Məhkəmə qərarları › İş №e-2-2(113)-1258/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1258/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1258/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 42.480 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə CR/0611 Saylı İcarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə və ona əlavə olaraq bağlanmış 1 saylı əlavə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə Fmgru markalı qülləli kran icarəyə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış təhvil təslim aktına əsasən 01 iyun 2021-31 yanvar 2022-ci il dövrü üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-nə ƏDV daxil 42.480 manat borcu qalmışdır. Lakin, borcun yaranmasından artıq 1 il vaxt keçməsinə baxmayaraq və cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər edilməsinə baxmayaraq, yaranmış borc bugünə qədər ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 iyun 2021-ci il tarixli CR/0611 saylı icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə icarəyə verən (İddiaçı) müqavilənin 1 saylı Əlavəsində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün İcarəçiyə verməyi, İcarəçi (Cavabdeh) isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavədə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. 01 iyun 2021-ci il tarixli CR/0611 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə ilə tərəflər Fmgru markalı FM1760TCK model 2008 istehsal illi seriya nömrəsi 16,806 olan qülləli kranın aylıq ƏDV daxil 5.310 manata icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilə və əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə iddia üzrə tələbin qanuni əsası kimi aşağıdakı normaların nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəyə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəyə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqavilələrindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun icarə haqqını ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İşdən göründüyü kimi, tərəflər arasında 1 iyun 2021-31 yanvar 2022-ci il dövrü üzrə 42.480 manat məbləğində yerinə yetirilmiş icarə xidmətlərinin qəbulu ilə bağlı təhvil-təslim aktı imzalanmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBBY seriyalı 375664 nömrəli 42.480 manat məbləğində icarə xidmətlərinin alıcı Cavabdehnə təqdim edilməsi barədə elektron qaimə göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəf 01 iyun 2021-ci il tarixli CR/0611 saylı icarə müqaviləsi üzrə cəmi 42.480 manat məbləğində icarə xidmətlərinin göstərilməsini aktla təsdiq etsə də, qeyd edilən xidmətlərə görə icarə haqqını ödəməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, 01 iyun 2021-ci il tarixli CR/0611 saylı icarə müqaviləsi üzrə 42.480 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mediasiya xərclərinə görə 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 18 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 01 iyun 2021-ci il tarixli CR/0611 saylı icarə müqaviləsi üzrə 42.480 (qırx iki min dörd yüz səksən) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar