Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-124/2023 18.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı müqavilə üzrə pul tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən əsas borcu 5 157 000 (beş milyon bir yüz əlli yeddi min) AZN, faiz borcu 76 719.67 (yetmiş altı min yeddi yüz on doqquz manat altmış yeddi qəpik) AZN, ümumilikdə 5.233.719.67 (beş milyon iki yüz otuz üç min yeddi yüz on doqquz manat altmış yeddi qəpik) manat məbləğin və ödənilmiş 3407 (üç min dörd yüz yeddi) manat məbləğin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində 840/M saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli 840/M saylı kredit müqaviləsinə əsasən, borc alana xx.xx.2025-ci il tarixinə qədər, illik faiz dərəcəsi 4 (dörd) % olmaqla, 5.792.000 (beş milyon yeddi yüz doxsan iki min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixli 21/163 saylı zəmanət məktubu İddiaçı ASC-yə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli 21/163 saylı zəmanət məktubunda Cavabdeh1 MMC-yə 4 (dörd) il müddətinə ayrılacaq 5.792.000 (beş milyon yeddi yüz doxsan iki min) manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtında ödənilməsinə Cavabdeh2 MMC zəmanət verir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli 840/M saylı kedit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. İddiaçı ASC–nin xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.2021ci il tarixli 840/M saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin əsas borcu 5 157 000 manat, faiz borcu 76 719.67 manat, ümumilikdə 5.233.719,67 manat məbləğində təşkil edir. xx.xx.2022-ci il tarixli arayışa əsasən tərəflər arasında ilkin mediyasiya sessiyası təşkil edilmişdir. Lakin tərəflər arasında ilkin mediyasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmişdir. İddia qiyməti 50.000 manatdan çox olduğundan ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini xahiş edərək, qeyd etmişdir ki, tərəflər arasında qeyd olunan şərtlərlə imzalanmış kredit müqaviləsinin olması mübahisəlidir. Belə ki, zavodun rəhbərliyi dəyişilmiş, həmin direktorun müqaviləni imzalaması, hansı şərtlərlə imzalanması haqqında məlumatlı deyildirlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: "xxxx" ASC “borc verən” "xxxx" MMC “borcalan” olmaqla imzalanmış 29 iyun 2021 tarixli kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borcalana illik 4% olmaqla, xx.xx.2025 tarixinədək 5.792.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddət və qaydada krediti və kreditə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. "xxxx" MMC-yə məxsus hesabdan çıxarışdan məlum olur ki, 30 iyun 2021 tarixində qeyd olunan hesaba 5.792.000 manat mədaxil olmuşdur. “Radioquraşdırma” zavodunun direktoru, "xxxx" İB-nin baş direktoru Əliyev Çingiz İddiaçı ASC-nin İdarə Heyəti sədrinə xx.xx.2021 tarixli 03/271 nömrəli məktubla müraciət edərək, "xxxx" İB MMC-nin “Radioquraşdırma” Zavoduna 4 il müddətinə 5.792.000 manat məbləğində kreditin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" İB-nin baş direktoru Əliyev Çingiz İddiaçı ASC-nin İdarə Heyəti sədrinə xx.xx.2021 tarixli 21/163 nömrəli məktubla müraciət edərək, "xxxx" İB MMC-nin “Radioquraşdırma” Zavoduna 4 il müddətinə ayrılacaq 5.792.000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtında ödənilməsinə "xxxx" İB MMC zəmanət vermişdir. 23 may 2022 tarixli H/03-4376 nömrəli maliyyə arayışında xx.xx.2022 tarixinə Radioquraşdırma” Zavodu MMC-nin 5.157.000 manat əsas borc, 76.719,67 manat faiz borcu qeyd olumuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC və "xxxx" MMC arasında kredit müqaviləsi imzalanmış, "xxxx" MMC kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən hal-hazırda hüquqi şəxsin belə bir müqavilədən xəbərsiz olması ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə hüquqi şəxsin möhürü təsdiq olunmuş, eyni zamanda təqdim edilmiş sənədlərdən göründüyü kimi 5.792.000 manat vəsait "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixində 840/M saylı kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC "xxxx" MMC-dən 5.157.000 (beş milyon bir yüz əlli yeddi min) manat əsas borc, 76.719,67 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iddiaçı eyni zamanda kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh2 ASC-dən də tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Göründüyü kimi qanunvericilikdə zaminlik müqaviləsi üzrə öhdəliyin yaranma əsası kimi müqavilənin yazılı formada bağlanması tələbi nəzərdə tutulmuşdur ki, baxılan iddia tələbi üzrə tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında zaminlik müqaviləsinin olmaması, iddiaçının məktuba əsaslanaraq öhdəliyin icrasının Cavabdeh2 ASC tərəfindən təmin edilməsi tələbinin irəli sürməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, banka zəmanətin verilməsinə dair məktubla müraciət olunması Cavabdeh2 ASC-nin zamin hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh2 ASC-nin zaminlik müqaviləsindən irəli gələn öhdəliyi olmadığından, "xxxx" MMC-nin öhdəliklərinin icra edilməsi məsuliyyətini üzərinə götürmədiyindən iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 3.007 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən 5.157.000 (beş milyon bir yüz əlli yeddi min) manat əsas borc, 76.719,67 (yetmiş altı min yeddi yüz on doqquz manat altmış yeddi qəpik) manat faiz borcu, 3.007 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xərci İddiaçı ASCnin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən 5.157.000 (beş milyon bir yüz əlli yeddi min) manat əsas borc, 76.719,67 (yetmiş altı min yeddi yüz on doqquz manat altmış yeddi qəpik) manat faiz borcu, 3.007 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xərci İddiaçı ASCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-124/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-124/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver