Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1329/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonent saldosu, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisində yerləşən 810 kv.m soyuducu anbarı üzrə cavabdeh tərəfindən hesablanmış 20605 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus ünvan 2i ərazisində yerləşən 810 kv.m soyuducu anbarın elektrik enerjisinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti müraciət edərək bildirmişdir ki, “istifadə etdiyiniz elektrik enerjisindən və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən edilmiş (BİQ003172) əsasən 23454,13 manat borcunuz yaranmışdır”. Bildirilir ki, elektrik sayğacı obyektdən kənarda olmuş və ərizəçi tərəfindən hər hansı bir müdaxilə olmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən həmin sayğac götürülmüşdür, həmin vaxt sayğacın plombu üzərində olmuş və heç bir müdaxilə halı aşkar edilməmişdir. Əməkdaşlar tərəfindən sayğac aktla götürülərək möhürlənmiş və labaratoriyaya aparılmışdır. Bir müddət sonra bildirilmişdir ki, 23454,13 manat borc var. Bu isə o deməkdir ki, möhürlənib aparılmış sayğac ərizəçinin iştirakı olmadan labaratoriyada möhürü açılmış, ərizəçinin iştirakı təmin edilməmiş, bir tərəfli qayda da sayğac açılaraq hanssaı bir yoxlama aparılmışdır və nəticədə qeyd edilən borcu yazılmışdır. Qeyd edildiyi kimi sayğacın üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin möhrü olmuşdur. Bu isə o deməkdir ki, ərizəçinin həmin sayğaca hansısa bir müdaxilə etməsi mümkünsüzdür. Lakin bunda baxmayaraq qanunsuz və əsassız borc yazılmışdır. Xəbərdarlıq məktubunda bildirilmişdi ki, borcun ödənilməyəcəyi təqdirdə xx.xx.2024-cü il tarixdə, saat 12:00-da elektrik enerjisinin verilişi dayandırılacaqdır. Hazırda məhkəməyə müraciət edilərək həmin aktın, rəyin, hesablanmış borcun ləğv edilməsi xahiş edilir. Hazırda anbarda vətəndaşlar tərəfindən yerləşdirimiş tonlarla məhsul vardır. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qeyd edilən sənədlər tam olaraq iddiaçıya təqdim edilmədiyi üçün həmin sənədlərin hər biri məhkəməyə təqdim edilə bilmir. 20 noyabr 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Qərb Rayon Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus soyuducu anbarda (abunə kodu-**********5) sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 0,4 kv-luq tərəfində quraşdırılmış elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Sayğacın A və B fazalarının gərginlik dolaqları gərginliklə qidalanmır. Elektrik sayğacının AZS qalaqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür. Əməkdaşlarımız tərəfindən qeyd olunan pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın tələbinə uyğun olaraq 20 noyabr 2024-cü il tarixli, NİQ003172 nömrəli akt tərtib edilmişdir. Araşdırma zamanı obyektdə elektrik sayğacının sxeminə müdaxilə edilməklə 187320 kVt.s elektrik enerjisinin talan olunması nəticəsində "xxxx" ASC-yə 20605 (iyirmimin altı yüz beş) manat dəyərində maddi ziyan vurulduğu müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti özü tərəfindən qeyd edilir ki, elektrik sayğacının AZS qalaqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür. Təkcə bu cümələyə nəzər yetirdikdə görünür ki, ehtimalara əsaslanmışlar, əks hada “YAPİŞDİRİLMİŞDİR” sözündən istifadə edərdilər. Burdan da göründüyü kimi ehtimal etmişlər və bu səbəbdən də sayğacı aktla götürərək ekspertiza keçirmək üçün labaratoriya aparışlar. Lakin labaratoriya zamanı abonentin iştirakını təmin etməməklə kobud qanun pozuntusuna yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərarının 7.2. “İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır”. Bu isə o deməkdir ki, atla götürülmüş sayğacın açılması zamanı abonent dəvət edilməli, abonent araşdırmadan imtina etdikdə və ya aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeydlər aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır”. Araşdırmada iştirak etmək üçün iddiaçı abonent olaraq dəvət edilməmiş, iştirakı təmin edilməmiş, birtərəfli qaydada aktla götürülmüş sayğac açılaraq araşdırma aparılmışdır ki, bu da birbaşa olaraq qanunsuzdur və aparılmış araşdırma şübhə altına alan məqamlardır. Bundan başqa tərtib edilmiş aktdan göründüyü kimi sayağac üzərində olan qalaqrama hər hansı bir müdaxilə olmamışdır. Abonent tərəfindən müdaxilə o zaman olmuş olardı ki, sağacın üzərində olan qalaqram, plomb qoparılsın, baxış şüşəsi sındırılsın, gövdəsi zədələnsin və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsimümkün olan digər hallardan biri olmuş olsun. Aktda isə qeyd edilmişdir ki, qalaqram yenidən yapışdırıma kimi görsənir. Sayğacın üzərində olan qalaqram, plomb qoparılmadan, baxış şüşəsi sındırılmadan, gövdəsi zədələnmədən abonent tərəfindən ona hər hansı bir müdaxiə edilməsi mümkün deyildir ki, bu da baş verməmişdir. Tərtib edilmiş aktın doğrulu məhkəmə tərəfindən qəbul edilsə belə açıq-aydındır ki, həmin plomb və qalaqrama dövlətə məxsusdur, vətəndaş tərəfindən o yenidən yapışıdırılması mümkün deyildir, bu imkan ancaq həmin plombu quraşdırmış şəxslərin imkanları daxilindədir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən **********5 abonent kodu üzrə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 04 kvluq tərəfindən quraşdırılmış elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmir. Sayğacın A və B fazalarının gərginlik dolaqları gərginliklə qidalanmır. Elektrik sayğacının AZS qalaqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür. Baxış zamanı xx.xx.2024-cü il tarixli NİQ003172 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən sayğacın nominal cərəyanına əsasən hesabat verilib. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixdə KY242257100 nömrəli Çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa görə ünvan 2ində yerləşən 0,9792 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023).
10. İddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə akt əsasında 20605,2 manat borc hesablanmışdır.
11. Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa görə İddiaçı ünvan 2ində sahəsi 810 kv.m olan özünə məxsus soyuducu anbarı vardır.
12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 42 nömrəli xəbərdarlıqda göstərilmişdir ki, istifadə edilmiş elektrik enerjisindən və "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akta (NİQ003172) əsasən 23454,13 manat borc yaranmışdır.
13. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİQ003172 nömrəli akta görə baxış zamanı obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 04 kv-luq tərəfindən quraşdırılmış elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi müəyyən edilmişdir.
14. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqinə görə baxış zamanı məlum oldu ki, obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 04 kv-luq tərəfindən quraşdırılmış elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Sayğacın A və B fazalarının gərginlik dolaqları gərginliklə qidalanmır. Elektrik sayğacının AZS qalaqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür.
15. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa görə "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus sahədə aparılacaq yoxlama reyestrdə xx.xx.2024-cü ildə qeydə alınmışdır.
16. X4 (satıcı) ilə iddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,9792 ha torpaq sahəsi satıcı tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir.
17. "xxxx" MMC tərəfindən verilmiş elektrik sayğacının yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçıya məxsus rusiya istehsalı olan sayğacın alt qapaq möhürünün ştamp möhürlərinin pozulması müəyyən edilmiş, sayğacın daxilinə baxış zamanı uzaqdan idarə olunan qurğu yerləşdirildiyi müəyyənləşdirilmiş, bu səbəbdən sayğac xəta faizləri ilə işləmiş, az sərfiyyat hesablamışdır.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı baxış zamanı görmüşdür. Məmmədov Qiyası tanımır. İddiaçı obyektin sahibidir. Yoxlamaya gəldikləri zaman yoxlamanın reyestrdə qeydiyyata alındığı oranın nümayəndəsinə göstərilmişdir. Sayğac obyektin daxilində transformatorun yanında yerləşir. Sayğacda 3 faza olmalıdır, lakin A və B fazalarının işləmədikləri müəyyən olundu. Yalnız C fazası işləyirdi. İşləməmək səbəbini orda müəyyən edə bilməmişlər, lakin sayğaca faktiki baxılan zaman sayğacın baxış tablosunda olan gərginlik və cərəyanlardan müəyyən edildi ki, A və B fazaları işləmir. Sayğacın yuva möhründə dəlik var idi və bu səbəbdən sayğaca kənar müdaxilə olduğunu fikirləşmişlər. Möhürün necə açıldığın bilmir. Daha əvvəlki təcrübələrindən müəyyəndir ki, sayğaclara uzaqdan idarəli “pult” qoymaq üçün möhür açılır. Xüsusi kompüter proqramı var və bu proqram vasitəsilə elektron sayğacın çip yaddaşı oxunula bilir. Bu zaman abonentin sayğacı hansı tarixlərdə, hansı yüklərdə istifadə etdiyini və müdaxilə edib-etmədiyini müəyyən edə bilirlər. Sayğacın yaddaşını oxuyanda müəyyən oldu ki, 75 gün yük qeyd olunmayıb. Sayğac elektrondur. Sayğaca baxış keçiriləndə yuvasında iynə izləri var idi yəni, kənar müdaxilənin izləri görünürdü. Obyektin sahibinə sayğaca laboratoriya şəraitində baxış keçirilməsi üçün akt tərtib etmələri barədə məlumat vermişlər. Kənar müdaxiləni etiraf etmədilər. Lakin sonradan abonent onlardan aktın tərtib edilməməsini və onlara içindəkini götürmələri üçün vaxt verilməsini xahiş etmişdir. Obyektin və fəhlənin iştirakları ilə mütəxəssislər sayğacı çıxardıb, torbaya qoyub və möhürlədilər. Obyektin sahibi akta imza atdı. Noyabr ayının 22si saat 10:00-da laboratoriyada rəy veriləcəyi bildirildi. Kommunal xidmətlər idarəsində rəy verilir və iddiaçının özünün və ya nümayəndəsinin rəy zamanı iştirak etməsi bildirildi. Onlar gəlmədilər. Rəyin verilməsi prosesində şəxsən iştirak etmişdir. Laboratoriya Bakıda yerləşir. İtirilmiş sərfiyyat hesablamasını “Aktların hesablanması və uçota nəzarət” idarəsi həyata keçirir. Onlar isə sadəcə faktiki yoxlayaraq, ölçü aparmış və yük yazmışlar. 24 saat göstərişi Nazirlər Kabinetinin qərarında müəssisələrin işləmə rejiminə görə müəyyən olunur. 0.7 göstərişi nominal əmsaldır. 280 kW sayğacın 2/3 hissəsi sərfiyyata qeyd almadığı üçün müəyyən olunubdur. İşləyən fazanın gücü hesabatdan çıxarılıb. Hesabata onlar cavabdeh deyillər. Abonentin səhvinə görə sayğacın sxeminə müdaxilə olunubsa, o zaman sayğacın maksimum gücünə görə hesabat verilə bilər. Əgər 260 kW yəni maksimum güc aşılarsa, növbəti texniki şərt üçün müraciət olunmalıdır, çünki şəbəkəni yükləmiş olur.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, obyektin sahibini tanıyır. Obyektə baxışı 20 noyabr 2024-cü ildə keçirmişlər. Baxışa əməkdaş ilə birlikdə getmişlər. Reyestrda qeydiyyata almışlar. Obyekt Şəmkir rayonunda yol kənarında yerləşirdi. Ərazi üzrə müəssisələrə növbəti baxışları keçirirdilər. Elektrik sayğaca baxış keçirdilər və 2 fazanın baxış talonlarında göstəriciləri yox idi. Sayğacın holoqramında müdaxilə gördülər. Holoqram bütov olmalıdır, yapışdırılmamalıdır. Sayğaca müdaxilə zamanı belə hallar olur. Xüsusi proqram vasitəsi ilə sayğacın 75 gün işləmədiyi müəyyən edilmişdir. Xətlərdən axan faktiki yükü və sayğacın müəyyən etdiyi yükü qeydə almışlar. Aralarındakı fərq itki hesab olunur. 170 kW A və B fazalarının maksimum götürə biləcəyi yükdür. Əmsal kW formasında qeydə alınır. Sayğacı götürməyə səlahiyyətləri yoxdur. Abonentə sayğacın laboratoriya şəraitində yoxlanılacağı bildirilmişdir. Rayonda bu işə baxan əməkdaşlar sayğacı çıxartmışlar. Sayğac torbaya qoyulmuş, möhürlənmiş, möhür də laboratoriyada açılmışdır. Laboratoriya da onlara aid deyil. Kənar hüquqi şəxsdir. Sayğacın çıxarılması zamanı obyektin sahibi iştirak edirdi və aktı imzalamışdır. Sayğacı onlar açmırlar. Laboratoriyada açılır. Göstərilən mənfi 66% göstəricisi sayğacın işləmə xətasıdır. Bir faza üzrə 28.5% xəta göstəricisi var. Hazırda gərginlik verilən zaman sayğacın baxış tablosu açılmır, bu səbəbdən sayğacda 99% göstərici əks olunur. Uzaqdan idarə olunan “pult” sonradan əlavə olunub. Maşın “pult”-u kimi 40 metr uzaqdan idarə oluna bilər. İşlətdikdə sərfiyyat yazılmır. A və B fazaları bilərəkdən sıradan çıxarılıb və “pult”-dan istədiyi vaxt istifadə edə bilərlər. Sayğacın içərisində aşkar edilmiş pultla A və B fazaları dayandırılıbdır. 75 gün onlar işləməyibdir. Hər ay faktura yazmağa gedən nümayəndələr kənar müdaxiləni görə bilmir. Onlar isə xüsusi cihazlar, lupa və sairə ilə görə bilirlər. İR, İS və İT cərəyanlardır. İS-nın qarşısında VS işarəsi və İR qarşısında VR işarəsi olmalıdır. Lakin bu işarələr yoxdur və bu səbəbdən 2 fazanın işləmədiyi müəyyən edilmişdir. Sayğac tam sıradan çıxıb, artıq yararsızdır. Başqası qoyulubdur. “75 gün” sayğac oxunmasında yazılıb. Ay ərzində bir dəfə nəzarətçi tərəfindən faktura bildirişi verilir və şübhə olduqda onlar baxışa gedirlər. Sonradan baxış keçirməmişlər. Yeni sayğac obyektdədir. İşləyir. Hər hansı problem yoxdur. Baxışdan 75 gün əvvələdək sayğac normal işləmişdir. Onlar sadəcə özlərinə göstəriş veriləndə ezam olunaraq baxışa gedirlər.
20. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, həmin baxış nəticəsində iddiaçı barəsində NİQ 003172 saylı akt tərtib edilərək iddiaçıya 20605 manat borc hesablanmışdır.
22. Aparılmış baxış reyestrdə qeydiyyata alınmış, baxış zamanı iddiaçıya məxsus sayğacın C fazasının işlədiyi, A və B fazalarının 75 gün işləmədiyi müəyyən edilmiş, sayğaca kənar müdaxilə edilməsi və işlək vəziyyətdə olmaması müəyyən edilmiş, sayğac çıxarılaraq laborator yoxlanmaya göndərilmişdir.
23. "xxxx" MMC tərəfindən verilmiş elektrik sayğacının yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli akta əsasən (həmin tədqiqat prosesinin aparılması videyazıya alınmış, 01 ədəd diskdə materiallara əlavə edilmiş, məhkəmədə tədqiq edilmişdir) iddiaçıya məxsus rusiya istehsalı olan sayğacın alt qapaq möhürünün ştamp möhürlərinin pozulması müəyyən edilmiş, sayğacın daxilinə baxış zamanı uzaqdan idarə olunan qurğu yerləşdirildiyi müəyyənləşdirilmiş, bu səbəbdən sayğac xəta faizləri ilə işləmiş, az sərfiyyat hesablamışdır.
24. Göründüyü kimi, iddiaçıya məxsus olan sayğacın kənar müdaxiləyə məruz qalması, bunun nəticəsində sayğacın iddiaçının təqsirli hərəkətləri nəticəsində (sayğaca müdaxilə edilərək daxilinə uzaqdan idarə edilən pult-qurğu yerləşdirilməsi) sərfiyyatı 75 gün müddətində tam qeydə almaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
25. Cavabdeh iddiaçıya sayğacın qüsurlu işlədiyi 75 gün üçün əlavə sərfiyyat hesablamaqla haqlı olmuşdur.
26. Belə ki, “X1 Qaydaları”nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
27. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən sayğacın nominal cərəyanına əsasən iddiaçıya ümumilikdə 20605 manat ((170 kvt * 0,7 *24 saat * 75 gün) – 26880 kvts = 187320 kvts. 187320 kvts * 0,11 manat (tarif) = 20605 manat) borc hesablanmışdır.
28. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış həmin hesablama əsaslı hesab edilə bilməz.
29. Belə ki, cavabdehin əməkdaşlarının məhkəmə iclasında verdikləri izahatlarından məlum olmuşdur ki, həmin hesablama təxmini göstəricilər əsasında sayğacın nominal gücü nəzərə alınmaqla aparılmışdır.
30. Materiallarda olan abonent saldosundan görünür ki, iddiaçıya məxsus sahəyə yoxlamadan sonra quraşdırılmış yeni sayğacın göstəriciləri əsasında xx.xx.2025-ci il tarixli hesab faktura əsasında 2340,80 manat borc hesablanmışdır.
31. İddiaçıya məxsus sahəyə quraşdırılmış yeni sayğacın hər hansı nöqsanının olmaması, onun sərfiyyatı tam qeydə almasını məhkəmə iclasında cavabdehin əməkdaşları təsdiq etmişlər.
32. İddiaçıya 2024-cü ilin dekabr ayı üzrə sayğacın göstəriciləri nəzərə alınmaqla yazılmış 2340,80 manat borc əsas götürülməklə iddiaçının orta aylıq sərfiyyatının 75,50 manat (2340,80 manat / 31 gün) olması, 75 gün üçün (sayğacın qüsurlu işlədiyi günlərin sayı) orta sərfiyyatın 5662,50 manat (75 gün * 75,50 manat) olması müəyyən edilir.
33. Göstərilən sərfiyyatdan çıxarılmış sayğacın noyabr ayı üzrə qeydə almış olduğu faktura əsasında hesablanmış 26680 kvts * 0,11 tarif = 2956,80 manat borc çıxılmaqla (həmin məbləğ cavabdeh tərəfindən yazılmış icra vərəqəsində də nəzərə alınmışdır) qeydə alınmamış sərfiyyatın təxminən 2705,70 manat olması müəyyən edilir.
34. Bu səbəbdən məhkəmə hesab edir ki, sayğacın qüsurlu işlədiyi 75 gün üçün orta aylıq sərfiyyatı 2705,70 manat müəyyən edilməlidir.
35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 17899,30 manat (20605 manat - 2705,70 manat) borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 143,70 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8,30 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 17899,30 (on yeddi min səkkiz yüz doxsan doqquz manat otuz qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 143,70 (bir yüz qırx üç manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 8,30 (səkkiz manat otuz qəpik) manat dövlət tüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova