Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1297/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Nadir oğlu, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh LPO Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə Mərkəzləşdirilmiş Kredit Reystrində (MKR) mövcud borc məlumatlarının ləğv edilməsi üçün zəruri məlumatların, yəni borc öhdəliyinin mövcud olmamasının təsbit edilməsi və silinməsi ilə bağlı məlumatların Kredit Bürosuna təqdim olunması və iddiaçının adının Mərkəzi Kredit Reyestrindən çıxarılması vəzifəsinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO Cavabdeh ASC "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 22.639.059,08 (iyirmi iki milyon altı yüz otuz doqquz min əlli doqquz dollar, səkkiz sent) ABŞ dolları–bundan 19680909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları əsas, 1184134.69 (bir milyon bir yüz səksən dörd min bir yüz otuz dörd dollar, altmış doqquz sent) ABŞ dolları faiz, 967.644,69 (doqquz yüz altmış yeddi min altı yüz qırx dörd, altmış doqquz sent) ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 (səkkiz yüz altı min üç yüz yetmiş dollar, 70 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçı LPO Cavabdeh ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-3028/2021 saylı qətnaməsi ilə iddiaçı LPO Cavabdeh ASC-nin iddiası təmin edilmiş, "xxxx" MMC-dən 19.680.909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları əsas, 1.184.134,69 (bir milyon bir yüz səksən dörd min bir yüz otuz dörd dollar, altmış doqquz sent) ABŞ dolları faiz, 967.644,69 (doqquz yüz altmış yeddi min altı yüz qırx dörd, altmış doqquz sent) ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 (səkkiz yüz altı min üç yüz yetmiş dollar, yetmiş sent) ABŞ dolları faiz borcu məbləğində pul vəsaiti ödəniş gününə rəsmi məzənnə nisbəti olmaqla və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq, LPO Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-64/2024 saylı qətnaməsi ilə verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3028/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Qətnamədən LPO Cavabdeh ASC tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-365/2024 saylı Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-64/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da bu kommersiya işi üzrə məhkəmə işi yekunlaşaraq yekun Qərar qanuni qüvvəsini almış, kommersiya işi məhkəmənin arxivinə verilmişdir. xx.xx.2024-cü il tarixdə Əmanətlərin Sığortalanması Fonduna (FOND) Bankın LPO Cavabdeh ASC ləğvedicisi olaraq 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə Mərkəzləşdirilmiş Kredit Reystrində (MKR) mövcud borc öhdəliyinin silinməsi üçün iddiaçı müraciət edilmişdir. Fondun xx.xx.2024-cü il tarixli 12-5/2-4613/2024 nömrəli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 2-2(103)-64/2024 nömrəli qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə "xxxx" MMC-nin LPO Cavabdeh ASC qarşısında kredit öhdəliyinin olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi ilə bağlı öhdəlik qoyulmadığı bildirilmişdir. Təbii ki, Fondun bu mövqeyi qanunsuz və əsassızdır. Bu hal özlüyündə hüquqdan sui-istifadə deməkdir. Hesab edilir ki, LPO Cavabdeh ASC tərəfindən kredit borcunun ödənilməsi ilə bağlı qaldırılmış iddianın məhkəmə qaydasında rədd olunması Mərkəzləşdirilmiş Kredit Reystrində (MKR) hazırda mövcud borc məlumatlarının ləğv edilməsi (borc öhdəliyinin silinməsi) üçün əsasdır. Belə ki, həm apellyasiya instansiya məhkəməsi, həm də Ali məhkəmə öz məhkəmə aktları ilə 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə tələb olunan borc məbləğinin heç bir hüquqi əsasının olmadığı qənaətinə gəlmişlər. Lakin bankın iddiasının əsassız olması və məhkəmənin müvafiq qərarına baxmayaraq, hüquqi şəxsin adına Mərkəzləşdirilmiş Kredit Reyestrində borc qeydi saxlanılmaqdadır. Bu hal iddiaçının hüquqlarını pozur, hüquqi şəxsin maliyyə nüfuzuma və gələcək kredit götürmə imkanlarına zərər vurur. Cavabdeh ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-129/2020 saylı qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bu səbəbdən hesab edilir ki, 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə Mərkəzləşdirilmiş Kredit Reystrində (MKR) mövcud borc məlumatlarının ləğv edilməsi (borc öhdəliyinin silinməsi) üçün zəruri addımların atılması Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirilməlidir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olmaması, həmçinin iddiaçının adının MKR-dən çıxarılması üçün zəruri məlumatların Kredit Bürosuna təqdim olunması öhdəliyinin cavabdeh LPO Cavabdeh ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.İsmayılov iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə iddiaçının ödənilməmiş borc öhdəliyi mövcuddur, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma da aparılır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3028/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-dən 19.680.909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları əsas, 1.184.134,69 (bir milyon bir yüz səksən dörd min bir yüz otuz dörd dollar, altmış doqquz sent) ABŞ dolları faiz, 967.644,69 (doqquz yüz altmış yeddi min altı yüz qırx dörd, altmış doqquz sent) ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 (səkkiz yüz altı min üç yüz yetmiş dollar, yetmiş sent) ABŞ dolları faiz borcu məbləğində pul vəsaitinin ödəniş gününə rəsmi məzənnə nisbəti olmaqla və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın tutularaq, LPO Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-15/2023 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3028/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-413/2023 saylı Qərarı ilə iddiaçı LPO Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(103)-15/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-64/2024 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3028/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-365/2024 saylı Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli, 2-2(103)-64/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı məlum olmuşdur ki, 2014-2019-cu illərdə Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanılmış kredit müqavilələrinə əsasən kreditlərin verilməsi zamanı bankın kredit portfelinin sağlamlaşdırılması görüntüsü yaratmaq məqsədi ilə bankın vəzifəli şəxsləri tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsi, eləcə də digər normativ hüquqi aktların tələbləri pozulmaqla vəzifə saxtakarlığı edilmiş, əməliyyatların izlənilməsi qaydasına nəzarət funksiyasını həyata keçirən BƏS sisteminə qanunsuz müdaxilə edilmişdir. Qeyd edilən halların yoxlanılması məqsədi ilə 18 dekabr 2023-cü il tarixdə təftiş təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-yə 2014-2019-cu illər ərzində 15 sayda kredit məbləğlərinin ayrılması rəsmiləşdirilmiş, həmin kredit məbləğlərinin bir qismi ilkin mənbədən birbaşa mal-materiala və digər xərclərə yönəlmiş, digər qismi isə əvvəlcədən ayrılmış kreditlərin restrukturizasiyası və prolonqasiyası olmuşdur. Habelə rəydə göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli 48BFKX nömrəli kredit müqaviləsi barədə ilk qeydiyyatlar BƏS sistemində 16 fevral 2016-cı il tarixdə aparılmışdır. Bu isə onu göstərir ki, xx.xx.2015-ci il tarixli, 48BFKX nömrəli kredit müqaviləsi BƏS sisteminə sonradan müdaxilə olunaraq aparılmış yazışmaların nəticəsidir. Ona görə də həmin müqavilə, eləcə də onun sonradan restrukturizasiyası və prolonqasiyası olmuş müqavilələr bir-biri ilə bağlı olduğundan onlar üzrə hesablamalar hazırki tədqiqat zamanı nəzərə alınmır və etibarsız hesab edilir. Hazırki tədqiqatlar zamanı qeyd edilənlərə əsasən birbaşa istifadə edilmiş kreditlər və əmtəəli ödənişlər nəzərə alınmaqla müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən real əmtəəli əməliyyatlar üzrə 41.294,210 manat məbləğində kredit vəsaiti malmaterial, işə və xidmətlərin alınmasına yönəldilmiş, faktiki görülmüş işlərin müqabilində 38.614.574,31 manat məbləğində vəsait müəssisənin bank hesabına daxil olmuşdur. Nəticədə bankda ödənişlər gecikdirilməklə ümumi olaraq Cavabdeh ASC-yə "xxxx" MMC tərəfindən 2.679.635,69 manat müqabilində zərər vurulmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzubati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 3(103)-129/2020 saylı Qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir.
14. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olmaması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(102)-365/2024 saylı Qərarı olduğundan bu hissədə araşdırmanın aparılması dayandırılmışdır.
15. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya qarşı 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 22639059,08 ABŞ dolları məbləğində borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3028/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)- 15/2023 nömrəli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-413/2023 saylı Qərarı ilə həmin qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-64/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-365/2024 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli, 2- 2(103)-64/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
18. Göründüyü kimi, 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyi üçün məhkəmə hesab edir ki, iddiaçının “2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olmaması barədə məlumatın Kredit Bürosuna təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsaslıdır.
19. Belə ki, “Kredit Büroları haqqında” Azərbaycan Respublikası Qanununun:
20. 2.0.2-ci maddəsinə əsasən kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu; 2.0.10-cu maddəsinə əsasən mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında yaradılan mərkəzləşdirilmiş kredit reyestridir.
21. 12.1-ci maddəsinə əsasən kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.
22. 16.1-ci maddəsinə əsasən məlumat təchizatçıları kredit bürosuna aşağıdakı məlumatları təqdim edirlər: borcun ilkin məbləği; cari borc məbləği; borcun məqsədi; müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borcun ödənilməsi müddətinin uzadılması; borc öhdəliyinin təminatı; borcun təminat hesabına ödənilməsi; balansdan silinmiş ümidsiz borc; ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti; kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanuna zidd olmasın.
23. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı artıq cavabdehə 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə kredit borcunun olmaması barədə kredit bürosuna müvafiq məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar müraciət etdiyi halda tələbi cavabdeh tərəfindən təmin edilmədiyindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə haqlıdır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
25. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi “2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olmaması barədə məlumatın Kredit Bürosuna təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair hissədə əsaslıdır və təmin edilməlidir.
27. Məhkəmə iddianı qalan, iddiaçının adının mərkəzi kredit reyestrindən çıxarılması üçün zəruri məlumatların Kredit Bürosuna təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində əsassız hesab edir.
28. Belə ki, “Kredit Büroları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir.
29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olmaması barədə məlumatın Kredit Bürosuna təqdim olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh LPO Cavabdeh ASC-yə 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olmaması barədə məlumatın Kredit Bürosuna təqdim olunması öhdəliyi cavabdeh LPO Cavabdeh ASC-nin üzərinə qoyulsun. Cavabdeh LPO Cavabdeh ASC-dən 50 (əlli) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı "xxxx" MMCnin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova