Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1349/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2022-ci il tarixli 66 nömrəli icarə müqaviləsinə əsasən cavabdehə Bakı ş. AZ-1029, Nizami ray. Heydər ƏLiyev prospekti 187B ünvanında yerləşən binada icarəyə verilmiş 1204 nömrəli qeyri yaşayış sahəsinin 22.579,71 manat ödənilməmiş icarə haqqı və 5000 manat cərimə məbləği olmaqla, cəmi 27.579,71 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 173 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması və cavabdehin icarəyə götürdüyü qeyd edilən qeyri yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında 01 yanvar 2022-ci il tarixli 66 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə edilmiş əlavə №1 və daha sonra əlavə №2-yə əsasən, iddiaçı tərəfindən Bakı ş.AZ-1029, Nizami ray. Heydər Əliyev prospekti 187 B ünvanında yerləşən binada qeyri yaşayış sahəsi ofis üçün cavabdehə icarəyə vermişdir. Əlavə №1-ə əsasən ümumi sahəsi 175 m olan 1204 və 1203B nömrəli qeyri yaşayış sahələri (ofis) üçün aylıq icarə haqqı ƏDV daxil 2826.1 (iki min səkkiz yüz iyirmi altı manat on qəpik) manat olmuşdur. Əlavə № 1-ə xx.xx.2022-ci il tarixindən Əlavə №2 ilə xitam verilərək, həmin əlavəyə əsasən sahəsi 135 m olan 1204 nömrəli qeyri yaşayış sahəsi (ofis) üçün aylıq icarə haqqı ƏDV daxil 2070.90 (iki min yetmiş manat doxsan qəpik) manat müəyyənləşdirilmişdir. Cavabdeh aylıq icarə haqqını hesab faktura təqdim edildiyi tarixdən 10 iş günü ərzində (həmin ayın 15 - nə qədər) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh və İddiaçı 01 yanvar 2022-ci il tarixli 66 nömrəli İcarə müqaviləsinin 2.2 bəndinə əsasən İcarə müqaviləsinin müddətinin bitməsinə 30 gün qalmış həmin müqaviləyə xitam verilməsi barədə biri digərinə bildiriş göndərməmişdir və müqavilə müddəti avtomatik olaraq uzadılmışdır. 01 yanvar 2022-ci il tarixli 66 nömrəli icarə müqaviləsi üzrə 01 oktyabr 2023-cü il tarixindən 31 avqust 2024-cü il tarixinə qədər aylıq icarə haqqı ƏDV daxil 2070.90 (iki min yetmiş manat doxsan qəpik) manat və 01 yanvar 2024-cü il tarixindən 31 avqust 2024-cü il tarixinə qədər internet xidməti ƏDV daxil 442.5 (dörd yüz qırx iki manat əlli qəpik) manat olmaqla, ümumilikdə ödənilməmiş məbləğ ƏDV daxil 22579.71 (iyirmi iki min beş yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat təşkil edir. Cavabdeh hal-hazırki tarixədək ofisin içindən əşyalarını çıxarmamış və ofisin qapısını bağlı şəraitdə saxlamışdır. Borcunu ödəməyi, əşyalarını götürməyi və ofisi boşaltmağı tələb etsək də, yaxın vaxtda gələcəyini və borcunu ödəyəcəyini bildirmişdir. Əşyalarını çıxartmadığı və ofisin qapısını bağlı saxladığı üçün ofisi icarəyə verə bilmirik, bununla da, Cəmiyyət zərərə uğramışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (icarəyəverən) ilə İddiaçı MMC (icarəçi) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Heydər Əliyev prospekti 187B və 187C ünvanında yerləşən ümumi sahəsi 25156 m² olan yaşayış sahəsi sonuncuya icarəyə verilmişdir.
11. Daha sonra xx.xx.2022-ci il tarixdə İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC arasında Bakı şəhəri, H.Əliyev prospketi, 187B ünvanında yerləşən ofis sahəsinin (Əlavə 1-də göstərilmişdir) icarəyə verilməsi ilə bağlı 66 saylı icarə müqaviləsi bağlanmışdır.
12. Müqaviləyə 1 nömrəli Əlavə ilə Bakı şəhəri, H.Əliyev prospketi, 187B ünvanında yerləşən 1204 və 1203B saylı sahə icarəyə verilmişdir.
13. Daha sonra 2 nömrəli Əlavə ilə xx.xx.2022-ci il tarixdən tərəflərin razılığı ilə xx.xx.2022-ci il tarixli 66 saylı icarə müqaviləsinin 1 saylı Əlavəsinə xitam verilmiş, dəyişiklik edilərək, 1204 saylı 135 m² sahə icarəyə verilmişdir.
14. 2 saylı Əlavənin 2.1-ci bəndinə əsasən icarəçi 1.755 AZN+18% ƏDV ilə olan aylıq icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarəverən tərəfindən hər ay üzrə xidmət tam göstərildikdən sonra Elektron qaimə faktura, elektron vergi-hesab faktura təqdim ediləcəkdir.
15. Müqaviləyə 3 nömrəli Əlavə ilə tərəflər icarəyəverən tərəfindən göstərilən xidmətlərin miqdarı və qiyməti barədə razılığa gəlmişlər.
16. xx.xx.2023-cü il tarixli Əlavə ilə tərəflər 1 saylı Əlavəyə dəyişikliklər edərək, 187 B binasının 12-ci mərtəbəsində yerləşən 1204 nömrəli mənzil olan 135 m² sahənin xx.xx.2023-cü il tarixindən icarəçiyə icarəyə verilməsi, icarəçi tərəfindən 1.755 AZN+18% ƏDV ilə olan aylıq icarə haqqının ödənilməsi, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 0,5 faizini ödəməli olması barədə razılığa gəlmişlər.
17. Müqavilə və Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
19. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
20. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli müqavilənin 2 saylı Əlavəsində də göstərildiyi kimi icarəverən tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş və qaimələr əsasında cavabdeh tərəfindən ödənişlər edilmişdir.
21. Hazırda iddiaçı icarə sahəsində cavabdehin əşyalarının olduğunu və bu səbəbdən sahəyə daxil ola bilmədiyini, cavabdehin 2024-cü ilin avqust ayına 22.579,71 manat məbləğində borcunun qaldığını bildirərək cavabdehdən tutulmasını xahiş edir.
22. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir.
23. Belə olan halda Məhkəmə hesab edir ki, 22.579,71 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə 5.000 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 1.100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
27. Məhkəmə hesab edir ki, iddia cavabdehin icarəyə götürdüyü qeyd edilən qeyri yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil verməsi hissəsində də təmin edilməlidir.
28. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 173 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
29. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 173 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
30. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 161,04 manat təşkil edir.
31. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 22.579 (iyirmi iki beş yüz yetmiş doqquz) manat 71 (yetmiş bir) qəpik, cərimə borcu üzrə 1.100 (bir min yüz) manat olmaqla, ümumilikdə 23.679 (iyirmi üç min altı yüz yetmiş doqquz) manat 71 (yetmiş bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. ünvan 5 ünvanında yerləşən 1204 saylı sahə Cavabdeh tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilsin. Dövlət rüsumunun əvəzi olaraq 161 (bir yüz altmış bir) manat 04 (sıfır dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov