Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1308/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X3 Cəmiyyətinin cavabdeh Hikmet Kızıla qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X3 Cəmiyyətinin cavabdeh Hikmet Kızıla qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" X3 Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Hikmet Kızıla (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2599,95 manat pulun və 46 manat dövlət rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh fərdi sahibkar Kızıl Hikmet ilə "xxxx" ATSC arasında bağlanmış, 07/1 saylı 14 iyul 2023-cü il il tarixli icarə müqaviləsinə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr-ti 104 ünvanında yerləşən, ümumi sahəsi 150 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 400 (dörd yüz) manat məbləğində müəyyənləşdirilməklə fərdi sahibkar Kızıl Hikmetin müddətli icarəsinə verilmişdir. Həmçinin qeyd edirik ki, fərdi sahibkar Kızıl Hikmet ilə "xxxx" ATSC arasında ilk öncə xx.xx.2022-ci il tarixli 12/1 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr-ti 104 ünvanında yerləşən, ümumi sahəsi 250 kv. metrdən ibarət olan qeyriyaşayış sahəsi aylıq icarə haqqı 750 (yeddi yüz əlli) manat məbləğində müəyyənləşdirilməklə fərdi sahibkar Kızıl Hikmetin müddətli icarəsinə verilmişdir. İcarəçi xx.xx.2022-ci il tarixli müqavilə üzrə aylıq icarə haqqını ödəməkdə çətinlik çəkdiyinə görə onunla tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2023-cü il tarixli 07/1 saylı icarə müqaviləsi bağlanaraq icarə sahəsi 150 kv.m müəyyənləşdirilmişdir. Yuxarıda sözügedən 14 iyul 2023-cü il tarixli müqaviləyə 20 fevral 2024-cü il tarixində tərəflərin qarşılıqlı razılığına əsasən xitam verilmiş və həmin sazişin 2-ci bəndində tərəflər bəyan etmişlər ki, fərdi sahibkar Kızıl Hikmetin icarə haqqına görə xx.xx.2024-cü il tarixinə 3599,95 (üç min beş yüz doxsan doqquz manat 95 qəpik) manat "xxxx" ATSC-yə borcu qalmışdır və bu məbləğ müqavilə üzrə icra edilməmiş öhdəliklərdir. Həmçinin sözügedən müqavilənin 3-cü bəndinə əsasən xitam sazişi qüvvəyə mindikdən sonra sazişdə qeyd olunan 3599,95 (üç min beş yüz doxsan doqquz manat 95 qəpik) manat borcu 10 (on) gün müddətinə tamamilə ödənilməlidir. Qeyd edilir ki, hazırkı vaxtadək cavabdeh tərəfindən yuxarıda sözügedən müqavilə üzrə yaranmış borcun 1000 (bir min) manatı xx.xx.2024-cü il tarixində ödənilmiş, lakin qalan 2599,95 (iki min beş yüz doxsan doqquz manat doxsan beş qəpik) manat cavabdeh tərəfindən ödənilməmiş qalır. Cavabdehlə iddiaçı arasında olan mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmamışdır. Belə ki, "xxxx" ATSC tərəfindən İnternet Vergi İdarəsi vasitəsi ilə cavabdehə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziyada yuxarıda göstərilən borc məbləği könüllü olaraq ödənilməsi xahiş olunsa da, cavabdeh borcunu ödəməmişdir. Fərdi sahibkar Kızıl Hikmetin "xxxx"ATSC-yə 2599,95 (iki min beş yüz doxsan doqquz manat doxsan beş qəpik) manat borcu yaranmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Musayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarədar) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 12/1 nömrəli icarə müqaviləsinə görə icarədar müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən ümumi sahəsi 250 kv.m olan təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyri-yaşayış sahəsini icarəçiyə müvəqqəti ofis kimi istifadə üçün icarəyə verir.
8. Müqavilənin 3-cü bəndinə görə icarəçi icarəyə verilən sahəni qəbul edir və müqavilə bağlanan andan icarədara icarə haqqı ödəməlidir.
9. Müqavilənin 4-cü bəndinə görə icarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə hər ay üçün ƏDV ilə birlikdə 750 manat müəyyən edilir.
10. İddiaçı (icarədar) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 07/1 nömrəli icarə müqaviləsinə görə icarədar müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən ümumi sahəsi 150 kv.m olan təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyri-yaşayış sahəsini icarəçiyə müvəqqəti ofis kimi istifadə üçün icarəyə verir.
11. Müqavilənin 3-cü bəndinə görə icarəçi icarəyə verilən sahəni qəbul edir və müqavilə bağlanan andan icarədara icarə haqqı ödəməlidir.
12. Müqavilənin 4-cü bəndinə görə icarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə hər ay üçün ƏDV ilə birlikdə 400 manat müəyyən edilir.
13. Müqavilənin 16-cı bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) ilədək qüvvədədir.
14. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli xitam sazişinin 1ci bəndinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 07/1 nömrəli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilir.
15. Sazişin 2-ci bəndinə görə cavabdehin iddiaçıya icarə haqqına görə 3599,95 manat borcu qalmış və icra edilməmişdir.
16. Sazişin 3-cü bəndinə görə saziş qüvvəyə mindikdən sonra 3599,95 manat borc cavabdeh tərəfindən 10 gün müddətində iddiaçıya ödənilməlidir.
17. Sazişin 4-cü bəndinə görə hazırki xitam sazişi tərəflərin imza və möhürü ilə təsdiq olduğu andan qüvvəyə minir.
18. xx.xx.2024-cü il tarixli, 024352 nömrəli kassa mədaxil orderinə görə cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsi üzrə 1000 manat ödəniş edilmişdir.
19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 07/1 nömrəli icarə müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehin sahiblik və istifadəsinə verilmiş, lakin cavabdeh tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, 3599,95 manat icarə haqqı ödənilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xitam sazişi ilə xx.xx.2023-cü il tarixli, 07/1 nömrəli icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. Xitam sazişi ilə cavabdehin iddiaçıya 3599,95 manat borcunun olması və saziş təsdiq edildikən 10 gün müddətində ödəməsi razılaşdırılmışdır. Lakin cavabdeh tərəfindən borc məbləği tam şəkildə ödənilməmiş, xx.xx.2024-cü il tarixdə cəmi 1000 manat ödəniş edilmiş, 2999,95 manat qalıq borc hazırkı günə qədər ödənilməmiş qalmışdır.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 07/1 nömrəli müqavilə üzrə 2599,95 manat borcu tələb etməkdə haqlıdır, iddia tələbi təmin edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia təmin təmin edildiyindən iş üzrə ödənilmiş 46 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Hikmet Kızıldan 2599,95 manat məbləğində pul, 46 manat dövlət rüsumu, ümumilikdə 2645,95 (iki min altı yüz qırx beş manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X3 Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova