Məhkəmə qərarları › İş №e-2-2(113)-1265/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1265/2023

30.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1265/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35989.84 (otuz beş min doqquz yüz səksən doqquz manat səksən dörd qəpik) manat, 200 (iki yüz) manat mediasiya haqqı olmaqla, cəmi 36189.84 (otuz altı min yüz səksən doqquz manat səksən dörd qəpik) manatın cavabdeh “DYZ Goyushov” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildən Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məğuldur. İddiaçı ilə cavabdeh arasında 08 fevral 2022-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı məhsulları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda cavabdehə satmağı, cavabdeh isə malların qəbul edilməsini və onların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə sifariş olunan malların ümumi dəyəri 278675.81 (iki yüz yetmiş səkkiz min altı yüz yetmiş beş manat səksən bir qəpik) manat təşkil edir. Həmin mallar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş, malların təhvil verilməsi aktla rəsmiləşdirilmişdir. Tərəflər arasında imzalanmış 25 yanvar 2022-ci il tarixli 3/22 saylı, 09 fevral 2022-ci il tarixli 2/22 saylı, 03 mart 2022-ci il tarixli 3/22 saylı, 15 mart 2022-ci il tarixli 4/22 saylı və 25 mart 2022-ci il tarixli 5/22 saylı təhvil-təslim aktları malların tam şəkildə cavabdehə təhvil verilməsini təsdiq edir. Cavabdehlə mübahisələr yarandığından onun tərəfindən qəbul edilmiş malların çox hissəsi (205024.98 (iki yüz beş min iyirmi dörd manat doxsan səkkiz qəpik) manatlıq mal) geri qaytarılmışdır. Bunu təsdiqləyən elektron qaimələr əlavə olunur. Malların bir hissəsinin isə pulu ödənilmişdir. (37660.99 (otuz yeddi min altı yüz altmış manat doxsan doqquz qəpik) manat). Bunu təsdiqləyən hesabdan çıxarışlar əlavə edilir. Lakin cavabdeh hal-hazıradək 35989.84 (otuz beş min doqquz yüz səksən doqquz manat səksən dörd qəpik) manat dəyərində olan malları geri qaytarmamışdır. Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə müraciətlərə etinasız münasibət göstərərək, cavab verməmişdir. Cavabdehə 07 sentyabr 2022-ci il tarixli pretenziya ilə müqavilə üzrə qalıq borcun ödənilməsi təklif edilsə də, heç bir nəticə olmamışdır. Mübahisənin mediasiya qaydasında həll edilməsi uğurlu olmamışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, eyni zamanda qeyd etmişdir ki, qarşı tərəfin məqsədi məhkəmə mübahisəsini uzatmaqdır. Belə ki, cavabdeh tərəf daha əvvəlki məhkəmə iclaslarında borcunu etiraf etmişdir. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, cavabdehə mallar təhvil verildikdən sonra tərəflər arasında mübahisə yaranmış nəticədə 205.025,98 manat məbləğində mallar geri qaytarılmışdır. Bundan başqa təhvil verilən və qəbul edilən mallarla bağlı 37660.99 manat ödəniş olmuş, bu barədə hesabdan çıxarışlar da əlavə edilmişdir. Cavabdeh tərəf hətta barışıq sazişi ilə bağlı müraciət etmiş, eyni zamanda iddiaçı olaraq da cavabehə borcun hissə-hissə ödənilməsi təklif olundu lakin, cavabdeh ödənişlərini icra etməmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı tərəf ona xırda-xırda ödənişlərin olmasını təklif edildiyini qeyd etsə də ona bildirilmşdir ki, 10.000 manat gətirməlidir. Həmin məbləğ isə xırda məbləğ deyildir. Onda bir sıra sübutlar mövcuddur ki, həmin sübutlar mobil telefonda olan yazışmalardır. Zurab bəyin təklifi ilə fəaliyyətə başlayan zaman ona təklif etmişdir ki, özünə mühasib işə götürsün. Bu günə kimi sahibkar olaraq fəaliyyət göstərməmişdir. İlk dəfə qarşı tərəfin iş elanını görmüş, bununla bağlı müraciət edən zaman ona 1.500 manat menecer maaşı yox, daha çox gəlir əldə etmək təklif edilmişdir. Bildirilmişdir ki, adından şirkət açılsın və şirkət adından satılacaq məhsullardan 10%-lik qazanc əldə olunacaqdır. Daha sonra bu təkliflə razılaşmış, fəaliyyət başlamışdır. Bununla belə qarşı tərəfin anbarından məlumatsız olmuş, gələn-gedən mallardan tam xəbərsiz olmuşdur. Yalnız adında müəssisə olmuşdur. "xxxx" imza onun özündə olmuşdur. Şirkətin dövriyyəsində göstərilmişdir ki, 300.000 manatlıq mallar qəbul edilmişdir. Bu günə kimi 51.000 manatlıq satış olmuşdur. Vergi orqanı tərəfindən 300.000 manatlıq mallara vergi hesablanmaması üçün, malların bir qismi geri qaytarılmışdır. Bununla belə vergi 300.000 manata uyğun hesablanmış və 18.000 manat vergi tutulmuşdur. Hazırda isə həmin vəsaiti qaytarmaq imkanında deyildir. Hələ qarşı tərəf özü də 20.000 manat borcludur. İşə başlayan zaman özünə mühasib götürməyi təklif etsə də bununla razılaşmayıblar. Müqavilədəki imzalar özünə məxsusdur. Lakin onu aldadaraq həmin sənədlər imzalanmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC Cavabdeh MMC arasında imzalanmış 08 feval 2022 tarixli 08/22 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokolunda göstərilən məhsulların razılaşdırlmış miqdarda, müddətdə və qiymətdə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin məhsulların çatdırıldıqdan sonra alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 5.1 bəndə əsasən alıcı tərəfindən alınmış hər bir məhsul eketron qaimədə qeyd ediləcək. 5.2 bəndə əsasən alıcı malları təhvil aldıqdan sonra qaimənin 20%-ni satıcıya ödəniş etməyi öhdəsindən götürür. Qaimə üzrə qalıq borc 60 gün ərzində ödəmə şərtilə. 5.3 bəndə əsasən müqaviləyə əsasən ödəniş nağdsız qaydada həyata keçiriləcəkdir. 25 yanvar 2022 tarixli 3/22 nömrəli malların təhvil-qəbul aktında cəmi 4.150,93 manat məbləğində malların təhvil-təslimi olmuş, hər iki tərəf aktı möhürü ilə təsdiqləmişdir. 09 fevral 2022 tarixli 2/22 nömrəli malların təhvil-qəbul aktına əsasən bir yüz əlli səkkiz min səksən doqquz manat dəyərində müxtəlif çeşidli malların təhvil-qəbulu tərəflər arasında razılaşdırılmışdır. 03 mart 2022 tarixli 3/22 nömrəli malların təhvil-qəbul aktına əsasən 106.433,58 manat məbləğində malların təhvil-qəbulu tərəflər arasında razılaşdırılmışdır. 15 mart 2022 tarixli 4/22 nömrəli malların təhvil-qəbul aktında 2.557,80 manat məbləğində malların təhvil-qəbulu tərəflər arasında razılaşdırılmışdır. 25 mart 2022 tarixli 5/22 nömrəli malların təhvil qəbul aktında 7.443,88 manat malların tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan məlum olur ki, “DYZ Goyushov” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən xx.xx.2022 tarixində 1.342,37 manat xx.xx.2022 tarixində 2013,55 manat hesaba mədaxil olmuşdur. Bank hesabından çıxarış məlumatından aydın olur ki, xx.xx.2022 tarixində 7.457,63 manat, xx.xx.2022 tarixində 11.186,44 manat, 19 aprel 2022 tarixində 15.661 manat hesaba mədaxil olmuşdur. EBCL seriyalı 683387 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 1.132,53 manat, EBCL seriyalı 466958 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 3.187,23 manat, EBCL seriyalı 688077 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 113.633,09 manat, EBCL seriyalı 782933 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 87.072,13 manat məbləğində mallar “DYZ Goyushov” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən İddiaçı MMC-yə qaytarılması üçün təqdim edilmişdir. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə mallar cavabdehə təhvil verilmişdir. Daha sonra tərəflər arasında olan razılaşmaya uyğun olaraq, malların bir qismi geri qaytarılmış, bir qismi üzrə isə ödənişlər olmuşdur. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə üzrə malların təhvil təslimi 25 yanvar 2022-ci il tarixli 3/22 saylı, 09 fevral 2022-ci il tarixli 2/22 saylı, 03 mart 2022-ci il tarixli 3/22 saylı, 15 mart 2022-ci il tarixli 4/22 saylı və 25 mart 2022-ci il tarixli 5/22 saylı təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Eyni zamanda iş materiallarında olan bank hesabında və ƏDV sub-uçot hesabından çıxarışlardan sübut olunmuşdur ki, təhvil verilmiş mallar üzrə cavabdeh tərəfindən ümumilikdə 37.660,99 manat məbləğində ödəniş olmuşdur. Eyni zamanda məhkəmə təqdim edilmiş elektron qaimələrdən məlum olur ki, ümumilikdə 205.024,98 manat məbləğində mallar cavabdeh tərəfindən geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli və 35989.84 (otuz beş min doqquz yüz səksən doqquz manat səksən dörd qəpik) manat cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndəsi iddia tələbinə etirazı olmadığını bildirmiş, daha sonrakı məhkəmə iclasında borc məbləğini mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsaslı olması ilə bağlı məhkəməyə sübutlar təqdim etmişdir. Cavabdeh tərəf isə borc məbləğini mübahisələndirsə də bununla bağlı olaraq məhkəməyə konkret sübuti əhəmiyyət daşıyan faktları təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassız olduğundan nəzərə alınmamalıdır. Vİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “DYZ Goyushov” məhdud məsuliyyətli cəmiyyətindən 35989.84 (otuz beş min doqquz yüz səksən doqquz manat səksən dörd qəpik) manat, 200 (iki yüz) manat mediasiya haqqı Estel Azerbaijan” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar