Məhkəmə qərarları › İş №e-2-2(113)-1248/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1248/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1248/2025 07.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu Arazbari kəndi ərazisində 60 hektar torpaq sahəsində apardığı yaşayış və qeyriyaşayış tikililərin və torpaq sahəsində aparılmış yaxşılaşma işlərinin dəyəri olan 139.943 manat məbləğində pulun "xxxx" MMC-nin hesabından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2000-ci ilin əvvəllərində yaxından tanıdığı Biləsuvar Rayon sakini X5 həmin rayonun Arazbari kəndi ərazisində olan 60 ha torpaq sahəsini, qoyunçuluğun inkişafı üçün icarəyə götürdüyünü, lakin imkanı olmadığından orada torpağın münbitləşdirilməsi və təsərrüfat qura bilmədiyini danışmışdır. Z.Məmmədovla razılaşmaya görə, ona məxsus iri və xırda buynuzlu heyvanları həmin torpaq sahəsində saxlamağa başladı ki, gələcəkdə də o torpağı qanuni əsaslarla öz adınıza keçirib orada əsaslı bir təsərrüfat yaratsın. Bu məqsədlə 17 il ərzində o torpağı vicdanla qulluq edilib, münbitləşdirmişdir. Qazılaşmaya uyğun olaraq, ötən müddət ərzində təsərrüfatın qurulması üçün torpaq sahəsinin hamarlanmasını təşkil etmiş, 3500 metr uzunluğunda 3x3 ölçüdə kanal çəkdirmiş, suvarma sistemlərinin yararlı hala gətirilməsi üçün keçidlərə borular yerlədirilmiş və əraziyə elektrik xətti çəkdirmişdir. Eləcə də, həmin ərazidə 3 otaqlı daş tikilidən ibarət yaşayış evi, hamam-tualet, 2 otaqlı daşdan çoban evi, 3 ədəd hər biri 10 metr uzunluğunda və 1 ədəd 15 metr uzunluğunda tövlə inşa etmiş və qoyunların yemlənməsi üçün 1 ədəd 15 metr uzunluğunda hovuz tikdirmişdir. Həmçinin südçülük istiqamətində olan inəklərin saxlanması üçün yem bazası yaratmaq məqsədilə 60 ha torpaq sahəsində arpa və çoxillik əkmə olan yonca əkmiş və həmin torpaq sahəsini X1 razılığı ilə təsərrüfatın yem bazası kimi “Biznes planda” göstərərək, İqtisadiyyat Nazirliyi Yanında X2 xətti ilə 50.000 manat məbləğində güzəştli kredit götürərək sözügedən təsərrüfata yönəltmişdir. Qeyd olunanları X1 iştirakı ilə tərtib edilmiş, xx.xx.2021-ci il tarixli Akt da təsdiq edir. Yuxarıda qeyd olunan işlərin görülməsi üçün birlikdə 150.000 manata kimi pul xərcləmişdir. Göstərilən faktları Biləsuvar Rayon Məhkəməsinin 2(022)-44/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi də bir daha təsdiq edir. Həmin Qətnamədən də göründüyü kimi, X5 özü də, etiraf edərək, 5 nəfər şahidlə birlikdə xx.xx.2021-ci il tarixdə Aktın tərtib edildiyini də etiraf etmişdir. Həmçinin qeyd edir ki, torpaq sahəsində apardığı tikinti-quraşdırma işlərinin qiymətləndirilməsi üçün ekspertiza keçirilmiş və ekspert tərəfindən verilmiş rəyə əsasən həmin torpaq sahəsində aparılmış işlərin dəyəri 139.943 manat dəyərləndirilmişdir. Onu da qeyd edir ki, "xxxx" şirkəti X3 qarşı “Onun icarədə olan torpaq sahəsindən çıxarılması” barədə iddia tələbi ilə Məhkəməyə müraciət etmiş və Biləsuvar Ryaon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia təmin olunaraq Z.Ş.Məmmədovun həmin sahədən çıxarılması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan da görünür ki, hazırda mübahisəli icarə torpaq sahəsi "xxxx" şirkətinin mülkiyyətindədir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-44/2022 saylı Qətnaməsində məhkəmə tərəfindən müəyyən edilən hallardan da görünür ki, o həmin torpaq sahəsində inşa etdiyi tikilələrə görə çəkdiyi xərclərin əvəzini Z.Ş.Məmmədovdan deyil, "xxxx" şirkətindən tələb etməlidir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi, o sözügedən 60 hektar torpaq sahəsində inşa olunmuş tikililər, yaxşılaşmalar hazırda “Azərsun Holdingin” mülkiyyətinə keçmişdir və bu səbəbdən də hesab edir ki, hazırki vəziyyətdə cavabdeh "xxxx" əsassız varlanan şəxsdir, ona görə də, əsassız varlanmış şəxs olaraq, onun hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsinə çəkdiyi xərclərin dəyəri tutulmalıdır. Məhkəmə iclasında iştirak İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək qarşı tərəfin tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(113)-1527/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu, Araz barı kəndi ərazisində 60 ha torpaq sahəsində tikdiyi yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdiyi ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139.443 manat məbləğin "xxxx" MMC-in hesabından onun X4 və İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə iddia rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-1527/2024 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Qeyd edilmiş qətnamədən kassasiya şikayəti verilməmişdir. Öncəki iddia üzrə İddiaçı qeyd edilmiş torpaq sahəsində etmiş olduğu yaxşılaşdırma və tikililərə çəkmiş xərcin əvəzi olaraq 139.443 manat pulun "xxxx" MMC-dən tutulmasını xahiş etmiş və Mülki Məcəllənin 1096.1-ci (delikt) maddəsinə istinad etmişdir. Hazırkı iddia üzrə isə, İddiaçı qeyd edilmiş torpaq sahəsində etmiş olduğu yaxşılaşdırma və tikilələrə çəkmiş xərcin əvəzi olaraq 139.943 manat pulun "xxxx" MMCdən tutulmasını xahiş edir və Mülki Məcəllənin 1091-ci (əsassız varlanma) maddəsinə istinad edir. Göründüyü kimi, əvvəlki iddia ilə hazırkı iddia ancaq tələb edilən məbləğ üzrə 500 manat və iddiaçının istinad etdiyi maddi hüquq norması ilə fərqlənir. Mülki Prossesual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar dedikdə, məhz eyni tərəflər arasında olan iddiaların eyni faktiki əsasa malik olması və eyni hüquq münasibətinə əsaslanması başa düşülür. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 40-cı bəndində göstərilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Hazırda da, göründüyü kimi, iddiaçının əvvəl irəli sürdüyü iddia ilə, hazırkı iddianın predmeti və faktiki əsası eynidir. Belə ki, iddiaçı tərəf hər iki iddiada qeyd edilmiş torpaq sahəsinə və tikililərə çəkilmiş xərclərin əvəzini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar