Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-133/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8234,85 ABŞ dolları və ya Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnəsinə görə 14000 manat əsas borcun, 2100 manat cərimə sanksiyasının, 385 manat vəkilə ödənilən məbləğin və 200 manat dövlət rüsumunun tutularaq iddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 avqust 2019-cu il “Nömrəsiz” müqaviləyə əsasən Cavabdeh 8234,85 ABŞ dolları məbləğində sintetik kompleks saplardan ibarət parça satmışdır. Cavabdeh həmin malları **********8759 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən qəbul etmişdir. Lakin bu günədək cavabdeh aldığı malların müqabilində 8234,85 ABŞ dolları (və ya Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnəsinə görə 14000 manat) məbləğinin iddiaçıya ödənilməsini təmin etməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh pretenziyada göstərilən müddətdə malların dəyərini ödəməmişdir. Nəticədə cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozmuşdur.. Cavabdeh pul məbləğinin ödənişi ilə bağlı öhdəliyini pozduğuna görə iddiaçı borc məbləğinin illik 5% miqdarında, yəni 3 il ərzində borcunu qaytarmadığına görə 2100 manat məbləğində cərimə hesablamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında tərəflər arasında alqı-satqı müqaviləsinin mövcud olmamasını, iddiaçının təqdim etdiyi müqavilədə imzanın cavabdehə məxsus olmamasını, hazırki mübahisənin qanuni əsasını əsassız varlanma ilə bağlı müddəaların təşkil etdiyini, eyni zamanda tərəflər arasında müqaviləyə tətbiq edilməli hüquq barədə razılığın əldə edilmədiyindən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsinə əsasən əsassız varlanma nəticəsində yaranmış öhdəliklərə belə varlanmanın baş verdiyi dövlətin hüququnun tətbiq olunduğunu qeyd edərək, mübahisənin Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməklə və kəsici müddət tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında onun müqavilədən ümumiyyətlə xəbəri olmadığını, iddiaçı şirkətin saxta sənədlər təqdim edərək ondan pul almağa çalışdığını, bu iddiaçının yeganə saxtakar hərəkəti olmadığını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəriki oğlunu aldatmışdır. Bu səbəblə mallar təhvil alınıb. Ozü həmin dövrdə xəstə idi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında hər hansı alqı-satqı münasibətlərinin yaranmadığını onunla bağlanmış müqavilədən xəbərsiz olduğunu və hər iki müqavilədəki imzanın cavabdehə məxsus olmadığın bu və onun adına mal idxalı barədə yalnız gömrük rəsmiləşməsindən sonra xəbər tutduğunu faktiki halda mübahisəyə əsassız varlanma ilə bağlı normaların tətbiq olunmalı olduğunu nəzərə alaraq iddia tələbini təmin edilməməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında imzalanmış müqavilədən görünür ki, həmin müqavilənin: 1-ci bəndinə əsasən hazırki müqavilənin predmeti parça materiallarının idxalı və satışıdır. 2-ci bəndinə görə müqavilənin dəyəri 8.000 ABŞ dolları təşkil edir və sifariş verildiyi tarixdən 3 ay ərzində ödənilməlidir. Təklif xx.xx.2019-cu il tarixədək keçərlidir. 3-cü bəndinə əsasən təhvil tarixi sifarişdən və malların hazırlanmasından ən geci 15 iş günü ərzində çatdırılır. Müqavilə hər iki tərəfin imzası və alıcının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, 64 ədəd qablaşdırılmış (çəkisi 1.900 kq) olan malın (Upholstery (üzlük)) mənşə ökəsi Türkiyə Respublikası, yükgöndərən “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti, yükalan isə Cavabdehdur. xx.xx.2019-cu il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, 64 ədəd qablaşdırılmış (çəkisi 1.900 kq) olan 2667 ədəd Upholstery (üzlüyün) ixracatçısı - “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti, idxalçısı - Cavabdehdur). xx.xx.2019-cu il tarixli 741844 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti tərəfindən təqdim edilmiş malın (2667 ədəd və 1 ədədin qiyməti 3,09 ABŞ dolları olan Upholstery (üzlük)) ümumi dəyəri 8.234,85 ABŞ dolları təşkil edir (ixracatçı - “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti, idxalçı - Cavabdehdur). **********8759 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti tərəfindən malı qəbul edən (idxalatçı) Cavabdeh ünvanlanmış invoys dəyəri 8.234,85 ABŞ dolları olan 64 qablaşdırma, 2667 ədəd sintetik kompleks saplardan parçalar: çap olumuş AR-in gömrük sərhədindən keçirilərək Cavabdeh adına rəsmiləşdirilmişdir. “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh qeyd edilən borcun 5 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə MMC kimi qeydiyyata alınmış xarici ölkənin şirkəti olduğundan, eləcə də mübahisə xarici ölkədə bağlanılmış təchizat (alqı-satqı) müqaviləsindən irəli gəldiyindən) məhkəmə tərəfindən ilk növbədə hazırkı AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olubolmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti ilə Cavabdeh arasında bağlanılmış təchizat (alqı-satqı) müqaviləsindən irəli gəlir. Həmin müqaviləyə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin həlli üzrə hər hansı şərtləri barədə razılaşmamışlar. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən fərdi sahibkar kimi qeydiyyatdan keçmiş (VÖEN-i olan), yaşadığı yer Azərbaycan Respublikası olan fiziki şəxs Cavabdehdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə AR MPM-in müvafiq normalarında əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmamışlar. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının. Belə olan halda müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından qanunvericiliyin tələbinə görə alqı-saqtı müqaviləsindən irəli qgələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin yəni, Türkiyə Respublikasının hüququ tətbiq edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi hazırki müqavilədən irəli gələn mübahisələrə hansı hüququn tətbiq edilməli olması müəyyən edildiyindən məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür. Belə ki, məhkəmə Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədləri məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alğı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, müqavilə üzrə dəbbə pulunun tutulması qaydası və əsasları barədə müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti təchizat (alqı-satqı) müqaviləsi əsasında xx.xx.2019-cu il tarixli 741844 nömrəli hesab-fakturaya (commercial invoice) əsasən Cavabdeh mallar təqdim etdiyini, lakin cavabdehin təqdim edilmiş malın dəyəri olan 8.234,85 ABŞ dolları məbləğində borcunun ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir və iddiaçı ilə aralarında hər hansı alqı-satqı münasibətlərinin yaranmadığını, bağlanmış müqavilədən xəbərsiz olduqlarını və hər iki müqavilədəki imzanın məxsus olmadığı bu və onun adına mal idxalı barədə yalnız gömrük rəsmiləşməsindən sonra xəbər tutduğunu əsas göstərərək iddia rədd edilməsini tələb edir. Göründüyü kimi mübahisəli malların alqı-satqısına dair müqavilənin mövcud olması faktı işin mübahisəli halını təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan mallar Cavabdeh adına AR-a idxal edilmiş və gömrük rəsmiləşdirilməsinin keçirilmişdir. Mübahisəli mallar gömrükdə Cavabdeh səlahiyyətli nümayəndəsi (oğlu X1) tərəfindən təhvil alınmaqla qəbul edilmişdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti tərəfindən Cavabdeh adına göndərilmiş malların cavabdehin nümayəndəsi tərəfindən təhvil alınması, eyni zamanda cavabdehin nümayəndəsinin malları gömrük rəsmiləşdirilməsindən keçirərkən müvafiq alqı-satqı müqaviləsini və invoysu gömrük orqanına təqdim etməsi faktları cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsindən xəbəri olmaması barədə barədə dəlilləri təkzib etməklə yanaşı tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğuna dəlalət edir. Göstərilən halların nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış yazılı alqı-satqı müqaviləsindəki imzanın cavabdehə məxsus olmaması barədə dəlillər inandırıcı görünür. Eyni zamanda göstərilən halın öz təsdiqini tapması ehtimal olunduğu halda da hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa belə, cavabdehin nümayəndəsinin alqı-satqı müqaviləsini, eləcə də alqı-satqının predmeti barədə zəruri məlumatları və qiymətini əks etdirən invoysu gömrük orqanına təqdim etməklə malları götürməsi tərəflər arasında mübahisəli malın alqı-satqısı ilə bağlı müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini, yəni tərəflər arasında mübahisəli malların alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsinin bağlanmasını sübut edir. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş alqı-satqı müqaviləsində malın gömrük dəyəri 8.000 ABŞ dolları müəyyən edildiyi halda hazırda iddiaçının həminmallara görə 8.234,85 ABŞ dolları tələb etməsi məsələsinə gəldikdə Cavabdeh nümayəndəsi tərəfindən gömrük orqanına təqdim edilmiş müqavilə və invoysda malın qiymətinin 8.234,85 ABŞ dolları məbləğində müəyyən edilməs, eləcə də gömrük bəyannamnəsində malın gömrük dəyərinin eyni məbləğdə göstərilməsi cavabdehin malı sözügedən qiymətə alınmasına razılıq verməsini sübuta yetirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cəmi 8.234,85 ABŞ dolları dəyərində olan malları cavabdehə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin: 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə alqı-satqı müqaviləsinə əsasən 8.234,85 ABŞ dolları məbləğində mallar iddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti tərəfindən Cavabdeh təqdim edilsə də, həmin malların müqabilində iddiaçıya ödənişin edilmədiyini nəzərə alaraq hesab edir ki, mübahisəli hüquq münasibətində satıcı olan iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən əşyanı ödəməyi tələb etmək hüququna malikdir. Odur ki, iddia alqı-satqı üzrə borcun tutulması hissəsində təmin edilməli, Cavabdeh 8.234,85 ABŞ dolları məbləğində pul tutularaq “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkətinə ödənilməlidir. Bununla yanaşı cavabdehin mübahisəyə əsassız varlanma ilə bağlı normaların, o cümlədən əsassız varlanma obyektini qaytarmaq üçün qanunda nəzərdə tuutlmuş müddət tətbiq edilməsi olması barədə istinad etdiyi dəlillərə münasibətdə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırkı halda cavabdehin əmlak (alqı-satqının predmeti olan malları) əldə etməsinə haqq qazandıran müqavilə əsası mövcud olduğundan mübahisəyə əsassız varlanma ilə bağlı müddəaların tətbiq edilməsi istisna olunur. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 8.234,85 ABŞ dolları və ya Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnəsinə görə 14000 manat pul öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə 3 illik faiz borcu olan 2.100 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İş materiallarından isə görünür ki, cavabdeh alqı-satqı predmeti olan malları xx.xx.2019-cu il tarixldə təhvil almış, lakin malları təhvil aldığı vaxtdan 3 ildən artıq müddət keçməsinə baxmayaraq hal-hazıradək malların dəyərini ödəməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Belə olan halda məhkəmə Cavabdeh alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsi öhdəliyini ağlabatan müddətdə icra etməməklə həmin öhdəliyinin icrasını 3 ilə yaxın müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla 3 illik müddət üçün hesablanmış 2.100 manat (8.234,85 ABŞ dolları x1,7=14.000 manat, 14.000x 5%=700 x 3 il = 2.100 manat) məbləğində gecikmə faizlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 138,30 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 385 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 8234,85 ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, 2100 manat məbləğində faiz, vəkil xərclərinin əvəzi olaraq 385 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-133/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-133/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver