Məhkəmə qərarları › İş №e-2-2(113)-1288/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1288/2025

08.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1288/2025 08.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, elektron qaimə-fakturanın statusu, dəbbə pulu haqqında razılaşmanın forması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştitrakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 2125 manat əsas borc, 500 manat dəbbə pulunun və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA saylı müqaviləyə (vergi və mühasibatlıq xidmətlərinin göstərilməsi barədə) əsasən həmin müqavilədə qeyd edilmiş öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilmişdir, lakin cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlığa baxmayaraq, bu günə qədər ödəniş edilməmişdir. Nəticədə cavabdeh tərəfindən 2125 manat əsas borc, 500 manat dəbbə pulu olmaqla ümumilikdə 2625 manat borc yaranmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA saylı müqavilə 05 yanvar 2023-cü il tarixdə ləğv edilsə də, 2023-cü ilin birinci rübü üçün hesabat aparılmış, xidmət göstərilmişdir. Lakin bu zaman yeni müqavilə bağlanmamışdır.

7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi X1 məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək 05 yanvar 2023-cü il tarixində müqaviləyə xitam verildiyini, həmin tarixədək xidmət haqqının ödəniləcəyini, lakin 2023-cü ilin yanvar ayından sonra hesablanan 590 manat məbləğində borcun əsassız olduğunu, müqavilə ləğv olunduqdan sonra hər hansı xidmət göstərilmədiyini bildirdi.

8. Cavabdeh məhkəmənin növbəti iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 012/22-KNTS-SA nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mütəmadi olaraq cavabdehə vergi və mühasibatlıq sahələri üzrə xidmətlər göstərməyi, cavabdeh isə xidmətlər müqabilində iddiaçıya müqavilədə razılaşdırılmış şərtlər əsasında aylıq xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin xidmət haqqı və xidmətlərin təhvilqəbulu ilə bağlı şərtlərinə əsasən, xidmətlərin təhvil-təsliminin müvafiq elektron qaiməfaktura və ya təhvil-təslim aktı əsasında həyata keçirilməsi, təhvil-təslim aktının hər iki şəxsin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və müvafiq elektron qaiməfakturanın cavabdeh və ya dövlət qurumunun elektron sistemi tərəfindən avtomatik qaydada təsdiq edildiyi andan qüsursuz şəkildə icra edilməsi şərtləşdirilmiş, cavabdeh iddiaçıya hər ay ƏDV xaric 750 manat xidmət haqqını elektron qaimə-faktura tərtib edildikdən sonra 5 bank günü ərzində bank köçürməsi yolu ilə ödəməyi razılaşdırmışdır. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavə ilə əlavə təqdim edilmiş xidmətlərə görə ƏDV daxil olmaqla 354 manat xidmət haqqı əks edilmişdir. – Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA nömrəli xidmət müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi, müqavilə ləğv edildiyindən cavabdehin iddiaçı qarşısındakı yerinə yetirilməmiş öhdəliklərinə həmin öhdəliklərin icrasından sonra xitam veriləcəyi razılaşdırılmışdır. – İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə-fakturalara əsasən, xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA nömrəli xidmət müqaviləsinə istinad edilməklə xx.xx.2022-ci il tarixli EBCE 623971 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 885 manat, xx.xx.2022-ci il tarixli EBCG 823576 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 885 manat, xx.xx.2022-ci il tarixli EBCJ 442434 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 885 manat, xx.xx.2022-ci il tarixli EBCK 665569 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 885 manat, xx.xx.2022-ci il tarixli EBCL 681271 seriya və nömrəli elektron qaimə ƏDV daxil 354 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 3894 manat dəyərində xidmətin göstərilməsi üçün, xx.xx.2023-cü il tarixli 001/23- KNTS-SA nömrəli müqaviləyə istinad edilməklə xx.xx.2023-cü il tarixli EBDC 740442 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 590 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir. – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışa və iddiaçının hesabından çıxarışa əsasən, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 76,27 manat, xx.xx.2023-cü il tarixdə 54 manat, xx.xx.2023-cü il tarixdə 57,3 manat, xx.xx.2023-cü il tarixdə 54 manat olmaqla cəmi 241,57 manat ƏDV məbləği, xx.xx.2023-cü il tarixdə 423,73 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 317,8 manat, xx.xx.2023-cü il tarixdə 326 manat, xx.xx.2023-cü il tarixdə 750 manat olmaqla ümumilikdə 2117,53 manat əsas məbləğ ödənilmişdir.

13. İddiaçı xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA nömrəli xidmət müqaviləsi üzrə 2125 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

14. Cavabdeh iddia tələbinə xx.xx.2023-cü il tarixli EBDC 740442 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 590 manat hissəsində etiraz edir.

15. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01222- KNTS-SA nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

20. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

21. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

22. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

23. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 1534,9 (xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA nömrəli xidmət müqaviləsinə istinad edilən elektron qaimələr üzrə xidmətlərin cəmi dəyəri: 3894 manat – edilən ödənişlərin cəmi: 2359,1 manat) manat məbləğində borcu yaranmış, xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA nömrəli xidmət müqaviləsinin 4.5-ci bəndində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.

24. Məhkəmə xx.xx.2023-cü il tarixli EBDC 740442 seriya və nömrəli elektron qaimə üzrə 590 manat məbləğində pulun tutulması hissəsində isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. Əvvəla, həmin elektron qaimədə tərəflər arasından bağlanılması iş materialları ilə təsdiq edilməyən xx.xx.2023-cü il tarixli 001/23-KNTS-SA nömrəli müqaviləyə istinad edilmişdir.

26. İkincisi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA nömrəli xidmət müqaviləsinə xx.xx.2022-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyi halda, iddiaçı tərəfindən həmin müddətdən sonra xidmətin göstərilməsi ağlabatan deyildir. Məhkəmə tərəfindən iddiaçıya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilsə də, məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, elektron qaimə-faktura ilkin uçot sənədidir və malın, işin və ya xidmətin göstərildiyi (verildiyini) müstəqil olaraq təsdiq etmək qabiliyyətinə malik deyildir, bu şərtlə ki, tərəflər əksini razılaşdırmış olmasınlar. Təsadüfi deyildir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

27. xx.xx.2022-ci il tarixli 01222-KNTS-SA nömrəli xidmət müqaviləsində elektron qaimə-fakturanın sistem tərəfindən və ya sifarişçi tərəfindən təsdiq edilməsinin xidmətin qüsursuz şəkildə icra edildiyinə dəlalət etməsi razılaşdırılsa da, həmin müqavilənin ləğvindən sonrakı dövrdə elektron qaiməyə göstərilən yanaşma (təhvil-təslim sənədi kimi qəbul edilmə) istisna edilir. Bu səbəbdən də nə qədər ki xx.xx.2023-cü il tarixli EBDC 740442 seriya və nömrəli elektron qaimədə əks edilən 590 manat dəyərində xidmətin göstərildiyini təsdiq edən sənədlər təqdim edilməyib, həmin elektron qaimə özü-özlüyündə xidmətin göstərilməsini təsdiq edən mötəbər sübut hesab oluna bilməz.

28. Üçüncüsü, tərəflər arasında formalaşmış işgüzar praktika da həmin elektron qaiməni şübhə altına salır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 01222-KNTS- SA nömrəli xidmət müqaviləsi üzrə vergi, mühasibatlıq xidmətləri ƏDV xaric 750 manat, əlavə konsaltinq xidməti ƏDV daxil 354 manat razılaşdırılmış, xx.xx.2022-ci il tarixli EBCE 623971, xx.xx.2022-ci il tarixli EBCG 823576, xx.xx.2022-ci il tarixli EBCJ 442434, xx.xx.2022-ci il tarixli EBCK 665569 və xx.xx.2022-ci il tarixli EBCL 681271 seriya və nömrəli elektron qaimələrin xidmətin adı və xidmətin dəyəri hissələri də məhz həmin müqavilədəki xidmətin adı və xidmətin dəyəri hissələri ilə eynilik təşkil etmişdir. Lakin xx.xx.2023-cü il tarixli EBDC 740442 seriya və nömrəli elektron qaimədə tərəflər arasında göstərilməsi razılaşdırılmamış xidmət – audit xidməti qeyd edilmiş, razılaşdırılmamış dəyər – ƏDV daxil 590 manat əks olunmuşdur.

29. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli EBDC 740442 seriya və nömrəli elektron qaimədə təsbit edilmiş xidmətlərin göstərilməsi təsdiq olunmadığından həmin hissədə iddia rədd edilməlidir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

35. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli 001/23-KNTS-SA nömrəli xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməli, 1534,9 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Xidmət müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı həmçinin 500 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

39. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

40. Göründüyü kimi, mülki qanunvericilikdə öhdəliklərin icrasının təmin edilməsinin ənənəvi üsulu kimi çıxış edən dəbbə pulu barədə razılaşmanın məhz yazılı qayda bağlanması nəzərdə tutulmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsinin qanunla müəyyənləşdirilməsi imkanı da istisna edilməmişdir. Başqa sözlə, dəbbə pulunun tutulması qismində əsas kimi ya yazılı razılaşma, ya da qanunun müddəası çıxış etməlidir.

41. Məhkəmə qeyd edir ki, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşma mövcud deyil. Belə ki, xx.xx.2023-cü il tarixli 001/23-KNTS-SA nömrəli müqavilədə dəbbə pulu ilə bağlı hər hansı bənd əks olunmamışdır. Eyni zamanda qanunla da xidmət müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirilməsi üçün dəbbə pulu təsbit edilməmişdir.

42. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində əsassız olduğundan təmin olunmamalıdır.

c) Məhkəmə xərcləri ilə bağlı

43. İddiaçı həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********64 nömrəli mədaxil qəbzinə əsasən 50 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 24 avqust 2022-ci il tarixdə bağlanmış xidmət müqaviləsi üzrə 1534,9 manat əsas borc Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar