Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-128/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən qaz istifadəsinə görə əsassız olaraq hesablanmış 531020,2 manat məbləğin müəssisənin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - müəssisə) ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 10/76 ünvanında yerləşən 840000 kv.m istixana kompleksində kənd təsərrüfatı məhsullarının yetişdirilməsini həyata keçirir. Müəssisənin qazla təmin edilməsi Cavabdeh tərəfindən müqavilə əsasında aparılır. İstixana komplekslərinin 698000 kv.m sahəsinin qaz təminatı əvvəllər xx.xx.2019-cu il tarixədək “Buzovna” QPS üzərindən həyata keçirilmişdir. Cari ilin yanvar ayının 17-də daha 142000 kv.m sahədə yeni istixananın tikintisi başa çatdırılıb istifadəyə verildikdən sonra həmin QPS-də qazın həcmi yetərincə olmadığından əlavə qaz təminatı “Albalılıq” QPS üzərindən həyata keçirilmişdir. “Buzovna” QPS-də Elster G-1600 TRZ EK-220 tipli, “Albalılıq” QPS-də isə Rok-107 tipli sərf ölçən cihaz mövcuddur. Cavabdeh İB tərəfindən cari ilin yanvar, fevral və mart aylarında 840000 kv.m sahədə qazdan istifadəyə görə əvvəlki aylara nisbətən təqribən iki dəfəyə yaxın artıq məbləğin hesablanmasına dair müəssisəyə elektron qaimə təqdim edilmişdir: Yanvar - 1046580,02 manat, fevral - 929296,21 manat, mart - 832129,62 manat. Qeyd edilməlidir ki, 2019-cu ilin noyabr və dekabr ayları üzrə 698000 kv.m sahədə qazdan istifadəyə görə müvafiq olaraq 561209,21 manat və 548485,21 manat hesablanmışdır. Göründüyü kimi, qaz istifadəsi 1 kv.m sahə üçün ortalama 0,8 manat olmuşdur. Yeni tikilmiş 142000 kv.m sahədə qazdan istifadəyə başladıqdan sonra ümumi qaz istifadəsinin miqdarı məntiqlə 698000 x 0,8 + 142000 x 0,8 = 672000 manat hesablanmalı olduğu halda, bu məbləğin xeyli artıq hesablanması cari ilin yanvar, fevral və mart ayları üzrə sayğac göstəricilərinin düzgün olmamasına əsas yaradır, nəticədə bu aylar üzrə hesablanmış - ümumilikdə 2808005,85 manat vəsait həqiqəti əks etdirmir. Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracatı üzrə ölkənin qabaqcıl şirkətlərindən biri olan bu müəssisə tərəfindən, əkilmiş məhsulların tələf olması riskinə görə, mübahisəli aylar üzrə əsassız hesablanmış qaz sərfiyyatına dair müəyyən edilmiş məbləğlər təqdim edilmiş elektron qaimələrə əsasən ödənilməkdədir. “Albalılıq” QPS-in göstəricilərinin düzgün olmaması səbəbindən, mövcud vəziyyətin araşdırılması məqsədilə bir neçə dəfə Cavabdeh İB-yə müraciət edilmiş və ayrı-ayrı vaxtlarda (xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və s. tarixlərdə) Rok-107 tipli sayğaca mütəxəssislərin iştirakı ilə texniki baxış keçirilmiş və hər baxışa dair tərtib edilmiş aktlardan da göründüyü kimi sayğacda nasazlığın olması göstərilmiş və sonda müəyyən günlərin qaz sərfiyyatına dair müəssisənin xeyrinə müəyyən cüzi düzəlişlər edilmişdir. Nəticədə, bu güzəştin məbləği yalnız sayğaca texniki baxış keçirilən gün nəzərə alınmaqla müəyyənləşdirilmişdır. Lakin digər günlərin (yəni sayğaca baxış keçirilməyən günlər) uyğunsuzluğu nəzərə alınmır. Halbuki, nəzərə alınsa idi, külli miqdarda pul vəsaitinin əsassız olaraq alınması faktı ortaya çıxardı. İstixanalarda quraşdırılmış qazanların, günlük metroloji göstəricilər nəzərə alınmaqla, texniki xarakteristikaları əsasında mütəxəssislər tərəfindən aparılmış ilkin araşdırmalar qaz sərfiyyatının cari ilin yanvar, fevral, mart ayları üçün toplam 531020,2 manat artıq hesablandığını göstərir. Mövcud vəziyyətin belə davam etməsi müəssisəni ağır maliyyə vəziyyəti ilə üz-üzə qoymaqla, digər şəxslər qarşısındakı öhdəliklərinin yerinə yetirməsində ciddi problemlər yaratmış və şirkəti ziyanla işləməyə vadar etmişdir. Beləliklə, tərəflərindən müvafiq araşdırılmalar aparılmaqla, Cavabdeh İB-yə artıq ödənilmiş 531020,2 manat pul müəyyən edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 2020-ci ilin yanvar, fevral və mart ayları üzrə əsassız hesablanmış mübahisəli 531998,58 manat borcun iddiaçının **********00020 saylı abonent kodundan silinməsi və 70729,82 manat məbləğin isə iddiaçının **********00020 saylı abonent koduna artıq ödəmə kimi bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu ul tarixli İD seriyalı 227766 saylı elektron vergi hesab fakturasına əsasən ******* manat, xx.xx.2019-cu il tarixli EBAC seriyalı, 259919 saylı elektron qaiməyə əsasən 73139,61 manat, xx.xx.2019-cu il tarixli İİ seriyalı, 673184 saylı elektron qaiməyə əsasən 561209,2152 manat, xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 937965 saylı elektron qaiməyə əsasən 548485,21 manat, xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 488733 saylı elektron qaiməyə əsasən 1046580,02 manat, xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 494037 saylı elektron qaiməyə əsasən 929296,21 manat, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 625050 saylı elekron qaiməyə əsasən 832129,62 manat, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 678575 saylı elektron qaiməyə əsasən 483916,81 manat, xx.xx.2020-ci il tarixli EBAK seriyalı, 917785 saylı elektron qaiməyə əsasən 36894,80 manat və xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 118493 saylı elektron qaiməyə əsasən 744,60 manat dəyərində İddiaçı MMC-yə qaz haqqı hesablanmışdır. - xx.xx.2020-ci il tarixli, 036972 saylı sərf ölçən cihazın yoxlanması aktına əsasən cihaza texniki baxış keçirildiyi, termosensorunda nasazlıq olduğu aşkar olunduğu, yerinə düzəldilməsinin mükün olmadığı və yeni ilə əvəz olunmalı olduğu qeyd olunmuşdur. - xx.xx.2020-ci il tarixli, 037583 saylı sərf ölçən cihazın yoxlanması aktına əsasən cihaza texniki baxış keçirilmiş və termosensorunda yaranmış nasazlığın aradan qaldırılması mükün olmadığı qeyd olunmuşdur. - xx.xx.2020-ci il tarixli, 037039 saylı sərf ölçən cihazın yoxlanması aktına əsasən cihazın termodadçikində nasaz olduğundan yenisi ilə əvəz oldunmuşdur. - xx.xx.2020-ci il tarixli aboent saldosundan göründüyü kimi İddiaçı MMC-nin son borcu 531995,58 manat qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci maddəsinə görə ziziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə işin obeykti və hər tərəfli araşdırılması məqsədilə məhkəmə-mühəndis texniki ekspertizasının keçirilməsini təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2021-ci il tarixli, 10/3357 saylı rəyinə əsasən “Albalılıq” QPS-də quraşdırılmış mübahisəli ROK-107 tipli qaz sayğacı müvafiq avadanlıqla təmin edilmiş yerdə sınamaqla, həmin sayğacın nasaz və xətalarla işləyib-işləməməsinin yoxlanılması keçirilmədiinə, eləcə də həmin sayğc nasaz olduğundan dəfələrlə təmir olunduğuna görə, qoyulmuş suallar üzrə tədqqatın aparılması mümkün olmamışdır. Cavabdeh İB-nin “Abşeron” MQKS-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Sərf ölçən cihazın yoxlanılması akt”larına, elektron qaimələr, abonent saldoundakı qaz sərfiyyatlarının göstəricilərdə olan fərqlərinə və iddiaçının ərizəsində qeyd olunanlara görə, “Albalılıq” PS-də quraşdırılmış mübahisəli ROK-107 tipli ******* nömrəli qaz sayğacında sayğacın termosensorunda nasazlıqlar aşkar edilmiş və həmin nasazlıqların aradan qaldırılması üçün təmirlər aparılmışdır. Həmin nasazlıqlar qaz sayğcının qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola biləcəyi və “Qaz təchizatə Layihələndirmə normları” 2.13-1 AzDTN-nin 7.14 bəndinin və Cavabdeh tərəfindən iddiaçıya qazlaşdırılması üçün verilmiş xx xxxx 2019-cu il tarixl 31753 nömrəli texniki şərtinin tələblərinə görə QTM, QTQ (həmçinin QPS-də) qaz avadanlıqların yerləşdirilməsi ardıcıllığına görə ölçü cihazlar (həmçinin qaz sayğacı) qaz tənzimləyicisindən sonra quraşdırılmalı olduğu qeyd olunmuşdur. Həmin texniki şərtinin tələblərinə görə abonentin qaz avadanlaqlarına aid olan qaz sayğacı orta (0,05 kqq/sm2 – dən 3 kqq/ sm2 - ə) (yəni 2.94 bara) qədər təzyiqli qaz qaz kəmərinin üzərində quraşdırılmalı olduğu halda, xx xxxxxx 2021-ci il tarixdə “Alballıq” bar olan 1-ci kateqoriyalı yüksək (6kqq/ sm2-dən 12 kqq/ sm2-ə qədər) təzyiqli qaz kəmərinin üzərində quraşdırılmışdır. Bu da, ROK-107 (layihədə ROK-407 tipli kimi göstərilmiş) qaz sayğacının qaz sərfiyyatını real ölçüdən artıq göstərilməsinə gətirə bilər. Mübahisəli dövr üzrə iddiaçıya məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatını (2981748 m3) və işləmə rejimini nəzərə aldıqda, iddiaçı (ROK- 107) abonentin saldosunda (abonent kodu **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan ******* m3 miqdarında (602728,4 manat dəyərində) qaz sərfiyyatı artıq hesablanmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh İB-nin “Abşeron” MQKSnin əməkdaşları tərəfindən tərtib edilmiş “Sərf ölçən cihazın yoxlanılması akt”larına, elektron qaimələr, abonent saldoundakı qaz sərfiyyatlarının göstəricilərdə olan fərqlərinə və iddiaçının ərizəsində qeyd olunanlara görə, “Albalılıq” PS-də quraşdırılmış mübahisəli ROK-107 tipli ******* nömrəli qaz sayğacında sayğacın termosensorunda nasazlıqlar aşkar edilmiş və həmin nasazlıqların aradan qaldırılması üçün təmirlər aparılmışdır. Həmin nasazlıqlar qaz sayğcının qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb olmuşdur. Həmçinin ekspert rəyində qeyd olunduğu kimi mübahisəli dövr üzrə iddiaçıya məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatını (2981748 m3) və işləmə rejimini nəzərə aldıqda, iddiaçı (ROK-107) abonentin saldosunda (abonent kodu **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan ******* m3 miqdarında (602728,4 manat dəyərində) qaz sərfiyyatı artıq hesablanmışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bununla cavabdeh tərəf ekspert rəyində qeyd olunan xüsusatların əksini təsdiq edən hər hansı sənəd sübut məhkəməyə təqdim etməmiş və hesablanmış borcun əsaslı olmasını məhkəmə gedişi zamanı sübuta yetirə bilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 531998,58 manat borc silinməli və 70729,82 manat məbləğində artıq ödənilmiş pul vəsaiti **********00020 abonent koduna bərpa edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00020 abonent koduna hesablanmış 531998,58 manat məbləğində borc silinsin və 70729,82 manat məbləğində artıq ödənilmiş pul vəsaiti **********00020 abonent koduna bərpa edilsin. Məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-128/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-128/2021
15.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver