Məhkəmə qərarları › İş №e-2-2(113)-1296/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1296/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1296/2023 08.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi üzrə 7.271,24 manat ödənilməmiş icarə haqqı, həmçinin icarə müqaviləsinin 2-ci bəndinin 2-ci paraqrafına müvafiq olaraq, ödənişin gecikdirilməsinə görə tətbiq olunan əlavə haqq 482,84 manat olmaqla, ümumilikdə 7.754,08 manat, kirayə müqaviləsi üzrə kirayə haqqı 11.328 manat, həmçinin kirayə müqaviləsinin 2-ci bəndinin 3-cü paraqrafına müvafiq olaraq, ödənişin gecikdirilməsinə görə tətbiq olunan əlavə haqq 746,41 manat olmaqla, 12.074,41 manat pulun və məhkəmə mübahisəsi ilə əlaqədar vəkilə hüquqi yardıma görə ödənilmiş 1.510 manat və dövlət rüsumu kimi ödənilmiş 200 manat pulun, ümumilikdə 21.538,49 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən, yəni iddiaçı, icarəyə verənin mülkiyyətində olan ünvan 1, “Tover 2” adlanan binanın giriş mərtəbəsindəki, ərazisi 55 kv.metr olan ofis sahəsini icarəçiyə, yəni cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi 15 yanvar 2022-ci il tarixindən etibarən 14 yanvar 2023-cü il tarixinə qədər qüvvədədir. İcarə müqaviləsinin 2-ci bəndinin birinci paraqrafına əsasən icarə obyekti üzrə aylıq 1.500 manat icarə haqqı müəyyən edilmiş və cavabdehin üzərinə aylıq olaraq fakturanın iddiaçı tərəfindən verildiyi tarixdən 10 təqvim günündən gec olmayaraq ödənilməsi öhdəliyi qoyulmuşdur. Bu maddənin tələbinə müvafiq olaraq, iddiaçı tərəfindən cavabdehə, 31 yanvar 2022-ci il tarixli EBBQ 393195 saylı qaimə, 28 fevral 2022-ci il tarixli EBBR 992896 saylı qaimə, 29 mart 2022-cil il EBBT 460017 saylı qaimə, 26 aprel 2022-ci il tarixli EBBV 091311 saylı qaimə, 30 may 2022-ci il tarixli EBBX 156330 saylı qaimə (Qoşma 6), 27 iyun 2022-ci il tarixli EBBY 946013 qaimə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilən qaimələr əsasında hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin yerinə yetirilmədiyini müşahidə edən iddiaçı, mütəmadi olaraq cavabdehlə telefon vasitəsilə əlaqə saxlayıb, ondan icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmişdir. Cavabdeh tərəfindən borc öhdəliyinin olduğu iddiaçıya etiraf edilmiş və cavabdeh tərəfindən borc öhdəliyini tezliklə yerinə yetirəcəyi barədə müxtəlif vədlər verilmiş, lakin nəticə etibarı ilə borc öhdəliyi yerinə yetirilməmişdir. İddiaçı tərəfindən 01 may 2022-ci il tarixdə cavabdehin qanuni təmsilçisinə yazılı qaydada icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilərək, icarə müqaviləsinin 10 may 2022-ci il tarixdən etibarən xitam verilmiş hesab edilməsi barədə məlumat verilmişdir. Həmin bildiriş cavabdehin qanuni təmsilçisi, X5 tərəfindən qəbul edilərək, həmin bildirişin üzərində “qəbul etdim” qeydi yazılaraq imzalanmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli kirayə müqaviləsinin şərtlərinə müvafiq olaraq, iddiaçı ünvan 1, “Tover 1” adlanan binanın 4-cü mərtəbəsində yerləşən, tam təchiz edilmiş, 3 yataq otaqlı, sahəsi 190 kv.metr olan olan 48 nömrəli mənzili cavabdehə kirayə verməli, cavabdeh isə həmin əmlakın kirayəsinə görə aylıq olaraq, 3.200 manat məbləğində kirayə haqqını, iddiaçı tərəfindən hesab-fakturanın təqdim edildiyi tarixdən 10 gün ərzində iddiaçıya ödəməlidir. İddiaçı müqavilə üzrə müəyyən edilmiş bütün öhdəliklərini vaxtında və tam olaraq icra etmiş və kirayə müqaviləsinin 2-ci bəndinin birinci paraqrafına müvafiq qaydada cavabdehə 22 fevral 2022-ci il tarixli EBBS 071181 saylı qaimə, 29 mart 2022-ci il tarixli EBBT 460051 qaimə, 26 aprel 2022-ci il tarixli EBBV 091385 saylı qaimə təqdim etmişdir. Cavabdeh tərəfindən kirayə müqaviləsi üzrə təqdim edilmiş qaimələr üzrə heç bir ödəniş həyata keçirilməmişdir. 01 aprel 2022-ci il tarixində cavabdeh tərəfindən kirayə müqaviləsinə xitam verilməsi barədə bildiriş iddiaçıya təqdim edilmiş və bildirişdə kirayə müqaviləsinə 30 aprel 2022-ci il tarixindən etibarən xitam veriləcəyi qeyd olunmuşdur. 24 may 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək, onun 2022-ci ilin yanvar-may ayları ərzində təqdim edilmiş qaimələrə əsaslanaraq, icarə müqaviləsi və kirayə müqaviləsi üzrə 18.606,20 manat məbləğində borcu olduğu və belə borcun ödənilməməsi nəticəsində həmin müqavilələrin şərtlərinin pozulduğu bildirilmişdir. Həmçinin bildirişdə qeyd edilmişdir ki, müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi halda, iddiaçı tərəfindən Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə müraciət ediləcəkdir. İddiaçı tərəfindən həyata keçirilmiş bütün tədbirlərə baxmayaraq, cavabdeh tərəfindən cavabdehin icarə müqaviləsi və kirayə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi, yəni borc ödənişini ödənməsi istiqamətində bugünə qədər hər hansı tədbirlər həyata keçirilməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı bildirişlər göndərilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən məbləğ heç bir zaman təkzib edilməsə də, qeyd edilən hesab-fakturalar üzrə ödəniş bugünədək həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə izahatında həmçinin qeyd etmişdir ki, elektron qaimələrdə əmlakın icarəyə verilməsindən başqa kommunal xərclər ilə bağlı məbləğlər də göstərilmişdir. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, kommunal xərclərin məbləğini və ödənilməsini təsdiq edən sübutları yoxdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, hazırda "xxxx" QSC-nin nəzdində Bakı Beynəlxalq Mərkəzin direktoru kimi çalışır. cavabdeh şirkətin rəhbəri Vaqif Əliyev ofis sahəsi icarəyə götürmək üçün onlara müraciət etdi. Həmin vaxt o X13 menecer vəzifəsində çalışırdı. Cavabdeh şirkətin mühasibi olan Jalə xanımın onlarla əvvəldən tanış olduğunu aşkar etdilər. Qarşı tərəfin istədiyi ofis sahəsi onlarda var idi. Jalə xanımı tanıdıqlarına görə dərhal müqavilə tərtib etdilər. İcarə obyektinin təhvil verildiyi vaxt açarların təhvil verilməsi ilə bağlı akt da tərtib etdilər. Daha sonra yanvar ayının sonunda cavabdeh mənzillər ilə maraqlandığını bildirdi. Bundan sonra cavabdeh ilə fevral ayında müqavilə bağladılar və mənzili təhvil verdilər. Ödəniş edilməsi ilə bağlı cavabdehin rəhbəri ilə əlaqə saxladıqda sonuncu aprel ayının 10-dək ödəniş edəcəyini ödəniş edəcəyini bildirdi. Əməkdaşları ilə mühasibinin qohum olması ilə bağlı cababdehə etibar etdilər. Aprel ayının sonunda mənzilin icarəsi ilə bağlı olan müqaviləni ləğv etdilər. Cavabdeh may ayının əvvəli həm mənzilin, həm ofisin icarə haqqını ödəyəcəyini bildirdi. Lakin ödəniş etmədi. Daha sonra ofisin icarə haqqını da ödəyə bilmədi və onlar dərhal müqaviləni ləğv etdilər. Əşyalar belə indiyədək təhvil alınmayıb. Daha sonra şahid ona verilmiş suallara cavab olaraq bildirdi ki, açarların cavabdehə təhvil verilməsi ilə bağlı akt mövcuddur. X8 təhvil alıb. Stol, stul, noutbuk, printer kimi əşyalar qalıb. Hazırda həmin əşyalar anbardadır. Əslində həmin otağı icarəyə verə bilərlər, lakin məcbur qalmışlar ki, orada cavabdehin əşyalarını saxlasınlar. X2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o "xxxx" QSC-də əməliyyatlar üzrə menecer vəzifəsində çalışır. Vəzifəsi üzrə öhdəliyi icarə ilə maraqlanan müştəriləri obyektlər ilə tanış etmək, onlara icarəyə götürülən əmlaklar ilə bağlı texniki yardım göstərmək, müqavilələri tərtib etmək, bütün servis xidmətlərinin göstərilməsini təşkil etməkdən ibarətdir. Daha sonra şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şirkətin rəhbəri olan Vaqif Əliyevə mənzil və ofisi göstərdi. İcarəçiyə texniki dəstək göstərilməsi, təmizlik işləri və digər servis xidmətlərin göstərilməsi ilə bağlı məsul şəxsdir. Evində və ofisində dəfələrlə olmuşdur. İcarə obyektindən xx.xx.2022-ci il tarixdən istifadə edilməyə başlayıb. İnternet xəttinin quraşdırılması, yemək sifariş verilməsi ilə bağlı bütün məlumatları vermişdir. Müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilib. Obyektdən cavabdeh xx.xx.2022-ci il tarixdə çıxıb. İcarə obyektində cavabdehə məxsus 2 ədəd stol, kreslo, 1 ədəd printer, noutbuk qalıb. Bu əmlakların götürülməsi ilə bağlı hər hansı müraciət olmayıb. Açarı mühafizə xidmətinə təhvil verdikdən sonra cavabdeh obyektdən çıxıb. Cavabdeh açarı mühafizə şöbəsindən təhvil alıb. X1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o hazırda “Coolmore Alliance L.P” şirkətində mühasib vəzifəsində çalışır. Mübahisə yaranan zaman Vaqif Audit şirkətində çalışırdı. Həmin vaxt Vaqif Əliyev ondan şirkət üçün ofis axtarmağı tələb etdi. O da “X16” şirkətində ofis tapdı. Daha sonra ona məlum oldu ki, X7 onunla tanışdır. Bildiyinə görə sonradan Vaqif Əliyev mənzil də kirayə götürdü. Daha sonra şahid ona verilmiş suallara cavab olaraq bildirdi ki, səhv etmirsə ofisdən 4 ay istifadə edilib. Yanvar ayından mart ayının sonu, aprel ayının əvvəlinədək. O mart ayında işdən çıxdı, bu səbəblə tarixi dəqiq deyə bilmir. Lakin Ramin müəllimlə əlaqə saxlayırdı, o, ona bildirdi ki, hələ də ödəniş edilməyib və ofisdən çıxılmayıb. Şirkətin rəhbəri fərqli bəhanələr gətirərək ödəniş etmirdi. İşdən ayrılmağının səbəbi əmək haqqının ödənilməməsi idi. Şirkətdə 5 ay çalışmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən “Tover-2” adı ilə tanınan binanın giriş mərtəbəsində, ərazisi 55 kv.metr olan ofis sahəsini icarəçiyə icarəyə verir. Həmin müqavilənin: 1-ci (Müddət) bəndinə əsasən hazırkı müqavilə imzalandıqdan sonra icarənin müddəti dövründə qüvvədə qalacaqdır. Bu Müqaviləyə əsasən müddət 15 yanvar 2022-ci il tarixində (və ya Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında daha tez bir tarixdə) başlanmalı və daha əvvəl ləğv edilməmiş və ya uzadılmamışdırsa 14 yanvar 2023-cü il tarixində qüvvədən düşməlidir (hər iki gün daxildir). 2-ci (İcarə haqqı) bəndinə əsasən əmlakın icarəsinə görə aylıq icarə haqqı 1.500 manat təşkil edəcəkdir. İcarə haqqına hazırda “X9 Center & Spa” adı altında fəaliyyət göstərən idman və sağlamlıq mərkəzində 2 nəfər üçün üzvlük daxildir. İcarə haqqı cari aya görə aylıq əsasda, fakturanın verilmə tarixinindən 10 təqvim günündən gec olmayaraq icarəyə verənin hesab-fakturalarının əsilləri əsasında ödənilməlidir və əgər müqavilənin qüvvədə olduğu və ya xitam edildiyi sonuncu gün ayın son gününə təsadüf etmirsə, bu zaman tam olmayan ayın günləri üçün icarə haqqı bütöv ay üçün ödənilən məbləğə proporsional olaraq hesablanıb ödənilir. Bütün icarə haqqı ödənişləri vaxtı-vaxtında və icarəyə verənin hazırki Müqavilədə göstərilən hesabına köçürülməlidir. Bu müqaviləyə əsasən icarəçi tərəfindən icarəyə verənə ödənilməli olan məbləğ ödəniş günündə ödənilməzsə, icarəyə verənin hüququ olacaq ki, ödəniş günündən sonrakı hər gecikmə günü üçün ödənilməsi gecikdirilən məbləğə illik 15 % dərəcə ilə, aylıq icarə haqqı məbləğindən çox olmayaraq faiz tətbiq etsin. İcarəçi icarəyə verən tərəfindən həmin faiz məbləğinə dair hesab təqdim edildiyi gündən 5 iş günü ərzində belə hesablanmış faiz məbləğini İcarəyə verənə ödəməlidir. İcarə haqqına X14 ("ƏDV") daxil deyil. İcarə haqqı üzrə hesablanmış ƏDV cari aya görə icarə haqqının ödənişi ilə birgə hesaba yazılmalı və ödənilməlidir. ƏDV-dən yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ƏDV-dən azad edilmə haqqında etibarlı sənədin əldə edilməsindən sonra azad oluna bilər. 10-cu (Təzminat) bəndinə əsasən icarəçi icarəyə verən tərəfindən çəkilən və ya icarəyə verənə qarşı irəli sürülən, bu müqavilənin pozulması və ya icra edilməməsi və üçüncü şəxslərin hüquqlarının hər hansı pozulması daxil olmaqla, icarəçinin hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranan və ya onlarla bağlı olan bütün itki, zərər, öhdəlik, borc, tələb, pretenziya, iddia, xərc, məsrəf, o cümlədən məhkəmə xərclərinə və hər hansı iddianın həlli və ya məhkəmə qərarının icrası üçün ödənilən istənilən məbləğ üçün icarəyə verənə təzminat ödəməyə razılaşır. İcarəçi, müqavilə üzrə öhdəliklərindən hər hansı birini əsaslı şəkildə pozmuşdursa və icarəyə verən icarəçiyə bu barədə yazılı şəkildə bildiriş verəndən 15 iş günü ərzində bu çatışmamazlığı aradan qaldıra bilməmişdirsə ("Öhdəliklərin yerinə yetirməməsi"), icarəyə verən öz mülahizəsinə əsasən hazırkı müqaviləyə dərhal xitam verməsi barədə icarəçiyə yazılı bildiriş verə bilər. Müqaviləyə xitam verəndən sonra, icarəçi dərhal əmlakı icarəyə verənə təhvil verməlidir və əgər əmlak icarəyə verənə dərhal təhvil verilməzsə, icarəyə verən əmlaka daxil ola bilər və sahibliyini əmlakın əvvəlki vəziyyətinə müvafiq özü bərpa edə bilər və oradan zəbt etmə və ya zorla daxil olma və ya həbs etmə aktlarında günahkar hesab edilmədən bütün lazimi üsullardan istifadə edərək bütün insanları və əşyaları çıxara bilər. Bu müqaviləyə hər hansı səbəbdən xitam veriləndən sonra, icarəyə verən tərəfindən icarəçidən qəbul edilmiş heç bir pul hazırkı müqavilənin müddətini bərpa edə, uzada və ya davam etdirə bilməz. Müqaviləyə hər hansı səbəbdən icarəyə verən tərəfindən xitam verilməsi, icarəyə verənə müqavilənin pozulmasına görə mövcud olan əlavə vasitə olmalı və heç bir digər vasitəni əvəz etməməlidir. 12-ci (Öhdəliklərin yerinə yetirilməməsi zamanı icarə haqqı) bəndinə əsasən hazırkı müqaviləyə şərtlər icarəçi tərəfindən əsaslı şəkildə pozulduğuna görə xitam verilərsə, tətbiq edilən qanunvericiliklə icazə verildiyi həddə, icarəyə verən bu müqaviləyə əsasən icarəçi tərəfindən verilməli və ya veriləcək və icarəçi, icarəyə verilmiş sahədə olduğu müddət üçün icarə haqqının tam məbləği daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq bütün pulları əldə etmək hüququna malikdir. 21-ci (Kommunal xidmətlər) bəndinə əsasən bütün kommunal xidmətlər, o cümlədən müvafiq sayğaclar üzrə elektrik enerjisindən istifadə xərcləri (qızdırıcılar, soyuducular və s.) aylıq əsaslarla icarəçi tərəfindən ödənilməlidir. 22-ci (Xitam vermə) bəndinə əsasən bu müqaviləyə icarəyə verən və ya icarəçidən hər hansı biri tərəfindən digər tərəfə 90 (doxsan) gün əvvəl yazılı bildiriş verməklə xitam verilə bilər. Hər bir halda, belə xitam vermə, yazılı qaydada təsdiq edilməlidir. Digər tərəfdən bu müqavilə şərtlərinin əsaslı dərəcədə pozulması; icarə haqqı ödənişinin 7 (yeddi) gündən çox gecikdirilməsi və könüllü və ya məcburi şəkildə müflislik prosedurlarına, digər tərəfə qarşı rəqabət aparıcı və digər prosedurlara başlama (prosedurlarda bu müqavilənin icrası ilə əlaqədar potensial maddi əks təsir olmalıdır) hallarında icarəyə verən digər tərəfə yazılı bildiriş verməklə dərhal müqaviləyə xitam vermək hüququna sahib olur. Həmçinin, icarəçi, müqavilə şərtləri əsaslı şəkildə pozulduqda, yazılı bildiriş verməklə, müqaviləyə xitam vermək hüququn sahibdir. 23-cü (Zəmanət Depoziti) bəndinə əsasən müqavilə imzalanan zaman icarəçi icarəyə verənə 1.500 manat depozit verəcək. İcarəçi müqaviləni dayandırdığı təqdirdə əmlaka dəymiş ziyan və ya hər hansı bir zərər üçün icarəyə verənə həmin zərərin məbləğini ödəməlidir. Bu məbləğ icarəyə verən tərəfindən, icarəçi müqaviləyə xitam verdiyi təqdirdə icarəyə verilən əmlaka dəymiş ziyana və ya dəymiş hər hansı bir zərərin ödənilməsi məqsədilə saxlanılacaq və əmlak müvafiq qaydada geri qaytarıldığı halda İcarəçiyə geri qaytarılacaqdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. X16 otelində açarın verilməsi sənədindən (formasından) (key issuing form) görünür ki, əmlaka dair cəmi 2 ədəd açar 10 yanvar 2022-ci il tarixdə (Qanuni nümayəndə tələbi əsasında) mühafizə xidməti tərəfindən "xxxx" MMC-nin direktoruna təqdim edilmişdir. "xxxx" QSC (kirayəyə verən) ilə Cavabdeh MMC (kirayəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən kirayəyə verən ünvan 1 ünvanında yerləşən “Tover-1” adı ilə tanınan binanın 4-cü mərtəbəsində yerləşən, tam təchiz edilmiş, 3 yataq otaqlı, 190 kv.metr olan 48 nömrəli mənzili kirayəçiyə kirayəyə verir. Həmin müqavilənin: 1-ci (Müddət) A) yarımbəndinə əsasən hazırkı müqavilə imzalandıqdan sonra kirayə müddəti dövründə qüvvədə qalacaqdır. Bu müqaviləyə əsasən müddət 01 fevral 2022-ci il tarixində başlanmalı və 31 yanvar 2023-cü il tarixində qüvvədən düşməlidir (hər iki gün daxildir), B) yarımbəndinə əsasən isə müddət bitdikdən sonra, bu müqavilənin müddəti tərəflərin qarşılıqlı yazılı razılığı əsasında uzadıla bilər. Kirayəçi müddəti uzatmaq istəyirsə, o kirayəyə verənə müddətinin bitməsinə ən azı 30 (otuz) təqvim günü qalmış bu barədə yazılı bildiriş verməlidir. 2-ci (Kirayə haqqı) bəndinə əsasən əmlakın kirayəsinə görə aylıq kirayə haqqı 3.200 manat təşkil edəcəkdir. Kirayə haqqı cari aya görə aylıq əsasda, fakturanın verilmə tarixindən 10 (on) təqvim günündən gec olmayaraq kirayəyə verənin hesab-fakturalarının əsilləri əsasında ödənilməlidir və əgər müqavilənin qüvvədə olduğu və ya xitam edildiyi sonuncu gün ayın son gününə təsadüf etmirsə, bu zaman tam olmayan ayın günləri üçün kirayə haqqı bütöv ay üçün ödənilən məbləğə proporsional olaraq hesablanıb ödənilir. Bütün adı çəkilən ödənişlər kirayəyə verən tərəfindən göstərilən hesaba köçürülməlidir. Kirayə haqqına X14 ("ƏDV") daxil deyil. Kirayə haqqı üzrə hesablanmış ƏDV cari aya görə kirayə haqqının ödənişi ilə birgə hesaba yazılmalı və ödənilməlidir. ƏDV-dən yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ƏDV-dən azad edilmə haqqında etibarlı sənədin əldə edilməsindən sonra azad oluna bilər. Bu Müqaviləyə əsasən kirayəçi tərəfindən kirayəyə verənə ödənilməli olan məbləğ ödəniş günündə ödənilməzsə, kirayəyə verənin hüququ olacaq ki, ödəniş günündən sonrakı hər gecikmə günü üçün ödənilməsi gecikdirilən məbləğə illik 15 (on beş) % dərəcə ilə, ayiıq kirayə haqqı məbləğindən çox olmayaraq faiz tətbiq etsin. Kirayəçi kirayəyə verən tərəfindən həmin faiz məbləğinə dair hesab təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində belə hesablanmış faiz məbləğini Kirayəyə verənə ödəməlidir. Kirayə haqqı iyirmi dörd saat fəaliyyət göstərən təhlükəsizlik məntəqələri, binanın daxilində və xaricində olan təhlükəsizlik patrulları, təhlükəsizlik ameraları və video nəzarəti, bağçılıq və yaşıllaşdırma, tullantıların məhv edilməsi və bütün ictimai yerlərin təmizlənməsi kimi texniki xidmətləri də əhatə edir. Kirayəyə verən mənzil ərazisində texniki dəstək iyirmi dörd saat ərzində təmin edilən bütün müəyyən edilmiş elektrik, su, istilik və mexaniki avadanlıqlarına da şamil edir. Bu Kirayə haqqına yanmış elektrik lampaların dəyişdirilməsi daxil edilmir. Bu ödəniş tərəflərin yazılı razılığı əsasında dəyişdirilə bilər. 10-cu (Təzminat) A) yarımbəndinə əsasən kirayəçi kirayəyə verən tərəfindən çəkilən və ya kirayəyə verənə qarşı irəli sürülən, bu müqavilənin pozulması və ya icra edilməməsi və üçüncü şəxslərin hüquqlarının hər hansı pozulması daxil olmaqla, kirayəçinin hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranan və ya onlarla bağlı olan bütün itki, zərər, öhdəlik, borc, tələb, pretenziya, iddia, xərc, məsrəf, o cümlədən məhkəmə xərclərinə və hər hansı iddianın həlli və ya məhkəmə qərarının icrası üçün ödənilən istənilən məbləğ üçün kirayəyə verənə təzminat ödəməyə razılaşır, B) yarımbəndinə əsasən isə kirayəçi müqavilə öhdəliklərindən hər hansı birini yerinə yetirməmişdirsə və kirayəyə verən kirayəçiyə bu barədə yazılı şəkildə bildiriş verəndən 15 (on beş) iş günü əzində bu çatışmamazlığı aradan qaldıra bilməmişdirsə ("Öhdəliklərin yerinə yetirilməməsi”), kirayəyə verən öz mülahizəsinə əsasən hazırkı müqaviləyə xitam verməsi barədə kirayəçiyə yazılı bildiriş verə bilər. Müqaviləyə xitam verəndən sonra, kirayəçi dərhal əmlakı kirayəyə verənə təhvil verməlidir və, əgər əmlak kirayəyə verənə dərhal təhvil verilməzsə, kirayəyə verən əmlaka daxil ola bilər və sahibliyini əmlakın əvvəlki vəziyyətinə müvafiq özü bərpa edə bilər və oradan zəbt etmə və ya zorla daxil olma və ya həbs etmə aktlarında günahkar hesab edilmədən bütün lazımi üsullardan istifadə edərək bütün insanları və əşyaları çıxara bilər. Bu Müqaviləyə hər hansı səbəbdən xitam veriləndən sonra, kirayəyə verən tərəfindən kirayəçidən qəbul edilmiş heç bir pul hazırkı müqavilənin müddətini bərpa edə, uzada və ya davam etdirə bilməz. Müqaviləyə hər hansı səbəbdən kirayəyə verən tərəfindən xitam verilməsi, Kirayəyə verənə müqavilənin pozulmasına görə mövcud olan əlavə vasitə olmalı və heç bir digər vasitəni əvəz etməməlidir. 11-ci (Öhdəliklərin yerinə yetirilməməsi zamanı kirayə haqqı) bəndinə əsasən hazırkı müqaviləyə öhdəliklərin yerinə yetirilməməsinə görə xitam verilərsə, tətbiq edilən qanunvericiliklə icazə verildiyi həddə, kirayəyə verən bu müqaviləyə əsasən kirayəçi tərəfindən verilməli və ya veriləcək və hazırkı müqavəilənin müddətində ödəniləcək kirayə haqqının tam məbləği daxil olmaqla, lakin, bununla məhdudlaşmayaraq bütün pulları əldə etmək hüququna malikdir. 21-ci (Xitam vermə) bəndinə əsasən bu müqaviləyə kirayəyə verən və ya kirayəçidən hər hansı biri tərəfindən digər tərəfə 30 (otuz) gün əvvəl yazılı bildiriş verməklə xitam verilə bilər. Hər bir halda, belə xitam vermə, yazılı qaydada təsdiq edilməlidir. 22-ci (Kommunal xidmətlər) bəndinə əsasən bütün kommunal xidmətlər, o cümlədən müvafiq sayğaclar üzrə elektrik enerjisindən istifadə xərcləri (qızdırıcılar, soyuducular və s.) kirayə haqqına daxildir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. X16 otelində açarın verilməsi sənədindən (formasından) (key issuing form) görünür ki, 48 nömrəli mənzilə dair cəmi 2 ədəd açar 01 fevral 2022-ci il tarixdə (Qanuni nümayəndə tələbi əsasında) mühafizə xidməti tərəfindən "xxxx" MMC-nin direktoruna təqdim edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə xitam verilməsi barədə bildirişdə qeyd edilmişdir ki, "xxxx" MMC bildirir ki, 24 yanvar 2022-ci il tarixində, İzmir küçəsi, 2, Yasamal rayonu, Bakı, Azərbaycan ünvanında yerləşən, "Tover-1" adı ilə tanınan, binanın 4-cü mərtəbəsində yerləşən, tam təchiz edilmiş 3 yataq otaqlı, 190 kv.metr olan 48 nömrəli mənzil üçün bağlanmış kirayə müqaviləsinə ("Müqavilə"), Müqavilənin 21-ci bəndinə (Xitam vermə) əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaya riayət olunmaqla, 30 aprel 2022-ci il tarixdə xitam verilir və qeyd edilən tarixdən etibarən qeyd edilən mənzil üçün bağlanmış müqavilə qüvvədən düşür və xətm edilir. "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə bildirişdə qeyd edilmişdir ki, "xxxx" QSC bildirir ki, 15 dekabr 2021-ci il tarixində, İzmir küçəsi, 2, Yasamal rayonu, Bakı, Azərbaycan ünvanında yerləşən "Tover-2" adı ilə tanınan, binanın giriş mərtəbəsində, ərazisi 55 kv.metr olan ofis sahəsi üçün bağlanmış icarə müqaviləsinə ("Müqavilə"), müqavilənin 22-ci bəndinə (Xitam vermə) əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaya riayət olunmaqla, 10 may 2022-ci il tarixdə xitam verilir və qeyd edilən tarixdən etibarən, qeyd edilən ofis sahəsi üçün bağlanmış müqavilə qüvvədən düşür və xətm edilir. "xxxx" QSC tərəfindən icarə və kirayə haqqına və kommunal xərclərə dair (ƏDV daxil) cəmi 18.599,24 manat dəyərində o cümlədən (2022-ci il yanvar ayının 15-indən 31inə kimi icarə haqqı olan) cəmi 970,64 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 393195 saylı; (yanvar ayı üçün kommunal (utilities) xərclər 65,15 manat və fevral ayı üçün icarə haqqı 1.770 manat olmaqla) cəmi 1.835,15 manat məbləğində xx.xx.2022ci il tarixli, EBBR seriyalı, 992896 saylı; (48 nömrəli mənzilə görə fevral ayı üçün kirayə (icarə) haqqı olan) cəmi 3.776 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 071181 saylı; (fevral ayı üçün kommunal (utilities) xərclər 113,80 manat və mart ayı üçün icarə haqqı 1.770 manat olmaqla) cəmi 1.883,80 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 460017 saylı; (48 nömrəli mənzilə görə mart ayı üçün kirayə (icarə) haqqı olan) cəmi 3.776 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 460051 saylı; (mart ayı üçün kommunal (utilities) xərclər 106,62 manat və aprel ayı üçün icarə haqqı 1.770 manat olmaqla) cəmi 1.876,62 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 091311 saylı; (48 nömrəli mənzilə görə aprel ayı üçün kirayə (icarə) haqqı olan) cəmi 3.776 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 091385 saylı; (2022-ci ilin aprel ayı üçün kommunal (utility) xərclər 106,62 manat və 2022-ci ilin may ayının 1indən 10-una kimi icarə haqqı 570,97 manat olmaqla) cəmi 677,59 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 156330 saylı; (iyun ayının 1-indən 10-una kimi kommunal xərclər olan) cəmi 27,44 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 946013 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli 003978 nömrəli invoysa (invoice) əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən dövr üçün zəmanət depozitinə görə ödəniləcək məbləğ 1.500 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 003977 nömrəli invoysa (invoice) əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən dövr üçün icarə haqqına görə ödəniləcək məbləğ 970,65 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 004501 nömrəli invoysa (invoice) əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə yanvar ayı üçün kommunal (utilities) xərclərə görə 65,15 manat və fevral ayı üçün icarə haqqına görə 1.770 manat olmaqla cəmi ödəniləcək məbləğ 1.835,15 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 004588 nömrəli iinvoysa (invoice) əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən dövr üçün 48 nömrəli mənzil üçün kirayə (icarə) haqqına görə ödəniləcək məbləğ 3.776 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 004890 nömrəli invoysa (invoice) əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə 48 nömrəli mənzilə görə mart ayı üçün kirayə (icarə) haqqına görə cəmi ödəniləcək məbləğ 3.776 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 004939 nömrəli invoysa (invoice) əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə fevral ayı üçün kommunal (utilities) xərclərə görə 113,80 manat və mart ayı üçün icarə haqqına görə cəmi ödəniləcək məbləğ 1.883,80 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 005144 nömrəli invoysa (invoice) əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə mart ayı üçün kommunal (utilities) xərclərə görə 106,62 manat və aprel ayı üçün icarə haqqına görə 1.770 manat olmaqla, cəmi ödəniləcək məbləğ 1.876,62 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 005087 nömrəli invoysa (invoice) əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" QSC-yə 48 nömrəli mənzilə görə aprel ayı üçün kirayə (icarə) haqqına görə cəmi ödəniləcək məbləğ 3.776 manat təşkil edir. "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanlanaraq 5 iş günü müddətində yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 1.510 manat məbləğində pul vəsaiti "xxxx" QSC tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli icarə və xx.xx.2022-ci il tarixli kirayə müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı icarə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən “Tover-2” adı ilə tanınan binanın giriş mərtəbəsində, ərazisi 55 kv.metr olan ofis sahəsini aylıq icarə haqqı ƏDV xaric 1.500 manat olmaqla cavabdehə icarəyə, kirayə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən “Tover-1” adı ilə tanınan binanın 4-cü mərtəbəsində yerləşən, tam təchiz edilmiş, 3 yataq otaqlı, 190 kv.metr olan 48 nömrəli mənzili aylıq kirayə haqqı ƏDV xaric 3.200 manat olmaqla cavabdehə kirayə verməyi, cavabdeh isə müvafiq olaraq icarə və kirayə haqlarını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı sözügedən müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək kirayə obyekti olan mənzili və icarə obyekti olan ofisi cavabdehin istifadəsinə versə də, cavabdeh icarə və kirayə haqlarını vaxtında ödəməmiş, bununla da sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış kirayə müqaviləsinə 30 aprel 2022-ci il tarixdə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli və "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış icarə müqaviləsinə 10 may 2022-ci il tarixdə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişlərlə müvafiq olaraq kirayə və icarə müqavilələrinə birtərəfli qaydada xitam verilmişdir. Hal-hazırda "xxxx" QSC cavabdehdən icarə müqaviləsi üzrə 15 yanvar 2022-ci il tarixdən iyun ayının 10-una kimi olan dövr üçün 7.271,24 manat məbləğində icarə haqqının, eləcə də kirayə müqaviləsi üzrə 2022-ci ilin fevral, mart və aprel ayları üçün 11.328 manat kirayə haqqının tutulmasını tələb edir. Məhkəmə xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqına görə 7.271,24 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi bağlı qeyd edir ki, iddiaçı tələb etdiyi məbləği icarə haqqı adlandırsa da, iş materiallarında olan invoys və elektron qaimələrdən göründüyü kimi tələb olunan məbləğin 6851,61 manat hissəsi icarə haqqı borcu və 419,63 manat hissəsi isə kommunal xidmətlərə görə borcdur. İcarə haqqı tələbinə gəldikdə qeyd edilməlidir ki, icarə obyekti olan ofis xx.xx.2022xx.xx.2022-ci il tarixlər arası dövrdə cavabdehin istifadəsində və sahibliyində olduğundan və həmin müddət ərzində cavabdeh tərəfindən icarə haqqı ödənilməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçı hər ay üçün ƏDV xaric 1500 (ƏDV daxil 1770) manat olmaqla həmin müddət üçün cəmi ƏDV daxil 6851,61 manat (970,64 manat(10-31 yanvar ayı)+ 1770 manat (fevral) + 1770 manat (mart)+ 1770 manat (aprel) + 570,97 manat(01-10 may)) icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Kommunal xidmətlərə 419,63 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində kommunal xidmətlərin sayğac göstəriciləri əsasında icarəçi tərəfindən ödənilməsi olması nəzərdə tutulsa da, hazırkı halda iddiaçı cavabdehin icarəsində olan ofisə hesablanmış kommunal xərclərin məbləğlərini (bununla bağlı müvafiq sayğac göstəricilərini və müvafiq idarələr tərəfindən təqdim edilmiş hesab-fakturaları) eləcə də həmin xərclərin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tələb etdiyi məbləğləri təsdiq etmək üçün iddiaçının istinad etdiyi iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr və invoyslar isə birtərəfli sənədlər olmaqla cavabdehin kommunal xidmətlərə görə borcunun məhz həmin məbləğdə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyil. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi üzrə 2022-ci ilin fevral, mart və aprel ayları üzrə kirayə haqqına görə 11.328 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır. Belə ki, 01 fevral -30 aprel 2022-ci il tarixləri arası dövrdə kirayə obyektinin olan mənzilin cavabdehinistifadəsində və sahibliyində olması faktı iş materiallarında olan sübutlarla (açarların təhvil verilməsi barədə akt, xitam bildirişi və s.) öz təsdiqini tapır, həmin müddət üçün kirayə haqqının cavabdeh tərəfindən ödənilməsi isə iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddiaçı cavabdehdən müqavilə şərtlərinə əsasən hər ay üçün ƏDV xaric 3200 (ƏDV daxil 3776) olmaqla 3 aylıq müddət üçün ƏDV daxil 11.328 manat (3776x3 ay) məbləğində kirayə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmçinin iddiaçı "xxxx" QSC icarə müqaviləsinin 2-ci bəndinin 2-ci paraqrafına müvafiq olaraq, ödənişin gecikdirilməsinə görə tətbiq olunan əlavə haqq olaraq 482,84 manat və kirayə müqaviləsinin 2-ci bəndinin 3-cü paraqrafına müvafiq olaraq, ödənişin gecikdirilməsinə görə tətbiq olunan əlavə haqq olaraq 746,41 manat məbləğində pulun ödənilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə həmin məbləğlə bağlı qeyd edir ki, müqavilələrin müvafiq bəndlərinin məzmunundan da göründüyü kimi həmin müqavilələrdə əlavə haqq adlandırılmış, ödənişin gecikdirilməsinə görə tətbiq olunan məbləğlər mahiyyətinə görə müqavilə ilə müəyyənləndirilən və öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə tətbiq edilən penyadır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda cavabdeh "xxxx" MMC tərəfindən icarə və kirayə müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra edilməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu (penya) tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun (penya) əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 400 manat məbləğində, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi üzrə 600 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə ƏDV daxil 6851,61 manat məbləğində əsas borc, 400 manat məbləğində penya, cəmi 7251,61 manat məbləğində pul vəsaiti; xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi üzrə ƏDV daxil 11.328 manat məbləğində əsas borc, 600 manat məbləğində penya, cəmi 11.928 manat məbləğində pul vəsaiti, ümumilikdə 19.179,61 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 149,48 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiymətinin 96%-ə yaxın hissəsi təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 750 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə ƏDV daxil 6851,61 manat məbləğində əsas borc, 400 manat məbləğində penya, cəmi 7251,61 manat məbləğində pul vəsaiti; xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi üzrə ƏDV daxil 11.328 manat məbləğində əsas borc, 600 manat məbləğində penya, cəmi 11.928 manat məbləğində pul vəsaiti, ümumilikdə 19.179,61 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 200 manat, vəkil xərclərinin əvəzi olaraq 750 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar