Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1288/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən (kod 104770) obyektə hesablanış 1.254 manat borcun silinməsi və cavabdehin tətbiq etdiyi məhdudiyyət nəticəsində iddiaçıdan su kartına vurulmuş 942 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 avqust 2023-cü il tarixdə Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin əməkdaşları mənə məxsus olan ünvan 1 ünvanında yerləşən (kod 104770) obyektə gələrək yoxlama keçirilmiş və sudan qeyri-qanuni istifadə edilməsini əsas gətirərək xx.xx.2023-cü il tarixli 602157 saylı akt tərtib edimiş və 2.196 manat məbləğində cərimə hesablamışlar. Akta nəzər saldıqda onun yalnız cavabdehin əməkdaşları (2 nəfər) tərəfindən və heç bir hal şahidi olmadan, birtərəfli qaydada tərtib edildiyi müəyyən edilir. Tərəfimizdən hər hansısa formada sudan istifadə ilə bağlı pozuntu edilməmişdir. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan obyektə baxış keçirmək qanunsuzdur və keçirilmiş yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
7. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
8. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
9. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
11. İş materiallarına əlavə olunmuş 602157 saylı aktdan görünür ki, Cavabdeh ASCnin nümayəndələri tərəfindən Biləcəri qəsəbəsi, Məhəllə 5057/68, ev 9 ünvanında yerləşən obyektə baxış zamanı obyektdə diametri d=15 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunduğu aşkar olunmuşdur.
12. İş materiallarında olan qanunsuz istifadə fakturasından görünür ki, xx.xx.2023-cü il tarixli 602157 saylı akta əsasən X2 aid 104770 saylı abunə koduna 2.196 manat məbləğində borc hesablanmışdır.
13. İş materiallarında olan 104770 saylı abonent kodu üzrə X2 məxsus olan Abonent Saldosundan görünür ki, qeyd edilmiş akta əsasən iddiaçıya 2.196 manat məbləğində borc hesablanmış və iddiaçı tərəfindən qeyd edilmiş borcdan 942 manat məbləğində ödəniş edilmiş və hal-hazırda 1.253 manat məbləğində borcu vardır.
14. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc abonent saldosundan da görünür ki, akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə sualına cavab olaraq yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.
16. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.
17. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
18. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf akta əsasən hesablanmış 2.196 manat borcdan 942 manat ödəniş etdiyindən, qeyd edilmiş məbləğdə pul cavabdeh tərəfindən iddiaçıya qaytarlmalı, hazırda hesablanmış olan borcdan qalan 1.253 manat məbləğində borc da, silinməlidir.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 məxsus 104770 saylı abunə kodu üzrə hesablanmış 1.253 (bir min iki yüz əlli üç) manat məbləğində borc silinsin. X3 tərəfindən ödənilmiş 942 (doqquz yüz qırx iki) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq X2 geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov