Məhkəmə qərarları › İş №e-2-2(113)-125/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-125/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-125/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 və Kurtman Nuriyə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdeh və cavabdehin nümayəndəsi Kurtman Nurinin iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 və Kurtman Nuriyə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC), Cavabdeh3 və Kurtman Nuriyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 636-KQ nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 100000 manat əsas, 13081,83 manat faiz və 7770,11 manat cərimə borcu olmaqla, cəmi 120851,94 manat məbləğində pul, 400 manat mediasiya xərci, 11,25 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən "xxxx" MMC-yə dövriyyə vəsaitinin artırılması məqsədilə kredit xəttindən istifadəyə görə 16% ödəmək şərtilə 24 ay müddətində 100000 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Həmçinin kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 636-İZG/2 saylı, Kurtman Nuri ilə isə xx.xx.2022-ci il tarixli, 636-İZG/1 saylı zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etməyinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borc və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli, 636-KQ saylı kredit xətti müqaviləsinə əsasən 100000 manat əsas, 13081,83 manat faiz və 7770,11 manat cərimə borcu olmaqla, cəmi 120851,94 manat borc məbləği mövcuddur. Cavabdehlərə xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli, 6-2-22/2-4585/2023 saylı bildiriş, eyni zamanda həm poçt, həm də elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixli, 6-2-22/2- 13795/2023 saylı bildiriş göndərilərək xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş, xx.xx.2023- cü il tarixdə mediasiya prosesinə xitam verilməsi haqqında arayış verilmiş, həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Hazırkı mübahisə üzrə iddianın qiyməti ümumillikdə 120851,94 manat olduğundan, iddia irəli sürülərkən 410,85 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı "xxxx" ASC mediasiya xərci olan 400 manat ödədiyindən, həmin həddə dövlət rüsumu ödəməkdən azad olunur. Buna görə də iddiaçı tərəfindən 10,85 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.7, 448.1, 465.2, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər "xxxx" MMC, Kurtman Nuri və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 16096,39 manat əsas borc, 643,87 manat faiz borcu, 643,85 manat cərimə borcu olmaqla, cəmi 17384,11 manat borc, məhkəmə rüsumu kimi ödənilmiş 11,25 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdeh və digər cavabdehin nümayəndəsi Kurtman Nuri məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, borc məbləği tərəfindən tam ödənilmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC-yə bank tərəfindən 24 (iyirmi dörd) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır.

9. Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsinə 1 nömrəli Əlavə, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, 100000 manat məbləğində kredit 16 % dərəcəsi ilə 6 ay müddətinə verilmişdir. Kreditin verilmə tarixi 04.03 2022-ci il, bitmə tarixi isə xx.xx.2022-ci il olaraq qeyd olunmuşdur. Həmin müddətin sonuna 100000 manat əsas borc, 4718,16 manat faiz borcu olmaqla, cəmi 104718,16 manat məbləğində pul vəsaiti banka ödənilməliydi.

10. "xxxx" ASC ilə Kurtman Nuri arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-İZG/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsi üzrə "xxxx" MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Kurtman Nuri bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-İZG/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsi üzrə "xxxx" MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 753 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 215H1SL220630002 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan borcu 100000 manat məbləğində əsas, 13081,83 manat məbləğində faiz, 7770,11 manat məbləğində cərimə borcu, 10,85 manat məbləğində bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,4 manat məbləğində bank tərəfindən ödənilmiş komissiya haqqı olmaqla, ümumilikdə 120851,94 manat təşkil edir. Maliyyə arayışında kreditin verilmə tarixi 04.03 2022-ci il, bitmə tarixi isə xx.xx.2022-ci il olaraq göstərilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli 215H1SL220630002 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə banka olan borcu 16096,39 manat məbləğində əsas, 643,87 manat məbləğində faiz, 643,85 manat məbləğində cərimə borcu, 10,85 manat məbləğində bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,4 manat məbləğində bank tərəfindən ödənilmiş komissiya haqqı olmaqla, ümumilikdə 17384,11 manat təşkil edir. Maliyyə arayışında xx.xx.2023-cü il ildə edilmiş 10392,34 manat cərimə məbləği də daxil olmaqla, ümumilikdə 123000 manat ödənişin edildiyi qeyd edilir.

14. "xxxx" ASC-nin "xxxx" MMC, Kurtman Nuri və Cavabdeh3 ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 100000 manat əsas və 13126,28 manat faiz borcunun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6185 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları, xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ saylı kredit müqaviləsi xətti üzrə borcalanın kreditora xx.xx.2022-ci il tarixinə olan əsas borcu 100000 manat, faiz borcu 8250 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 87847,22 manat, faiz borcu 10385,18 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 87847,22 manat, faiz borcu 10604,79 manat təşkil edir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9701 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ saylı kredit xətti müqaviləsi üzrə borcalanın kreditora xx.xx.2022-ci il tarixinə olan əsas borcu 100000 manat, faiz borcu 8000 manat, faiz borcu illik 5% 250 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 95000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3406,25 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 95000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3472,22 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 95000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3643,75 manat, xx.xx.2023-cü il tarixinə olan əsas borcu 0 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 0 manat, artıq ödəmə 815,28 manat təşkil edir. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmənin mövqeyi:

19. Beləliklə, işin müəyyən olunan hallarından göründüyü kimi, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC-yə 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 100000 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC ilə Kurtman Nuri və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 636-İZG/1 və xx.xx.2022-ci il tarixli, 636-İZG/2 nömrəli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 636-KQ nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Kurtman Nuri və Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Həmin tarixdə borcalana 16 % dərəcəsi ilə 6 ay müddətinə 100000 manat məbləğində kredit verilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, ona görə də iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə banka ödənişlər edilmişdir. Maliyyə arayışında xx.xx.2023-cü il il tarixdə 10392,34 manat cərimə məbləği də daxil olmaqla, ümumilikdə 123000 manat ödənişin edildiyi qeyd olunur. İş üzrə ekspertiza təyin olunmuş, ekspertiza rəyi ilə cavabdehlərin banka borcunun olmaması müəyyən edilmişdir.

20. İddia tələbinin bir hissəsini xx.xx.2023-cü il tarixə banka olan 16096,39 manat məbləğində əsas borcun tutulması təşkil edir. Yuxarıda qeyd olunan ekspert rəyindən göründüyü kimi, həmin tarixə banka olan əsas borc 0 manat təşkil etmişdir.

21. İddia tələbinin digər hissəsini cavabdehlərin xx.xx.2023-cü il tarixə banka olan 643,87 manat faiz borcunun tutulması təşkil edir. xx.xx.2024-cü il tarixli, 9/9701 saylı ekspert rəyindən göründüyü kimi, həmin tarixə banka olan faiz borcu 0 manat təşkil etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyindən göründüyü kimi, xx.xx.2022ci il tarixə (müddət xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur) faiz məbləği 8000 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə həmin məbləğ borcalan tərəfindən tam ödənilmişdir. İlkin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə faiz borcu 0 manat olmuşdur.

22. Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində təmin olunmamalıdır.

23. Göstərilən hallar diqqətə alınaraq, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 643,85 manat cərimə borcunun tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin olunmamalıdır. Belə ki, əvvəla, nəzərə alınır ki, iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışında xx.xx.2023-cü il tarixə banka olan əsas borcun 16096,39 manat, faiz borcunun isə 643,87 manat məbləğində olması qeyd olunsa da, ekspert rəyi ilə göstərilən tarixə həmin borcların olmadığı müəyyən olunmuş, eyni zamanda ekspert rəyi ilə 815,28 manat artıq ödəmənin olduğu müəyyən edilmişdir.

24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini hazırkı vaxtda tam şəkildə icra etdiklərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

26. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar