin vaxtında icarə obyektini tərk etməməsi səbəbindən yaranmışdır. Cavabdeh xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən 15 mart 2023-cü il tarixində icarə obyektini iddiaçıya təhvil verməli idi. Lakin cavabdeh bu öhdəliklərini yerinə yetirməyərək, icarə obyektini təhvil verməkdən boyun qaçırmışdır. Yalnız Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2728/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehi həmin icarə obyektindən çıxarmaq mümkün olmuşdur. 2.5. Göründüyü kimi, cavabdehin icarə obyektini tərk etməsi müəyyən edilmiş müddətdən daha gec, yəni 6-7 ay sonra baş vermişdir. Sözügedən qətnamədə isə yalnız həmin müddət ərzindəki icarə haqqının hesablanaraq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə tələb edilən zərərin e-2-2(113)-2728/2023 saylı iş ürə məkhəmə icraatında tələb edilməməsinin əsas səbəbi odur ki, X10 tərəfindən iddia daha sonra qaldırılmışdır və məhkəmə prosesi daha gec yekunlaşmışdır. Halbuki cavabdehin təqsirli davranışı səbəbindən iddiaçı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini icra edə bilməmiş və ümumilikdə 72701,5 manat məbləğində olmaqla maddi zərər dəymişdir. Əgər cavabdeh vaxtında icarə obyektini tərk etsə idi, iddiaçı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə həmin obyekti icarəçi X8 təhvil verərək öhədliklərini tam icra edəcəkdi. Dolayısı ilə cavabdehin təqsiri ucbatından iddiaçı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini icra edə bilmirsə və buna görə də ona ziyan dəyirsə, birbaşa olaraq cavabdeh həmin ziyana görə məsuliyyət daşıyır. Digər tərəfdən, Mülki Məcəllənin 705-ci maddəsində “digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir” deyə göstərilməsi hazırkı mübahisə üzrə iddiaçının cavabdehdən dəymiş zərəri tələb etməsini tam haqlı edir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385.1, 442, 448, 705-ci və s. maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.3-cü maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi X9 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddiaçı "xxxx" Firmasının Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. 03.05.2023-cü il tarixində iddiaçı cavabdehə qarşı “qanunsuz olaraq zəbt edilmiş qeyri-yaşayış sahəsinə maneələrin aradan qaldırılması, boşaldılması və geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1600 kv.m qeyri-yaşayış sahəsinə cavabdehin qəsdi və maneələrinin aradan qaldırılması, cavabdehin hesabına boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin vaxt iddiaçı iddia ərizəsinə əlavə ünvanlayaraq, iddia ərizəsinin təmin edilməsini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1600 kv.m qeyri-yaşayış sahəsinə cavabdehin qəsdi və maneələrinin aradan qaldırılması, cavabdehin hesabına boşaldılması və iddiaçıya təhvil verilməsi, dəymiş zərərin əvəzi olaraq 210 000 manat məbləğində pulun və xx.xx.2023-cü il tarixdən hazırkı iş üzrə məhkəmə qətnaməsi icra edilənədək aylıq 35000 manat məbləğində pulun, ilkin mediasiya sessiyasına iştirak üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 500 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2728/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1600 kv.m qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması, qeyri-yaşayış sahəsi cavabdehin hesabına boşaldılması və iddiaçıya təhvil verilməsi, cavabdehdən 77 880 manat məbləğində pul, 20 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130,6 manat olmaqla cəmi 78030,6 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə narazı olan iddiaçı apellyasiya və kassasiya instansiyalarında qətnaməni mübahisələndirməmiş, dolayısı ilə iş icraya yönləndirilmişdir. Bakı Şəhəri Xətai Rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildiriş əsasında qətnamə cavabdeh tərəfindən qanunauyğun və tam şəkildə icra edilmişdir. Qətnamənin icra edilməsi tərəflərin və icra məmurunun görüşü əsasında yerində akt imzalamaqla həyata keçirilmişdir. İş üzrə materiallara və iddia ərizələrinə diqqət edilsə, iddiaçının ilk dəfə cavabdehə qarşı qaldırdığı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı əlavəsi və hazırda qaldırdığı iddia tələbi üzrə qeyd etdiyi əsaslar eynidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23 fevral 2016-cı il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 5.3. Əlavə olaraq, cavadehin iddiaçı ilə icarə müqaviləsi üzrə münasibətlərin, öhdəliklərin davam etdiyi müddətdə faktiki və hüquqi olaraq cavabdehin istifadəsində olduğu halda mübahisəli əmlakın iddiaçı tərəfindən 3-cü şəxslərə icarəyə verilməsi (xx.xx.2022-ci il tarixində) barədə başqa sahibkarla (larla) eyni predmet barədə müqavilə bağlanılması qanunvericilik normalarının kobud şəkildə pozuntusu və hüquqazidd hərəkət kimi qiymətləndirilməlidir. Daha dəqiq, iddiaçı cavabdehlə icarə münasibətlərində olduğu müddətdə 2 ayrı fiziki şəxslə X10 və X11 ilə formal olaraq müqavilə bağlamış və qeyrirəsmi şəkildə akt əsasında ödənişlərin edildiyini göstərmək niyyətindədir. İddiaçı X11 ilə xx.xx.2022-ci il tarixində müqavilə bağlamış və 1 neçə gün sonra X10 ilə müqavilə bağlamışdır. Həmin vaxtı da cavabdehlə müqavilə münasibətləri davam edərək icarə haqqı əldə edir və heç təsadüfü də deyil ki, iddiaçı həmin vaxtı icarə obyektinin boşaldılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçının üçüncü şəxslər qarşısında formal (qanunsuz) olaraq bağladığı icarə müqaviləsi üzrə götürdüyü öhdəliklərinə görə cavabdehin məsuliyyət daşıması doğru deyildir. Qanunvericiliyə əsasən, müqavilə üzrə ödənişlər nağdsız şəkildə vergilərə bəyan edilməklə icra edilməlidir. Cavabdeh iddia ərizəsinə əlavədə qeyd edilən sahibkarla hər hansı icarə müqaviləsi və digər müqavilə üzrə öhdəlikləri mövcud deyildir. İddiaçının etdiyi hərəkətlər ya kimlərisə aldadaraq 3 tərəfli olaraq gəlir əldə etmək məqsədi daşıyır və ya o, əsassız olaraq qazanc əldə edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun müddəalarına əsasən, ödənişlərin aktla və ya nağd qaydada deyil, elekton-hesab faktura təqdim edilməklə ödənilməsi və müvafiq verginin ödənilməsi şərti ilə həyata keçirilməlidir. Göründüyü kimi, iddiaçı şirkət tərəfindən müxtəlif formalarda hüquqa zidd şəkildə, əsassız olaraq tələblər irəli sürülmüşdür və bu səbəbdən iddia rədd edilməlidir

6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 139.3, 146.2, 340.1-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1-ci maddəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçıya məxsus daşınmaz əmlakın birinci mərtəbəsi cavabdehə icarəyə verilmişdir. Müqavilə şərtlərinə əsasən 2023-cü ilin yanvar ayının 1-dən cavabdeh icarə obyektindən çıxmalı idi. Eyni zamanda 2022-ci ilin may ayında X10 ilə icarə müqaviləsi bağlanmış, 2023-cü ilin yanvar ayından etibarən obyekt sonuncuya icarəyə verilmişdir. Lakin cavabdeh icarə obyektini vaxtında boşaltmadığından iddiaçı ödənilmiş behin 2 misli məbləğində pulu X8 ödəmək məcburiyyətində olmuşdur.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, X10 öz adının bilinməsini istəmədiyindən Cəfərzadə Tural ilə yalan əqd bağlanmışdır. Bu səbəbdən də sonuncu tərəfindən iddiaçıya 315 000 manat avans ödənişi verilməmişdir.

9. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı mülahizə təqdim edərək göstərmişdir ki: – iddiaçı ilə X11 və X10 arasında formal olaraq ayrı-ayrı müqavilə bağlanmış kimi görünsə də, faktiki olaraq həmin müqavilə eyni tərəflə bağlanmışdır. Hər iki müqavilənin məzmununda heç bir fərq yoxdur və iki şəxslə eyni mahiyyətli, eyni şərtli, eyni qeyriyaşayış sahəsi ilə bağlı müqavilənin bağlanması da mümkün deyildir. Belə ki, X11 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixində bağlanmış müqavilə yalan əqddir. Qulam Aydınzadə cavabdeh (“Azərsun” Holding) ilə aralarında iş əlaqələri olduğundan rəhbərlik tərəfindən adının bilinməsini istəməmişdir. Bu səbəbdən müqavilədə tərəf kimi Cəfərov Vüsalın adı qeyd edilmişdir və iddiaçı tərəfindən cavabdehə qarşı ilk dəfə iddia qaldırılan zaman Aydınzadə Qulam məhkəməyə Cəfəzadə Vüsal ilə bağlanmış müqavilənin təqdim edilməsini tələb etmişdir. Ümumiyyətlə, həmin şəxsin kim olması ilə bağlı iddiaçının heç bir məlumatı yoxdur, bütün danışıqlar Qulam Aydınzadə ilə aparılmışdır. İddiaçı sadəcə olaraq Qulam Aydınzadənin özü tərəfindən təqdim edilən şəxs, X11 ilə müqaviləni formal olaraq bağlamışdır. Eyni zamanda indiyə qədər Vüsal Cəfərov tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Müqavilədə nəzərdə tutulan 70000 manat məbləğində olan avans Aydınzadə Qulam tərəfindən iddiaçıya ödənilmişdir. Müqavilənin tələbləri çərçivəsində Aydınzadə Qulamın faktiki olaraq hüququ yaranmışdır və bu səbəbdən bu günkü gündə 105 000 manat məbləğindəki pul onun tərəfindən tələb edilir. Cəfərov Vüsal tərəfindən isə indiyə qədər iddiaçıya qarşı heç bir tələb irəli sürülməmişdir. – Həmçinin Ali Məhkəmənin 2-2(102)-435/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “kollegiyanın iclasında cavabdeh həmçinin o hallara istinad etmişdir ki, iddiaçının nüfuzlu atası cavabdehə təklif etmişdir ki, yerli bazarda tanınmış iş insanı olduğuna görə və əlaqələri olduğu Cavabdeh MMC ilə münasibətlərinin pozulmaması üçün müqaviləni başqa şəxsin – Vüsal Cəfərovun adına rəsmiləşdirsinlər. X10 ilə icarə müqaviləsi 06 mayda, eyni şərtlərlə Vüsal Cəfərovla icarə müqaviləsi bu tarixdən 10 gün öncə bağlanmışdır. Nəticədə iddiaçı ilə olan münasibətləri gizlətmək məqsədilə yalan əqd bağlanmışdır. Vüsal Cəfərovla müqavilə bağlandıqdan sonra iddiaçı problem çıxa biləcəyini düşünərək özü ilə müqavilə bağlamağı təklif etmişdir. Vüsal Cəfərovla bağlanmış müqaviləyə xitam verilmiş, 1 gün sonra iddiaçı ilə müqavilə bağlanmışdır”. Bu bir daha sübut edir ki, Cəfərov Vüsal ilə bağlanmış müqavilənin heç bir əhəmiyyəti yoxdur.

10. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 2023-cü ilin yanvar aydında iddiaçı tərəfindən müraciət edilərək 15 mart 2023-cü il tarixdən icarə obyektinin boşaldılması xahiş edilmiş, həmin ilin fevral ayında iddiaçı və cavabdehin direktorları arasında icarə müddətinin uzadılması ilə bağlı danışıqlar aparılmışdır.

11. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, icarə obyektində yanğın hadisəsi baş vermiş, əmlak iddiaçı tərəfindən icbari qaydada sığorta edilmədiyindən təmirin həyata keçirilməsi üçün iddiaçıya müraciət edilmişdir. Lakin iddiaçı təmiri həyata keçirməyəcəyini bildirmiş, cavabdeh fevral ayında icarə obyektinin təmirini yekunlaşdırmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən fors-major halın davam etdiyi müddətdə müqavilə müddəti uzadılır.

12. Cavabdehin nümayəndəsi X9 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki: – iddiaçı etiraza dair öz mülahizəsini təqdim edərək formal olaraq müqavilə bağladığı – Aydınzadə Qulam şəxsinin nüfuzlu, tanınmış iş adamı olmasını, bu səbəbdən başqa şəxs – Vüsal Cəfərovla müqavilə bağladığını, daha sonra yalan əqd olduğunu vurğulamışdır. Həmçinin mülahizədə iddiaçı bağladığı müqavilələrin eyni məzmunlu, eyni şərtli, mahiyyəti eyni olan müqavilələr olduğunu bildirərək, yalan əqd olduğunu vurğulamışdır. İddiaçının Vüsal Cəfərovla bağladığı müqavilənin formal yalan əqd olmasını etiraf etməsi, məqsədinin açıq-aşkar əsassız pul qazanmaq niyyəti olduğu görünməkdədir. Əgər iddiaçı Vüsal Cəfərovla bağladığı müqavilənin formal, yalan olduğunu bildirirsə, onda müqavilənin bağlanılmasında və həmin müqavilə üzrə ortada real pul məbləği olmayan ödənişlərin (ödəniş tapşırığı, elektron qaimə əsasında ödəmələr, bankın icra ilə bağlı debet bildirişi və s. yoxdur) aylardır çəkən məhkəmə proseslərində tələb edilməsində zərurət nə idi? Həmçinin iddiaçı məhkəmə iclasında və yazılı mülahizəsində Vüsal Cəfərovla müqavilə bağladığını 1 gün sonra xitam edərək, digər şəxs ilə müqavilə bağladığını bildirmişdir. Tarixlərə diqqət edilsə, xx.xx.2022-ci il tarixdə Vüsal Cəfərovla müqavilə bağlanılıb, xx.xx.2022-ci il tarixində isə X10 ilə müqavilə bağlanılıb. X18 bağlanılmış müqavilə üzrə iddiaçının Cavabdeh MMC-yə qarşı tələbi xx.xx.2023-cü il tarixində olmuşdur. – İddiaçının qeyd etdiyi mülahizədə və iddia ərizəsində əsaslandırdığı fikirlər Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin 46, 47, 49, 50, 55, 56-cı bəndlərində məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir. Həmçinin hazırkı iş üzrə iddiaçı X10 ilə bağladığı formal müqavilənin predmetinə diqqət edilsə, icarəyəverənin hansı əmlakının Qulam Aydınzadəyə verildiyi tam olaraq qeyd edilməmiş, həmçinin icarə obyektinin xx.xx.2023-cü ildə icarəçiyə təhvil verilməsi göstərilmişdir. Əgər həmin müqavilə üzrə predmet olaraq Cavabdeh MMC-yə verilmiş icarə obyektindən söhbət gedirsə, ilk növbədə həmin əmlakın ölçüləri və ünvanı uyğun gəlmir. Habelə icarəyəverən olan "xxxx" Firması icarə obyektinin hüquqi və faktiki olaraq xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-nin istifadəsində, icarəsində olduğunu bildiyi halda bir neçə kontragentə yalan vədlər verərək, icarə obyekti ilə bağlı yalan, heç bir hüquqi qüvvəyə malik olmayan əhəmiyyətsiz əqdlər bağlamış və xx.xx.2023-cü ildə obyekti təhvil verəcəyini bildirmişdir. İddiaçının X12 ilə bağladığı müqavilənin şərtlərini düzgün müəyyən etməməsi, kortəbii şəkildə müqavilə bağlaması, faktiki olaraq təhvil vermədiyi əraziyə görə təzminatın ödənilməsi və nəticədə məhkəmə qətnamələri üzrə "xxxx" Firmasının əleyhinə qərarın çıxarılmasının Cavabdeh MMC ilə əlaqəsi yoxdur və kontragentlərə yanlış verdiyi vədlərə görə zərərə uğradığı vəsaitin cavabdeh tərəfdən ödənilməsi ağlabatan deyildir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarında iddiaçı X4 cavabdeh "xxxx" Firmasına qarşı verdiyi tələb üzrə cavabdehin təqdim etdiyi arqumentlərə nəzər yetirilsə, onun Cavabdeh MMC ilə müqavilə münasibətlərinin olması, Cavabdeh MMC-nin icarə obyektini gec təhvil verilməsini əsas gətirdiyini vurğulamışdır. – Bununla əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamənin 43-45-ci bəndlərində cavabdehin mövqeyi ilə razılaşmadığını kollegiya bildirmiş və kifayət qədər əsaslandırmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının eyni məzmunlu 2 və daha çox əqdi bağlaması və daha sonra öz mənafeyinə uyğun olaraq əqdlərdən biri yalandır, digəri həqiqidir deməsi, əslində qeyri-qanuni olaraq qazanc əldə etmək məqsədi daşıyır. İddiaçının hazırda mövqeyi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Plenum qərarındakı yanaşması misal çəkilə bilər. Yalan əqdin əlaməti olaraq yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

III. Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsinin icra edilməməsi ilə dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlı

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı Samqayıt şəhəri, 30-cu məhəllə, N.Nərimanov küçəsi, 3 ünvanında olan 1400 kv.m sahəni cavabdehin icarəsinə verməyi, cavabdeh isə icarə obyektini istifadəyə qəbul edib əvəzində iddiaçıya ƏDV xaric aylıq 10000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddəti marketin satış üçün açıldığı tarixdən etibarən 10 il müəyyən edilmişdir. Həmin müqaviləyə xx.xx.2013-cü il tarixli əlavə ilə icarə obyektinin ölçüsünün artırılaraq 1650 kv.m., icarə haqqının isə xx.xx.2013-cü il tarixdən aylıq 12000 manat olması razılaşdırılmışdır. Həmin müqaviləyə xx.xx.2016-cı il tarixli əlavə ilə aylıq icarə haqqı xx.xx.2016-cı il tarixdən ƏDV daxil olmaqla 14160 manat şərtləşdirilmişdir; – iddiaçı ilə X10 arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı Sumqayıt şəhərində yerləşən ümumi sahəsi 1400 kv.m. olan qeyri-yaşayış obyektini təhviltəslim aktı əsasında müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə X5 icarəsinə verməyi, sonuncu isə icarə obyektini qəbul edib əvəzində icarəyə verənə müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1. və 2.2-ci bəndlərinə əsasən, icarə obyektinin xx.xx.2023-cü il tarixində təhvil-təslim aktı əsasında X8 təhvil verilməsi, icarə obyekti təhvil verildikdən sonra 3 ay müddətində obyektin icarəçi tərəfindən təmir edilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçidən icarə obyektinə çəkdiyi bütün təmir-tikinti xərclərinin və ya icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. 11 aprel 2023-cü il tarixli iddiaçı və X10 tərəfindən təsdiq edilmiş akt ilə X5 xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçıya 70000 manat avans ödəməsi, həmin avansdan 35000 manat məbləğin X8 qaytarılması təsdiq edilmişdir; – iddiaçı "xxxx" Firması Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1600 kv.m olan qeyri-yaşayış sahəsinə cavabdeh "xxxx" MMC-nin qəsdi və maneələrinin aradan qaldırılması, cavabdehin hesabına boşaldılması və "xxxx" Firmasına təhvil verilməsi, dəymiş zərərin əvəzi olaraq 210000 manat məbləğində pulun və xx.xx.2023-cü il tarixdən hazırkı iş üzrə yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək aylıq 35000 manat məbləğində pul (əldən çıxmış fayda), ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 675 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli e-2-2(113)-2728/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1600 m2 olan qeyriyaşayış sahəsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və iddiaçı "xxxx" Firmasına təhvil verilməsi, Cavabdeh MMC-dən 77880 manat məbləğində pulun, 20 manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 130,6 manat olmaqla cəmi 78030,6 manat məbləğində pulun iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir; – X10 "xxxx" Firmasına qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv.m qeyri-yaşayış binasının istifadəyə verilməsinə dair 2022-ci il 6 may tarixli icarə müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə öhdəliklərini icra edə bilmədiyinə görə 70000 manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 manat və ona hesablanmış Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə 5621,15 manat, mediasiya ilə əlaqədar ödənilmiş 405 manat məbləğində mediasiya xərci və dövlət büdcəsinə ödənilmiş 401,22 manat dövlət rüsumu olmaqla, cəmi 111 427,37 manat pul vəsaitinin "xxxx" Firmasından tutularaq X8 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2023-cü il 17 noyabr tarixli e-2-2(119)-1067/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış müqaviləyə 2023-cü il 11 aprel tarixindən xitam verilmiş hesab edilməklə, "xxxx" Firmasından 105 000 manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 202,5 manat məbləğində mediasiya xərci və 395 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105 597,5 manat məbləğində pul vəsaitinin tutularaq X8 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir; – xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli e-2-2(119)-1067/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün 202 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(105)-28/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün 201 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

17. İddiaçı 19 dekabr 2012-ci tarixli icarə müqaviləsi üzrə icarə obyektini cavabdehin müqavilə ilə müəyyən edilmiş müddətdə boşaltmadığını, nəticədə həmin obyekti xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürən X8 vaxtında verə bilmədiyini, bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə avansın 2 misli məbləğində haqq, avansın qaytarılmayan hissəsi olan 35000 manat, 202,5 manat mediasiya xərci və 395 manat dövlət rüsumu olmaqla ümumilikdə 105597,5 manat məbləğində pulu X8 ödəməli olduğunu, eyni zamanda həmin haqqın tələb edilməsi ilə bağlı məhkəmə mübahisəsi üçün 1500 manat hüquqi yardım xərci, 604 manat dövlət rüsumu ödədiyini bildirərək cavabdehdən dəymiş zərər qismində avansın 2 misli (70000 manat), X10 ilə olan məhkəmə mübahisəsi üzrə məhkəmə qətnaməsi ilə tutulması qət edilən 202,5 manat mediasiya xərci və 395 manat dövlət rüsumu, həmin qətnamədən apellyasiya, kassasiya, əlavə kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (604 manat) və hüquqi yardım xərcinin (1500 manat), başqa sözlə ümumilikdə 72701,5 manat məbləğində pulun tutulmasını tələb edir.

18. Cavabdeh iddiaçının müqavilənin şərtlərini düzgün müəyyən etməməsi, eyni icarə obyekti barədə faktiki olaraq bir neçə şəxs ilə icarə müqaviləsi bağlamasının riskini daşıdığını, müqavilənin müddəti uzadılmadığı halda icarə obyektinin onlar tərəfindən xx.xx.2023-cü ildə qaytarılması razılaşdırılmış olsa da, iddiaçı ilə X10 arasında bağlanmış müqavilədə icarə obyektinin təhvil verilməsi tarixinin xx.xx.2023-cü il kimi razılaşdırıldığını, qanuni qüvvə minmiş məhkəmə qətnaməsi ilə X5 xeyrinə iddiaçıdan pulun tələb edilməsinin cavabdehlə əlaqəsi olmadığını, icarə obyektinin iddiaçıya gec təhvil verilməsində 15 yanvar 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsinin rolunun olduğunu və müqavilənin müddətinin uzadılması istiqamətində danışıqlar aparıldığını bildirərək iddianın rədd edilməsini xahiş edir.

19. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

22. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

23. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin icra edilməməsindən irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (“borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur”).

24. Qeyd edilənlərdən belə aydın olur ki, hazırda sübut edilməli halları borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqə və təqsir təşkil edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən isə borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqənin sübutetmə vəzifəsini iddiaçı, təqsirin (təqsirsiz olunmasının) sübutetmə vəzifəsini isə cavabdeh daşıyır. Lakin prosessual qənaət prinsipinə əsasən iddianın uğurlu olmaması qənaətinə sübutetmə predmetini təşkil edən bir neçə halın müəyyən edilməsi yolu ilə gəlindikdə digər halların araşdırılmasına zərurət qalmır.

25. İddiaçı cavabdehə qarşı “maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması, təhvil verilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanılmış 19 dekabr 2012-ci tarxli icarə müqaviləsinə əsasən "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1600 kv.m olan qeyriyaşayış binası Cavabdeh MMC-yə 10 (on il) müddətinə icarəyə verilmişdir. Sonradan icarə məbləğinin artırılması ilə bağlı 19 dekabr 2012-ci il tarxili icarə müqaviləsinə 10 iyul 2013-cü il tarixində 1 saylı, 26 may 2016-cı il tarxində 2 saylı əlavələr imzalanmışdır. İcarə müqaviləsinin müddəti 2023-cü ilin mart ayının 15-də bitmişdir. Müqavilənin müddətinin bitməsindən əvvəl və sonra dəfələrlə rəsmi qaydada cavabdehə müraciət edərək, müqavilənin müddətinin uzadılmayacağı bildirilsə də, müqavilə üzrə icarə obyektinin geri qaytarılması xahiş olunsa da, cavabdeh rəsmi müraciətlərə etinasiz və hörmətsiz yanaşaraq, icarə obyektini bu günədək geri qaytarmamış, qanunsuz olaraq ondan istifadəni davam etdirmiş, gəlir əldə etmişdir.

26. Cavabdeh də 19 dekabr 2012-ci tarixli icarə müqaviləsinin müddətinin mağazanın açılmasından sonra 10 il müddətinə razılaşdırıldığını, mağazanın 15 mart 2012-ci il tarixdə açıldığını, bu səbəbdən də icarə müddətinin 2023-cü ilin 15 mart tarixində bitdiyini, lakin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2728/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icarə obyektini boşaltdığını məhkəmə iclaslarında və təqdim etdiyi etirazda göstərmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş və hazırkı iş üçün preyudisial olan xx.xx.2023-cü il tarixli e-2-2(113)-2728/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 10 il müddətinə Cavabdeh MMC-yə icarəyə verilmiş, daha sonra tərəflərin razılaşması əsasında müqaviləyə dəyişiliklər edilmiş, sonuncu edilmiş dəyişikliyə uyğun olaraq, 1650 kv.m icarəyə verilmiş əraziyə görə 14160 manat məbləğində sabit aylıq icarə haqqının ödənilməsi və həmin icarə haqqının 01 iyun 2016-ci il tarixindən hesablanması razılaşdırılmışdır. İcarə müqaviləsinin müddəti 2023-cü ilin mart ayının 15-də bitmişdir. İddiaçı icarə obyektinin boşaldılmasını tələb etsə də, cavabdeh icarə obyektini boşaltmamış, mart ayından sonrakı aylar üçün də aylıq icarə haqlarını ödəmiş, lakin ödənilən məbləğlər iddiaçı tərəfindən geri qaytarılmışdır.

28. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

29. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

30. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

31. Hazırda 19 dekabr 2012-ci tarixli icarə müqaviləsi üzrə icarə müddəti 15 mart 2023-cü il tarixdə başa çatdığı və icarə hüquq münasibətlərinə xitam verildiyi halda, cavabdeh icarəçi kimi icarəyə götürdüyü sahəni icarəyə verənə - iddiaçıya qaytarmamış, icarə obyektinin qaytarılması öhdəliyini 15 mart 2023-cü il tarixdə icra etməməklə icranı gecikdirmişdir.

32. Zərərin mövcudluğu və həcminə münasibətdə isə məhkəmə göstərir ki, Sumqayıt Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2023-cü il 17 noyabr tarixli e-2- 2(119)-1067/2023 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" Firmasından 105 000 manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 202,5 manat məbləğində mediasiya xərci və 395 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 105 597,5 mənat məbləğində pul tutulmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli e-2-2(119)- 1067/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün 202 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(105)-28/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün 201 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

33. Lakin iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi əsasında ödənilən 201 manat məbləğində dövlət rüsumunun məhz iddiaçı ilə X10 arasında baş verən məhkəmə mübahisəsi üzrə əlavə kassasiya şikayətinin verilməsi üçün ödənilməsi öz təsdiqini tapmır. Həmçinin “Elektron vəkil” informasiya sistemindən təqdim edilən çıxarışdan iddiaçının qanuni təmsilçisinin müraciəti əsasında EM-1716VK-10752/24 nömrəli müqavilə üzrə qiymətin 300 manat və EM-1716VK-15176/24 nömrəli müqavilə üzrə qiymətin 300 manat razılaşdırıldığı görünür.

34. Belə olan halda, zərərin ümumi məbləği Sumqayıt Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2023-cü il 17 noyabr tarixli e-2-2(119)-1067/2023 nömrəli qətnaməsi ilə tutulmuş və qaytarılmayan avans ödənişi çıxılmaqla 70597,5 manat, ödənilmiş dövlət rüsumları 403 manat, hüquqi yardım xərci 600 manat olmaqla cəmi 71600,5 manat müəyyən edilir.

35. Lakin iddia edilən zərərlə cavabdehin hərəkətsizliyi (icranı gecikdirməsi) arasında səbəbli əlaqə mövcud deyildir. Belə ki, səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

36. Bu mənada səbəbli əlaqə ilə hərəkətin və ya hərəkətsizliyin zərərin yaranmasında bir neçə faktordan biri olması deyil, məhz həmin zərəri şərtləndirməsi, həmin zərəri bilavasitə yaratması (conditio sine qua non) nəzərdə tutulur.

37. Hazırkı işin hallarından isə belə bir səbəbli əlaqənin mövcudiyyəti təsdiq edilmir.

38. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2728/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, 23 aprel 2022-ci il tarixli aktda qeyd olunur ki, “icarəyə verən” "xxxx" firması və “icarəçi” X11 arasında 23 aprel 2022-ci il tarixli icarə müqaviləsi üzrə X11 "xxxx" firmasının direktoru Qanuni nümayəndə2 105000 manat avans ödəmişdir. Bu ödənilmiş 105000 (yüz beş min) manat avans məbləği gələcəkdə aylıq icarə haqqı məbləğindən çıxılacaqdır. İcarəyə verən direktoru Qanuni nümayəndə2 105000 manat avans məbləğini qəbul etiyini öz imzası ilə təsdiq edir. Akt "xxxx" firmasının möhürü ilə təsdiq edilmiş, icarəçi X11 qeyd edilməklə imzalanmışdır. ...11 aprel 2023-cü il tarixli aktda qeyd olunur ki, “icarəyə verən” "xxxx" firması və “icarəçi” X11 arasında 23 aprel 2022-ci il tarixli icarə müqaviləsi üzrə X11 "xxxx" firmasının direktoru Qanuni nümayəndə2 23 aprel 2022-ci il icarə müqaviləsi bağlanarkən müqavilənin 3.5 bəndinə əsasən icarə obyekti vaxtında təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 3 misli həcmində təzminat ödəməyi öhdəsinə götürmüşdür. 11 aprel 2023-cü il tarixində icarəyə verən "xxxx" firmasının direktoru Qanuni nümayəndə2 315000 manat avans məbləğindən 200000 manatı X6 geri ödəyir. X11 ödədiyi 200000 manatı geri götürdüyünü öz imzası ilə təsdiq edir. Bundan sonra X7 "xxxx" Firması direktoru Qanuni nümayəndə2 Məhəməd oğluna ödədiyi avans məbləği 115000 manat təşkil edir. Akt "xxxx" firmasının möhürü ilə təsdiq edilmiş, icarəçi X11 qeyd edilməklə imzalanmışdır. "xxxx" firması tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 27 mart 2023-cü il tarixli 2023/10 saylı pretenziya məktubunda ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 10 gün ərzində boşaldılmaqla təhvil verilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

39. X10 isə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən digər icarəçi (X11) ilə müqavilə olmasından məlumatı olsa idi, hazırkı müqaviləni bağlamayacağını bildirmişdir. Həmçinin, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılarkən bildirmişdir ki, X11 ilə "xxxx" Firması arasında bağlanmış müqavilədən məlumatlı olduqdan sonra tərəflər pulun tam qaytarılması ilə bağlı razılaşsalar da, cavabdeh pulun yarısını qaytarmış, tərəflər arasında artıq müqavilənin pozulması ilə bağlı qarşılıqlı razılaşma olmuşdur.

40. Beləliklə, aydın olur ki, X10 müqavilədən imtinasının əsası kimi onunla müqavilə bağlanmamışdan əvvəl icarəyə verənin (hazırkı iş üzrə iddiaçının) X11 ilə müqavilə bağlamasına istinad etmişdir.

41. Eyni zamanda, iddiaçı iddianın faktiki əsası qismində X5 iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ilə ondan tutulan məbləğə istinad etsə də, həmin iş üzrə qəbul olunmuş məhkəmə qərarlarından görünür ki, iddianın təmin olunmasının əsası qismində icarə obyektinin hazırkı iş üzrə cavabdeh tərəfindən vaxtında təhvil verilməməsinə istinad olunmamışdır.

42. İşin sadalanan hallarından göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsinin müddəti bitmədən iddiaçı eyni icarə obyekti üzrə X11 ilə 23 aprel 2022-ci il tarixli icarə müqaviləsi, daha sonra X10 ilə 06 may 2022-ci il tarixli icarə müqaviləsi bağlamışdır. İddiaçı digər mülki dövriyyə iştirakçıları ilə müvafiq icarə obyekti ilə bağlı müqavilələr bağlamış, bir müqavilə üzrə aylıq ödənişlər əldə etmiş, digər müqavilə üzrə əvvəlcədən 200 000 manat avans məbləği əldə etmiş, həmin müqavilənin mövcudluğu şəraitində üçüncü kontragentlə, yəni X10 ilə də müqavilə bağlamış, bundan əlavə avans məbləği əldə etmişdir.

43. Bununla yanaşı, iddiaçı ilə X11 arasında bağlanmış müqavilənin yalan əqd olması ilə bağlı iddiaçının bildirkləri də formal mülahizələr olmuşdur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2728/2023 nömrəli qətnaməsi və iş materiallarında olan sənədlər əsasında iddiaçının həm X2, həm də X3 avans ödənişi alması öz təsdiqini tapmışdır. Eyni zamanda X10 da X11 ilə icarə obyekti barəsində müqavilənin olmasından məlumatlı olmadığını, belə müqavilə olsa idi, iddiaçı ilə müqavilə bağlanmayacağını bildirmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının X11 arasında bağlanmış müqavilənin yalan olması barədə arqumentləri də əsassızdır.

44. Bundan başqa, iddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsində də icarə obyektinin 01 yanvar 2023-cü il tarixdə icarəçiyə təhvil veriləcəyi, 3 ay müddətində icarəçi tərəfindən təmir işlərinin həyata keçiriləcəyi və 01 aprel 2023-cü il tarixdən başlayaraq icarə haqqının ödəniləcəyi şərtləşdirilmişdir. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanan icarə müqaviləsinin müddətinin 15 mart 2023-cü il tarixdə başa çatdığı işin müəyyən olunan halıdır.

45. Göründüyü kimi, iddiaçının eyni icarə obyekti üzrə həm X10, həm də X11 ilə icarə müqaviləsi bağlaması, hər iki şəxsdən avans ödənişi əldə etməsi, X5 digər şəxslə icarə müqaviləsinin bağlanması barədə məlumat əldə etdikdən sonra avans ödənişinin 2 mislini tələb etməsi, X8 01 yanvar 2023-cü il tarixdə icarə obyektinin təhvil verilməsinin cavabdehlə icarə müqaviləsinin müddəti başa çatmadığından mümkün olmaması cavabdehin icranı gecikdirməsi ilə dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğunu istisna edir.

46. Başqa sözlə, hazırda iddiaçının istinad edilən zərərə düşməsi cavabdehin hərəkətsizliyi nəticəsində deyil, mülki dövriyyənin vicdanlı iştirakçısı kimi çıxış etməməsi, öhdəlik tərəfinə doğru məlumat verməməsi, müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi nəticəsində yaranmışdır.

47. Belə olan halda, səbəbli əlaqənin istisna edilməsi iddianın uğurlu olmaması qənaətinə gəlinməsi üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Firmasının Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçı "xxxx" Firmasına aid edilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" Firmasının Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar