Məhkəmə qərarları › İş №e-2-2(113)-1271/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1271/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1271/2024 22.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı satın və təhvil aldığı malların ödənilməyən qalıq qiyməti olan 32600 manat pulun, Cavabdeh xx.xx.2022-ci il tarixində saz vəziyyətdə İddiaçı təhvil alıb xx.xx.2023 nasaz vəziyyətdə təhvil verdiyi **-CF-*** dövlət nömrə nişanlı X4 Yük markalı maşına vurduğu zərərin kompensasiya edilməsi üçün 15000 manat, həmin maşının istifadə haqqı üçün 1400 manat olmaqla, cəmi 16400 manat pulun, 500 manat hüquqi xidmət xərci, 210 manat mediasiya xərci, 40 manat dövlət rüsumu olmaqla, cəmi 750 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2023-ci ilin əvvəllərindən başlayaraq iddiaçıdan müxtəlif tarixlərdə müxtəlif növdə tekstil mallarını (dəsmal və digər malları) satın alıb (sənədlər əlavə olunur). Həmin mallar cavabdehə təhvil verilib, lakin razılaşdırılmış vaxtda həmin malların bir qisminin pulunu cavabdeh iddiaçıya hələ də ödəməyib. Belə ki, tərəflərin arasındakı şifahi razılaşmaya görə cavabdeh mal ona təhvil veriləndən sonra 1 ay ərzində qiymətini iddiaçıya ödəməli idi. Lakin cavabdehdən 2023-cü ilin avqust ayının sonuna qədər satın aldığı mallar üçün iddiaçıya ödəməli olduğu 32600 manat pul dəfələrlə tələb olunsa da, hələ də ödənilməmişdir. Hal hazırda cavabdehin özünün də etiraf etdiyi kimi, satılmış və təhvil verilmiş həmin mallar ilə bağlı iddiaçıya 32600 manat borcu qalmışdır. Bunu cavabdeh iddiaçı ilə olan WhatsApp yazışmasında da etiraf edir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixində istifadəsində olan ********** WhatsApp nömrəsindən iddiaçının istifadəsində olan +**********43 WhatsApp nömrəsinə səsli mesaj göndərərək bildirir ki, “Fəxrəddin danışdığımız 4 aya Sprinterin pulu, öz borcumun hamısını bağlayıram, 58400 manatı 4 aya səninlə təmiz sıfırlayıram” (WhatsApp yazışması əlavə olunur). Həmin 58400 manatdan 21000 manat maşının pulu, qalanı isə, yəni 37400 manat isə satın alıb təhvil aldığı tekstil mallarının qalan borcudur. Həmin 37400 manat puldan xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinə qəaədr cavabdeh iddiaçıya 4300 manat ödəmişdir (qəbzlər əlavə olunur). xx.xx.2023-cü il tarixində cavabdehin iddiaçıya maşının qiyməti olan 21000 manatdan başqa mallar üçün qalıq borcu istisna olmaqla 33100 manat idi. Bu etirafa və ödənişlərə baxmayaraq, daha sonra cavabdeh xx.xx.2023-cü il tarixində iddiaçıya WhatsApp səsli mesajını göndərərək bildirir ki, “bu gündən sonra sənə 1 manat da pul verməyəcəm” (WhatsApp yazışması əlavə olunur). Bu da onu göstərir ki, 4 aylıq müddəti gözləməyə ehtiyac yoxdur. Çünki cavabdeh iddiaçıya maşının qiyməti olan 21000 manat daxil olmaqla, 58400 manat borcu olduğunu qəbul etdikdən sonra, xx.xx.2023-cü ilə qədər 4300 manat ödəmiş, daha ödəniş ödəməyəcəyini açıq aydın bildirmişdir. Buna baxmayaraq, cavabdeh xx.xx.2023-cü il tarixində də iddiaçıya daha 500 manat pul ödəmiş və bundan sonra heç bir ödəniş etməmişdir. Bütün bunlardan, yəni cavabdehin xx.xx.2023-cü il tarixindəki etirafından, bundan sonrakı ödənişlərindən məlum olur ki, cavabdehin xx.xx.2023-cü il tarixində satın alıb təhvil aldığı mallar üçün iddiaçıya qalıq borcu 58400 – 21000 (maşının qiyməti) – 4800 (etirafdan sonrakı ödənişlər) = 32600 manatdır. Cavabdehin etiraf etdiyi həmin 58400 manat borcdan 21000 manat iddiaçının xx.xx.2022-ci il tarixində cavabdehə idarə etməsi üçün verdiyi, iddiaçıya məxsus olan **-CF-*** dövlət nömrə nişanlı X4 Yük markalı avtomobilinin qiymətidir. Cavabdeh həmin 21000 manat pulu hər ay 1000 manat olmaqla, iddiaçıya ödəməli idi, lakin cavabdeh həmin maşın üçün bu günə qədər iddiaçıya 1 manat da olsun pul ödəməmişdir. Bu səbəblə cavabdeh iddiaçıya WhatsApp yolu ilə göndərdiyi səsli mesajda etiraf edir ki, “maşının qiyməti (21000 manat) daxil olmaqla cavabdehin iddiaçıya 58400 manat borcu var. Burada 58400 manatdan maşının qiyməti olan 21000 manatı çıxsaq, qalan 32600 manat cavabdehin iddiaçıdan satın aldığı malların ödənilməmiş qalan borcudur. İddiaçı həmin 32600 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Bundan başqa qeyd edildiyi kimi, tərəflər arasında 04 may 2022-ci il tarixində olan şifahi ön razılaşmaya görə cavabdeh iddiaçıya məxsus olan **-CF- *** dövlət nömrə nişanlı X4 Yük markalı avtomobili 21000 manata satın almağı və bu məqsədlə hər ay 1000 manat pulu iddiaçıya ödəməyi qəbul edir. Maşının pulu tamamilə ödənildikdən sonra iddiaçı ümumi etibarnamə ilə həmin maşını cavabdehə verəcəyini qəbul edir. Lakin bu günə qədər cavabdeh həmin maşının razılaşdırılmış qiyməti olan 21000 manat puldan 1 manat da olsun iddiaçıya ödəmədiyi kimi, həmin avtomobili öz şəxsi və kommersiya məqsədləri üçün istifadə etmişdir. Maşına külli miqdarda ziyan vurduğu kimi, onun istifadəsi ilə bağlı olaraq da iddiaçıya pul ödəməmişdir. İddiaçı həmin maşını xx.xx.2023-cü il tarixində cavabdehdən geri almışdır. Təhvil alındığı vaxt həmin maşın ciddi təmir tələb etmişdir. İddiaçı maşını avtoservisə aparmış və orada məlum olmuşdur ki, maşını təmir edib normal vəziyyətə gətirə bilmək üçün cəmi ƏDV daxil 15399,11 manat pul gərəkdir. Bundan başqa, həmin maşının dəmirçi, boya və təkər xərci isə 4500 manat təşkil etmişdir. Yəni həmin maşının cavabdehə verildiyi vəziyyətə geri gətirmək üçün iddiaçının maşına sərf etdiyi xərc cəmi 19899 manat olmuşdur. İddiaçı cavabdehin ona verilmiş maşını yaxşı saxlamadığı səbəbi ilə maşına dəymiş zərər üçün 15000 manat kompensasiya tələb edir. Məlum olduğu kimi, cavabdeh xx.xx.2022-ci il tarixindən iddiaçı həmin maşını təhvil aldığı xx.xx.2023-cü il tarixinə qədər, yəni 14 ay öz şəxsi və kommersiya məqsədləri üçün istifadə edib, lakin 1 manat da olsun istifadə haqqı ödəməmişdir. İddiaçı həmin dövr üçün istifadə haqqı olaraq hər ay üçün cavabdehdən 100 manat olmaqla, cəmi 1400 manat pulun tutulmasını xahiş edir. Həmin pulun ödənilməsinin təmin olunması üçün iddiaçı əvvəl mediasiya, sonra isə məhkəməyə müraciət etməyə məcbur qalır (Mediasiya arayışı və qəbz əlavə olunur).

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13/İ, 29, 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 21, 567, 597.1, 598, 600-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıya təhvil aldığı mallardan 32600 manat borcu qalmışdır. İddia tələbi digər hissələrlə əsassızdır.

7. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan X5 Yük markalı, buraxılış ili 2010, ban nömrəsi WDB9066351S474768 olan **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir.

8. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, X1 tərəfindən İddiaçı mülkiyyətində olan X3 Minik markalı, buraxılış ili 2007, ban nömrəsi UU1KSDEKJ37430337 olan **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq və s. səlahiyyətləri verilmişdir.

9. “X2” MMC tərəfindən tərtib edilmiş ilkin təmir sifarişi adlı sənəddə qeyd edilmişdir ki, X5 Yük markalı, ban nömrəsi WDB9066351S474768 olan **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sifariş olunmuş işlər (əməliyyatlar) və sifariş olunmuş ehtiyat hissələrinin ümumilikdə qiyməti 15399,11 manat ƏDV daxil (13050,09 + 2349,02 ƏDV) təşkil edir.

10. “X2” MMC tərəfindən tərtib edilmiş icra edilmiş xidmətlərə dair akt adlı sənəddə qeyd edilmişdir ki, X5 Yük markalı, ban nömrəsi WDB9066351S474768 olan **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sifariş olunmuş işlərin (əməliyyatlar) (1. Qısa test; 2. Elektrik avadanlıqlarının yoxlanışı; 3. Hissəvi texniki baxış) məbləği 164,80 manat ƏDv daxil təşkil etmişdir.

11. İddiaçı tərəfindən iş materiallarına cavabdehə təqdim edilən qaimə fakturalar əlavə edilmişdir.

12. Əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, +99499*****13 mobil nömrəsindən +**********43 nömrəli mobil nömrəyə xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

13. İş materiallarına tərərflər arasında olan WhatsApp yazışmaları, səs yazıları ilə bağlı disk əlavə edilmişdir.

14. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

18. İşin hallarından göründüyü kimi, tərəflər arasında şifahi formada bağlanan alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.

19. İşin hallarından göründüyü kimi, cavabdeh 2023-ci ilin əvvəllərindən başlayaraq iddiaçıdan müxtəlif tarixlərdə müxtəlif növdə tekstil mallarını (dəsmal və digər malları) satın almışdır. Qeyd edilənlərlə bağlı məhkəməyə çoxsaylı qaimə fakturalar təqdim edilmişdir. Həmin qaimə fakturaları cavabdeh məhkəmə iclasında təsdiq etmişdir. Həmin mallar cavabdehə təhvil verilmiş, həmin malların böyük bir qisminin dəyəri ödənilsə də, razılaşdırılmış vaxtda həmin malların bir qisminin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Belə ki, cavabdehdən satın aldığı mallar üçün iddiaçıya ödəməli olduğu 32600 manat pul dəfələrlə tələb olunsa da, ödəniş olunmamışdır.

20. İddia tələbinin bir hissəsini cavabdehdən 32600 manat borcun tutulması təşkil edir.

21. İddiaçı cavabdehlə aralarında şifahi qaydada müqavilənin bağlanmasını və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən cavabdehin iddaçıdan müxtəlif növdə tekstil mallarını (dəsmal və digər malları) aldığını, lakin malların bir qismini, yəni 32600 manat dəyərində olan hissəsini ödəmədiyini iddia etmiş, həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

22. Cavabdeh məhkəmə iclasında qeyd edilən halı təsdiqləyərək izahatında etiraf etmişdir ki, həqiqətən də iddiaçı ilə aralarında şifahi qaydada müqavilə bağlanmış və iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif növdə tekstil mallarını (dəsmal və digər malları) almış, lakin bir qisminin dəyərini, yəni 32600 manat pulu ödəyə bilməmişdir.

23. Beləliklə, məhkəmə qanunvericilik normalarını, cavabdehin yuxarıda göstərilən razılaşmaya əsasən öhdəliyini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və Cavabdeh 32600 (otuz iki min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

24. Bundan əlavə, iddiaçı cavabdehdən onun xx.xx.2022-ci il tarixində saz vəziyyətdə İddiaçı təhvil alıb xx.xx.2023 nasaz vəziyyətdə təhvil verdiyi **-CF-*** dövlət nömrə nişanlı X4 Yük markalı maşına vurduğu zərərin kompensasiya edilməsi üçün 15000 manat, həmin maşının istifadə haqqı üçün 1400 manat olmaqla, cəmi 16400 manat pulun tutulmasını xahiş etmişdir.

25. İddiaçı iddia tələbinin göstərilən hissəsinə münasibətdə iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında 04 may 2022-ci il tarixində olan şifahi razılaşmaya görə cavabdeh iddiaçıya məxsus olan **-CF-*** dövlət nömrə nişanlı X4 Yük markalı avtomobili 21000 manata satın almağı və bu məqsədlə hər ay 1000 manat pulu iddiaçıya ödəməyi qəbul edir. Maşının pulu tamamilə ödənildikdən sonra iddiaçı ümumi etibarnamə ilə həmin maşını cavabdehə verəcəyini qəbul edir. Lakin bu günə qədər cavabdeh həmin maşının razılaşdırılmış qiyməti olan 21000 manat puldan 1 manat da olsun iddiaçıya ödəmədiyi kimi, həmin avtomobili öz şəxsi və kommersiya məqsədləri üçün istifadə etmişdir. Maşına külli miqdarda ziyan vurduğu kimi, onun istifadəsi ilə bağlı olaraq da iddiaçıya pul ödəməmişdir. İddiaçı həmin maşını xx.xx.2023-cü il tarixində cavabdehdən geri almışdır. Təhvil alındığı vaxt həmin maşın ciddi təmir tələb etmişdir. İddiaçı maşını avtoservisə aparmış və orada məlum olmuşdur ki, maşını təmir edib normal vəziyyətə gətirə bilmək üçün cəmi ƏDV daxil 15399,11 manat pul gərəkdir. Bundan başqa, həmin maşının dəmirçi, boya və təkər xərci isə 4500 manat təşkil etmişdir. Yəni həmin maşının cavabdehə verildiyi vəziyyətə geri gətirmək üçün iddiaçının maşına sərf etdiyi xərc cəmi 19899 manat olmuşdur.

26. Cavabdeh isə məhkəmə iclasında qeyd edilənləri təkzib edərək bildirmişdir ki, iddiaçı ilə aralarında sözügedən X4 Yük markalı avtomobili 21000 manat məbləğində dəyərləndirmişlər. Həmin avtomobilin pulundan cavabdeh öz maşını olan X3 Minik markalı avtomobili iddiaçı ilə 8500 manat məbləğində dəyərləndirərək iddiaçıya vermişdir. Qalan pulu isə cavabdeh ona hissə-hissə qaytarmışdır. Ümumilikdə cavabdeh məhkəmə icraatını gedişində bildirmişdir ki, X4 Yük markalı avtomobili ona təhvil verilən zaman nasaz vəziyyətdə olmuş və həmin maşına ümumilikdə 19000 manata yaxın pul xərcləmişdir. Halhazırda da avtomobilin pulundan iddaçıya ödəniləcək hər hansı bir məbləğ qalmamışdır.

27. Məkhəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia edilən X4 Yük markalı avtomobillə əlaqədar tərəflər arasında razılaşmanın, öhdəliklərin konkret olaraq nədən ibarət olması müəyyən edilmir.

28. İddiaçı tərəf cavabdeh tərəfindən avtomobilin qaytarılmasından sonra maşına vurulan zərərin 15000 manat olduğunu iddia edərək qeyd edilən halla əlaqədar məhkəməyə “X2” MMC tərəfindən tərtib edilmiş ilkin təmir sifarişi adlı sənəd təqdim etmişdir. Məhkəmə ilk növbədə hazırkı tələbi təsdiq edən yeganə sübut kimi sözügedən “X2” MMC tərəfindən verilən sənədə münasibətdə qeyd edir ki, əvvəla, hazırkı sənəd iddiaçı tərəfin həmin məbləği ödənilməsini təsdiq etmir.

29. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı sözügedən avtomobilə məhz cavabdehin təqsirli hərəkətləri və ya hansısa öhdəliklərini pozması nəticəsində zərər vurulmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

30. İddia tələbinin həmin maşının 14 ay üçün istifadə haqqı üzrə 1400 manat məbləğində pulun cavabdehdən tutulmasına münasibətdə də məhkəmə qeyd edir ki, iddia tələbi göstərilən hissədə də təsdiqini tapmadığından təmin edilməməlidir. Əvvəla, bununla bağlı tərəflərin arasında razılaşmanın olması müəyyən edilmir.

31. Cavabdeh iddiaçının maşını ona istifadə üçün deyil, aralarındakı yuxarıda qeyd edilən razılaşmaya əsasən mülkiyyətinə verdiyini və iddiaçıya bunun üçün ödənişlər etdiyini bildirmişdir. İddiaçı tərəf isə iddia etdiyi halla əlaqədar hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

32. İddiaçı həmçinin 500 manat hüquqi xidmət xərci, 210 manat mediasiya xərci, 40 manat dövlət rüsumu olmaqla, cəmi 750 manat məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş edir.

33. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 157,70 manat (yüz əllli yeddi manat yetmiş qəpik) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehdən 500 manat hüquqi xidmət xərcinin tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən halı təsdiq edən hər hansı bir sübut (ödəniş qəbzi, ödəniş tapşırığı və s.) məhkəmə təqdim edilməmişdir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 32600 (otuz iki min altı yüz) manat pul, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 157,70 manat (yüz əllli yeddi manat yetmiş qəpik) olmaqla, cəmi 32757,70 manat (otuz iki min yeddi yüz əllli yeddi manat yetmiş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar