Məhkəmə qərarları › İş №e-2-2(113)-135/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-135/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-135/2023 24.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, İddiaçı ASC -nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC (bundan sonra – cavabdehlər) qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2022-ci il tarixə banka əsas borcu 992390.14 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 1751.16 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1226.21 manat, cəmi 995367,51 manat; xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2500 000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2022-ci il tarixə banka əsas borcu 493788.35 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 934.45 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 642.80 manat, cəmi 495365,6 manat, Kredit müqaviləsinin bitdiyi tarixdən yəni xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində hər iki tranş üzrə Banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 31678,08 manat, ümumilikdə 1 522 411,19 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı tutulması; Cavabdehə məxsus, 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 1522411,19 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin ödənilməsi; cavabdehə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş ünvan 1i ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2023-cü il tarixə əsas borcu 735871,92 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 500,79 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 38531,07 manat, cəmi 775404,57 manat, xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.500 000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2023-cü il tarixə banka əsas borcu 256860,47 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat, xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində 256860,47 manat əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 13449,50 manat) cəmi 270659,57 manat, ümumilikdə 1046064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması; cavabdehə məxsus, 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan ümumilikdə 1046064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin ödənilməsi; cavabdehə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş ünvan 1i ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını qəbul etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.İmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili A.Ağalarov iddia tələbini qismən, əsas, faiz və cərimə borcu hissəsində qəbul etdiklərini, lakin Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla hesablanmış ümumilikdə 51980,57 manat hissəsində qəbul etmədiklərini bildirmiş, bu barədə yazılı ərizə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi Məhkəməyə daxil olduqdan sonra tərəflərindən müəyyən ödənişlər edilmiş, mütəmadi olaraq ödənişlərin edilməsi davam etdiyindən iddiaçı tərəfindən onlardan illik 5% olmaqla hesablanmış faiz borcu tələb edilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə vəkilin izahatı ilə eyni məzmunlu izahat vermişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi üzrə 10 fevral 2012-ci il tarixli 24219-1/SKMF nömrəli təminatlı kredit müqaviləsinə əsasən borc verən hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 7.000.000 manat məbləğində güzəştli kredit verir. Borcalan isə bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit maldarlıq sahəsinin inkişaf etdirilməsi və 500 baş iribuynuzlu südlük cins inəklərdən ibarət heyvandarlıq kompleksinin təşkil olunması üçün verilir. Müqavilənin 6.2-ci bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürməklə, illik 3,5 %-lə faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilməzsə, ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 6.2-ci bəndində göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır. Müqaviləyə xx.xx.2012-ci il tarixli Əlavədən görünür ki, cavabdehə 4.500.000 manat məbləğində 120 ay müddətinə illik 3,5 faiz dərəcəsi ilə kredit verilmişdir. Müqaviləyə xx.xx.2012-ci il tarixli Əlavədən görünür ki, cavabdehə 2.500.000 manat məbləğində 119 ay müddətinə illik 3,5 faiz dərəcəsi ilə kredit verilmişdir. İddiaçı (ipoteka saxlayan) ilə cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (ünvan 2i ünvanında 20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24851 kv.m olan digər daşınmaz əmlakın (Əmlak Kompleksi kimi müəssisə) tam mülkiyyət üzrə) 24219-1/SKMF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanla ipoteka saxlayanın razılığına əsasən 2.800.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 20 ha torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ipoteka predmeti iddiaçının xeyrinə yüklü edilmişdir. 10 fevral 2012-ci il tarixli 24219-1/SKMF saylı kredit müqaviləsinə Əlavədə cavabdehlə iddiaçı arasında bağlanmış 10 fevral 2012-ci il tarixli müqavilə üzrə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli göstərilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 fevral 2012-ci il tarixli 24219-1/SKMF nömrəli kredit müqaviləsinə əsasən illik 3,5 % olmaqla, xx.xx.2012-ci il tarixdə tranşla ******* manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə olan əsas borcu 493,788.35 manat, 10 fevral 2022-ci il tarixə faiz borcu 934,45 manat, 10 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu 642,80 manat, illik 5 % olmaqla vurulmuş zərər 10526,52 manat, ümumilikdə 505892,12 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 fevral 2012-ci il tarixli 24219-1/SKMF nömrəli kredit müqaviləsinə əsasən illik 3,5 % olmaqla, xx.xx.2012-ci il tarixdə tranşla 4.500.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə olan əsas borcu 992390,14 manat, 10 fevral 2022-ci il tarixə faiz borcu 1751,16 manat, 10 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu 1226,21 manat, illik 5 % olmaqla vurulmuş zərər 21151,56 manat, ümumilikdə 1016519,07 manat təşkil edir. Məhkəmənin müvafiq qərardadı əsasında verilmiş “AB” Consulting” MMC tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli G-08/22-193 nömrəli qiymətləndirmə hesabatından görünür ki, əmlak kompleksinin qiyməti 10 avqust 2022-ci il tarixinə olan likvid dəyəri 41107000 manat təşkil etmişdir (Qiymətləndirmə zamanı əmlak kompleksinin tikililəri daxilində mövcud olan avadanlıq və qurğuların dəyəri nəzərə alınmamışdır). "xxxx" MMC tərəfindən verilmiş 27 may 2015-ci il tarixli 01/02-266 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2ində yerləşən Cavabdeh MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin 25 may 2015-ci il tarixinə olan bazar dəyəri 28.000.000 manat, likvid dəyəri 22.000.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli ƏEM/D58-871/22 saylı ekspert rəyinin nəticəs hissəsindən görünür ki, ipoteka qoyan X1 (Cavabdeh MMC-yə” məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında 20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24851 kv.m olan digər daşınmaz əmlakın (əmlak kompleksi kimi müəssisə) 28 dekabr 2022-ci il tarixinə bazar dəyəri 52.000.000 manat, likvid dəyəri 43.000.000 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci il tarixli 24219-1/SKMF nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə tranşla 4.500.000 manat məbləği kredit üzrə cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 735871,92 manat, faiz borcu 500,79 manat, dəbbə pulu 500,79 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər məbləği 38531,07 manat, ümumilikdə borcu 775.404,57 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci il tarixli 24219-1/SKMF nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə tranşla 2.500.000 manat məbləğli kredit üzrə cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 256860,47 manat, faiz borcu 174,80 manat, dəbbə pulu 174,80 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər məbləği 13449,50 manat, ümumilikdə borcu 270659,57 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki,

1. tərəflər arasında 10 fevral 2012-ci il tarixli 24219-1/SKMF nömrəli təminatlı kredit müqaviləsi imzalanmış, müqaviləyə xx.xx.2012-ci il tarixli Əlavəyə əsasən, iddiaçı tərəfindən cavabdehə 4.500.000 manat məbləğində 120 ay müddətinə illik 3,5 faiz dərəcəsi ilə, müqaviləyə xx.xx.2012-ci il tarixli Əlavəyə əsasən 2.500.000 manat məbləğində 119 ay müddətinə illik 3,5 faiz dərəcəsi ilə kreditlər verilmişdir.

2. İddiaçı (ipoteka saxlayan) ilə cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (ünvan 2i ünvanında 20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24851 kv.m olan digər daşınmaz əmlakın (Əmlak Kompleksi kimi müəssisə) 24219-1/SKMF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə onun xx.xx.2023-cü il tarixə iddiaçıya əsas borcu 735871,92 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 500,79 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.500 000 manat məbləğli kredit üzrə onun xx.xx.2023-cü il tarixə iddiaçıya əsas borcu 256860,47 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat təşkil edir. Cavabdeh bu hissədə iddiaya etiraz etməmiş, iddia tələbini həmin hissədə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, borc verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh (borclu) həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixli tranş üzrə xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər qismində ümumilikdə 38531,07 manat, (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla), xx.xx.2012-ci il tarixli tranş üzrə xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində 256860,47 manat əsas borc üzrə banka vurulmuş zərər qismində ümumilikdə 13449,50 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür. Cavabdeh bu hissədə iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsi Məhkəməyə daxil olduqdan sonra tərəflərindən müəyyən ödənişlər edilmiş, mütəmadi olaraq ödənişlərin edilməsi davam etdiyindən iddiaçı tərəfindən onlardan illik 5% olmaqla hesablanmış faiz borcu tələb edilə bilməz. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...” 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin iddiaçıya ümumilikdə 1046064,14 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən yuxarıda göstərilən kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetinin ilkin satış qiyməti xx.xx.2022-ci il tarixli ekspert rəyinə uyğun (43.000.000 manat) müəyyən edilməlidir. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2012-ci il tarixdə tranşla verilmiş kredit üzrə 735871,92 manat əsas borc, 500,79 manat faiz borcu, 500,79 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 38531,07 manat faiz borcu; xx.xx.2012-ci il tarixdə tranşla verilmiş kredit üzrə 256860,47 manat əsas borc, 174,80 manat faiz borcu, 174,80 manat cərimə, illik 5 faizlə hesablanmış 13449,50 manat faiz borcu; ümumilikdə 1046064,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti likvid qiyməti 43.000.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 1046064,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait cavabdehə qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh tərəfindən məcburi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 1551,46 manat məbləğində dövlət rüsumu və 130 manat məbləğində xidmət haqqı (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) cavabdehə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 2000 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Əmlak Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2012-ci il tarixdə tranşla verilmiş kredit üzrə 735871,92 manat əsas borc, 500,79 manat faiz borcu, 500,79 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 38531,07 manat faiz borcu; xx.xx.2012-ci il tarixdə tranşla verilmiş kredit üzrə 256860,47 manat əsas borc, 174,80 manat faiz borcu, 174,80 manat cərimə, illik 5 faizlə hesablanmış 13449,50 manat faiz borcu; ümumilikdə 1046064,14 (bir milyon qırx altı min altmış dörd manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 1551,46 (bir min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 (bir yüz otuz) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilsin. Cavabdeh MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksi ilkin satış qiyməti 43.000.000 (qırx üç milyon) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 1046064,14 (bir milyon qırx altı min altmış dörd manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 1551,46 (bir min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 (bir yüz otuz) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh MMC-yə qaytarılsın. İpoteka predmeti olan cavabdeh "X4” MMC-yə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 2ində yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə açıq hərracda satıldıqdan sonra Cavabdeh MMC tərəfindən məcburi boşaldılsın. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 2000 (iki min) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ30GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar