Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1298/2021 02.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçının nümayəndəsinin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “Bakı Metal Konstruksiyaları” Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 13.08.2020-ci il tarixə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 38378.20 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 88431.94 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 39000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 mart 2021-ci il tarixli qərardadı ilə cavabdeh “Bakı Metal Konstruksiyaları” Filialı əsl Cavabdeh ASC ilə əvəz edilmişdir 01 iyun 2021-ci il tarixdə iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehin dövlət büdcəsinə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36,282.57 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 39000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçı tərəfindən tələb olunan məbləğ əsassızdır. Belə ki, əvvəllər də tələb olunan məbləğlə bağlı məhkəmə mübahisəsi mövcud olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin borcun silinməsi qərara alınmışdır. Odur ki, eyni mübahisəyə təkrarən baxıla bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 verdiyi izahatda bildirdi ki, ASC-də cəmi 4 nəfər işçi çalışır və aylıq hesablanmış məcburi dövlət sosial sığorta haqqı böyük bir məbləğ təşkil etmir. ASC isə bütün ödənişləri vaxtlı-vaxtında ödəyir. Bundan əlavə əvvəllər də məcburi dövlət sosial sığorta haqqınınn ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi mövcud olmuşdur və hesablanmış borcun silinməsi qərara alınmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçiriməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndələri və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş Departamenti Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə AR 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək 01.07.2005-ci il tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 58,462.92 manat məbləğində borcun əmlakı hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 09 mart 2006-cı il tarixli, 289/6-61 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ASC-dən iddiaçının xeyrinə 1,844.12 manat əsas, 313.1 manat faiz borcu, ümumilikdə 2,157.22 manat borc məbləğinin əmlakı hesabına tutulması qət edilmiş, qalan hissədə isə iddia rədd edilmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən 01.01.2003-cü il tarixə yaranmış borc üzrə iddia müddətinin ötürülməsinə, qalan dövr üzrə ASC-nin ödənilməmiş cəmi 2,157.22 manat məbləğində borcunun olmasına istinad etmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin 15 may 2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi X4 Üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli, 7k-257/2006 nömrəli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin 15 may 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə tərəfindən ünvanlanmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi X4 Üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli, 7-k-257/2006 nömrəli qərarının icra olunub-olunmaması barədə və Cavabdeh ASC-yə (“Bakı Metal Konstruksiyaları” Filialı) hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 36,282.57 manat borc məbləğinin hansı dövrü əhatə etməsi barədə sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, qeyd edilən dövrdə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət səlahiyyəti vergi orqanında olmadığından Ali Məhkəmənin İqtisadi X4 üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli 7-k-257/2006 saylı qərarının ocra olunub-olunmaması barədə məlumat vergi orqanında mövcud deyildir. Bundan əlavə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36282.57 manat borc məbləği 01.01.2019-cu il tarixə saldo məbləğlərindən ibarətdir. Beləliklə işin hallarından məlum olur ki, Cavabdeh ASC (“Bakı Metal Konstruksiyaları” Filialı) tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi ilə bağlı 2006-cı ildə məhkəmə mübahisəsi mövcud olmuş və ASC-dən 58,462.92 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ASC-yə hesablanmış 58,462.92 manat borcun əsassız olması və onun əsas və faiz borcu olmaqla, ümumilikdə borcunun 2,157.22 manat təşkil etməsi müəyyən olunmuşdur. Hazırda isə iddiaçı cavabdehin 01.01.2019-cu il tarixə saldo məbləğlərindən ibarət olmaqla 36,282.57 manat məbləğində borcunun olmasını iddia edir. Belə ki, iddiaçı cavabdehdən tələb edilən məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış 36,282.57 manat borcun Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi X4 Üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli, 7-k-257/2006 nömrəli qərarı ilə təmin edilməyən tələbə aid olmadığını, 2018,2019, 2020 illərə aid edilməsini iddia etsədə, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. “Sosial sığorta haqqında “ Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Məhkəməyə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatdan görünür ki, 2019-cu ilin bir rübü üzrə Cavabdeh ASC-də aylıq gəliri 200 manatadək olan sığortaolunanlar üzrə sığortaedənin məcburi dövlət sosial sığorta haqqı 237.60 manat, aylıq gəliri 200 manatdan çox olan sığortaolunanlar üzrə sığortaedənin məcburi dövlət sosial sığorta haqqı 399 manat, aylıq gəliri 200 manatadək olan sığortaolunanlar üzrə sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı 32.40 manat, aylıq gəliri 200 manatdan çox olan sığortaolunanlar üzrə sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı isə 126 manat təşkil etmişdir. ASC-nin işçilərin sayı isə 5-dən çox olmamışdır. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2018, 2019, 2020 və 2021-ci il üzrə ödəniş qəbzlərindən görünür ki, Cavabdeh ASC tərəfindən sadalanan illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişləri həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hazırda tələb edilən məcburi dövlət sosial sığorta haqqı üzrə 36,282.57 manat borc məbləği əvvəllər məhkəmə qaydasında mübahisələndirilmiş və silinməsi qərara alınmış (58,462.92-2,157.22=56.305.7 manat) borc məbləğinin tərkib hissəsidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin borcun silinməsi qərara alınsa da, sistemdən silinməsi həyata keçirilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsində tələb edilən məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləği barədə tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi mövcud olduğundan və bununla bağlı qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən mübahisəyə yenidən baxılması mümkün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair işə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1298/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1298/2021
02.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver