Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1270/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınn cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: maddi ziyanın ödənilməsi, əldən çıxmış fayda) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş maddi ziyana görə 37500 manat, əldən çıxmış fayda 11500 manat, mediasiya xərci 205 manat və ödənilən dövlət rüsumuna görə 37 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rayonu, Yuxarı Ağasbəyli kəndində istixana işlədir. Cavabdeh təşkilatla 5 ildir ki, şitil alveri edir. Cavabdehdən sonuncu dəfə 2023-cü ildə hər birini qiyməti 0,30 qəpik olmaqla, 10000 ədəd pomidor şitilini 3000 manata almışdır. Həmin şitili rayonu, Yuxarı Ağasbəyli kəndində yerləşən istixanada əkmişdir. Şitili əkdikdən sonra 14-cü gün şitildə virus aşkar etmişdir. İddiaçı cavabdeh təşkilatın bu regionda təmsilçisi olan xxx adlı şəxslə əlaqə saxlamışdır. O gəlib şitilə baxdıqdan sonra iddiaçıya bildirmişdir ki, viruslu şitilləri çıxarmaq, qalanını isə dərmanlamaq lazımdır. İddiaçı onun dediklərini etsə də, bunun xeyri olmadı. Şitili əkdikdən sonra 21-ci gün iddiaçı onu təkrar istixanaya çağimış və o, yenə iddiaçıya narahat olmamasını, dərmandan istifadə etməyini məsləhət görmüşdür. 3 ay sonra pomidorlar böyüdükdən sonra, iddiaçı yenə cavabdeh təşkilatın təmsilçisini istixanaya çağırmış, o da iddiaçıya bildirmişdir ki, narahat olma, müdiriyyətlə danışılmışdır. Şitil alınarkən iddiaçının razılığı olmuşdur ki, şitil viruslu olsa, şirkət iddiaçıya dəymiş ziyanı tam ödəyəcəkdir. Bununla bağlı məhkəmə prosesi zamanı səs yazmalar və yazışmalar təqdim ediləcəkdir. Yuxarıda qeyd edilən kimi, şitilin alınmasına iddiaçı 3000 manat, gübrəyə 24000 manat, kommunal xərclərə (işıq pulu, su pulu) 2000 manat, işçilərə əmək haqqı 3 ay x 2250=6750 manat pul xərclədiyindən iddiaçıya cəmi 37500 manat maddi ziyan dəymişdir. Eyni zamanda, qeyd edildiyi kimi, pomidorlar ləkəli olduğu üçün iddiaçı qazancından qalmışdır. İddiaçının əldən çıxmış faydası 11500 manat təşkil edir. İşin hallarından da göründüyü kimi, iddiaçı cavabdeh təşkilatla şitillərin alınması ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə iddiaçı onlara 3000 manat pulu ödəyərək, öz öhdəliyini yerinə yetirsə də, cavabdeh aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya virussuz şitil verməli olması öhdəliyini pozmuş, iddiaçıya viruslu şitil vermiş və nəticədə iddiaçı ziyana düşmüşdür.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 425.1, 425.2, 587-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh "xxxx" MMC tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat iddiaçının iddiasını əsassız sayır və qəbul etmir. Belə ki, cavabdeh təşkilat aşağıda gətirilən əsaslara görə iddiaçının hazırkı iddia tələbinə etiraz edir. İlk növbədə qeyd edilir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında hər hansısa miqdarda (sayda) pomidor şitilinin satılmasına dair rəsmi alqı-satqı müqaviləsi imzalanmamış, iddiaçı tərəfindən cavabdehin rəsmi olaraq hesabına 10000 ədəd şitilin alınmasına dair hər hansısa bir məbləğdə vəsait ödənilməmişdir. İddiaçının öz iddia ərizəsinə əlavə etdiyi və məhkəməyə təqdim etdiyi 26 may 2023-cü il tarixli təhvil-təslim aktı ümumiyyətlə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilməmişdir. Bu sənədin (əgər buna sənəd demək olarsa) hazırda heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa, iddiaçının öz iddia ərizəsində istinad etdiyi pomidor şitilərinin satın aldıqdan məhz 14 gün sonra viruslu olmasını bilməsi və buna baxmayaraq, yalnız həmin şitillərdə yetişdirilmiş pomidorların düz üç aydan sonra - 2023-cü ilin avqust ayında viruslu olmasına dair müvafiq dövlət orqanına müraciət etməsi də iddiaçı tərəfə anlaşılan deyildir. Əgər həmin şitillər həqiqətən də cavabdeh təşkilatdan alınmışdırsa, onda nədən bu günə kimi rəsmi olaraq iddiaçı tərəfindən cavabdehə hər hansısa məktub və ya pretenziya göndərilməmişdir. Belə ki, tərəflərdən biri fərdi sahibkar, digəri isə hüquqi şəxsdir. İddiaçı hazırkı iddia tələbinə qanuni don geyindirmək üçün, yalnız öz iddia ərizəsində müvafiq şitilləri ilkin olaraq aldıqdan 14 gün və daha 21 gündən sonra güya cavabdeh təşkilatın işçisinə şitillərin viruslu olması barədə şifahi məlumat verdiyini qeyd edir. Hesab edilir ki, iddiaçının bu qaydada əsaslandırılmış iddia tələbi heç bir əsaslı sübuta söykənmir. Bundan başqa, iddiaçının öz iddia ərizəsində qeyd etdiklərindən də müəyyən edilir ki, iddiaçı 14 gün ərzində aldığı şitillərin viruslu olduğunu bilə-bilə həmin şitillərin becərilməsini özbaşına davam etdirərək düz 3 ayın sonunda viruslu pomidorların becərilməsinə nail olmuşdur. Yəni məntiqlə belə çıxır ki, iddiaçı özünün səhlənkarlığı və etinasızlığı nəticəsində bilə-bilə özünə maddi ziyan vurmuşdur. Hazırda yalnız iddiaçının quru sözləri ilə tərtib edilmiş iddia ərizəsi əsaslı sayılaraq məhkəmə tərəfindən təmin edilə bilməz. Belə ki, iddiaçının pomidor şitillərini aldıqdan 14 gündən sonra onun viruslu olmasını bildiyi halda, sonradan gübrəyə 24000 manat xərc çəkməsi, kommunal ödənişlərə 2000 manat xərcləməsi və 3 ay ərzində cəlb etdiyi işçilərə hər ay 2250 manat olmaqla, cəmi 6750 manat pullar xərcləməsi ağlabatan deyildir və bu halların ümumiyyətlə sübuta yetməsi üçün iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı öz iddia ərizəsində ona əldən çıxmış faydaya görə cavabdehdən həmçinin 11500 manat məbləğində pul vəsaitinin tutulmasını da tələb edir. Hesab edilir ki, iddiaçının bu tələbi də əsassızdır. Belə ki, iddiaçı bu hissədə də tələbinin əsaslı olmasına dair heç bir rəsmi sübut məhkəməyə təqdim etməmişdir. Hazırda cavabdeh tərəf hesab edir ki, ümumiyyətlə iddiaçının hər hansısa bir məbləğdə zərərə uğraması halı hətta baş veribsə belə, bu hallarla bağlı cavabdehin hər hansısa səbəbli əlaqəsi yoxdur. Hazırkı halda hesab edilir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır, heç bir mötəbər sübuta söykənmir və ona görə də məhkəmə tərəfindən belə bir iddia tələbi rədd edilməlidir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
7. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində sizə (İddiaçı) məxsus istixanada aparılan monitorinq zamanı becərilən pomidor bitkisindən götürülmüş nümunələr, Azərbaycan Qida Təhlükəsizliyi X1 laboratoriyasına göndərilmişdir. AZ-20090811/LAB15-23004-T-004 nörnroli sınaq protokoluna əsasən karantin tətbiq edilən zərərli orqanizmlərdən Tomato brown rugoso fruit virus (Pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkar olunmuşdur. Bununla bağlı olaraq aşağıdakı tədbirlər həyata keçirilməlidir: -virus aşkar edilən bölmədən məhsul ixracı dayandırılır və karantin rejimi tətbiq edilir və nəzarət intensivliyi artırılır; - mövcud məhsul karantin tədbirlərinə əməl edilmək şərtilə emala (tomat və ya ketçup istehsalı) verilə bilər; - sanitar gigiyena tələblərinə əməl edilmək şərtilə sirayətlənmə əlaməti (rəng dəyişikliyi, yarpaqda və ya meyvədə deformasiya, inkişafın ləngiməsi və s.) olan bitki və onun ətrafında 2 m radiusda olan digər bitkilər çıxarılaraq (digər bitkilərə təmas etməməsi üçün üzərinə yuxarıdan aşağıya doğru polietilen torba keçirilməlidir) məhv edilir, istixanada həmin hissə dezinfeksiya edilir; - mövsüm başa çatdıqdan sonra bitkilər yuxarıda qeyd olunan şərtlərə uyğun məhv edilir; - təsərrüfatda əhatəli dezinfeksiya işləri aparılır. Qeyd olunan fitosanitar tədbirlərin həyata keçirilməsi və bununla bağlı regional bölməyə məlumatların verilməsi tələb olunur. Qeyd: İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvaiıq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsinə görə 4000 (dörd min) manatdan 5000 (beş min) manatadək məbləğdə cərimə tətbiq edilir.
8. xx.xx.2023-cü il traixli təhvil-təslim sənədində qeyd edilmişdir ki, X8 ofisi tərəfindən Ramilə matril – 10000 x 0,30 = 3000 manat məbləğində şitil verilmiş, beh məbləği olaraq 100 manat ödənilmiş, qeyd olunan sifarişi Şahid tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır.
9. İddiaçı tərəfindən iş materiallarına abonent kodu **********9 olan istilikxanaya müxtəlif tarixlərdə (xx.xx.2023-xx.xx.2023; xx.xx.2023-xx.xx.2023; xx.xx.2023-xx.xx.2023; xx.xx.2023-xx.xx.2023; xx.xx.2023-xx.xx.2023; xx.xx.2023-xx.xx.2023) "xxxx" ASC tərəfindən təqdim edilmiş bildiriş xəbərdarlıqlar, təchizatçı qismində Goran əkinçi tərəfindən alıcı qismində Ramin a ünvanlanmış məxaric qaimələri, Azərbaycan Qida X4 Regional Bölməsi tərəfindən müxtəlif tarixlərdə bitki və bitkiçilik məhsulları istehsalı müəssisəsində aparılan monitorinq aktları, istixanada becərilən pomidor sahələrində aparılan monitorinqlər barədə yoxlama anketləri, 2021 və 2022-ci illərdə pomidor istixnasında aparılan monitorinqlərə dair sənədlər və sınaq protokolları əlavə edilmişdir. Həmin aktlardan görünür ki, iddiaçıya zərərli orqanizmlərlə mübarizə tədbirlərinin görülməsi tapşırılmış, monitorinqlərin mütəmadi olaraq aparılacağı birdirilmişdir.
10. “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı RPŞ-nə ərizə ilə müraciət edərək, rayon Sərkar kənd sakini xxx adlı şəxsin onun etibarından sui-istifadə edərək ona keyfiyyətsiz pomidor ştili sataraq aldatması barədə məlumat vermiş, araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış Şahid göstərmişdir ki, təxminən üç ildir ki “ Kürdəxanı şitil “ MMC-nin qərb bölgəsi üzrə rəsmi nümayəndəsi kimi işləyir. Bu bölgədən şitil ilə bağlı "xxxx" MMC-yə müraciət olduğu halda həmin şirkət müştəriləri ona yönləndirir. O, müraciət edən müştərilər ilə görüşərək sifarişləri qəbul edir və sifarişi MMC-yə yollayır. İddiaçı da onun müştərilərindən biridir. İki ildən artıqdır ki, şirtəkin müştərisidir və şitilləri işlədiyi MMC-dən alır. 2023-cü ilin iyun ayında Ramil bəy onun vasitəçiliyi ilə "xxxx" MMC-dən istixanasına əkmək üçün 10 min ədəd pomidor şitili sifarişi vermişdir. O isə həmin sifarişi hər zamankı kimi işlədiyi şirkətə yönləndirmişdir. Şirkət sifarişi qəbul edərək toxumları əkmişdir. Bir neçə gün sonra Ramil verdiyi sifarişdən imtina etmişdir. Bu səbəbdən Ramil ilə şirkətin müdiri əlaqə saxlayaraq, öz aralarında razılıq əldə olunmuşdur. Razılıqdan sonra "xxxx" MMC 10 min ədəd pomidor şitilini şirkətin avtomobili ilə adını bilmədiyi sürücü tərəfindən onun iştirakı olmadan Ramil bəyin istixanasına təhvil vermişdir. Ramil isə ödənişi kart vasitəsi ilə ona ödəmiş, o da həmin 3 min manat pulu şirkətə göndərmişdir.
11. Cavabdeh tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi X2 Laboratoriyasının sınaq protokolları (2023, 2024-cü illər üzrə) məhkəməyə təqdim edilmişdir.
12. Goran əkinçi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 804 nömrəli kassa mədaxil orderindən görünür ki, Ramin tərəfindən 24153,30 manat məbləğində ödəniş edilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
16. İddia tələbi cavabdehdən iddiaçıya dəymiş maddi ziyana görə 37500 manat, əldən çıxmış fayda olaraq 11500 manat məbləğində pulun tutulmasından ibarətdir.
17. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasında yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı cavabdehlə aralarında şitillərin alınması ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsinin bağlandığını bildirsə də, cavabdeh tərəf belə bir müqavilənin bağlandığını inkar etmiş, tərəflər arasında hər hansı razılaşmanın olmadığını bildirmişdir.
18. İddiaçı şitilləri cavabdehin işçisi olan xxx adlı şəxsdən aldığını, şitillərdə olan problemlərlə bağlı həmin şəxsə məlumat verməsini bildirmiş, həmin şəxslə bağlı rayon polis şöbəsinə şikayət etmişdir. Cavabdehin nümayəndəsi həmin şəxsin onların işçisi olmadığını bildirmiş, həmin şəxslə cavabdeh arasında xidmət müqaviləsinin bağlandığını bildirərək, həmin müqaviləni təqdim etmişdir.
19. İşin hallarından göründüyü kimi, iddiaçı şitillər alaraq, istixanada əkmişdir. “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xxx adlı şəxs Ramilin şitillərin pulunu onun kartına ödədiyini bildirmişdir.
20. İddiaçı ona ziyan vurulduğunu iddia edərək, həmin ziyanı qiymətləndirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.
21. İddiaçının ziyana məruz qalması iş materiallar ilə öz təsdiqini tapır. Lakin iddia olunan kimi, məhz şitillərin viruslu olması nətcisində ziyanın vurulması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.
22. İddiaçı ona ziyan dəydiyini bildirərək, dəymiş maddi ziyana görə 37500 manat pulun cavabdeh "xxxx" MMC-dən tutulmasını xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı ona zərərin məhz cavabdehin təqsirli hərəkətləri və ya hansısa öhdəliklərini pozması nəticəsində vurulmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
24. Ona görə də iddia həmin hissədə də təmin edilməməlidir.
25. İddia tələbinin digər hissəsini təşkil edən cavabdehdən əldən çıxmış fayda olaraq 11500 manat məbləğində pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, hazırkı tələb birinci tələblə bağlı olduğundan, birinci tələb isə təmin edilmədiyindən hazırkı tələb də təmin edilməməlidir.
26. Eləcə də, iddiaçı 205 manat mediasiya xərci və 37 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova