Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-129/2022 15.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh “Şərq-Qərb Mülk” MMC-yə qarşı “18.03.2016-cı il tarixli, 100- 56498/KM nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “Şərq-Qərb Mülk” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 mart 2021-ci il tarixə faiz borcu üzrə 201516.71 manat, 01 mart 2021-ci il tarixə gecikdirimiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 201516.72 manat, cəmi 403033.43 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehin bankla bağladığı 18 mart 2016-cı il tarixli kredit müqaviləsinə, öhdəliklərin ötürülməsinə dair 27.12.2017-ci il tarixli müqavilə və 15.02.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair sazişə əsasən ona illik 18 faiz dərəcəsi ilə ******* manat məbləğində kredit verilmişdir. 18 mart 2016-cı il tarixli kredit müqaviləsinə 15.02.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair sazişə əsasən tərəflər razılığa gəlirlər ki, 27 dekabr 2017-ci il tarixli , “öhdəliklərin ötürülməsinə dair müqavilə əsasında borcalanın bank qarşısında yaranmış ******* ABŞ dolları məbləğində əsas borcun və bu sazişin qüvvəyə mindiyi günə hesablanmış faizlər üzrə borcun məbləği Azərbaycan manatına konvertasiya edilir. Konvertasiya edilmiş əsas borca görə faizlər 18.03.2016-cı il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixədək, yəni 18.03.2018-ci il tarixədək illik 18 faiz dərəcəsi ilə hesablanır. Konvertasiya əməliyyatı AR Mərkəzi Bankının əməliyyat gününə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsinə uyğun aparılır. Cavabeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun banka əsas borcu 0 manat, 01 mart 2021-ci il tarixə faiz borcu üzrə 201516.71 manat, 01 mart 2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 201516.72 manat, cəmi 403033.43 manat məbləğində borcu yaranmışdır. 11 oktyabr 2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 18.03.2018-ci il tarixə faiz borcu üzrə 106466.82 manat, 18.03.2018-ci tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 35617.32 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 18 mart 2018-ci il tarixdən sonra əsas borcun ödənildiyi 17.10.2018-ci il tarixə hesablanmış faiz borcu üzrə 95049.89 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 18 mart 2018-ci il tarixdən sonra əsas borcun ödənildiyi 17.10.2018-ci il tarixə hesablanmış dəbbə pulu üzrə 165899.40 manat, cəmi 403033.43 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 fevral 2022-ci il tarixdə iddiaçının nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 18.03.2018-ci il tarixə faiz borcu üzrə 182,290.55 manat, 18.03.2018-ci tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 35617.32 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 18 mart 2018-ci il tarixdən sonra əsas borcun ödənildiyi 17.10.2018-ci il tarixə hesablanmış faiz borcu üzrə 130,336.94 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 18 mart 2018-ci il tarixdən sonra əsas borcun ödənildiyi 17.10.2018-ci il tarixə hesablanmış dəbbə pulu üzrə 165,899.40 manat, cəmi 514,144.21 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 verdiyi izahatda bildirdi ki, iddia tələbini qəbul etmir, lakin yekun qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən bundan sonra “Bank” adlandırılacaq "xxxx" Bank ASC ilə digər tərəfdən bundan sonra “borcalan” adlandırılacaq "xxxx" ASC arasında bağlanmış 18.03.2016-cı il tarixli, 100-56498/KM nömrəli müqaviləyə əsasən bank hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana 1,500000 USD məbləğində kredit verir. Borcalan isə bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. 1.2. Kredit borclana məxsus olan yeni tikili üzrə tikinti işlərinin yekunlaşdırılması məqsədi ilə verilir. 1.3. Hazırkı müqavilənin 1.1-ci bəndində göstərilən kredit 18 mart 2018-ci il tarixinə kimi və ilk 12 ayın ödənişinə güzəşt tətbiq olunaraq hər ay aylıq faiz ödənilməsi şərti ilə verilir. 4.1. Borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 24 ay ərzində, “Əlavə 1” üzrə ilk 12 ayın əsas məbləğinə güzəşt tətbiq olunaraq hər ay aylıq faiz ödənilməsi şərti ilə qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. - İddiaçı ASC, "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış 27.12.2017-ci il tarixli öhdəliklərin ötürülməsinə dair müqaviləyə əsasən tərəflər razılığa gəlirlər ki, bu müqavilənin imzalandığı tarixdən borclu ilə kreditor arasında bağlanmış 18.03.2016-cı il tarixli 100-56498/KM nömrəli kredit müqaviləsi üzrə borclunun hüquq və vəzifələri üçüncü tərəfə verilir və o qüvvədə olan qanunvericiliyə müvafiq olaraq borclunu əvəz edir. 4. Bu müqavilə imzalanan ana borclu tərəfindən kredit müqaviləsinə əsasən 159,945.06 ABŞ dolları məbləğində kreditora ödənişlər aparılmışdır. 5. Bu müqavilənin bağlandığı tarixə üçüncü tərəfə ötürülən kredit öhdəliklərinin həcmi 1,553,053.82 ABŞ dolları, o cümlədən əsas borc üzrə 1,500,000 ABŞ dolları məbləğində və əsas borca hesablanmış 53,053.82 ABŞ dolları məbləğində faiz borcu təşkil edir. 6. Üçüncü tərəf qəbul edir ki, əsas borcla yanaşı bu müqavilənin bağlandığı tarixədək əsas kredit borcuna hesablanmış və həmin tarixdən sonra əsas kredit borcunun tam ödənildiyi tarixədək hesablanacaq faizləri kreditora ödəməlidir. - Tərəflər arasında 15.02.2018-ci il tarixdə bağlanmış kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Sazişə əsasən tərəflər razılığa gəlirlər ki, 27 dekabr 2017-ci il tarixli “öhdəliklərin ötürülməsinə dair müqavilə əsasında borcalanın Bank qarşısında yaranmış 1,500,000 Abş dolları məbləğində əsas borcun və bu Sazişin qüvvəyə mindiyi günə hesablanmış faizlər üzrə borcun məbləği Azərbaycan manatına konvertasiya edilir. 2. Konvertasiya edilmiş əsas borca görə faizlər 18.03.2016-cı il tarixli 100-56498/KM nömrəli kredit müqaviləsinin müddətinin bitdiyi tarixədək, yəni 18.03.2018-ci il tarixədək illik 18 faiz dərəcəsi ilə hesablanır. 3. Konvertasiya əməliyyatı Azərbaycan Respublikasının Mərkəzi Bankının əməliyyat gününə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsinə uyğun aparılır. - 01.03.2021-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanmış 18.03.2016-cı il tarixli, 100-56498/KM nömrəli kredit müqaviləsi üzrə kreditin məbləği ******* manat, illik faiz dərəcəsi 18 %, kreditin götürülmə tarixi 15.02.2018-ci il, müqavilə üzrə kreditin tam qaytarılmalı olduğu tarix 18.03.2018-ci il, kreditin hər ay bərabər hissələrlə ödənilməli olduğu tarix ayın -18 i, gecikdirilmiş kreditə görə illik faiz dərəcəsi 32 %, ödənilmiş əsas borc məbləği ******* manat, ödənilmiş faiz borcu 318444.28 manat, sön ödəniş tarixi və məbləği 17.10.2***-*******.28 manat, iddia qaldırılan günə əsas kredit borcu 0 manat, 01.03.2021-ci il tarixə faiz borcu 201516.71 manat, 01.03.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu 201516.72 manat, borc üzrə iddia tələbinin ümumi məbləği 403033.43 manat təşkil edir. - "xxxx" Bank ASC tərəfindən 01.01.2019-16.04.2021-ci il tarix aralığı üzrə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki "xxxx" Mülk MMC-nin dövrün sonuna qalıq borc məbləği 201,516.72 manat təşkil edir. - "xxxx" Bank ASC tərəfindən 01.03.2021-ci il tarixdə Cavabdeh MMC-yə PKŞ/3389 nömrəli bildiriş–xəbərdarlıq ünvanlanaraq, 01.03.2021-ci il tarixə banka faiz borcu üzrə 201516.71 manat, 01.03.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 201516.72 manat, cəmi 403033.43 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 18.03.2016-cı il tarixli, 100-56498/KM nömrəli kredit müqavilədən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 18.03.2016-cı il tarixli, 100- 56498/KM nömrəli kredit müqaviləsi, öhdəliklərin ötürülməsinə dair 27.12.2017-ci il tarixli müqavilə və 15.02.2018-ci il tarixli kredit borcu üzrə şərtlərlə dəyişikliklərin edilməsinə dair Sazişə əsasən "xxxx" Bank ASC tərəfindən Cavabdeh MMC-yə illik 18 % dərəcəsi ilə ümumilikdə ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən sözügedən müqavilə üzrə əsas borc ödənişləri 17.10.2018-ci il tarixdə tam olaraq icra edilmiş, lakin hesablanmış faiz borcunun bir qismi ödənilməmiş qalmışdır. İşdən görünür ki, iddiaçı, tərəflər arasında bağlanmış müqavilənin bitmə tarixinə, yəni 18.03.2018-ci il tarixə, eyni zamanda cavabdeh tərəfindən əsas borcun ödənildiyi tarixə yəni 17.10.2018-ci tarixədək olan dövr ərzində 18 % dərəcəsi ilə faiz borcu hesablamışdır. Cavabdeh tərəf ödənilməmiş borc məbləğinin qaldığını bildirsə də, iddiaçı tərəfindən hesablanmış borc məbləğinin həqiqətə uyğun olmadığını bildirərək mübahisələndirmişdir. Məhkəmə tərəfindən qeyd edilən hallarının araşdırılması məqsədilə 2 dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə ilkin olaraq təqdim edilmiş, 03.09.2021ci il tarixli, 9/3365 nömrəli ekspert rəyində göstərilmişdir ki, 18 mart 2016-cı il tarixli kredit müqaviləsinin, 15.02.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin 17.10.2018-ci il tarixə banka olan faiz borcu 130,336.94 manat müəyyən olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 18 mart 2016-cı il tarixli , 100-56498/KM saylı kredit müqaviləsi, 15.02.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Saziş üzrə təqdim edilmiş sənədlərə əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmamışdır və kredit ödənişlərindən cəriməyə silinmə aparılmamışdır. Buna görə hazırki tədqiqatla 18 mart 2016-cı il tarixli, 100-56498/KM saylı kredit müqaviləsi, 15.02.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Saziş üzrə cərimə hesablanmadı. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2021-ci il tarixli, 9/7861 nömrəli ekspert rəyində isə bildirilmişdir ki, tərəflər arasında bağlanmış 18.03.2016-cı il tarixli, 100-56498/KM nömrəli kredit müqaviləsinə əsasən 18.03.2018-ci il tarixə Cavabdeh MMC-nin borc məbləği faiz borcu üzrə 182,290.55 manat, 18.03.2018-ci il tarixdən 17.10.2018-ci il tarixə illik 5 % dərəcəsi ilə hesablanmaqla əsas borc üzrə 65,128.55 manat, 18.03.2018-ci il tarixdən 17.10.2018-ci il tarixə illik 18% dərəcəsi ilə hesablanmaqla 17.10.2018-ci il tarixə əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 130,336.94 manat ( illik 18%-lə) təşkil etmişdir. Hazırda iddiaçı məhkəməyə təqdim edilmiş ekspert rəyinə müvafiq olaraq müqavilə müddətinin bitmə tarixinə, yəni 18.03.2018-ci il tarixə 18 % dərəcəsi ilə 182,290.55 manat məbləğində, əsas borcun ödəniş tarixinə, yəni 17.10.2018-ci il tarixə isə yenə də 18% dərəcəsi ilə hesablanmaqla 130,336.94 manat məbləğində faiz borcunun ödənilməsini tələb edir. Məhkəmə iddiaçının tələbini yalnız bir hissədə əsaslı hesab edir. Belə ki, tərəflər arasında imzalanmış 15 fevral 2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Sazişin 2-ci bəndinə əsasən konvertasiya edilmiş əsas borca görə faizlər kredit müqaviləsinin bitdiyi tarixədək, yəni 18.03.2018-ci il tarixədək illik 18 faiz dərəcəsi ilə hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə ekspert rəyinin gəldiyi nəticəyə əsaslanaraq 18.03.2018-ci il tarixədək olan dövr üçün hesablanmış 182,290.55 manat məbləğində faiz borcu hissəsində iddia tələbini əsaslı hesab edir. Lakin nəzərə alınmalıdır, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq qeyd edir ki, cavabdehdən 17.10.2018-ci il tarixədək olan dövr üzrə, yəni əsas borc ödənişinin həyata keçirildiyi dövr üzrə iddiaçının iddia tələbində qeyd etdiyi kimi 18% dərəcəsi ilə deyil, 5 % dərəcəsi ilə faiz borcu hesablanmalıdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən isə məlum olur ki, 18.03.2018-ci il tarixdən 17.10.2018-ci il tarixədək olan dövr üzrə 5 % dərəcəsi ilə hesablandığı təqdirdə cavabdehin həmin dövrə ümumiyyətlə faiz borcu mövcud deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, qeyd edilən dövr üçün iddiaçı tərəfindən tələb edilən məbləğ əsassızdır. İddiaçı eyni zamanda iddia ərizəsində 18.03.2018-ci il tarixədək olan dövr üçün 35,617.32 manat, 18.03.2018-17.10.2018-ci il tarixədək olan dövr üçün isə 165,899.40 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıqaşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən 3000 manat məbləğində dəbbə pulu tutulmalıdır. 18.03.2018-17.10.2018-ci il tarixədək olan dövr üçün tələb edilən 165,899.40 manat məbləğində dəbbə puluna münasibətdə isə məhkəmə bildirir ki, həmin dövr üzrə ödənilməmiş əsas və faiz borcları mövcud olmadığından dəbbə pulu tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 18.03.2018-ci il tarixə faiz borcu üzrə 182,290.55 manat, gecikdirilmiş əsas kredit borcuna görə 3000 manat məbləğində dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mühasibatlıq ekspertizasını xərclərinə dair bildirişdən görünür ki, ekspertizanın keçirilməsinə ümumilikdə 400 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı çəkilmiş 400 manat məbləğində xərc cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18.03.2018-ci il tarixə faiz borcu üzrə 182,290.55 ( yüz səksən iki min iki yüz doxsan manat əlli beş qəpik), gecikdirilmiş əsas kredit borcuna görə 3000 (üç min) manat məbləğində dəbbə pulu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 185,320.55 (yüz səksən beş min üç yüz iyirmi manat əlli beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Bank ASC-yə ödənilsin. Cavabdeh MMC-dən ekspertiza xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-129/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-129/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver