Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-131/2023 31.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: satınalma müqaviləsi, qabaqcadan ödəniş, məhkəmənin beynəlxalq səlahiyyəti, prosessual maraq, dəymiş zərər, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 109 825 ABŞ dolları əsas borcun, 131 790 ABŞ dolları gecikməyə görə cərimənin, 2765 ABŞ dolları dəymiş zərərin və 1000 manat hüquqi yardım xərcinin, 400 manat mediasiya xərcinin, ödənilmiş 310 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 23 iyul 2020-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh iddiaçının verdiyi sifariş əsasında hər birinin qiyməti 110 ABŞ dolları olan 2000 ədəd 8 metrlik “lighting pole” və hər birinin qiyməti 150 ABŞ dolları olan 2000 ədəd 10 metrlik “lighting pole” işıqlandırma dirəkləri tədarük etməli idi. Müqavilənin ümumi qiyməti 520 000 ABŞ dolları təşkil edir. Müqavilənin şərtlərinə görə ümumi müqavilə qiymətinin 60%-i müqavilənin imzalandığı tarixdən 7 iş günü ərzində, qalan 40% isə hər yük maşını (hər yük göndərişinin 40%) üçün müqavilədə göstərilən çatdırılma tarixindən əvvəl iddiaçı tərəfindən cavabdehin bank hesabına ödənilir. Müqavilənin şərtinə görə iddiaçı tərəfindən edilən avans ödənişindən sonra 12 həftə ərzində cavabdeh malları İnkotermis FCA qaydalarına uyğun olaraq çatdırmalı idi. 2.2. Müqavilənin yuxarıda göstərilən şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən avans olaraq cavabdehə xx.xx.2020-ci il tarixdə 312 000 ABŞ dolları ödənilmişdir. Cavabdeh müqavilədə göstərilən vaxtdan 12 həftə deyil, iki ilə yaxın müddət keçməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Hazırkı vaxta cavabdeh tərəfindən iddiaçıya 325 ədəd 10 metrlik və 1471 ədəd 8 metrlik işıqlandırma dirəyi tədarük edilmiş, iddiaçı tərəfindən cavabdehə 338 164 ABŞ dolları ödənilmişdir. Bundan əlavə, 09 yanvar 2021-ci il tarixində cavabdeh tərəfindən göndərilən 8 metrlik 95 ədəd qüsurlu işıqlandırma dirəklərinin daşınma (2500 ABŞ dolları) və gömrük xərcləri (2381 ABŞ dolları) üçün 4881 (dörd min səkkiz yüz səksən bir) ABŞ dolları məbləğində xərc çəkilmişdir. Ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 210 560 ABŞ dolları məbləğində işıqlandırma dirəyi tədarük edilmişdir. Cavabdeh 4800 ABŞ dolları məbləğində logistika xidməti pulunu iddiaçının əvəzinə ödəmişdir. Bundan əlavə cavabdeh 17859,98 ABŞ dolları məbləğində pulu iddiaçıya geri qaytarmışdır. Beləliklə, cavabdehin iddiaçıya borcu 109 825 ABŞ dolları təşkil edir. 2.3. Dəfələrlə ödənilmiş pulun qaytarılması barədə tələblərə baxmayaraq, cavabdeh müqavilədə nəzərdə tutulan malları tədarük etməmiş və ya 109 825 ABŞ dolları məbləği geri qaytarmamışdır. İddiaçı tərəfindən tam avans məbləği (312 000 ABŞ dolları) xx.xx.2020-ci ildə ödənildiyindən cavabdeh 18 oktyabr 2020-ci il tarixə malları təchiz edib qurtarmalı idi. Lakin hazırkı vaxta kimi 109 825 ABŞ dolları məbləğinə malla təmin etməmişdir. Bu səbəbdən cavabdeh gecikdirilən hər gün üçün müqavilə ilə razılaşdırılan 0,2 faiz məbləğində cərimə ödəməlidir. 2.4. Bununla yanaşı, cavabdeh tərəfindən ona göndərilən pul məbləğinin əvəzinə malın verilməsi və ya pulun qaytarılması təmin edilmədiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ilə Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 3(010)-5042/2022 nömrəli qərarla iddiaçıya 2765 ABŞ dolları cərimə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə xx.xx.2023-cü il tarixli 3(103)-482/25023 nömrəli qərar qəbul etmişdir. Cavabdehin təqsiri üzündən tətbiq olunan cərimə də dəymiş zərərin əvəzi olaraq cavabdehdən tutulmalıdır. 2.5. Pulun geri ödənilməsi barədə cavabdehə 09 iyun 2022-ci il tarixli 01-L/06.22 saylı məktubla müraciət edilməsinə baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Mübahisənin məhkəmədən kənar mübahisəsi üçün mediasiya təşkilatına edilən müraciət ilə əlaqədar ilkin mediasiya sessiyası keçirilmiş və vurulmuş zərərin ödənilməsi barədə razılıq əldə olunmamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 443, 445-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında işıq dirəklərinin alqı-satqısı münasibəti olmuşdur. Belə ki, iddiaçı işıq dirəklərini cavabdehdən alaraq Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verirdi. Həmin dirəklər Bakı şəhərinin işıqlandırılmasında istifadə edilirdi. Tərəflər arasında ödəniş qaydası belə razılaşdırılmışdır ki, iddiaçı müqavilənin qiymətinin 60%-ni əvvəlcədən ödəyəcək, hər partiya mal gəldikcə isə həmin malların dəyərinin 40%-i ödəniləcək. Bu qaydada iddiaçı 312 000 ABŞ dolları avans ödənişi həyata keçirmiş, cavabdeh tərəfindən 1471 ədəd 8 metrlik, 325 ədəd 10 metrlik olmaqla ümumilikdə 1796 işıq dirəyi təhvil verilmiş, iddiaçı tərəfindən həmin dirəklər üçün daha 26164 ABŞ dolları ödənmişdir.
6. Bununla yanaşı, iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, cavabdeh tərəfindən 95 ədəd 8 metrlik (hər birinin dəyəri 110 ABŞ dolları) qüsurlu dirək təhvil verilmişdir ki, iddiaçı qüsur aktı tərtib edərək həmin dirəklərin qəbulundan imtina etmiş, bu barədə cavabdehə məlumat vermişdir. 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsinə görə daşıma xərclərini iddiaçı çəkməli olsa da, 95 ədəd qüsurlu dirək üçün iddiaçı 2117 ABŞ dolları gömrük xərci, 2500 ABŞ dolları daşıma xərci, 264 ABŞ dolları digər xərc olmaqla ümumilikdə 4881 ABŞ dolları xərc çəkmiş, cavabdeh də 07 iyul 2021-ci il və 28 avqust 2021-ci il tarixlərində çatdırılmış dirəklər üçün cəmi 4800 ABŞ dolları logistika xərci çəkmişdir. İddiaçı tərəfindən həmin xərclər əvəzləşdirilmiş, qalıq 81 ABŞ dolları iddia tələbinə daxil edilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 17859,98 ABŞ dolları pul qaytarılmışdır ki, həmin məbləğ də iddia tələbinin həcmindən çıxılmışdır.
7. Məhkəmənin iddia obyektini təşkil edən 2765 ABŞ dolları məbləğində pulla bağlı suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, Mərkəzi Bank tərəfindən cavabdehə ödənilən müvafiq məbləğ qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ölkəyə qayıtmadığı və həmin məbləğ dəyərində məhsul da gətirilmədiyi üçün iddiaçı barəsində protokol tərtib edilərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin qərarı ilə iddiaçı 2765 ABŞ dolları məbləğində cərimələnmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən həmin cərimə məbləği ödənilmiş, hazırda dəymiş zərərin əvəzi kimi cavabdehdən tələb olunur.
8. Məhkəmənin digər suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, qüsurlu hesab edilən 95 ədəd işıq dirəyində müxtəlif əziklər olmuş, həmin dirəklər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilməmişdir. Bu bərədə dərhal elektron poçt və poçt rabitəsi vasitəsilə cavabdehə məlumat verilsə də, cavabdeh həmin dirəkləri təhvil almamışdır. Qeyd edilən işıq dirəkləri hal-hazırda iddiaçının anbarında saxlanılır.
9. Cavabdehə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5003/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı əsasında məhkəmə tapşırığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə iddia ərizəsinin surəti, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmin sənədlər Türkiyə Respublikası Ədliyyə Nazirliyi tərəfindən cavabdehin nümayəndəsinə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin rəsmi elektron poçtu vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək məhkəmənin baxış iclasının təxirə salınmasını xahiş etmiş, növbəti məhkəmə iclasları barədə cavabdehin həmin elektron poçtuna məlumat göndərilmişdir. Lakin cavabdeh tərəf məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq ediləcək hüquq ilə bağlı
11. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
12. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.
13. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
14. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.
15. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Proqasiya sazişi adlanan bu razılıq ayrıca saziş şəklində və ya ümumi müqavilənin bir bəndi kimi tərtib edilə bilər.
16. 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsinin 10-cu hissəsinə əsasən, tərəflər müqavilədən və ya onunla əlaqədar yarana biləcək hər hansı mübahisəni həll etmək üçün səylər göstərməlidirlər. Tərəflər arasında həll edilə bilməyəcək istənilən mübahisə Azərbaycan, Bakı şəhərində yerləşən məhkəmələr və icra orqanları kimi yurisdiksiya tərəfindən həll ediləcək.
17. Göründüyü kimi, tərəflər aralarında razılaşdırılmış proqasiya bəndi ilə müqavilədən irəli gələn istənilən mübahisənin həllində Azərbaycan Respublikası Bakı şəhərindən yerləşən məhkəmələrin beynəlxalq səlahiyyətini – yurisdiksiyasını tanımışlar.
18. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsindən irəli gələn hazırkı mübahisəyə baxmaqda prosessual baxımdan səlahiyyətlidir.
19. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).
20. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir.
21. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında imzalanmış 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsinin 10-cu hissəsi proqasiya bəndi olmaqla yanaşı, həm də tətbiq ediləcək hüquq barədə razılaşmanı ehtiva edir. Həmçinin iddia ərizəsində Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına istinad olunmuş, iddia ərizəsi cavabdehə rəsmi qaydada çatdırılmış, cavabdeh iddianın hüquqi əsasını mübahisələndirməmiş, mübahisəyə tətbiq ediləcək hüquq normaları ilə bağlı hər hansı etiraz irəli sürməmişdir.
22. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Cavabdehin prosessual hərəkətsizliyi ilə bağlı
23. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir.
24. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
27. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
c) Satınalma müqaviləsi üzrə əsas borcun tutulması ilə bağlı
28. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
29. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
30. İddia ərizəsinə əlavə olunmuş 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsinin (iddiaçı alıcı qismində, cavabdeh təchizatçı qismində) 1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən Alıcı Təchizatçının təqdim etdiyi təklifə (3 saylı qoşma) və burada müəyyən olunan şərtlər üzrə aşağıda sadalanan və bu müqavilənin 1 saylı əlavəsində texniki cizgiləri verilən malları tələb edir və ödənişini həyata keçirir, Təchizatçı isə onları təmin edir: units Definition of the Supplies № miqdarı X4 (USD) X3 (USD) Malların/xidmətlərin adı (pc./əd.) 1 8-meter lighting pole 2,000 110 220,000.00 2 10-meter lighting pole 2,000 150 300,000.00 Total Price of the Supplies 520,000.0
31. Adıçəkilən müqavilənin 2-ci hissəsinə əsasən, bu müqavilədə göstərilən qiymətlər sabit və dəyişməzdir. Qiymətə heç bır düzəliş edilmir. Tətbiq edilə bilən ƏDV Alıcı tərəfindən ödənilir (2.1). Ümumi müqavilə qiymətinin 60%-i (altmış faizi) müqavilənin imzalandığı tarixdən sonrakı 7 (yeddi) iş günü ərzində, qalan 40%-i (qırx faizi) isə hər yük maşını (hər bir yük göndərişinin 40%-i) üçün maddə 3.1-də və əlavə 2-də göstərilən çatdırılma tarixindən əvvəl Alıcı tərəfindən Təchizatçının bu Müqavilədə göstərilən bank hesabına ödənilir (2.2).
32. Sözügedən müqavilənin 3-cü hissəsinə əsasən, Təchizatçı bütün malları göndərmə sənədi (yükləmə sənədi və ya CMR) ilə birlikdə bu Müqavilənin 2.2-ci maddəsinə uyğun olaraq Alıcı tərəfindən avans ödənişi edildikdən sonra 12 (on iki) həftə ərzində İNCOTERMS FCA qaydalarına uyğun olaraq X2. X5. No:4 Hadımköy/İstanbul ünvanına Alıcının kuryerinə çatdırmağa görə məsuliyyət daşıyır. Ətraflı çatdırılma qrafiki bu müqavilənin 2 saylı qoşmasında göstərilmişdir. Alıcı kuryer barədə Təchizatçını məlumatlandırır (3.1). Təchizatçı yoxlanılmış və/və ya sınaqdan keçirilmiş və bu müqavilənin və onun qoşmasının tələblərinə uyğun mallar təqdim etməlidir. Təchizatçı müvafiq hallarda mallarla birlikdə Uyğunluq/Müvafiqlik və Zəmanət Sertifikatı təqdim etməlidir (3.2). Mallar əsas müəssisədə istehsalçı tərəfindən istehsal edilir. Təchizatçı malların yeri və istifadə edilməmiş olduğuna, yəni istifadə təmir və bərpa edilmədiyinə və/və ya yoxlanılmadığına; və digər şəkildə Alıcı tərəfindən yazılı icazə verilmədiyi müddətcə istehsalçının təlimatlarına uyğun olaraq istehsal tarixindən etibarən saxlanıldığına (saxlama müddəti olan materiallar üçün) və çatdırıldığı tarixdə 5%-dən (beş faiz) çoxunun saxlama müddətinin keçmədiyinə zəmanət verir (3.3). Təchizatçı malları beynəlxalq standartlara uyğun olaraq nişanlamaq, paketləmək, qablaşdırmaq və ya qutuya qoymaq və çatdırmağa görə məsuliyyət daşıyır. Təchizatçı bildirir ki, belə qablaşdırma kobud rəftar və müstəsna saxlama şəraitinə (yağış, qar, istilik, rütubət, soyuq və s.) davamlı olacaq. Təchizatçı qeyri-kafi/tələbə cavab verməyən paketləmə, qablaşdırma və nişanlama və ya bu maddədə göstərilən tələblərin yerinə yetirilməməsi nəticəsində yaranan itki və ya korlanmalara görə məsuliyyət daşıyır (3.4). Təchizatçı Alıcının ilk bildirişindən sonra belə korlanmış malları dərhal öz hesabına dəyişməyi öhdəsinə götürür (3.5). Təchizatçı mallar üçün tələb oluna biləcək hər hansı ixrac lisenziyasını (lisenziyalarını) və icazəsini (icazələrini) gecikdirmədən almağa görə məsuliyyət daşıyır (3.6).
33. 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsinə 20 oktyabr 2020-ci il tarixli müqaviləyə dəyişikliklər edilməsi barədə 1 saylı protokola əsasən, tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 2.2-ci maddəsinin mətninə aşağıdakı məzmunda düzəliş edilir: ümumi müqavilə qiymətinin 60%-i (altmış faizi) müqavilənin imzalandığı tarixdən sonrakı 7 (yeddi) iş günü ərzində, qalan hissəsi isə hər yük göndərişinin 40%-i (qırx faizi) məbləğində olmaqla malların Bakı şəhərində yerləşən müvafiq gömrük məntəqəsinə çatdırılması tarixindən sonrakı 2 (iki) iş günü ərzində Alıcı tərəfindən Təchizatçının müqavilədə göstərilən bank hesabına ödənilir.
34. Məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 312 000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehin “T.C. İş Bankası”ndakı hesabına köçürülmüşdür.
35. İş materiallarına əlavə edilən “SWİFT” sistemindən çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli satınalma müqaviləsi üzrə 13824 ABŞ dolları və 6268 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 6072 ABŞ dolları məbləğində pul cavabdehin “T.C. İş Bankası”ndakı hesabına köçürülmüşdür.
36. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, **********9612 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə 156 ədəd 8 metrlik, **********2505 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə 116 ədəd 10 metrlik, **********0356 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə 37 ədəd 10 metrlik, 92 ədəd 8 metrlik, **********4794 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə 138 ədəd 8 metrlik, **********5257 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə 125 ədəd 8 metrlik, **********8129 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə 260 ədəd ARM, 410 dəst “anchor” set, **********1941 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 95 ədəd 8 metrlik, **********0625 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 96 ədəd 8 metrlik, **********5566 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 116 ədəd 8 metrlik, **********1456 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 120 ədəd 8 metrlik, **********0889 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 96 ədəd 8 metrlik, 23 ədəd 10 metrlik, **********1232 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 97 ədəd 10 metrlik, **********9147 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 92 ədəd 8 metrlik, **********5260 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 137 ədəd 8 metrlik, **********0452 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 52 ədəd 10 metrlik, **********1301 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə 148 ədəd 8 metrlik, **********7425 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixdə 152 ədəd 8 metrlik olmaqla ümumilikdə 1563 ədəd 8 metrlik, 325 ədəd 10 metrlik işıqlandırma dirəkləri ölkəyə idxal edilmişdir.
37. Məhkəməyə təqdim edilən iddiaçının və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorları tərəfindən imzalanaraq möhürlənmiş 25 yanvar 2021-ci il tarixli qüsur aktından görünür ki, 002021 CMR nömrəli (gömrük bəyannamələrinin 42-ci bəndi – 2015) 95 ədəd 8 metrlik işıqlandırma dirəyində bolt bağlanan dəliklərin standartlara uyğun olmadığı, dirəklərin qapaqlarının düzgün bağlanmadığı, kəsim hissələrinin nahamar olduğu göstərilmişdir.
38. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh 2000 ədəd 8 metrlik və 2000 ədəd 10 metrlik işıqlandırma dirəklərini iddiaçıya satmağı, iddiaçı isə müqavilənin qiymətinin 60%-ni qabaqcadan ödəməyi, İnkotermis FCA (X2. X5. No:4 Hadımköy/İstanbul) standartlarına uyğun olaraq sözügedən malları qəbul etməyi və dəyərinin qalan 40%-ni malların Bakı şəhərində yerləşən müvafiq gömrük məntəqəsinə çatdırılması tarixindən sonrakı 2 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq müqavilənin qiymətinin 60%-ni (312 000 ABŞ dolları) xx.xx.2020-ci il tarixdə, 26164 ABŞ dollarını isə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində ödəmiş, cavabdeh müqavilə şərtlərinin tələbinə cavab verən 210560 ABŞ dolları dəyərində malı iddiaçıya təhvil vermişdir. Bundan əlavə cavabdeh iddiaçıya 95 ədəd 8 metrlik keyfiyyətsiz dirək göndərmişdir.
39. İddiaçı 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 210560 ABŞ dolları dəyərində keyfiyyətli malın təhvil verildiyini bildirir və iddiaçı tərəfindən dəyəri ödənilmiş lakin cavabdeh tərəfindən təhvil verilməyən malın qiymətini geri tələb edir. Həmçinin cavabdeh tərəfindən 17859,98 ABŞ dolları pulun qaytarıldığını, 4881 ABŞ dolları isə logistika xərcinin çəkildiyini qeyd edir.
40. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
41. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
42. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
43. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
44. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
45. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə qabaqcadan ödəniş şərtli alqı-satqı müqaviləsi olub (müqavilənin 2.2-ci bəndi və 20 oktyabr 2020-ci il tarixli müqaviləyə dəyişikliklər edilməsi barədə 1 saylı protokolun 1.1ci bəndi ilə müqavilə qiymətinin 60%-nin müqavilənin imzalandığı tarixdən sonrakı 7 (yeddi) iş günü ərzində həyata keçirilməsinin razılaşdırıldığı nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.
46. Belə ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
47. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir.
48. Məhkəmə 95 ədəd 8 metrlik işıqlandırma dirəyi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
49. 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsinin 4 və 5-ci hissələrinə əsasən, müqavilə üzrə təchiz edilən mallar Alıcı tərəfindən keçiriləcək qəbul sınaqları və yoxlamalarından keçir. Malların hamısı və ya bır hissəsindən imtina edildiyi halda, Təchizatçı Alıcının imtina barədə bildirişinin verilməsindən etibarən 30 (otuz) gün ərzində heç bir əlavə xərc tələb etmədən imtina edilmiş malları dəyişdirir. Təchizatçı qüsurlu malın geri qaytarılması və yenisi ilə dəyişdirilməsi ilə əlaqədar yük və sığorta ödənişləri, gömrük vergiləri və rüsumları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün xərclərə görə cavabdehlik daşıyır. Bütün mallardan imtina etdiyi halda, Alıcı, qüsur düzəldilənə qədər Təchizatçıya ödəniş etməmək hüququnu özündə saxlayır. Malların bir hissəsindən imtina edildikdə ödəniş imtina edilmiş mala (mallara) müvafiq məbləğin azaldılması ilə edilə bilər. Yoxlama yen Təchizatçının fabrikidir (Hadımköy/İstanbul). Yoxlama xərclən Təchizatçıya aid deyil. Yoxlama üçün bütün xərclər Alıcıya aiddir (4). X1 tərəfindən alındıqdan sonra 24 (iyirmi dörd) aylıq bir müddətə dizaynı, istehsalı, materialı və ya keyfiyyəti ilə bağlı hər hansı bır qüsurun olmadığına dair zəmanət verir. Təchizatçı çatdırılma zamanı Malların üzərində hər hansı ipoteka və kredit borcunun olmadığına dair zəmanət verir (5.1). Zəmanət müddəti ərzində Təchizatçı Alıcı tərəfindən aşkar edilən istənilən qüsuru təmir edəcək və ya dəyişdirəcəkdir; və qüsurlu malı/hissəni aldıqdan sonra təmir edilmiş və ya dəyişdirilmiş malı 30 (otuz) gün ərzində heç bir xərc tələb etmədən Alıcıya geri göndərəcək (5.2).
50. Mülki Məcəllənin 587.2-ci bəndinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
51. Məhkəmə qeyd edir ki, iddiaçı 95 ədəd 8 metrlik işıqlandırma dirəyini xx.xx.2021-ci il tarixdə təhvil almış, xx.xx.2021-ci il tarixdə akt tərtib edərək həmin dirəklərdə qüsurlar aşkar etmiş, bu barədə xx.xx.2021-ci il tarixdə cavabdehə elektron poçt vasitəsi ilə məlumat vermiş, xx.xx.2021-ci il tarixli məktubla sözügedən mallardan imtina etdiyi barədə cavabdehə iradəsini ifadə etmişdir. Beləliklə, iddiaçı lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələbi ilə çıxış etmişdir. Lakin cavabdeh həmin əşyaların dəyişdirilməsi ilə bağlı hər hansı addım atmamışdır.
52. Mülki Məcəllənin 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
53. Göründüyü kimi, Mülki Məcəllənin 587.5-ci maddəsi alqı-satqı müqaviləsinin bütün növləri üçün eyni qaydada alıcının müqavilədən imtina etdiyi, yaxud əşya qüsurlu olarkən onun başqası ilə əvəz edildiyi halda alıcının əşyanı geri qaytarmaq öhdəliyini tənzimləyir. Qeyd edilən məsələ isə iddiaçı ilə cavabdeh arasında 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsi üzrə digər faktiki əsası təşkil edir və həmin əşyaların dəyərinin və ya qaytarılmasının hazırkı mübahisə üzrə iddia tələbinə aidiyyəti yoxdur.
54. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
55. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
56. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
57. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
58. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
59. Göstərilənləri və cavabdeh tərəfindən 210 560 ABŞ dolları dəyərində malın tədarük edildiyini, 17859,98 ABŞ dolları məbləğində pulun qaytarıldığını, iddiaçının əvəzində 4800 ABŞ dolları logistika xərci çəkdiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əşya üçün qabaqcadan ödənilən məbləğin qaytarılması hissəsinə təmin olunmalı, 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 104 944,02 ABŞ dolları (qabacadan ödənilmiş 312 000 ABŞ dolları + sonradan ödənilmiş 26164 ABŞ dolları – 1471 ədəd 8 metrlik, 325 ədəd 10 metrlik dirəyin dəyəri olan 210 560 ABŞ dolları – cavabdeh tərəfindən çəkilmiş logistika xərci kimi 4800 ABŞ dolları – cavabdeh tərəfindən qaytarılmış 17859,98 ABŞ dolları) məbləğində borc cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
d) Satınalma müqaviləsi üzrə dəymiş zərərin tutulması tələbi ilə bağlı
60. İddiaçı iddia ərizəsində 2765 ABŞ dolları dəymiş zərərin əvəzinin də ödənilməsi tələbini irəli sürmüşdür.
61. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixində qəbul edilmiş 95 ədəd 8 metrlik qüsurlu işıqlandırma dirəyinin 2500 ABŞ dolları daşıma, 2117 ABŞ dolları gömrük, 264 ABŞ dolları digər xərcini də əsas məbləğə daxil etmişdir.
62. Məhkəmə hesab edir ki, həmin məbləğ də iddia tələbinin əsas borc hissəsi ilə deyil, dəymiş zərərlə bağlıdır və dəymiş zərərin əvəzinin tələb edilməsi kimi qiymətləndirilməlidir.
63. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
64. Məhkəməyə təqdim edilən 26 oktyabr 2022-ci il tarixli EP ******* seriya və nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı MMC 13824,00 ABŞ dolları məbləğində vəsaiti 06 oktyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13824.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 oktyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da İddiaçı MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
65. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(010)- 5042/2022 nömrəli qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13824.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2765 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, "xxxx" ASC-nin 06 oktyabr 2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, həmin tarixdə İddiaçı MMC-nin bank hesabından “ÇİÇEK ELEKTRİK SAN. VE TİC.LTD.ŞTİ” şirkətinin hesabına 13824.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Məhkəmə belə hesab etmişdir ki, İddiaçı MMC 13824.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13824.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 06 oktyabr 2020-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da İddiaçı MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
66. Həmin qərardan İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-482/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(010)- 5042/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
67. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddiaçı tərəfindən 4700 (2765*1,7) manat məbləğində pul Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(010)-5042/2022 nömrəli qərarı üzrə dövlət büdcəsinə köçürülmüşdür.
68. İş materiallarında olan **********1941 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin gömrük ödənişlərinin hesablanması ilə bağlı 47-ci bəndindən görünür (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında 100/143 nömrəli sərəncamına 8 saylı əlavə nəzərə alınmaqla) ki, 95 ədəd 8 metrlik işıqlandırma dirəyi üçün 02 (mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları) kodu üzrə 240 manat, 19 (GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları) kodu üzrə 20 manat, 20 (idxal gömrük rüsumu) kodu üzrə 3276,75 manat, 75 (elektron gömrük xidməti haqqı) kodu üzrə 30 manat, 85 (Elektron gömrük xidməti üzrə ƏDV) kodu üzrə 5,4 manat olmaqla ümumilikdə 3572,15 manat gömrük ödənişi hesablanmışdır.
69. Məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli HL304/2020 nömrəli xidmət orderindən görünür ki, 17 ton həcmində işıq dirəkləri üçün 2400 ABŞ dolları yük daşıma haqqı hesablanmışdır.
70. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqları və icra qeydlərindən görünür ki, iddiaçı tərəfindən Bakı Baş Gömrük İdarəsinin hesabına 1000 manat, 90 manat, 500 manat, 100 manat, 6000 manat gömrük ödənişləri köçürülmüşdür.
71. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(010)-5042/2022 nömrəli qərarı əsasında cavabdehə ödənilmiş avans ödənişi qaytarılmadığından və ya ödənilmiş xarici valyuta qaytarılmadığından 2765 ABŞ dolları məbləğində cərimələnmiş, həmin cərimə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Həmçinin iddiaçı qüsuru 25 yanvar 2021-ci il tarixli qüsur aktı ilə təsdiqlənmiş 95 ədəd 8 metrlik işıqlandırma dirəyi üçün 3572,15 manat gömrük ödənişi, 2400 ABŞ dolları daşıma xərci ödəmişdir.
72. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
73. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
74. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(010)-5042/2022 nömrəli qərarı ilə tətbiq edilən cərimə cavabdehin satıcı kimi alınan malları şərtləşdirilmiş vaxtda alıcıya (iddiaçıya) verməməsi nəticəsində, gömrük ödənişləri isə cavabdehin satıcı kimi lazımi keyfiyyətdə olmayan əşyaları verməsi nəticəsində tətbiq edilmişdir (əmələ gəlmişdir). Bu isə Mülki Məcəllənin 21 və 443-cü maddələrində nəzərdə tutulmuş zərər anlayışı ilə əhatə olunur (həmçinin bax §54-58).
75. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, 5165 ABŞ dolları və 3572,15 qəpik dəymiş zərərin əvəzi cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
e) Satınalma müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
76. İddia ərizəsində iddiaçı həmçinin 131 790 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
77. xx.xx.2020-ci il tarixli satınalma müqaviləsinin 3.7-ci bəndinə əsasən, təchizatçı malları müqavilədə müəyyən edilmiş müddətdə çatdırmazsa və ya mallardakı çatışmazlıqları aradan qaldıra bilməzsə, Alıcı hər bir təqvim günü üçün ümumi müqavilənin qiymətinin 0.2%-i məbləğində cərimə tətbiq edə bilər. Belə cəza təchizatçını müqavilə üzrə öhdəliklərindən azad etmir və zərərin ödənilməsi üçün Alıcının hüquqlarına təsir göstərmir (3.7).
78. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
79. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
80. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
81. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2020-ci il tarixli satınalma müqaviləsi üzrə sonuncu mal təhvili xx.xx.2022-ci il tarixdə, qüsurlu malların verildiyi isə xx.xx.2022-ci il tarixdə aşkar olsa da, uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
82. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 7500 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
83. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 7500 ABŞ dolları məbləğində cərimə cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
f) Məhkəmə xərcləri ilə bağlı
84. İddiaçı həmçinin 1000 manat hüquqi yardım xərcinin, 400 manat mediasiya xərcinin və ödənilmiş 310 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
85. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MŞH/5-02397 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ödəmişdir.
86. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, ********* nömrəli mədaxil qəbzi ilə 300,75 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
87. Məhkəməyə təqdim edilən ********** nömrəli mədaxil qəbzi ilə 8 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
88. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 1010 manat məbləğində pul iddiaçı tərəfindən 343 saylı müqaviləyə (vəkil Nümayəndə verilmiş ******* nömrəli orderdəki müqavilə nömrəsi) əsasən “İsmayılbəyli və partnyorları” vəkil bürosuna ödənilmişdir.
89. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
90. Həmin Məcəllənin 115.0, 115.0.6 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
91. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
92. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
93. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
94. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
95. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu, hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, hüquqi yardım xərci olaraq 1000 manat məbləğində pul cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
96. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 104 944 (yüz dörd min doqquz yüz qırx dörd) ABŞ dolları 02 (iki) sent əsas borc, 7500 (yeddi min beş yüz) ABŞ dolları cərimə borcu, 5165 (beş min yüz altmış beş) ABŞ dolları və 3572 (üç min beş yüz yetmiş iki) manat 15 (on beş) qəpik zərər olmaqla, ümumilikdə 117 609 (yüz on yeddi min altı yüz doqquz) ABŞ dolları 02 (iki) sent və 3572 (üç min beş yüz yetmiş iki) manat 15 (on beş) qəpik məbləğində pul cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova