Məhkəmə qərarları › İş №e-2-2(113)-126/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-126/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-126/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 36880,32 manat əsas borc, 2519,82 manat faiz borcu, 3081,72 manat cərimə, ödənilmiş 200 manat mediasiya xərcinin və 17,23 manat dövlət rüsumunun əvəzi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2018 il tarixli kredit limiti müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2018-ci il il tarixli 1 №-li razılaşmaya əsasən borcalan Cavabdeh5 illik 22 % ödəmək və xx.xx.2020 ilədək qaytarmaq şərtilə 23000 manat, xx.xx.2019 il tarixli 2 №-li razılaşmaya əsasən illik 21 % ödəmək və xx.xx.2021 ilədək qaytarmaq şərtilə 25000 manat kredit verilib. 1 №-li razılaşmaya əsasən verilmiş 23000 manat kreditin xx.xx.2021 il tarixə ödənilməmiş 9817.37 manat əsas borc və 1170.17 manat faiz hissəsi həmin tarixdə restruktizasiya olunaraq illik faiz dərəcəsi 19.44%, kreditin qaytarılmasının son müddəti xx.xx.2023-cü il müəyyən olunub. 2 №-li razılaşmaya əsasən verilmiş 25000 manat kreditin xx.xx.2021 il tarixə ödənilməmiş 22413.80 manat əsas borc və 3405.29 manat faiz hissəsi həmin tarixdə restruktizasiya olunaraq illik faiz dərəcəsi 17.94 %, kreditin qaytarılmasının son müddəti xx.xx.2023-cü il müəyyən olunmuşdur. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Müqavilə müddətinin sonuna banka olan borcun məbləği əsas borc üzrə 36880.32 AZN, faizlər üzrə 2519.82 AZN, cərimə üzrə 3081.72 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi/vəkili Vəkil2 bildirmişdir ki, iddianın Cavabdeh3 aid olan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq qeyd etmişdir ki, müşavirə otağında olarkən icra qeydinə də hüquqi qiymət verilməsini məhkəmədən xahiş edir. 2018-ci ildə ilkin müqavilə bağlanılmış və 2019-cu ildə əsas borclu öz həyat yoldaşını aldadaraq həmin müqavilələri imzalatmışdır. Cavabdeh3 xanımın bunlardan xəbəri olmamışdır. Hazırda tərəflərin də nikah münasibətləri pozulmuşdur. Həmçinin qeyd olunan məbləğə görə bankın 6 nəfər zamin cəlb etməsi də artıq bankda şübhə yaradırmış ki, tərəf bunu ödəməyə bilər və belə olan halda bank özü o məbləği əsas borcluya verərkən səhvə yol vermişdir. Sonda o, Cavabdeh3 aid hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (Kreditverən) və Cavabdeh5 (Borcalan) arasında imzalanmış xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalan”a 500000 AZN məbləğində 120 ay müddətinə, xx.xx.2028-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. İddiaçı ASC (Kreditverən) və Cavabdeh5 (Borcalan) arasında imzalanmış 12 dekabr 2018-ci il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşmaya əsasən, “Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 22 faiz olmaqla, xx.xx.2020-ci il tarixinədək 0 ay güzəşt olmaqla 23000 manat məbləğdə borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir. 1 nömrəli Razılaşmanın 7-ci bəndinə əsasən 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 (iyirmi iki)% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. İddiaçı ASC (Kreditverən) və Cavabdeh5 (Borcalan) arasında imzalanmış 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşmaya əsasən, “Kreditverən” 18009- S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 21 faiz olmaqla, xx.xx.2021-ci il tarixinədək 0 ay güzəşt olmaqla 25000 manat məbləğdə borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir. 2 nömrəli Razılaşmanın 9-cu bəndinə əsasən 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 (iyirmi iki)% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. 29 yanvar 2021-ci il tarixli 9290***-*******01R nömrəli Restrukturizasiya razılaşmasına (kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli Əlavə Razılaşmaya) əsasən: 1.Tərəflər arasında bağlanmış 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ay müddətinə illik 30% faizdən çox olmamaq şərtilə 500000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar; 2.“Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 19.44 % faiz dərəcəsi ilə xx.xx.2023-ci il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 10987.54 AZN məbləğdə borc pul vəsaitini "Boracalan”nın mülkiyyətinə verir; 3.Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit Cavabdeh5 18009- S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2018-cu il tarixli Əlavə Razılaşmaya əsasən verilmiş 23000 AZN məbləğdə kredit üzrə 9817.37 AZN əsas borcun qalığının və 1170.17 AZN məbləğdə hesablanmış faizin restrukturizasiyası məqsədi ilə verilir;

6. Güzəşt müddəti ərzində "Borcalan” götürülmüş kreditə görə yalnız 18009- S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə "Borcalan” əsas borc, faiz və digər ödənişləri "Kreditverən”ə ödəyəcəkdir. Faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən”ə qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0 AZN məbləğdə cərimə ödəyəcəkdir;

9. “Borcalan” bu razılaşmanı imzalamaqla 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində verilmiş bu razılaşmanın 2-ci bəndində qeyd edilən və “Borcalan”a məxsus bank hesabına köçürülmüş kredit məbləğinin Cavabdeh5 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində çərçivəsində xx.xx.2018-ci il tarixli Əlavə Razılaşmaya əsasən verilmiş 10987.54 AZN məbləğdə kredit üzrə yaranmış borclarının ödənilməsi məqsədi ilə “Kreditverən" tərəfindən qeyd edilən hesabdan silinməsinə razılıq verir. İddiaçı ASC və Cavabdeh2 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM78354302 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh4 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM71290401 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh3 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM78354202 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh6 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM67815002 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 009FİZAM78354602 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulmsı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kredit qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 05 dekabr 2019-cu il tarixli 18009- S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşma üzrə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 23000 manat olan kreditə görə Cavabdeh5 15 yanvar 2019-cı il tarixdən 11 dekabr 2020-ci il tarixinə qədər hər ayın 12-i (və ya 13-ü) 1193,47 manat, sonuncu ay 1193,56 manat ödəməlidir. İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşma üzrə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 25000 manat olan kreditə görə Cavabdeh5 06 yanvar 2020-ci il tarixdən 03 dekabr 2021-ci il tarixinə qədər hər ayın 5-i (və ya 6-sı) 1284,9 manat, sonuncu ay 1284,97 manat ödəməlidir. İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 29 yanvar 2021-ci il tarixli 9290***- *******02R saylı restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 25819 manat olan kreditə görə Cavabdeh5 05 mart 2021-ci il tarixdən 03 fevral 2023-cü il tarixinə qədər hər ayın 5-i (və ya 6-sı) 775 manat, sonuncu ay 1910,26 manat ödəməlidir. 25 may 2023-cü il tarixinə olan maliyyə arayışında İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 12 dekabr 2018-ci il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşma üzrə Cavabdeh5 xx.xx.2023-cü il tarixə 10987,23 manat əsas borc, 796,32 manat faiz borcu, 886,69 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir. 25 may 2023-cü il tarixinə olan maliyyə arayışında İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşma üzrə Cavabdeh5 xx.xx.2023-cü il tarixə 25893,09 manat əsas borc, 1723,22 manat faiz borcu, 2195,03 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir. **********250067 və CHWL**********86 nömrəli kassa məxaric qəbzlərinin surətindən görünür ki, Cavabdeh5 müvafiq olaraq 15000 manat və 23000 manat məbləğində pul vəsaiti verilmişdir Cavabdehlərin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/9686 saylı rəyi ekspert rəyi ilə cavabdehlərin İddiaçı ASC-yə 12 dekabr 2018-ci il tarixli 18009- S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşması üzrə müqavilənin bitdiyi tarixə (xx.xx.2023-cü il) əsas borcu 10.987,54 manat, faiz borcu 4.295,69 manat, 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşması üzrə müqavilənin bitdiyi tarixə (xx.xx.2023-cü il) əsas borcu 25.819,09 manat, faiz borcu 10.094,23 manat olması müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh5 arasında imzalanmış 12 dekabr 2018-ci il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşmaya əsasən “Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 22 faiz olmaqla, xx.xx.2020-ci il tarixinədək 23000 manat məbləğində, 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşmaya əsasən, “Kreditverən” 18009-S035908/678148 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 21 faiz olmaqla, xx.xx.2021-ci il tarixinədək 25000 manat məbləğdə kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Daha sonra 29 yanvar 2021-ci il tarixli 9290***-*******01R nömrəli Restrukturizasiya razılaşması ilə kreditin müddəti xx.xx.2023-ci il tarixinədək uzadılmışdır. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, 12 dekabr 2018-ci il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşma üzrə və 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşma üzrə ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə müəyyən edilmiş əsas və faiz borcu məbləğləri iddia ərizəsində tələb edilən məbləğdən çoxdur. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcların məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcları həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, 36880.32 manat əsas borc və 2519.82 manat faiz borcu məbləğində tutulmalıdır. İddia eyni zamanda cavabdehlərdən 3081,72 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1000 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə 12 dekabr 2018-ci il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşma və 05 dekabr 2019-cu il tarixli 18009-S035908/678148 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Razılaşması üzrə 36880.32 manat əsas borc, 2519.82 manat faiz borcu, 1000 manat cərimə borcu tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 200 manat mediasiya xərcinin və ödənilmiş 17,23 manat dövlət rüsumunun 10 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada 36880,32 manat əsas borc, 2519,82 manat faiz borcu, 1000 manat cərimə olmaqla 40400 (dörd min dörd yüz) manat 14 (on dörd) qəpik borc, 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun 10 (on) manatının əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360**********03944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar