Məhkəmə qərarları › İş №e-2-2(113)-1237/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1237/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1237/2023 27.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, cavabdehlərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə, Cavabdeh3 ilə və Cavabdeh2 ilə bağlanmış KE/77803/78/25 saylı, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən həmin Kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 34049.70 manat əsas, 5089.47 manat faiz borcunun və 1144.90 manat cərimə borcunun, cəmi 40284.07 manat borcun və ödənilmiş 212 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X1 və X3 mənzildən çıxarılması və əmlakın boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bankla Cavabdeh1 arasında xx.xx.2021-cı il tarixli L001/2021/25 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “KE/77803/78/25” saylı, xx.xx.2021-ci il tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 20 faiz olmaqla 50.000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 Cavabdeh1 ilə “Bank” arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış «Kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2023-cü il tarixinə cavabdehin xx.xx.2021 tarixli, KE/77803/78/25 saylı Kredit müqaviləsi üzrə «Bank»a 34049.70 manat əsas, 5089.47 manat faiz və 1144.90 manat cərimə borcu yaranmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1237/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə “KE/77803/78/25 saylı, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi və ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X1 və X3 mənzildən çıxarılması və əmlakın boşaldaraq banka təhvil verilməsi” tələbinə dair hissələrdə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Həsənova iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KE/77803/78/25 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişinə əsasən:

9. 1.Müqavilə üzrə əsas öhdəlik

10. Cavabdeh1 50000 manat məbləğində, 36 ay müddətinə, 20%-illik əsas vəsaitlərin alınması üçün kredit məlbəği ayrılır.

11. 3.Zaminlik

12. Kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunur. Zaminlərin rekvizitləri 5-ci bölmədə qeyd edilmişdir.

13. 4.Digər şərtlər

14. Bu krediti sazişi Bank of Baku ASC-nin xx.xx.2014-cü ildə təsdiq edilmiş müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə və L001/2021/25 saylı, 26 yanvar 2021-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilə əsasında bağlanmışdır və onların tərkib hissəsi saylır.

15. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verlməsi əsasları və tərəflərin arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər, habelə kredit limitinin maksimal müddəti, maksimal məbləği və maksimal faiz dərəcələri L001/2021/25 saylı 26 yanvar 2021-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilə və şərtlərlə müəyyənləşdirilir.

16. Kredit müqaviləsi ilə L001/2021/25 saylı 26 yanvar 2021-ci il tarixli kredit limitiin ayrılması haqqında müqavilə arasında uyğunsuzluq olduqda kredit müqaviləsinin şərtlərinə üstünlük verilir, kredit müqaviləsi daxilində kredit sazişi ilə şərtlər arasında uyğunsuzluq olduqda isə saziş ilə razılaşdırılan şərtlərə üstünlük verilir. Tərəflər bu sazişdə L001/2021/25 saylı 26 yanvar 2021-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilədən və şərtlərdən fərqlənən, onları tamamlayan və konkretləşdirən, ayrı-ayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər.

17. Zaminlər-Cavabdeh3 və Cavabdeh2dır.

18. Bank of Baku ASC-nin xx.xx.2014-cü ildə təsdiq edilmiş müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 6.12-ci maddəsinə əsasən Zamin, Müqavilədən irəli gələn pul öhdəlikləri Müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Müştəri ilə birlikdə birgə məsuliyyət daşıyır.

19. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh1 hesabına İddiaçı ASC tərəfindən 49999 manat məbləğində köçürmə edilmişdir.

20. 29 yanvar 2021-ci il tarixli, KE/77803/78/25 saylı kredit müqaviləsinə əlavə nömrə 1-ə əsasən Cavabdeh1 50000 manat kredit məbləği 20% illik olamqla 36 müddətinə verildiyi və xx.xx.2024-cü il tarixdə əsasə borc üzrə 50000 manat, faizlər üzrə 17011.6 manat olmaqla ödənilməli məbləğ 67011.6 manat müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları Cavabdeh1 adına hüquqi qeydiyyata alınmışdır.

22. İddiaçı ilə cavabdeh borclu Cavabdeh1 arasıda bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən:

23. Müqavilənin 1-ci bəndinə əsasən ipoteka qiyan öz mülkiyyətində olan bu müqavilənin 2-ci maddəsində təsvir olunan əmlakı özünün Bank qarşısında olan və bu müqavilənin 1.2-ci bəndində təsvir olunan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə ipoteka ilə yüklü edir.

24. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka qoyanın bankla Bakı şəhərində bağladığı 26 yanvar 2021-ci il tarixli L001/2021/25 saylı kredit limitinin ayrılması haqqında müqavilə və bu müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit saizşləindən əmələ gələn öhdəlikləri Bank qarşısında olan bütün öhdəliklərdir. Kredit limitinin ayrılması haqqında müqavilə üzrə ipoteka qoyanın bank qarşısında olan öhdəliyi aşağıdakı müəyyən edilir: - Limitin məbləği 100000 manat və Azərbaycan manatının kreditin rəsmiləşdirildiyi tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, ABŞ dolları, Avro, Rusya rublu, Böyük Britaniya funt sterlinqinə olan ekvivalenti; - Limitin müddəti: 84 ay; - maksimal faiz dərəcəsi: illik 30 %

25. Kredit limiti çərçivəsində verilən kreditlərin məqsədləri. Maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri ilə müəyyən olunur.

26. Müqavilənin 1.3-cü bəndinə əsasən ipoteka predmeti kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri üzrə ipoteka saxlayanın tələblərini (o cümlədən, hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtında mövcud olduğu həcmdə təmin edir.

27. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri FM Consulting MMC tərəfindən aparılmış qiymətləndirməyə əsasən 125000 manat təşkil edir. Bu bənddə qeyd edilən məbləğ əgər bu müqavilənin 4.4-cü bəndində qeyd edilən hal baş verməzsə ipoteka predmetinin ilkin satış qiyməti hesab ediləcəkdir.

28. Müqavilənin 4.4-cü bəndinə əsasən satış üsulundan asılı olmayaraq ipoteka predmetinə tutma yönəldilən zaman ipoteka predmetinin bu müqavilənin 2.4-cü bəndinə qeyd edilən ilkin satış qiyməti real bazar dəyərindən fərqqlənərsə, ipoteka predmetinin satışə “İpoteka saxlayan” və “İpoteka qoyan”nın hər ikisinin razılığı ilə həmin ana olan likvid bazar dəyərində həyata keçiriləcəkdir. Qeyd edilən razılıq əldə edilmədikdə ipoteka predmetinin satış qiyməti müqavilənin 2.4-cü bəndində qeyd edilən qiymətləndirici tərəfindən, həmin tarixdə qiymətləndirici fəaliyyətini dayandırdıqda və ya onun fəaliyyətinə xitam verildikdə, tərəflərin müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən ediləcəkdir.

29. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 19/mənzil 42 L001/2021/25 saylı kredit liminin ayrılması haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

30. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 04İB saylı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişdə Cavabdeh1 ilə Bank arasında xx.xx.2021-cı il tarixli L001/2021/25 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “KE/77803/78/25" saylı Kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 20 faiz olmaqla 50000 manat məbləğində kredit verildiyi, lakin buna baxmayaraq ödənişlər vaxtında həyata keçirilməmiş və gecikmə yarandığı, kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə “Bank” arasında bağlanmış xx.xx.2021 tarixli İpoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəh, Xətai ray, Nəsrəddin Tusi küçəsi, ev 19, m.42 Bankın xeyrinə ipoteka ilə yüklü edildiyi, «Kredit müqavilələri» üzrə öhdəliklər lazımınca icra edilmədiyi və nəticədə xx.xx.2023-cü il tarixə “KE/77803/78/25” saylı müqavilə üzrə banka 34049.7 manat əsas, 4729.99 manat faiz və 1144.9 manat cərimə borcu yarandığı, kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirilmədi üçün tutmanın Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanına yönəldilməsi üçün məhkəməyə müraciət edəcəyi haqda bu bildirişi göndərməklə ipoteka predmetinə tutmanın yönəltməyə başlanıldığı bildirilmişdir. Eyni zamanda bağlanmış müqavilə ləğv edildiyi qeyd olunmuş və bildiriş xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən qəbul edilmişdir.

31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixli elektron müraciət əsasında ünvan 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

32. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, 046/25CSD saylı arayışına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KE/77803/78/25 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə Banka 34049,70 manat əsas, 5089,47 manat faiz və 1144,90 manat cərimə borcu vardır.

33. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli L001/2021/25 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanmış xx.xx.2021-ci il tarixli, KE/77803/78/25 saylı kredit sazişi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2023-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) və ekspert rəyinin verildiyi tarixə əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/2596 saylı rəyində Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2023-cü il tarixli, KE/77803/78/25 saylı kredit sazişinin şərləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 41807,01 manat məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 44070,15 manat müəyyən edildiyi, o cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 36371,99 manat, faiz borcu üzrə 5435,02 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 36371,99 manat və faiz borcu üzrə 7698,17 manat olduğu müəyyən edilmişdir.

34. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 19 ünvanda yerləşən 42 saylı mənzilin real bazar qiyməti və likvid dəyəri nə qədər təşkil edilməsinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmiş və "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, LP-059/2023 saylı rəyində ünvan 3 ünvanda yerləşən 42 saylı mənzilin real bazar qiyməti 202.000 manat və likvid qiyməti isə 182.000 manat müəyyən edilmişdir.

35. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli L001/2021/25 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanmış xx.xx.2021-ci il tarixli, KE/77803/78/25 saylı kredit sazişi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla ilk xəbərdarlıq məktubunun cavabdehə çatdırıldığı xx.xx.2023-ci il tarixə (müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə bildirişin cavabdehə çatdırıldığı tarixə), maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil edilməsinin müəyyən edilməsi məqsədilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/4859 saylı rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, KE/77803/78/25 saylıkredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 41483,70 manat məbəğində və xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 41807,01 manat məbləğində müəyyən edilmiş, o cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 36371,99 manat, faiz borcu üzrə 5111,71 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 36371,99 manat və faiz borcu üzrə 5435,02 manat müəyyən edilmişdir. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KE/77803/78/25 saylı kredit sazişi üzrə hesabdan çıxarış məlumatları tam şəkildə təqdim edilmədiyindən cərimə hesablanmadığı qeyd olunmuşdur.

36. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

37. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh1 arasında xx.xx.2021-cı il tarixli L001/2021/25 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “KE/77803/78/25” saylı, xx.xx.2021-ci il tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 20 faiz olmaqla 50.000 manat kredit verilmişdir və Kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunmuşdur. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 Cavabdeh1 ilə “Bank” arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır.

38. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

39. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

40. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

44. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

45. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

46. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

47. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

48. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

49. Məhkəmə iddia tələbini təşkil edən əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizasını təyin etmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/4859 saylı rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, KE/77803/78/25 saylıkredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə (müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə bildirişin cavabdehə çatdırıldığı tarixə) banka olan əsas və faiz borcu 41483,70 manat məbəğində - əsas borc üzrə 36371,99 manat, faiz borcu üzrə 5111,71 manat, müəyyən edilmişdir.

50. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

51. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən daha yuxarı məbləğdə müəyyən edilmişdir, iddiaçı isə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Beləliklə, əsas və faiz borcu iddiaçı tərəfindən iddia ərizəsində tələb olunan məbləğlərdə cavabdehlərdən tutularaq İddiaçıya ödənilməlidir.

52. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə müqavilə üzrə 1144.90 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması tələbini də irəli sürmüşdür.

53. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

54. Məhkəmə hesab edir ki, cavabdehlərin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, tələb olunan dəbbə pulu əsas borc məbləğinə nisbətində, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alınaraq tənasübsüz surətdə yüksək olmadığından, iddiaçı cavabdehlərdən 1144.90 manat dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

55. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

56. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh borclu Cavabdeh1 arasıda xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqavilənin 1-ci bəndinə əsasən ipoteka qoyan Cavabdeh1 öz mülkiyyətində olan bu müqavilənin 2-ci maddəsində təsvir olunan əmlakı özünün Bank qarşısında olan və bu müqavilənin 1.2-ci bəndində təsvir olunan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə ipoteka ilə yüklü edib. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

57. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

58. “İpoteka haqqında” Qanunun:

59. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

60. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

61. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

62. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

63. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

64. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

65. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

66. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

67. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 19, 42 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulmalıdır.

68. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

69. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

70. Legal Prime” MMC-nin xx.xx.2023-cü il tarixli, LP-059/2023 saylı rəyində ünvan 3 ünvanda yerləşən 42 saylı mənzilin real bazar qiyməti 202000 manat və likvid qiyməti isə 182000 manat dəyərində olması müəyyən edilmişdir.

71. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 3 ünvanda yerləşən 42 saylı mənzilin likvid dəyərinin 182000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

73. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat və dövlət rüsumu olaraq 12 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.

74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

75. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

76. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 12 manat, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat qiymətləndirmə xidmətinin hesabına və məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli KE/77803/78/25 saylı krеdit müqaviləsi üzrə 34049.70 manat məbləğində əsas bоrc, 5089.47 manat məbləğində faiz bоrcu və 1144.90 manat məbləğində dəbbə pulu olmaqla cəmi 40284.07 (qırx min iki yüz səksən dörd manat, 07 qəpik) manat və dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 212 manat müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus olan Bakı şəh, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 19, 42 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 182.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulsun. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar