Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1346/2025 29.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 98643,93 manat əsas borc, 7999,51 manat faiz borcu olmaqla ümumilikdə 106 643,44 manat məbləğində pulun və ödənilmiş 397 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RB/KF-79 saylı kredit xətti müqaviləsinə əsasən borc verən həmin müqavilənin şərtləri daxilində borc alana ödənişlərin aparılması məqsədilə illik 14% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 100 000 manat məbləğində bərpa olunan kredit xəttini kredit müqaviləsinə əsasən kredit kartı (idxalçı – Exim kartı) kimi vermişdir (müqavilənin 1.1., 2.1., 2.2. və 2.3. maddələri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli RB/KF-79 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. 2.2. Lakin cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəməyə təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli RB/KF-79 saylı kredit müqaviləsi üzrə qalıq borcu 98643,93 manat, kreditdən istifadəyə görə faiz borcu 7999,51 manat, cəmi borc 106 643,44 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 472.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndələri X4 və X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdilər və eyni zamanda göstərdilər ki, kredit xətti bərpaedilən olduğundan ümumilikdə 252 000 manat məbləğ götürülüb, 152 000 manat məbləğində pul qaytarılıb.
6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC, sonuncunun qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, Cavabdeh1 MMC-nin hüquqi ünvanına, Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli RB/KF-79 nömrəli kredit xətti müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixli RB/KF-79 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 100 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli RB/KF-79 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit məbləğini təşkil edən pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
11. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 98643,93 manat əsas borc, 7999,51 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
12. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmirlər.
13. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
18. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
22. X5 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
23. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
24. Məhkəmə borc məbləği ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1346/2025 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1321 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli RB/KF-79 nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə (kredit müddətinin sonu) əsas borc 101 254,76 manat, faiz borcu 34489,32 manat təşkil edir.
26. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §9, 218.3-cü maddə). Bu səbəbdən xx.xx.2022-ci il tarixli RB/KF-79 nömrəli kredit razılaşması üzrə əsas borc 98643,93 manat, faiz borcu 7999,51 manat müəyyən edilməlidir.
27. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
29. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
30. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
31. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli RB/KF-79 nömrəli kredit müqaviləsi üzrə 98643,93 manat əsas və 7999,51 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
32. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 397 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 318 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmçinin ********** nömrəli qəbzlə 79 manat ödənilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.
37. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 397 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya, ekspertiza xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli RB/KF-79 nömrəli kredit müqaviləsi üzrə 98643,93 manat əsas borc, 7999,51 manat faiz borcu olmaqla ümumilikdə 106643,44 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 397 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova