Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1338/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “qarantiya müqaviləsi üzrə muzdun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarantiya müqaviləsi üzrə muzdun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X1, Cavabdeh "xxxx" Firmasının vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “qarantiya müqaviləsi üzrə muzdun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (ləğv prosesindədir) cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 mart 2020-ci il tarixli 2020/Q-120 nömrəli Qarantiya müqaviləsi üzrə cəmi 1.994,44 manat məbləğində komissiya haqqının, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 39,94 (otuz doqquz manat 94 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İnqilab filialı ilə (bundan sonra “Qarant” adlanacaq) Cavabdeh1 MMC arasında (bundan sonra “Prinsipal” adlanacaq) bağlanmış 04 mart 2020-ci il tarixli 2020/Q-120 nömrəli Qarantiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Qarant” Prinsipal”ın xahişi ilə “Prinsipal” ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında (bundan sonra “Benefisar” adlanacaq) bağlanmış xx.xx.2019-cu il tarixli 4 saylı Diler müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün “Benefisar”a 100 000 (yüz min) manat məbləğində 04 mart 2020-ci il tarixli 2020/Q-121 nömrəli Bank qarantiyası (bundan sonra “Qarantiya” adlanacaq) vermişdir. Qarantiya müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinin təminatı kimi “Qarant” ilə zamin durmuş Cavabdeh2 arasında 04 mart 2020ci il tarixli 2020/Q-120 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Qarantiya müqaviləsinin 4.3.1-ci bəndinə əsasən “Prinsipal” “Qarantiya”nın təqdim edildiyi gündən üç gün ərzində qarantiyanın buraxılmasına görə “Qarant”a qarantiya məbləğinin 2 faizi məbləğində (100000 X 2%) – yəni 2000 (iki min) manat məbləğində komissiya haqqının ödənilməsini və “Qarant” tərəfindən müvafiq tələb təqdim edildikdən sonra isə iki gün ərzində “Qarant”ın “Qarantiya” üzrə öhdəliklərinin icrası ilə yaranan bütün xərclərini və itkilərini “Qarant”a ödəmək barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq, tələb olunan komissiya haqqı bu günə kimi “Prinsipal” tərəfindən “Qarant”a ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Firmasının vəkili Vəkil məhkəməyə izahatında iddiaya etiraz edərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
- 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. - 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. - 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir.
V. Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında 04 mart 2020-ci il tarixli 2020/Q-120 nömrəli qarantiya müqaviləsi bağlanmışdır.
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Qarant” “Prinsipal”ın xahişi ilə “Prinsipal”ın xx.xx.2019-cu il tarixli 4 saylı Diler müqaviləsi üçün benefisiara icra zəmanəti (qarantiya) verir.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən prinsipal qarantın xidmət haqqını, qarant tərəfindən benefisiara qarantiya şərtlərinə əsasən ödənilmiş məbləği və qarantiya üzrə öhdəliklərin icrası ilə bağlı çəkilmiş xərcləri qaranta ödəməyi öhdəsinə götürür.
13. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən qarantiya prinsipalın benefisiar qarşısında öhdəliyini lazımınca icra etməsini təmin edir. 3.1.2-ci bəndinə əsasən qarantiya qarant tərəfindən təhvil aktı əsasında prinsipala təhvil verilir. 3.2-ci bəndinə əsasən qarantiya 100.000 manat məbləğinə verilir. 3.3-cü bəndinə əsasən qarantiya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər müddətdə etibarlı hesab olunur.
14. Müqavilənin 4.3.1-ci bəndinə əsasən qarantiya verildiyi gündən qarantiyada göstərilən müddətin bitdiyinədək illik 2% məbləğində, faizlər hər ay ödənilmək şərti ilə qaranta 100 manat komissiya haqqını ödəmək, prinsipal qarantiya üzrə komissiya haqqını qarantiyanın təqdim edildiyi gün qarantın hesabına köçürmə yolu ilə ödəyir. Qarant tərəfindən müvafiq tələb təqdim edildikdən sonra iki gün ərzində, qarantın qarantiya üzrə öhdəliklərinin icrası ilə yaranan bütün xərcləri və itkiləri qaranta ödəmək prinsipalın öhdəlikləri kimi qeyd olunmuşdur.
15. Qarantiya müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinin təminatı kimi “Qarant” ilə Cavabdeh2 arasında 04 mart 2020-ci il tarixli 2020/Q-120 saylı Zaminlik müqaviləsi bağlanmışdır.
16. Müqavilələr tərəflərin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuşdur.
17. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 2020/Q-121 nömrəli bank qarantiyasında qeyd olunmuşdur ki, prinsipal Cavabdeh1 Firması ilə qarantiyanın sərəncamçısı "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli No.4 saylı Diler müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavə No.3 imzalanmış və müqavilənin şərtlərinə əsasən "xxxx" QSC-nin xeyrinə Bank ödəniş qarantiyası təqdim etməlidir. Bank qarantiyasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti prinsipal adından "xxxx" QSC qarşısında cavabdeh olaraq, cəmi 100.000 manat məbləğindən artıq olmayan məbləği prinsipal tərəfindən müqavilənin şərtlərinə əməl edilməməsi haqqında bildirişi aldıqdan sonra istənilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bu qarantiya 04 mart 2020-ci il tarixində qüvvəyə minir və 02 mart 2021-ci il tarixədək qüvvədədir.
18. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir.
19. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək 11 ay 29 günlük bağlanmış müqavilə üçün 1.994,44 manat məbləğində komissiya haqqının ödənilməsini xahiş etmiş, məhkəmənin sualına cavab olaraq qarantiya müqaviləsinin 4.3.1-ci bəndində “faizlər hər ay ödənilmək şərti ilə qaranta 100 manat komissiya haqqını ödəmək” hissəsinin texniki səhv olaraq qeyd olunduğunu, 100.000 manat qarantiyanın 2%-ni tələb etdiklərini bildirmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə elektron qaydada ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək benefisiara ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinə) ləğv edilmiş bank tərəfindən qarantiya məktubunun təqdim edilmədiyini və həmin cəmiyyətlə qeyd edilən bank qarantiyası sayəsində hər hansı bir maliyyə əməliyyatının aparılmadığını qeyd etmiş, eyni zamanda iddiaçının qarantiya müqaviləsi üzrə iddia müddətini ötürdüyünü bildirmişdir.
21. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli qarantiya müqaviləsi üzrə 1.994,44 manat faiz borcunun ödənilməsi tələbi ilə razı deyillər. xx.xx.2020-ci il tarixində 100.000 manat məbləğində zəmanət məktubunu "xxxx" QSC-yə təqdim etmişlər, lakin bankın ləğv proseduru başlandığı üçün qarantiya məktubunu "xxxx" QSC geri qaytarmış, həmin məktub İddiaçı ASC-nin İnqilab filialına təqdim edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, qarantiya müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədə olmaq şərtilə bağlanıb və həmin müqavilə xx.xx.2020-ci il tarixdən qüvvədən düşüb. Həmin müqavilə üzrə onlara ödəniləcək məbləğin 57 günün faiz borcu (316,60 manat) olduğu, Cavabdeh1 MMC-nin İddiaçı ASC-nin İnqilab filialındakı olan cari hesabında 1.365,74 manat vəsaitin olduğu, həmin 57 günün faiz borcunun cari hesabda olan vəsaitdən silinə biləcəyi qeyd olunmuşdur.
22. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanlanmış məktubdan da göründüyü kimi, Cavabdeh1 MMC 57 gün üçün komissiya haqqının ödənilməsinə razıdır.
23. Məhkəmə hesab edir ki, artıq Bank xx.xx.2020-ci il tarixdə müflis elan olunduğu üçün, qeyd edilən tarixdən sonra Bank fəaliyyəti ilə bağlı fəaliyyətlə məşğul ola və icra edə bilməyəcəyi qarantiya müqaviləsi üzrə muzdu tələb edə bilməz.
24. Ona görə də, iddia qismən yəni, qeyd edilmiş qarantiya müqavilə üzrə 04 mart 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (56 gün) təmin edilə bilər.
25. Məhkəmə qeyd edir ki, 56 gün üçün qarantiya müqaviləsi üzrə muzd 306,84 manat edir. (100.000x2% /100=2.000 (1 il üçün), 2.000/365=5.479 (1 gün üçün), 5.479x56=306,84 (56 gün).
26. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı aşağıdakıları bildirir.
27. İş materiallarında olan 04 mart 2020-ci il tarixli 2020/Q-120 nömrəli Qarantiya müqaviləsinin 3.3-cü bəndindən görünür ki, qarantiya xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixinə qədər müddətdə etibarlıdır.
28. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 2020/Q- 121 nömrəli bank qarantiyasında qeyd olunmuşdur ki, bu qarantiya 04 mart 2020-ci il tarixində qüvvəyə minir və 02 mart 2021-ci il tarixədək qüvvədədir.
29. Məhkəmə, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin 3 il olduğunu, iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklifin cavabdehə xx.xx.2023-cü il tarixdə göndərildiyini, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət edildiyini, qarantiya müqaviləsi üzrə iddia müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyini nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə iddia müddəti ötürülməmişdir.
30. Məhkəmə həmçinin qeyd edir ki, iddia digər Cavabdeh2 münasibətdə təmin edilə bilməz.
31. Belə ki, qarantiya müqaviləsində və zaminlik müqaviləsində müqavilənin qüvvədə olma müddətinin 2021-ci il tarixədək müəyyən edildiyini, mediasiyanın tətbiqi barədə təklifin cavabdehlərə xx.xx.2023-cü il tarixdə göndərildiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
32. Yekun olaraq məhkəmə hesab edir ki, iddia qarantiya müqaviləsi üzrə muzdun tələb edilməsi hissəsində qismən təmin olunmalı, 306,84 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənməlidir.
33. Bundan başqa, məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul da Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənməlidir.
34. Belə ki, iş materiallarına əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul mediasiya xərcinin əvəzi olaraq Bakı 10 saylı Mediasiya Təşkilatına ödənmişdir.
35. Məhkəmə qeyd edir ki, iddia dövlət rüsumunun əvəzi olaraq 39,94 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.
36. Belə ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 30 manat (“Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir) təşkil edir ki, həmin məbləğ də mediasiyaya çəkilmiş xərclə tam əhatə olunmuşdur.
37. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli qarantiya müqaviləsinə əsasən 306 (üç yüz altı) manat, 84 (səksən dörd) qəpik məbləğində pul "xxxx" Firmasından tutularaq "xxxx" ASC-yə (ləğv prosesindədir) ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul "xxxx" Firmasından tutularaq "xxxx" ASC-yə (ləğv prosesindədir) ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov