Məhkəmə qərarları › İş №e-2-2(113)-1269/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1269/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1269/2025 28.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi,Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13621 (on üç min altı yüz iyirmi bir) manat maddi ziyan, 300 (üç yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərc, ödənilmiş dövlət rüsumuna görə 130,86 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən “Ravon Nexia R3” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. “Ravon Nexia R3” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 mart 2024-cü il tarixdə evakuator vasitəsilə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücü-cavabdehin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin xx.xx.2024-cü il tarixdə avtoqəza keçirdiyi müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, aktda avtomobildə olan nöqsanlar sadalanmışdır. Qeyd olunan nöqsanlar barədə Cavabdeh yerində avtomobilə baxış zamanı məlumat verilmiş, lakin o, heç bir əsas olmadan aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda bildirilmişdir ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona həm rəsmi poçt vasitəsi ilə, həm də AR İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi informasiya Sistemində yaradılmış elektron kabinetinə məktubla göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən qüsur aktına əsasən avtomaşının bərpası üçün 13621 (on üç min altı yüziyirmi bir) manat tələb olunmuşdur. Qüsur aktına əsasən ehtiyat hissələrinin dəyişdirilməsi dəyişdirilməsinə çəkilməli olan xərclərin cəmi məbləği 8281 (səkkiz min iki yüzsəksən bir) manat, usta xidməti 5340 (beş min üç yüz qırx) manat təşkil etmişdir. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Avtomobil hələ də təmir olunmamışdır. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və əlavə olaraq qeyd etdi ki, ekspert rəyində qeyd olunan 12421 manat məbləği qəbul edirlər. 800 manat depozit ödənilibdir. İcarə haqqı ilə bağlı mübahisə yoxdur.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ilə icarəçi qismində X6 arasında 08 sentyabr 2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzrəinə götürməklə ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur; 3-cü bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 800 manat depozit məbləği nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir; 4-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərinin və hasilata olan borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir; 19-cu bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə əsasən hüquqi və maddi məsuliyyəti daşıyırlar. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

8. xx.xx.2023-cü il tarixli etibarnamənin məzmunundan müəyyən olunur ki, mülkiyyətçi İddiaçı tərəfindən “Ravon Nexia R3” minik avtobilinin idarəçilik səlahiyyətləri X4 etibar edilmişdir.

9. X6 tərəfindən əl yazısı ilə yazılmış cərimələrlə tanışlıq barədə sənədin məzmunundan müəyyən olunur ki, minik avtomobilinin yağı üçün müəyyənləşdirilmiş km keçirilərsə, 300 manat, həftəlik ödəniş gecikdirlərsə, 50 manat, YPX cərimə 100 manatdan çox olarsa X6 tərəfindən ödənilməlidir.

10. X6 tərəfindən əl yazısı ilə yazılmış xx.xx.2023-cü il tarixli sənədin məzmunundan müəyyən olunur ki, avtomobilin icarəsinə görə 800 manat depozit ödəmişdir. Əgər avtomobili 3 ay ərzində qaytarılarsa, qoyulan depozit tələb edilə bilməz. Həmin müddətdə avtomobilə zərər vurularsa, vurulmuş zərər depozit məbləğindən çıxılmayacaqdır. Əgər avtomobil 3 aydan sonra qaytarılarsa, verilən depozit 400 manat qaytarılmır, qalıq 400 manat avtomobilə dəymiş zərərə çıxılır, qalıq məbləğ qaytarılır.

11. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair aktın məzmunundan müəyyən olunur ki, “Ravon Nexia R3” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuator vasitəsi ilə xx.xx.2024-cü il tarixdə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin xx.xx.2024-cü il tarixdə avtoqəza keçirildiyi müəyyən olunmuşdur. Avtomobildə aşkar edilən nöqsanlar aktda qeyd edilmişdir. X1 və İddiaçı tərəfindən imzalanmış, X3 qarşısında “imtina etdi” qeyd edilmişdir.

12. İddiaçı nümayəndəsi tərəfindən X4 ünvanlanmış aktın surətinin göndərilməsi barədə sənədin məzmunundan müəyyən olunur ki, avtoqəza nəticəsində nəqliyyat vasitəsinə 13621 manat məbləğində zərər dəymişdir.

13. X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktın məzmunundan müəyyən olunur ki, **-HE-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtomobilin təmir xərcləri ümumilikdə 13621 manat təşkil edir.

14. İddiaçı tərəfindən iş materiallarına qəzalı avtomobilin fotoşəkilləri əlavə edilmişdir.

15. İddiaçı tərəfindən X4 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1316 saylı ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Khazar rəsmi dileri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 12421 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 8281 manat, təmir-bərpa işlərinin qiyməti – 4140 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10892 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 6752 manat, təmir-bərpa işlərinin qiyməti – 4140 manat. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

19. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İcarə müqaviləsi üzrə icarə predmeti olan “Ravon Nexia R3” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilmiş, lakin müəyyən müddətdən sonra yol nəqliyyat hadisəsi baş vermiş və nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə zamanı icarə predmeti olan avtomobilə ziyan dəymiş və ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Həmin hallar işin mübahisəsiz hallarını təşkil edir. Cavabdeh dəymiş ziyanın məbləğini mübahisələndirmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında ekspert rəyində qeyd olunan məbləğin yüksək olduğunu, təmir üçün təxminən 6000, 7000 manat xərcin lazım olacağını bildirmişdirşdir. Beləliklə, cavabdeh müqavilə ilə üzərinə götürdüyü müvafiq öhdəlikləri (nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmək və s.) yerinə yetirməmişdir.

20. İddia tələbinin bir hissəsini Cavabdeh 13621 (on üç min altı yüz iyirmi bir) maddi ziyanın cavabdehdən tutulması təşkil edir.

21. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmədiyini, belə olan halda isə iddiaçının avtomobilin təmiri üçün çəkilməli olan xərci cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli və cavabdeh X2 10492 (on min dörd yüz doxsan iki) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Məhkəmə bu qənaətə gələrkən ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1316 nömrəli ekspert rəyini nəzərə almışdır. Belə ki, dəymiş ziyanın məbləği ilə bağlı mübahisə olduğundan ekspertiza təyin olunmuş və rəy verilmişdir. Ekspert rəyi ilə avtomobilin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, dəyişilməli hissələrin (6752 manat) və təmirbərpa işlərinin qiyməti (4140 manat) təxminən 10892 manat müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında olan razılaşmaya əsasən avtomobilin icarəsinə görə 800 manat depozit ödənilmış, avtomobil 3 aydan sonra qaytarıldıqda, depozit məbləğin 400 manatının avtomobilə dəymiş zərərə çıxılması tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixində bağlanmış, müqavilə predmeti olan avtomobil xx.xx.2024-cü il tarixində evakuator vasitəsilə avtoservisə gətirilmişdir. Göründüyü kimi, avtomobil icarəyə verənin istifadəsindən müqavilə bağlandıqdan 6 ay sonra alınmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin 400 manat ümumi maddi ziyandan çıxılmalı və ödənilməli olan məbləğ 10892-400=10492 manat məbləğində müəyyən edilməlidir.

23. Eləcə də, iddiaçı 300 (üç yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərc, ödənilmiş dövlət rüsumuna görə 130,86 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci, 17,25 manat (on yeddi manat iyirmi beş qəpik) etibarnamə alınması üçün notariat qaydasında çəkilmiş xərc və ödənilmiş dövlət rüsumuna görə 100,80 manat (yüz manat səksən qəpik) tutularaq iddiaçıya ödənilməlidir.

25. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 38,5 manat hissəsi cavabdeh X2, 11,5 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 10492 (on min dörd yüz doxsan iki) manat maddi ziyan, 300 (üç yüz) manat hüquqi yardım xərci, 17,25 manat (on yeddi manat iyirmi beş qəpik) etibarnamə alınması üçün notariat qaydasında çəkilmiş xərc və ödənilmiş dövlət rüsumuna görə 100,80 manat (yüz manat səksən qəpik) olmaqla, ümumilikdə 10910,05 manat (on min doqquz yüz on manat beş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 38,5 manat hissəsi cavabdeh X2, 11,5 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar