Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1265/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, barışıq sazişinin qüvvəsi və yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlılığı, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 2207,4 manat icarə haqqı, gecikdirilmiş hər gün üçün hesablanmış 5034,64 manat dəbbə pulu, avtomobilin təmirdə qaldığı müddət üçün 452,8 manat, ƏDV olaraq 676,33 manat, avtomobilin təmirinə xərclənən 1550 manat və ödənilmiş 30 manat və 89,22 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında “Toyota Rav 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixdə xx/xx/2022 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Cavabdehin icarəyə götürdüyü “Toyota Rav 4” markalı 99NF628 nəqliyyat vasitəsinə görə ödənilməyən 2207,40 manat icarə borcu yaranmışdır. Lakin cavabdeh hazırkı dövrə kimi yaranmış borcu ödəməmişdir. 2.2. Bundan başqa, adıçəkilən nəqliyyat vasitəsi cavabdehin icarəsində olan müddətdə ona zədələr yetirilmiş və bu barədə iddiaçıya məlumat verilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 320 nömrəli aktına əsasən nəqliyyat vasitəsinə ümumilikdə 1550 manat məbləğində ziyan dəymişdir. Həmçinin icarə haqqı və dəymiş zərərin (ümumilikdə 4433,73 manat) ödənilməsi ilə əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixdə EBDC 131558 seriya və nömrəli elektron qaimə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə elektron qaimənin göndərilməsinə baxmayaraq, hazırkı dövrə kimi cavabdeh adıçəkilən məbləği ödəməmişdir. 2.3. Beləliklə, cavabdehin borcu icarə müqaviləsinə görə 2207,40 (39 gün x 56,60) manat, icarə haqqına görə ödənilən ƏDV 676,33 manat (xx.xx.2022-ci il tarixli xx/xx/2022 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsində əgər icarəçi vergilərdən azad deyilsə, qiymətə 18% ƏDV-nin əlavə olunması qeyd edilib), icarə müqaviləsinə görə gecikdirilmiş hər gün üçün 0,5% hesablanmaqla 5034,64 (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 206 gün x 24,44) manat cərimə məbləği, avtomobil xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi təmirdə qaldığına görə 452,80 (8 gün x 56,60) manat əlavə icarə haqqı, avtomobilin təmirinə xərclənən (dəmirçi, rəngsaz üçün ön şüşə və. s. üçün) 1550 manat təşkil edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 443, 465.2-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X5 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsini müdafiə etdi və eyni zamanda bildirdi ki, cavabdehə bir neçə nəqliyyat vasitəsi, o cümlədən “Toyota Rav 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarəyə verilib. İcarə haqqı 30 gün üçün 1950 manat təşkil edib. Lakin nəqliyyat vasitəsinə görə 39 gün icarə haqqı ödənilməyib. Həmçinin nəqliyyat vasitəsi 2023-cü ilin mart ayında təhvil alınarkən onun zədələndiyi də məlum olub və təmir xərci 1550 manat təşkil edib. 452,80 manat isə avtomobilin təmirdə qaldığı müddət üçün hesablanan icarə haqqıdır.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, nəqliyyat vasitəsinin cavabdehə təhvil verilməsini yol vərəqələri təsdiq edir. Həmçinin tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmış, bu zaman avtomobilin təmirdə qaldığı müddət üçün hesablanan icarə haqqı və dəbbə pulunun bir hissəsi güzəşt edilmişdir.
7. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri Cavabdeh və qanuni təmsilçisinin “Eleketron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icarəyə verən qismində) ilə cavabdeh (icarəçi qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli xx/xx/2022 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinin şərtlərindən görünür ki, tərəflər avtomobili(ləri) bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan, əlavəyə (icarəyə verilən avtomobilin marka, model və nömrəsi), təhvil-təslim aktına, yol-vərəqəsinə və hesab-fakturaya əsasən təhviltəslim edirlər. Əgər “icarəçi” vergilərdən azad deyilsə, qiymətlərə 18% ƏDV əlavə olunacaq. Bu qiymətə daxildir: 6000 km aylıq, sığorta (açıqlaması 3-cü bənddə qeyd edilib), təhlükəsizlik avadanlığı və periodik təmir. Bu qiymətə daxil deyil: ƏDV, aylıq 6000 km-dən sonra əlavə kilometraj, franşiza, yanacaq, avtomobilin üzərində reklamın yerləşdirilməsi və bu müqavilədə göstərilməyən digər xərclər (1-ci hissə). Mövcud razılaşmanın müddəti, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, həmin günlər də daxil olmaqla müəyyən edilir. Əgər “icarəçi” xx.xx.2023-cü il tarixdən sonra avtomobildən(lərdən) istifadəni davam edərsə, bu müqavilə növbəti 12 ay müddətinə uzadılacaq (2-ci hissə). Hesab-faktura verildikdən sonra 10 (on) gün ərzində məbləğ köçürülməlidir. Əks təqdirdə “İcarəyə verən” “icarəçi”yə hər gecikdirilmiş gün üçün 0,5% məbləğində cərimə ödəyəcək. Bütün ödənişlər manat olaraq “icarəyə verən”in bank hesabına köçürülməli və ya nağd olaraq ödənilməlidir (9-cu hissə).
12. İş materiallarına əlavə edilən yol vərəqələrindən görünür ki, “Toyota Rav 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı ayrı-ayrı şəxslərə xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərində yol vərəqələri verilmişdir.
13. Məhkəməyə təqdim edilən təhvil-təslim aktından görünür ki, “Toyota Rav 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır.
14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDC 131558 seriya və nömrəli elektron qaimədən görünür ki, həmin qaimə 279 manat ƏDV daxil olmaqla 1829 manat dəymiş zərər, 397,33 manat ƏDV daxil olmaqla 2604,73 manat avtomobil icarəsi üçün tərtib edilmiş və cavabdehə təqdim edilmişdir.
15. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDC 131558 seriya və nömrəli elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir.
16. İddia ərizəsinə əlavə edilmiş iddiaçı və cavabdeh arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında mübahisə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Toyota RAV 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2207,40 manat icarə haqqının, icarə müqaviləsinə görə gecikdirilmiş hər gün üçün 5034,64 manat dəbbə pulunun, avtomobilin təmirdə qaldığına görə 452,80 manat əldə çıxmış faydanın, icarə haqqına görə ödənilən 18% 676,33 manat vergi məbləğinin və avtomobilin təmirinə xərclənən 1550,0 manat pul məbləğinin ödənilməsi tələbi ilə bağlı olmuş, tərəflərin razılığına əsasən, İddiaçı MMC-nin nümayəndəsi X3 və Cavabdeh MMC-nin nümayəndəsi X4 razılığa gəldilər ki, xx.xx.2022-ci il tarixli “Toyota RAV 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2207,40 manat icarə haqqının, icarə müqaviləsinə görə gecikdirilmiş hər gün üçün 2000,0 manat dəbbə pulunun, icarə haqqına görə ödənilən 18% 676,33 manat vergi məbləğinin və avtomobilin təmirinə xərclənən 1550,0 manat vəsaitin 10 iş günü ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına ödəniləcək. Tərəflər bildirirlər ki, onların bir-birinə qarşı hər hansı başqa tələbləri yoxdur. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir.
17. İş materiallarında olan etibarnamədən görünür ki, cavabdeh mediasiya təşkilatında təmsil olunmaq üçün X2 lazımi qaydada təsdiq olunmuş etibarnamə vermişdir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli xx/xx/2022 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Toyota RAV 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehə icarəyə verməyi, cavabdeh isə həmin nəqliyyat vasitəsini qəbul edərək icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin müqavilə ilə bağlı mübahisə əmələ gəlmiş, iddiaçı xx.xx.2022-ci il tarixli “Toyota RAV 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2207,40 manat icarə haqqının, icarə müqaviləsinə görə gecikdirilmiş hər gün üçün 5034,64 manat dəbbə pulunun, avtomobilin təmirdə qaldığına görə 452,80 manat əldə çıxmış faydanın, icarə haqqına görə ödənilən 18% 676,33 manat vergi məbləğinin və avtomobilin təmirinə xərclənən 1550,0 manat pul məbləğinin ödənilməsi tələbini irəli sürmüş, mübahisə mediatorun iştirakı ilə həll edilmiş və xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən xx.xx.2022-ci il tarixli “Toyota RAV 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2207,40 manat icarə haqqının, icarə müqaviləsinə görə gecikdirilmiş hər gün üçün 2000,0 manat dəbbə pulunun, icarə haqqına görə ödənilən 18% 676,33 manat vergi məbləğinin və avtomobilin təmirinə xərclənən 1550,0 manat vəsaitin 10 iş günü ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına ödəniləcəyini razılaşdırmışlar və saziş tam imzalandığı tarixdən qüvvəyə minmişdir.
19. İddiaçı adıçəkilən icarə müqaviləsinə əsaslanaraq 2207,4 manat icarə haqqı, gecikdirilmiş hər gün üçün hesablanmış 5034,64 manat dəbbə pulu, avtomobilin təmirdə qaldığı müddət üçün 452,8 manat, ƏDV olaraq 676,33 manat, avtomobilin təmirinə xərclənən 1550 manat pulun tutulmasını tələb edir.
20. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
26. İş materiallarına əsasən, tərəflər arasında hazırkı mübahisə ilə bağlı xx.xx.2023cü il tarixli MŞB/10-00656 nömrəli mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmış, mediasiya prosesi barışıq sazişi ilə başa çatmış və xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişini iddiaçı tərəfindən nümayəndəsi X3, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli etibarnamə ilə səlahiyyət verilmiş X4 imzalamışdır.
27. Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
28. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.
30. Göründüyü kimi, mülki qanunvericilikdə məzmunu təsbit edilmiş barışıq razılaşması (sazişi) tərəflər arasında olan hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edən əqd olub, qüvvəsi əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsinin həmin razılaşmaya əsasən istisna edilməsi və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olmasında ifadə olunmuşdur. Başqa sözlə, barışıq sazişi o cümlədən əqddən irəli gələn mübahisənin qarşılıqlı güzəşt yolu ilə həll edilməsini nəzərdə tutur və qüvvəyə mindiyi andan əvvəlki mübahisədən irəli gələn hər hansı iddianı istisna edir.
31. Elə tərəflər arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişində də göstərilmişdir ki, tərəflərin bir-birinə qarşı hər hansı başqa tələbləri yoxdur.
32. Bu mənada iddiaçının barışıq sazişini nəzərə almadan əvvəllər mübahisəli olmuş iddiaya istinad etməsi Mülki Məcəllənin 881.2-ci maddəsinə zidd olmuşdur. Halbuki iddiaçı da iddia ərizəsində faktiki əsas kimi həm də xx.xx.2023-cü il tarixli barışıq sazişinə istinad etmiş, həmin barışıq sazişi isə 6-cı bəndinə müvafiq olaraq imzalandığı andan qüvvəyə minmişdir.
33. Adıçəkilən barışıq sazişində isə iddiaçı iddia tələbinin 3034,64 manat dəbbə pulu və avtomobilin təmirdə qaldığına görə 452,80 manat məbləğində pulun tutulması hissəsində cavabdehə güzəşt etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli “Toyota RAV 4” markalı 99NF628 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2207,40 manat icarə haqqının, icarə müqaviləsinə görə gecikdirilmiş hər gün üçün 2000,0 manat dəbbə pulunun, icarə haqqına görə ödənilən 18% 676,33 manat vergi məbləğinin və avtomobilin təmirinə xərclənən 1550,0 manat vəsaitin iddiaçıya ödənilməsi razılaşdırılmışdır.
34. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh MMC-dən 397,33 manat məbləğində ƏDV daxil olmaqla 2604,73 manat məbləğində icarə haqqı, 2000 manat məbləğində dəbbə pulu, 279 manat məbləğində ƏDV daxil olmaqla 1829 manat dəymiş zərərin əvəzi olmaqla ümumilikdə 6433,73 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı eləcə də ödənilmiş 30 manat və 89,22 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
36. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 120 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 397 (üç yüz doxsan yeddi) manat 33 (otuz üç) qəpik məbləğində ƏDV daxil olmaqla 2604 (iki min altı yüz dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində icarə haqqı, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 279 (iki yüz yetmiş doqquz) manat məbləğində ƏDV daxil olmaqla 1829 (bir min səkkiz yüz iyirmi doqquz) manat dəymiş zərərin əvəzi olmaqla ümumilikdə 6433 (altı min dörd yüz otuz üç) manat 73 (yetmiş üç) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 (yetmiş səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova