Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1348/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC) qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30.05.2019cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 147000 manat, Dövlət Sosial Müdafiə Fonduna 2263,05 manat və işsizlikdən sığorta fonduna 247,64 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 147000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 30.05.2019-cu il tarixə yaranan borcuna görə 147000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 13.03.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 30.05.2019-cu il tarixə olan borc məbləğindən dövlət büdcəsinə 147000 manat, Dövlət Sosial Müdafiə Fonduna 2263,05 manat və işsizlikdən sığorta fonduna 247,64 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, vergi orqanı tərəfindən siyahıya alınmış Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu 6cı km, 10 ünvanında yerləşən daşınmaz əmlak bankdan götürülən kreditin təminatı kimi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8485/2016 saylı 28.10.2016-cı il tarixli icra vərəqəsinə əsasən 23.09.2020-ci il tarixdə keçirilən hərracda “xxxx” ASC satılmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 06.11.2020-ci il tarixli çıxarışa əsasən bankın mülkiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu 6-cı km, 10 ünvanında yerləşən qeyriyaşayış binası Cavabdeh MMC-nin adına tam mülkiyyət hüquqi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixi 08.10.2013-cü il olmaqla 53 nömrəli reyestr kitabının 4963 nömrəli vərəqində qeydiyyata alınmışdır. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 28.02.2020-ci il tarixli protokol və əlavədən, həmçinin vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 28.02.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu 6-cı km, 10 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus ümumi dəyəri 135000 manat olan daşınmaz əmlak (qeyri-yaşayış binası) və ümumi dəyəri 12000 manat məbləğində daşınar əmlaklar (tamet daşları) siyahıya alınmışdır. 23 sentyabr 2020-ci il tarixli, 22/01 nömrəli hərracın yekunları barədə protokolun və 23 sentyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu 6-cı km, 10 ünvanında yerləşən qeyri-yaşayış binası “xxxx” ASC tərəfindən alqı-satqı əsasında əldə edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu 6-cı km, 10 ünvanında yerləşən qeyriyaşayış binası “xxxx” ASC-nin adına tam mülkiyyət hüquqi üzrə daşınmaz əmlakın dövlət reyestrində 06.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.9-ci maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş 147000 manat, Dövlət Sosial Müdafiə Fonduna 2263,05 manat və işsizlikdən sığorta fonduna 247,64 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 147000 manat dəyərində əmlak siyahıya alınmışdır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC vergiləri tam həcmdə və vaxtında ödəmədiyindən, vergi borcunun onun ümumi dəyəri 12000 manat məbləğində olan daşınar əmlaklarına (tamet daşlarına) yönəldilməsi hissəsində iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi vergi orqanı tərəfindən siyahıya alınmış Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu 6-cı km, 10 ünvanında yerləşən daşınmaz əmlakın hərracda satılması hissəsində təmin edilə bilməz, belə ki, həmin əmlak “xxxx” ASC-dən götürülən kreditin təminatı kimi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8485/2016 saylı 28.10.2016-cı il tarixli icra vərəqəsinə əsasən 23.09.2020-ci il tarixdə keçirilən hərracda kredit verən banka satılmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 06.11.2020-ci il tarixli çıxarışa əsasən siyahıya alınmış əmlak “xxxx” ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin (VÖEN: **********) 30.05.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 147000 manat, Dövlət Sosial Müdafiə Fonduna 2263,05 manat və işsizlikdən sığorta fonduna 247,64 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ümumi dəyəri 12000 manat məbləğində siyahıya alınmış daşınar əmlaklar (tamet daşları) ixtisaslaşdırılmış açıq hərracda satılsın. İddia Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu 6-cı km, 10 ünvanında yerləşən daşınmaz əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində rədd edilsin. Əmlakın satılmasından əldə edilmiş vəsaitin hesabına ödənilməmiş dövlət büdcəsinə 147000 manat, Dövlət Sosial Müdafiə Fonduna 2263,05 manat və işsizlikdən sığorta fonduna 247,64 manat məbləğində vergi borcu ödənilsin. Cavabdeh MMC-dən 10 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1348/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1348/2021
27.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver